Siyasət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#105(329)
"Bizi də ASDP-dən kənarlaşdıra bilərlər"
Araz Əlizadə: "ASDP məsələsi AXCP probleminə dönməyəcək"

"ASDP həmsədrləri, onların müavinləri, Mərkəzi Komitə və onun bürosu bu gündən qeyri-legitim hesab edilir. Onların səlahiyyətləri müvəqqəti olaraq Mərkəzi Nəzarət Komitəsinə verilir". MNK sədri Malik Hacıyevin bu yaxınlarda qəbul etdiyi sərt qərar ASDP-də hələ də qiyam kimi qiymətləndirilir. Bunun ardınca Ədliyyə Nazirliyinə müraciət edən Malik Hacıyevə srağagün "xoş xəbər gəlib". ƏN-in məsələyə münasibətini açıqlayan Hacıyev deyib ki, nazirlik onları haqlı hesab edir və qarşı tərəf barədə ciddi tədbirlər görülməsini istəyir.
Malik Hacıyevin ardınca nazirliyin hüquqi şəxslərin qeydiyyatı idarəsinin rəhbərliyi ilə görüşən ASDP həmsədri Araz Əlizadə də dünən ƏN-dən eyni təəssüratla qayıdıb. Əlizadənin bizimlə söhbətindən belə başa düşdük ki, nazirlik səlahiyyətliləri ASDP həmsədrini də təxminən eyni sözlərlə yola salıb:

- Bu gün (dünən - red.) Ədliyyə Nazirliyində görüşdə oldum. Nazirliyin hüquqi şəxslərin qeydiyyatı idarəsindən bizə verilən cavab təxminən "nə şiş yandı, nə kabab" məsələsinə bənzədi.

Nazirliyin konkret cavabı nə oldu?
- Nazirliyin cavabında demək olar ki, konkret heç nə yoxdur. Sadəcə olaraq, bizim bir-iki yerdə qüsurumuzu göstəriblər. Guya biz Mərkəzi Komitəyə az adam seçmişik. Qurultayın protokolunu onlara göstərdim və oturub MK üzvlərini yenidən saydıq. Sayıb qurtarandan sonra gördülər ki, hər şey qaydasındadır. Sonra 2000-ci ilin may ayında bizə tutduqları iradı yenidən qabartdılar, vəssalam.
Həmin iradda nə göstərilir?
- Onlar bizdə mühasibin olmamasını irad tutublar. Mən də cavab verdim ki, "pulumuz yoxdursa, mühasib nəyimizə lazımdır?". Sonra da nizamnamədən bir neçə bəndi göstərib dedilər ki, filankəsin buna hüququ var, filankəsin isə buna hüququ yoxdur. Onların həmin iradı ilə tam razılaşdım.
Amma Ədliyyə Nazirliyi Mərkəzi Nəzarət Komissiyasının (MNK) müraciətinin nizamnaməyə uyğun olduğunu təsdiqləyib. Hansı ki, həmin müraciətdə həmsədrlərin səlahiyyətlərinin alınması, bütün səlahiyyətlərin MNK-ya verilməsi göstərilir.
- Ədliyyə Nazirliyindən mənə də dedilər ki, MNK-nın qərarı hüquqa zidd deyil. Amma mən bildirdim ki, bu, hüquqa zidd olmasa da, nizamnaməyə ziddir. Cavablarında isə dedilər ki, nizamnamə hüquq sənədi deyil.
MNK sədri Malik Hacıyev bildirir ki, nazirlik onların qaldırdığı bütün məsələlərlə razılaşıb. Nazirliyin onlara cavabından sonra qurultay keçirməyə qərar veriblər. Hətta qurultayın vaxtını da dəqiqləşdiriblər.
- Boş şeylərdir. Mərkəzi Komitənin qərarı ilə qurultay oktyabr ayının 14-də keçiriləcək.
Malik Hacıyevin adamları qurultayda iştirak edəcək?
- Onlara hətta teleqram da göndərilib. Teleqramda göstərilir ki, qurultayda Mərkəzi Nəzarət Komissiyasının üzvü kimi iştirak edə bilərlər. Amma onlar gəlmək istəmirlər və deyirlər ki, partiya üzvləri onları öldürə bilər. Maraqlıdır, onlar partiya üzvlərindən qorxurlarsa, rayon konfranslarını kimlərlə keçirəcəklər?
Bəs ƏN-in "ASDP-də baş verən qanun pozuntularına görə, MNK ciddi tədbirlər görməlidir" tələbi nə ilə bağlıdır?
- Ədliyyə Nazirliyindən sadəcə olaraq bildiriblər ki, belə bir qanun pozuntusunu görürsünüzsə, bunun qarşısını alın. Bizim tərəfdən isə heç bir nizamnamə pozuntusu yoxdur. Gəlib araşdırsınlar, onda görəcəklər ki, nizamnaməni ancaq elə onların özləri pozur. Belə çıxır ki, onlar özləri özləri ilə bağlı ciddi tədbirlər görməlidirlər. Təsəvvür edin ki, onlar Ədliyyə Nazirliyinin şöbə müdirinin MNK-nın neçə nəfər üzvünün olması ilə bağlı sualına cavab verə bilməyiblər.
Onda həm də belə çıxır ki, məsələ qeyri-müəyyən müddətə açıq qalacaq...
- Çünki bu məsələlər Ədliyyə Nazirliyinin funksiyalarına aid deyil. Nazirlik partiyalarda yoxlamalar aparanda onların nizamnaməyə uyğun fəaliyyət göstərib-göstərmədiklərini araşdırır. Bundan başqa, hər bir Azərbaycan vətəndaşı Ədliyyə Nazirliyinə rəsmi şəkildə müraciət edə bilər. Nazirlik isə bir ay ərzində onlara rəsmi cavab verməlidir. İndi onlar müraciət ediblər, nazirlik də cavablarını verib.
Belə demək olarmı ki, məsələ hüquqi baxımdan həll olunmayacaq və legitim ASDP məsələsi AXCP problemi kimi uzanacaq.
- Qətiyyən. Bu məsələ ASDP problemi kimi uzanmayacaq. Qurultaya qədər onların səlahiyyəti qalır. Ondan sonrakı problemləri qurultay həll edəcək. Bəlkə elə qurultay deyəcək ki, onlar tamamilə düz hərəkət ediblər, vacib qərarlar qəbul ediblər. Belə olsa, bizi partiyadan kənarlaşdıracaqlar. Yox, onların səhv etdiyini desələr, təbii ki, onlar uzaqlaşdırılacaqlar. Bu nə həmsədrlərin, nə də ki, MNK sədrinin səlahiyyətinə aid deyil. Həmin məsələ ilə bağlı ancaq qurultay qərar çıxara bilər.

Qarabağa erməni köçü sürətlənir
Azərbaycanın işğal olunmuş ərazilərində son yeddi ildə 1020 erməni ailəsi yerləşdirilib

Azərbaycanın Ağdam və Füzuli rayonlarında fəaliyyət göstərən məcburi köçkünlərin məskunlaşması ilə bağlı prezident fərmanı Ermənistanda ciddi narahatlıqla qarşılanıb. Ermənilər azərbaycanlıların Dağlıq Qarabağla həmsərhəd rayonlara qaytarılmasını "Dağlıq Qarabağ xalqı"nın gələcək taleyi üçün potensial təhlükə sayırlar. Əhalidəki təşvişi aradan götürməyə çalışan rəsmi Yerevan isə Qarabağ ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə "daimi emiqrasiyası" üçün indiyə qədər görülən işləri açıqlayıb.
Ermənistan Miqrasiya və Qaçqınlar İdarəsinin yaydığı məlumata görə, "DQR rəhbərliyi" 1994-cü ildən başlayaraq "Qarabağa qayıdış" proqramı həyata keçirir. Məlumatda bildirilir ki, Ermənistan hökuməti həmin vaxtdan proqramın gerçəkləşdirilməsinə ciddi dəstək verir. 1994-cü ildə Dağlıq Qarabağda cəmi 3 erməni ailəsinin yerləşdirildiyini bildirən idarə rəisi Samvel Arutunyan hazırda işğal olunmuş ərazilərimizdə daimi yaşayış yeri olan ermənilərin sayının 40 mini keçidiyini iddia edib. O, cari ildə Qarabağ mənşəli 550 ailənin də Dağlıq Qarabağa daimi yaşayış üçün köçməyə hazır olduğunu bəyan edib. Arutunyanın sözlərinə görə, Dağlıq Qarabağ MDB ölkələrindən də əlavə olaraq 250 ailəni qəbul etməyi planlaşdırır. Ümumiyyətlə, 1994-cü ilin yanvarından başlayaraq 1020 ailənin işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirildiyi vurğulanır.
"Qarabağa qayıdış" prosesini sürətləndirmək məqsədilə Ermənistan hökuməti 2001 və 2002-ci illər üçün xüsusi proqram hazırlayıb. Proqramda köçürmənin stimullaşdırılması üçün "könüllü köçkünlər"in sosial-iqtisadi və məişət tələblərinin yüksək səviyyədə yerinə yetirilməsi nəzərdə tutulur. Ermənistan Miqrasiya və Qaçqınlar İdarəsinin yaydığı məlumata görə, "Qarabağa qayıdış" proqramı iki-üç il müddətində reallaşdırılmalıdır. Bu zaman kəsiyində 25 min ailənin (təxminən 100 min nəfər) Dağlıq Qarabağa köçürülməsi nəzərdə tutulur.
Ermənistan Daxili Miqrasiya və Qaçqınlar İdarəsinin iddiasına görə, "köçürmə siyasəti" könüllü şəkildə həyata keçirilir. Köçmək istəyənlərin çoxluq təşkil etməsi isə onunla izah olunur ki, burada yaradılan şərait ermənilər üçün cəlbedicidir. Belə ki, köçkünlərə bir sıra imtiyazlar, o cümlədən pul kompensasiyası, təsərrüfat işləri üçün nəzərdə tutulmuş uzunmüddətli kreditlər verilib. Məlumatlara görə, son illərdə burada qiyməti 3-5 milyon dram olan yeni üçotaqlı evlər tikilib. Evlər birdəfəlik şəxsi mülkiyyətə verilsə də, hüquqi sənədləşdirmə 5 ildən sonra həyata keçiriləcək. Həmçinin "köçkünlərə" 20 sot həyətyanı ərazi, hər bir ailə üzvünə isə 60 sot özəlləşdirilmiş torpaq sahəsi verilir. Özəlləşdirmə ilə bağlı bütün xərclər Ermənistan hökuməti tərəfindən ödənilir. Eləcə də hər bir ailə başçısına birdəfəlik olaraq 20, ailənin hər bir üzvünə isə 5 maaş həcmində yardım göstərilir. "Köçkünlər" bir çox vergilərdən azaddır və onlara imtiyazlı kreditlər verilir. Dağlıq Qarabağa köçənlərin əksəriyyəti isə əmlakı olmayan, son dərəcə kasıb təbəqədəndir. Əsasən, bir vaxtlar Azərbaycandan və Qarabağdan köçüb getmiş ermənilər, eləcə də mənzil problemi ilə üzləşmiş cavan ailələr və işsizlər Dağlıq Qarabağa köçməyə razılaşırlar. Bundan başqa, Ermənistanda məskunlaşmış kürdlərin də Azərbaycan ərazilərinə yerləşdirilməsi nəzərdə tutulur.
Samvel Arutunyan həmçinin bildirib ki, büdcə vəsaitinin azlığından, köçürməni qısa müddətdə reallaşdırmaq, hələ ki, mümkün deyil. O, bütün erməniləri bu prosesə maddi-mənəvi yardım göstərməyə çağırıb.
Bir daha qeyd edək ki, bu, Ermənistan Miqrasiya və Qaçqınlar İdarəsinin məlumatıdır. Bu günlərdə Bakıya gəlmiş Dağlıq Qarabağ erməniləri isə orada həyat səviyyəsinin çox acınacaqlı olduğundan şikayətlənirdilər.

"Məni həbs edə bilməyəcəklər"
Arzu Abdullayeva onun əleyhinə imza toplayanları qərəzkarlıqda günahlandırır

Dağlıq Qarabağ ermənilərinin Bakıya gəlişinin təşkilatçılarından olan, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayevanın "qarabağlıların Qarabağdan danışmağa haqqı yoxdur" deməsi ciddi etirazla qarşılanıb. Bir neçə müxalifət partiyasının gənclər təşkilatı qarabağlıları təhqir etdiyi üçün onun cinayət məsuliyyətinə cəlb olunması tələbəni irəli sürərək, imzatoplama kampaniyasına başlayıb. İndiyədək 1000-dən artıq imza toplanıldığı bildirilir.
A.Abdullayeva imzaların sayından asılı olmayaraq, bu məsələyə görə, onu həbs edə bilməyəcəklərini söylədi: "Mənə qarşı onların başladığı kampaniya mənasız və çirkin oyundan başqa bir şey deyil. Çünki bu hadisələrdən sonra çoxlu sayda qarabağlılar telefon açıb məni dəstəklədiyini deyir. Əksinə, onlar bu məsələdə özlərini və Azərbaycanı biabır etdiklərinə görə, məni hədələyənlərə qarşı çıxacaqlarını bildirirlər. Onlar Azərbaycanı doğrudan da sevirdilərsə, dövlətimizi zərbə altında qoymamalıydılar. Qarabağlılar məni çox yaxşı tanıyır. Hələ 1990-cı ildən Qarabağla sıx əlaqələrim olub. O zaman ora az-az adam gedirdi. Xocalılarla sıx təmasda olmuşam və faciə baş verəndə Ağdama gedib onlara əlimdən gələn köməyi edirdim. Hətta əhalinin oradan çıxarılması üçün vertolyotlar təşkil etmişəm. 10 nəfər qaçqın uşağını təhsil almaq üçün Almaniyaya göndərmişik". Arzu Abdullayeva bu kampaniyada iştirak edən Qarbağ Azadlıq Təşkilatının (QAT) qərəzli mövqe tutduğunu bildirdi. Onun sözlərinə görə, qarabağlıların yüzlərlə probleminə göz yuman QAT-ın bu məsələdə fəallaşması şübhəli məsələdir: "Bu, kampaniyadır və məsələdən şəxsi maraqları üçün istifadə etmək istəyirlər. Təəssüflər olsun ki, onlar Flora Kərimovanın emosiyalarından və siyasi təcrübəsizliyindən sui-istifadə etdilər. Flora xanım həm mənim özümü, həm də ailəmi çox gözəl tanıyır. Bilirəm ki, mənə qarşı etdikləri onun ürəyindən gəlməyib".
A.Abdullayeva heç vaxt "qarabağıların Qarabağdan danışmağa haqqı yoxdur" demədiyini, fikilərinin təhrif edildiyini bildirdi. Onun sözlərinə görə, həmin müsahibəni verərkən yanında olan şəxslər də buna şahiddirlər.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd