Mədəniyyət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#105(329)
Havalansın Xanın səsi...

Xan Şuşinskinin əsl adı İsfəndiyar, soyadı Cavanşir olub. Özü də Şuşanın bünövrəsini qoyan Cavanşirlər sülaləsindəndir. Bu sülalədən tarixin yaddaşında Pənah Əli xan Cavanşir, İbrahim xan, Xurşidbanu Natəvan və neçə-neçə belə isimlər qalıb. Bir də Xan qalıb...
Xan Ballıca kənddə, Şuşada mülkü və dörd kəndi olan Aslan bəyin oğlu imiş. Sovet hakimiyyəti qurulduqdan sonra bu ailənin çərxi dönür: bütün var-dövlətləri müsadirə edilir, ailənin xanımı Bəyimxanım dünyasını dəyişir. Aslan bəy oğlanları Allahyar və İsfəndiyarı, qızı Rüxsarəni götürüb, müvəqqəti Bərdəyə köçür.
Çox keçmir Segah İslam məclislərin birində səsini bəyəndiyi Cavanşiri özünə şagird götürür. Günlərin birində isə zərgər dəqiqliyi ilə deyilən Xan ləqəbi İsfəndiyar adını tamam unutdurur.
...Segah İslam tələbəsi İsfəndiyarla Ağdamın Novruzlu kəndinə - bir məclisə dəvətliymiş. Məclis arəstə olmamış, ev sahibi İslam Abdullayevin arzusu ilə, o vaxt hər evdə hələm-hələm olmayan qramofonu qurur. Təbrizli Əbülhəsən xanın "Kürd Şahnazı" yazdırdığı valını dinləyirlər. Elə ki, val dayanır, Segah İslam heç kimin gözləmədiyi halda üzünü tutur İsfəndiyara: "Bəlkə sən də bizim üçün "Kürd Şahnazı" oxuyasan?". İsfəndiyar 12-13 yaşından saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını oxudub, onların ifasının ən incə nüanslarını belə, olduğu kimi təqlid eləməyə çalışsa da, birdən-birə, özü də Əbülhəsən xanın ifasından sonra tərəddüd keçirir. Ancaq İslam Abdullayevin sözünü yerə salmır. Məclis əhli ikinci dəfə "Kürd Şahnazı" dinləyəsi olur. Hamı heyrət içindədir. "Kürd Şahnaz"ı zildən çəkən İsfəndiyar elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın birinci hissəsini ixtisara salıb, "Əsl xan bu imiş ki!" deyir. Vəcdə gələn İslam Abdullayevsə, ustad xeyir-duasını verir: "Bu gündən sənin adın oldu Xan Şuşinski". Yeri gəlmişkən, Xan sonralar 1944-cü ildə Əbülhəsən xanla da görüşüb. Bir qrup incəsənət xadimi ilə həmin il Təbrizdə qastrol səfərində olarkən, Əbülhəsən xan İqbal Soltan xanla yaxından maraqlanır. Deyilənə görə, "Qrand otel"də Xanın şərəfinə qonaqlıq da verir.

"O zaman məni İtaliyaya musiqi təhsili almağa göndərmək istəyirdilər. Atamdan icazə istədim, vermədi. Dedi, oğul, qoca atanı qoyub hara gedirsən? Sən təhsil alıb gəlincə, mən bu dünyadan köçərəm. Gəlib görərsən yoxam". Xan atasının bu sözlərindən sonra İtaliyaya getmək fikrindən daşınıb. Və ömrünün sonuna qədər ara-sıra, qısa müddətli səfərləri nəzərə almasaq, Azərbaycanda yaşayır. Sənətkar və şəxsiyyət bütövlüyünün timsalı kimi. Onun haqqında söylənilən ən müxtəlif xatirələrin sonunda, birmənalı olaraq, "Xan xandı da" deyilir. Daha artıq sözə nə hacət? Həqiqətən Xan xan imiş. Bir qayda olaraq, konserti o bağlayarmış. Təmizliyin, sözü bütövlüyün, sadəliyin, comərdliyin timsalı idi. Heç kəs haqqında pis danışmazmış. İradını da elə tutarmış ki, qarşısındakının ruhu da inciməzmiş.

***
Xan bütün ömrü boyu Cabbar Qaryağdıoğlunun "Səsin sənə qulaq asmadı, oxuma, zökəm oldun, oxuma, yorğun oldun oxuma. Bakının dəli havasından özünü qoru. Küləkli havada bayıra çıxma, istidən tərləsən belə, soyuq su içmə" sözlərini unutmayıb.
"Səsin bəmi, ortası, zili olar. Bir də şirinliyi olar. Tarın 22 pərdəsi var, gərək o tara cavab verəsən, o pərdələrdə oxuyasan," - bu isə Xan əminin öz sözləridir. O, gözəl səsi belə dəyərləndirərmiş. Xanın son dərəcə zil, hər cür gəzişmələrə zəngulələrə imkan verən səsi olub. Təsadüfi deyil ki, 1945-ci və 1959-cu ildə rus professorları dönə-dönə üzr istədikdən sonra onun boğazına baxıblar. Onlar bu səsi eşitsələr də, təbii şəkildə mövcudluğuna inana bilmirmişlər. Çox zaman xalq mahnıları kimi təqdim olunan "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə", "Al yanağında", "Dağlarda çiçək", "Gözəl yarım", "Ölürəm, a Ceyran bala" mahnılarını Xan özü bəstələyib. "Mirzə Hüseyn segahı"nın banisi XVIII əsrdə yaşamış Qarabağın məşhur xanəndəsi Mirzə Hüseynin adı ilə bağlı olsa da, ondan söz düşəndə Xan da xatırlanır. Adətən də, onu Mirzə Hüseyn segahının ikinci müəllifi adlandırırlar.
Çünki 120-130 il sürən uzun fasilədən sonra bu muğama Xan yenidən "Manəndi müxalif" şöbəsini əlavə edib. Yüzə yaxın tələbəsi olub. Kimisə yaddan çıxarmamaq üçün ad çəkmirik. Bir onu deyək ki, bu haqda onun özündən soruşanda belə cavab verərmiş: "Üç-dörd tələbəm oxumağı, yerdə qalanı qəlyan çəkməyi öyrənib". Simfonik orkestrin müşayiəti ilə ilk dəfə simfonik muğamlarda solo hissəni Xan əmi oxuyub. Musiqi tariximizdə ilk duet də Xanın adı ilə bağlıdır. İlk dueti Şövkət xanımla olub.
***
Bağırovun göstərişilə o dövrün konsert proqramlarında muğam ifaçılarına ayrılan vaxt məhdudlaşdırılmışdı. Bir Xan bu bölgüdə istisnaymış. Çünki Bağırov Xanın səsini eşidib, dəfələrlə Filarmoniyanın yay salonuna baxan eyvanında görünübmüş. Dövlət konsertlərində səhnə arxasına keçən Bağırov həmişə Qurban Pirimovla Xanın əhvalını ayrı soruşarmış. Hərgah bir dəfə Bağırov Xan barəsində ciddi ölçü götürmək istəyib. Bakıya hər gəlişində Xan konsert verərmiş. Özü də çox zaman konsertin vaxtını gəlişini eşitcək vurulan afişadan bilərmiş. Növbəti gəlişlərin birində ona deyirlər ki, filan vaxt Bakıya gələrsən. Moskvaya dekadaya gedəcəksən. Söhbət 1938-ci ildən gedir. Həmin vaxt Xan Bakıya gəlsə də, səfər təxirə salınır. Xana da deyirlər ki, bu, radioda elan olunacaq. Bir müddət keçir, radioda Moskvaya gedənlərin siyahısı oxunanda Xanın adı çəkilmir. Xansa bunu bir yanlışlıq bilib, durub gəlir Bakıya. Ancaq bu dəfə onun gəlişi münasibətilə küçələri afişalar bəzəmir. Filarmoniyadan ona xəbər verirlər ki, Mirzə İbrahimov sizi axtarır. Məlum olur ki, kimsə Bağırova bildirib ki, Xan Moskva dekadasında çıxış eləmək üçün külli miqdarda pul istəyir. Bu isə təbii ki, Bağırovun xoşuna gəlmir, Xana qəzəbi tutur. "Onun haqqında ölçü götürmək lazımdır" deyir. Nə edəcəyini bilməyən Xan Ağdama qayıdır. Dünyagörmüş təhsilli bir yaşlı qohumundan məsləhət istəyir. O da Xana məsləhət görür ki, nə qədər xeyriyyəçilik edib, pulsuz konsertlər vermisən, hamısının sənədlərini yığ, notariusda təsdiqlə və Bağırova məktub yaz. Xan elə də edir. Məktubun göndərilməsindən üç gün keçməmiş, Xan təcili Bakıya çağırılır. Şəhərə çatanda görür ki, küçələrdə afişalar yenə vurulub. O vaxt Dzerjinski adlandırlan klubda konsert verir. Xan onun haqqında yalan məlumat verən adamın kim olduğunu bilsə də, heç vaxt onun adını çəkməyib. Hərgah həmin şəxs yalan məlumat verdiyinə görə, Bağırov tərəfindən ciddi cəzalandırılıb. Elə həmin hadisədən sonra, 1939-cu ildə Bağırovun göstərişilə Xan Bakıya köçürülür. Düz bir sutkanın içində.
***
Xan Şuşinski ilə Səməd Vurğun 1924-cü ildə Gəncədə tanış olublar. Həmin il Gəncədə hərbi təlim keçən Xanın əsas işi elə əsgərlər üçün çalıb-oxumaq imiş. Əliheydər Qarayev şəxsən özü komandirə tapşırıbmış ki, "Şərait yarat, Xan əsəgərlərə konsert versin". Ona görə də Gəncənin məşhur Sərdar bağında bir də görürmüşsən ki, iynə atsan yerə düşməzmiş. Açıq havada konsert verən Xanın səsi çoxunu yoldan edərmiş. Xan o günü belə xatırlayırmış: "Konsertlərimdə həmişə ön sıralarda bir qarayanız oğlan görürdüm. Bir dəfə konsertdən sonra yaxınlaşıb tanış oldu. Səməd Vurğun idi. Soruşdu ki, sənə bir şer versəm, oxuyarsan? Dedim niyə oxumuram? Oxuyaram".
O vaxt Səməd Vurğun uzun illər unutmadığı ilk məhəbbəti olan Dürrəyə yazdığı "Sus, ey bülbül, kəs, ey tufan, məqamım bir istirahətdir. Bu yerlərdə payım yoxmuş, əlacım bir səyahətdir" - şerini Xana verir. Beləliklə, Xan ilk dəfə Səməd Vurğundan bu şeri oxuyub. Çox keçmir bu tanışlıq dostluğa çevrilir. Təsadüfi deyil ki, onları bir-birindən elə "Dostun necədir?" deyə soruşurmuşlar. Bu sorğu nə qədər gözlənilməz olsa da, hər ikisi əlüstü başa düşürmüş ki, söhbət kimdən gedir. Səməd Vurğunun Xanın adını çəkdiyi məşhur "Azərbaycan" şerinin maraqlı tarixçəsi var. 1935-ci ildə Cəməd Vurğun "Lenin" ordeni alması münasibətilə Ağdamda görüş keçirir. Məclislərin birində Səməd Vurğun Xandan təvəqqeə edir ki, bir şey oxu, qulaq asaq. Xansa yarızarafat-yarıciddi cavab verir ki, "Sən xalqın şairisən, mən də oxuyanı. Yaz ver, oxuyum". Cəməd Vurğun elə oradaca, hamının gözü qarşısında "Azərbaycan" şerini yazır. "Səni tarixə calmışam", - deyə Xana təqdim elədiyi bu şeri o, "Qarabağ şikəstəsi" üzərində oxuyur. Səməd Vurğun bütün məclislərinə Xanı dəvət edərmiş. Tək dekabrın 25-dən başqa. Yusifin doğum günü olan bu tarixdə Xan onlara dəvətsiz, bu ailənin yaxın simsarı kimi təşrif buyurarmış. Evdə hamı bilirdi ki, Xan əmi ilə Mehdixan əmi bu gün mütləq gələcəklər... Onların dostluğu zamanın sınağından üzüağ çıxıb.
Səməd Vurğunun tutulmaq, ailəsinin isə sürgün edilmək qorxusu var. Hamı nəyinsə olacağını gözləyir. Onlara münasibət də dəyişib, çoxu bu ailədən gen gəzir. Xansa əksinə, bu evə daha tez-tez gəlir. O günlərin şahidi Vaqif Səmədoğlu da Xanla bağlı xatirəsində yazır: "1952-ci ildə bizim ailə sürgün olunmalı idi. Artıq bizim sürgün yerimiz də məlum idi. Qazaxıstana göndərirdilər. O dövrdə çoxları bizdən üz döndərmişdi. Ancaq Xan əmi həftədə, 10 gündə bir bizə gəlirdi".
***
Xan Şuşinski Üzeyir Hacıbəyovdan başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyov Xan Şuşinskinin ifasında mahnılarını dinləməkdən xüsusi zövq alırmış. Xüsusən də, "Qaragöz" mahnısını. Yeri gəlmişkən, onu deyək ki, 1926-cı ildə bəstələnən bu mahnının ilk ifaçısı da elə Xan Şuşinski olub.
Çox zaman təəccüblənirlər ki, nə əcəb Xan operaya dəvət olunmayıb? Bu sualın ən müxtəsər cavabına Xanın xatirələrini vərəqləyəndə rast gəldiyimizdən olduğu kimi də nəzərinizə çatdırırıq. Xan yazıb:
"Üzeyir bəy ayrı bir adam idi. Belə insan beş yüz ildə bir dünyaya gəlir. Onunla heç kəsi tərəziyə qoymaq olmaz. Mənim xətrimi çox istəyirdi. Yaman muğampərəst idi. "Şur"u çox sevirdi. Özü də həmişə deyərdi ki, heç kəs "Qarabağ şikəstəsi"ni və "Simayi-şəms"i Xan kimi oxuya bilməz. Çox çalışdı məni operaya aparsın, getmədim. Dedim, ay bəy, mən üzümə ənlik-kirşan yaxıb, səhnəyə çıxa bilmərəm. Bir də səhnədə xalqın qızına, gəlininə eşqnamə oxuyacam?".
***
Xan Şuşinski "Qarabağ şikəstəsi"ni oxumağı çox sevərmiş. Ondan əvvəl məclisdə 3-4 xanəndə "Qarabağ şikəstəsi"ni oxusaydı da, Xan onsuz qavalı ələ götürməzmiş. Və bu çox təbii qarşılanardı. Çünki...
Seyid Şuşinskinin xatirələrindən məlum olur ki, 39-40-cı illərdə, 3-4 il olarmış ki, Seyid Şuşinski ilə Cabbar Qaryağdıoğlu Qarabağa getmirmiş. Bir gün Cabbar Seyid Şuşinskiyə deyir ki, Xanı neçə vaxtdır görmürəm, xəbər göndər gəlsin bizə. O da Xana zəng edib, Cabbar əminin sifarişini çatdırır. Xan da qardaşı Allahyarı götürüb gəlir Cabbargilə. Birdən-birə cağırılmasından narahat olan Xan soruşur ki, xeyirdir? Cabbar cavab verir ki, səni çağırmışam ki, "Mirzə Hüseyn" segahını və "Qarabağ şikəstəsi"ni oxuyasan. Sonda Cabbar deyir: "Seyidlə 3-4 il idi Qarabağa getmirdik. Dedik, sənin səsinlə Qarabağın axar-baxarlı dağlarını, Turşsuyunu, İsa bulağını, Cıdır düzünü, Topxana meşəsini gedib gəzib gələk. Çox sağ ol. Gəzdik gəldik". Xanın səsi Qarabağın ab-havası idi.
***
El arasında isə...
"Mənim düşmənim yoxdur. Qapım, süfrəm hamının üzünə açıqdır" deyən Xan Şuşinski təpədən dırnağa el adamı olub.
Xanın böyük qızı Bəyimxanım belə xatırlayır: "Bir dəfə atam evdə tək olanda qapı döyülür. Açıb görür ki, qapının ağzında iri cüssəli, üzü çopur, keçəl bir kişi dayanıb. Tanıya bilməsə də, özündən heç nə soruşmur, içəri dəvət edir. Çay süfrəsi arxasında nərd atırlar, ordan-burdan söhbət edirlər. Kişi ayağa durub getmək istəyəndə atama deyir: "Xan əmi, mən Bakının məşhur oğrubaşılarından biriyəm. Evini bələdləməyə gəlmişdim, fikrimiz var idi bu gecə evini yaraq. Ancaq sən ki, məni belə qarşıladın, daha sənin evini yarmaq kişilikdən olmaz".
***
Hər il Şuşaya gedərmiş. Özü də Şuşaya birbaşa çıxmazmış ki, havanın təmizliyindən, genişliyindən qan təzyiqi qalxar. Bir-iki gün Bərdədə, sonra Ağdamda əylənəndən sonra Şuşaya gedərmiş. Şuşa də Xanın gəlişinə müntəzirmiş. Hətta o, Şuşada olmayanda belə onun Güllü bağda daima əyləşdiyi skamyada bir kimsə əyləşməzmiş ki, "Bura xanın yeridir". Şuşaya son gedişi 1976-ci ildə olub. Yeri gəlmişkən, "Şuşanın dağları" mahnısının Cözləri də Xana məxsusdur. Bu mahnıya görə, o dövrdə onu çək-çevirə salıblar. "Şuşanın dağlarının başı niyə dumandır? Bununla nə demək istəyirsən?" Cavab verəndə ki, Şuşanın dağlarının başı həmişə dumanlı olur, nə demək istəyəcəm ki, yenə əl çəkmirlər. Axırda Xan məcbur olub, bir müddət bu mahnının sözlərini də dəyişdirib, "Şuşanın dağları deyil dumanlı" oxuyur.
Xanın səsinin yadigarı kimi, 240 dəqiqəlik lent yazısı qalıb. Cəmi-cümlətanı 240 dəqiqəlik! Əvvəllər özü həvəs göstərməzmiş. "İstəyirsiniz, hər evdə bir Xan olsun? Xan bir dənə olar. İstəyənlər gəlib özümə qulaq assınlar". Sonralarsa...
Bəlkə də bu qismət nə zamansa onun səsini dinləməyə mənəvi haqqımızın çatmayacağının yazısı imiş.

P.S. Xan Şuşinskinin 100 illik yubileyinin keçirilməsi haqqında prezidentimiz sərəncam imzalayıb. yubileyə ciddi hazırlıq görülür.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd