İdman

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#105(329)
Şahmatçılarımıza ciddi rəqib kimi baxırlar
Avropa birinciliyində şahmatçılarımızın emossionallığı daha yüksək nəticələr qazanmağa mane olub

Yunanıstanın Kalizea Halkidiki şəhərində şahmat üzrə gənclər və yeniyetmələr arasında Avropa birinciliyində iştirak edən idmançılarımız ötən gün Vətənə dönüblər. Yarışların yekunu baradə danışmaq üçün Azərbaycan nümayəndə heyətinin üzvü, beynəlxalq dərəcəli hakim Fuad Cəfərova müraciət etdik.

- Azərbaycandan bu yarışda beş yaş qrupunda (10,12,14,16 və 18) 22 şahmatçı iştirak edirdi. Avropanın əksər ölkələrindən 600-dək şahmatçının iştirakı ilə keçirilən turnirdə Şəhriyar Məmmədyarov gümüş medala layiq görüldü. İki nəfər - Rauf Məmmədov və Vüqar Həşimov üçüncü yeri tutdular. Daha beş şahmatçımız fəxri mükafatçılar sırasına düşdü. Düzdür, kimsə bizə irad tuta bilər ki, qızıl yoxdur. Ancaq məncə, birinciliyin yekununu uğurlu hesab etmək olar.

İlk turlardan liderliyi ələ alan Eltac Səfərlinin və eləcə də digər şahmatçılarımızın sonda zəif çıxış etməsi nə ilə əlaqədardır?

- Bir neçə şahmatçımızı çempionlar sırasında görə bilərdik. Təəssüf ki, həlledici məqamlarda onların ustalıq baxımından müəyyən çatışmazlığı buna mane oldu. Eltac beş turdan sonra 4,5 xalla lider mövqeyinə çıxsa da, təcrübənin azlığı və həyəcan keçirməsi nəticəsində üstünlüyünü əldən verdi. 10 yaşlılar arasında Ağdam qaçqını, Mingəçevirdə məskunlaşmış Sənan Quliyevin çıxışı da təqdirəlayiqdir. O, birinci dəfə idi ki, Azərbaycandan kənara çıxırdı və belə mötəbər turnirdə iştirak edirdi. 1999-cu il Avropa çempionu Nicat Məmmədov son görüşdə heç-heçə etsəydi, çempion olacaqdı. Lakin sonuncu turda uduzaraq, beşinci yeri tutdu. Mən bir mütəxəssis kimi deyə bilərəm ki, şahmatçılarımızın yersiz emossionallığı uşaqlara çox mane oldu.

Tanınmış şahmatçılarımızın çıxışından necə, razısınızmı?


- Əsasən Vüqar Həşimovu qeyd edərdim. 16 yaşlı Vüqar 18 yaşlılar arasında inamla oynadı və üçüncü yerə çıxdı. Tanınmış şahmatçımız Şəhriyar Məmmədyarov isə reytinqinə görə, yaşıdları arasında favorit sayılırdı. Biz Şəhriyardan bu uğuru xeyli vaxtdır gözləyirdik. Çox xoşdur ki, nəhayət, gənc şahmatçı ümidləri doğrultdu. Komandamızın mükafat ehtiyatını artıranlardan biri də Rauf Məmmədov oldu. Şəhriyar kimi çoxdandır ondan da yüksək nəticə sorağında idik. Fəqət, çempion olması üçün hər dəfə nəsə çatmırdı. Onun bir bəlası var - turnirlərə adətən zəif başlayır. Bu dəfə də iki oyundan cəmi yarım xal toplamışdı. Lakin indi finiş gözəl alındı və Rauf üçüncü yerə çıxdı. Nicat Məmmədov Kalmıkiyanı təmsil edən Ernesto İnarkiyevlə heç-heçə oynasaydı, çempion adını qazanacaqdı, heyf ki, bu vəzifənin öhdəsindən gələ bilmədi.

Qızlarımızını çıxışını necə dəyərləndirirsiniz?


- 14 yaşlı qızlar arasında Ağdam şahmatçısı Aytac İsmayılova yaxşı başladı. 6 turdan sonra onun 5 xalı var idi. Demək olmaz ki, təcrübəsiz şahmatçıdır. Bir az çətinliyi oldu, dalbadal iki oyunda məğlubiyyətə uğradı. Buna baxmayaraq, son turda özündə güc tapıb qalib gəldi və ilk altılığa düşərək çempionatın xatirə medalına layiq görüldü. Hökumə Zeynalovanın yüksək yerlərdən birini tutmaq şansı vardı. Əli Bayramlıdan olan Gülnarə Məmmədova sonuncu oyunda bir düzgün gedişə Belorus şahmatçısını mat edə bilərdi. Təcrübə azlığı bu dəfə də özünü göstərdi. 12 yaşlılar arasında yarışan, belə mötəbər yarışda ilk dəfə çıxış edən Nərgiz Umudova üçün yiyələndiyi beşinci yer uğur sayıla bilər.

Yarış ərəfəsində baş məşqçi Fikrət Sideifzadə demişdi ki, Şəhriyarın məşqçisi olsa, o, daha uğurla çıxış edə bilər...

- Bilirsiniz ki, Şəhriyar şahmatçı ailəsindəndir. Bacısı Zeynəblə ona atası məşqçilik edir. Şəhriyar göstərdiyi nəticə ilə bir daha sübut etdi ki, onun perspektivi var. Ağdam şahmatçısı Aytac İsmayılova. Onun da məşqçisi yoxdur, amma getdikçə ustalığını artırır, rəqibləri üçün arzuedilməz şahmatçıya çevrilir.

Bir qədər əvvəl elə Yunanıstanda 20 yaşlılar arasında qitə birinciliyi keçirildi. Həmin yarışda təmsil olunmamağımız nə ilə bağlı idi?

- Dediyiniz turnirdə Azərbaycandan Rəsul İbrahimov iştirak etməli idi. O, institutu bitirdikdən sonra, hərbi mükəlləfiyyətli kimi, orduya çağırıldı. Rəsul, təcrübəli şahmatçıdır. İştirak etsəydi, uğur qazana bilərdi.

Şahmatçılarımızı yaxın gələcəkdə hansı yarışlar gözləyir?


- Oktyabrın 20-də şahmatçılarımız dünya çempionatında iştirak edəcəklər. Dünya miqyaslı bu yarış artıq üçüncü ildir dalbadal İspaniyanın Orapesa şəhərində keçirilir. Ola bilsin ki, Teymur Rəcəbov da həmin turnirdə qüvvəsini sınasın. Əminəm ki, qitə birinciliyində olduğu kimi, şahmatçılarımız dünya çempionatında da uğurla çıxış edəcəklər.

"Neftçi" "Şəmkir"lə qəsəbə stadionunda oynayacaq

Milli çempionatın 4-cü turunun mərkəzi görüşü "Neftçi" ilə "Şəmkir" komandaları arasında olacaq.
Sentyabrın 16-da keçiriləcək bu prinsipial qarşılaşmanın ünvanı Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına stadiondur. "Görüş yerinin dəyişdirilməsi" ölkənin baş idman arenasının yubileyi ilə əlaqədardır: Tofiq Bəhramov adına respublika stadionunun 50 illiyi münasibətilə orada sentyabrın 19-da Ümumrespublika tədbiri olacaq. Stadionda mərasimə geniş hazırlıq işləri davam edir.
Respublika stadionunun əsaslı təmir üçün bağlanacağı haqda xeyli əvvəldən söhbətlər gedirdi. Hamımızdan ötrü sevindirici olar ki, baş idman arenasının görkəmli daha da yaxşılaşsın, o, standartlara cavab verən səviyyəyə çatdırılsın. Bu, arenanın yarıməsrlik yubileyinə ən böyük töhfə olardı.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd