|
|
|
|
#105(329)
|
 |
Tektonik silah qalmaqalı
Elçin Xəlilov məhkəmədə "məni ermənilərə satırsınız" dedi
|
Dünən Bayıl istintaq təcridxanasında Əliyusif Tahirovun, Canmirzə Mirzəyevin və digərlərinin məhkəmə prosesində seysmoloq-alim Elçin Xəlilov şahid qismində dindirildi. Xatırladaq ki, Bakı Ali Hərbi Dənizçilik Məktəbinin sabiq direktoru C.Mirzəyev özündən əvvəl həmin məktəbdə rəis işləmiş Eduard Hüseynovun qətlini sifariş verməkdə ittiham olunur. Məlumat üçün bildirək ki, C.Mirzəyev məhz Ə.Tahirovun və E.Xəlilovun ifadələri əsasında həbs edilib.
Belə ki, ibtidai istintaqın qənaətinə görə, C.Mirzəyev məktəbin rəisi olmaq arzusunu reallaşdırmaq üçün E.Hüseynovdan DİN-in sabiq nazir müavini Rövşən Cavadova şikayət edib. R.Cavadovun "kimi lazımdırsa, götürərik" sözlərindən sonra isə E.Hüseynovu qətlə yetirmək vəzifəsi Ə.Tahirova tapşırılıb.
Məhkəmə istintaqını bir neçə gün intizarda qoyan E.Xəlilov ona ünvanlanan elə ilk suala çox kəskin cavab verdi: "Bəzi məsələlər var ki, dövlət sirridir, məxfidir, bu barədə danışmağa qanun yol vermir".
Hakim Qürbət Əsgərov isə "biz hesab etsəydik ki, sizin danışdıqlarınız dövlət sirridir, məhkəməni qapalı keçirərdik", - deyə şahiddən sualları ətraflı cavablandırmağı tələb etdi.
C.Mirzəyevin vəkili Elton Quliyev ibtidai istintaqa verdiyi ifadəsində vəzifəsini 6 saylı hərbi hissənin komandiri kimi göstərən E.Xəlilovun bunu niyə gizlətdiyini soruşması isə onu lap hövsələdən çıxartdı: "Mən heç kimdən qorxmuram, bura mətbuatı çağırmısınız, ermənilər də hazırda Bakıdadır, onlar da qəzetləri oxuyurlar, görürlər ki, siz Elçin Xəlilovu kimlərə satırsınız. Mən xahiş edirəm bu barədə cinayət işi qaldırılsın".
Məhkəmə istintaqında daha bir mübahisəli məqam Elçin Xəlilovla DİN-in sabiq nazir müavini Rövşən Cavadovun görüşləri ilə bağlı oldu.
Xatırladaq ki, hamımızın seysmoloq alim kimi tanıdığı E.Xəlilov həm də bir müddət hərbi hissə komandiri kimi fəaliyyət göstərib. Onun dövlət sirri adlandırdığı məsələ isə C.Mirzəyevlə birlikdə tektonik silah hazırlamasıdır. Yeri gəlmişkən, həmin silah müharibə bölgələrində süni zəlzələ törətməyə xidmət edəcəkmiş.
C.Mirzəyevin ifadəsinə əsasən, Bakı Ali Hərbi Dənizçilik Məktəbinin nəzdindəki laboratoriyada tədqiqatlar aparmağa başlayan E.Xəlilov maddi problemlərlə üzləşdiyindən onunla birlikdə yardım üçün Rövşən Cavadova müraciət ediblər. Hətta sabiq "OMON"çu bir dəfə E.Xəlilova xeyli miqdarda pul da verib. Lakin E.Hüseynovun silahın hazırlanmasını öz nəzarətinə götürmək istəyi hər şeyi əngəlləyib.
Seysmoloq-alim isə öz növbəsində R.Cavadovun kabinetinə yalnız onunla tanış olmaq üçün getdiyini bildirdi. Şahid dəfələrlə silahla bağlı R.Cavadovla görüşdüyünü təkzib etdi.
O bunu layihəylə bağlı işlərin lazımi səviyyədə həll olunduğu ilə izah etdi. E.Xəlilov məhkəmə istintaqında son zamanlarda C.Mirzəyevlə E.Hüseynovun münasibətlərinin kəskinləşdiyini qeyd etdi. Onun sözlərinə görə, DİN-in sabiq nazir müavini "kimi lazımdırsa, götürərik" ifadəsini işlədib. Seysmoloq bunu C.Mirzəyevin məktəbə rəis təyin ediləcəyi kimi başa düşüb. "İnanmıram ki, vəzifəyə keçmək üçün Canmirzə adam öldürtsün", deyən E.Xəlilov məhkəmə istintaqını şou adlandırdı.
Sonda vəkil Elton Quliyevin C.Mirzəyev barəsində seçilmiş həbs qəti-imkan tədbirinin dəyişdirilməsi üçün verdiyi vəsatəti məhkəmə yenə də təmin etmədi.
|
İki aylıq körpə
necə qətlə
yetirilib?
|
Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Saatlı rayon sakini, 1978-ci il təvəllüdlü Hacıbaba Məstəliyevin mühakiməsi başlanıb. O, doğma qızını qətlə yetirməkdə ittiham olunur.
İstintaqla müəyyən edilib ki, H.Məstəliyev 1997-ci ilin fevral ayında həmyerlisi Xədicə Allahverdi qızı Abdullayeva ilə qeyri-rəsmi nikaha girib. Bu il may ayının 11-də ailənin bir qız övladı - Pərvanə dünyaya gəlib. Xədicədən uşağının olmasını istəməyən Hacıbaba Pərvanə doğulandan sonra arvadı ilə tez-tez mübahisə etməyə başlayıb. O, Xədicəni mütəmadi hədələyərək uşağı öldürəcəyini deyirmiş. Hacıbaba iyunun 22-də gecə saat 22 radələrində arvadı və iki aylıq körpəsini də götürərək Göyçay rayonunda yaşayan baldızı Səbirənin yanına getmək adıyla evdən çıxır. Göyçay rayonunun Vaqif və Ü.Hacıbəyov küçəsinin kəsişdiyi yerə çatanda H.Məstəliyev yenidən arvadı ilə mübahisə etməyə başlayıb. Bu zaman Hacıbaba Pərvanəni Xədicədən alaraq yerə çırpıb. Xədicə qışqıraraq körpəni götürüb yaxınlıqda yaşayan Fatma adlı həkimin yanına aparıb. Həkim körpənin dünyasını dəyişdiyini bildirib. Pərvanənin öldüyünü eşidən H.Məstəliyev oradan qaçaraq Ağdaş şəhərinə gəlib. H.Məstəliyev iyunun 23-də Göyçaya qayıdarkən polis işçiləri tərəfindən yaxalanıb.
|