Şou

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#105(329)
"Çox zarafatcılam..."
Rəşad İlyasov özünü belə tanıyır

90-cı illərin əvvəllərində o, kanon çalırdı. Sonra gözlənilmədən müğənnilik etməyə başladı və tez də özünə geniş dinləyici auditoriyası topladı. Hərdən ona "səhnəmizin Alen Delonu" desələr də, özü "sevimli müğənnimiz" kəlməsinə üstünlük verir. Lirik mahnıları dinləməyi də, ifa etməyi də çox sevir.
Musiqisevərlər arasında "Yaşın nə fərqi var?" adı ilə tanınan, onu bir qədər də məşhurlaşdırmış "İncitmə qəlbimi" mahnısının indi xatirələrdə qaldığını söyləyir. Özlüyündə heç bir mükafatı qəbul etmir. Çünki onun üçün ən ali mükafat xalqın alqışı və dövlətin verdiyi fəxri addır. Yəqin bildiniz, bütün bu dediklərimiz müğənni Rəşad İlyasov haqqındadır.

Əvvəllər kanonda çox gözəl musiqilər ifa edirdin. "Çardaş" musiqisinə çəkilmiş klipin 90-cı illərin ən dəbdə olan kliplərindən biri idi. Bəs nədən fikrini birdən dəyişib müğənni oldun?

- Musiqi ilə tanışlığım kiçik yaşlarımdan olub. Elə uşaqlıqdan özümü müğənnilər kimi aparır, hər yerdə ən çox sevdiyim mahnıları zümzümə edirdim. Evdə də bunu görürdülər. Valideynlərim bu bacarığımı, mahnıya olan duyumumu, həssaslığımı, daxili tələbatımı görüb, məni musiqi məktəbinə qoydular. Əvvəlcə fortepianoda çalmağı öyrənirdim. Sonra isə kanon alətini daha çox sevdiyim üçün məhz bu alətdə işləməyə başladım. Solist kimi televiziyaya çıxırdım. Kliplərim isə ekranlarda 1994-cü ildən başlayaraq yayımlanmağa başladı. Ancaq yenə də müğənnilik mənim ürəyimdə idi. Sözün düzü, çalğıçı kimi yetişmək də mənim daxili tələbatımı ödəyirdi. Ancaq müğənnilikdə də özümü sınamaq istəyirdim. Amma sırf müğənni olmaq fikrində də deyildim. Sadəcə olaraq, musiqiçi, sənət adamı olmaq məni yüz faiz qane edirdi. İndinin özündə də mən həm müğənni, həm də musiqiçiyəm.

Ailənizdə sən birinci musiqiçi deyilsən. Çoxları bilir ki, Sizin nəsildə istedadlı adamlar səndən əvvəl də olub, indi də var.

- Şəfiqə xanım Eyvazova mənim xalamdır, Musiqi Akademiyasında professordur. Onun həyat yoldaşı da həmin akademiyada baş müəllimdir. Mənim qardaşım da xalq musiqisinin gözəl bilicilərindəndir.

Rəşad, müğənnilər arasında hərə bir ləqəb ilə tanınır. Modonna, Primadonna, Barbi, Toylar kralı və sairə. Səni isə tədbirlərdə çox vaxt "Səhnəmizin Alen Delonu" kimi təqdim edirlər. Sən bunu qəbul edirsən?

- Adətən konsertlərdə aparıcılar, şoumenlər sənət adamlarına yaxınlaşıb soruşurlar ki, "Sizi necə təqdim edim?". Çox sağ olsunlar, gözəl jestdir. Ancaq həmişə istəmişəm ki, mənə sadəcə, "Sevimli, sevilən müğənnimiz" kimi müraciət etsinlər. Bu mənə bəsdir.

Deməli heç kimə bənzəmək istəmirsən?

- Əlbəttə, yox. Mən özüm-özümə bənzəmək istəyirəm.

İndiyə qədər neçə albomun işıq üzü görüb?

- Albomum 1998-ci ildə işıq üzü görüb. Elə mənim müğənnilik fəaliyyətimin startı da məhz həmin albomla verilib. Həmin albomu "Bakı-Raks" studiyasında yazdırmışdım. Təsadüfi, ya nəsə, həm musiqiçi, həm də müğənni kimi ilk albomumu bu studiyada yazdırmışam.

Rəşad, ən çox hansı bəstəkarlarla işləyirsən?

- Aygün Səmədzadə, Xanım İsmayılqızı ilə. İndiyəcən Eldar Mansurovun bir mahnısını oxumuşam və yəqin ki, yaxın zamanlarda ona yenidən müraciət edəcəyəm. Bu yaxınlarda iki türk mahnısını lentə yazdırdım. Repertuarımda xarici mahnılara da yer verirəm.

Sən daha çox hansı ritmdə mahnılara üstünlük verirsən?

- Ən çox sevdiyim lirik kompozisiyalardır. Elə müğənnilikdə ilk addımlarımı da lirik mahnılarla atmışam. Özümü estrada müğənnisi hesab etmirəm. Mən müasir Azərbaycan musiqisini ifa edən müğənniyəm. Sənət adamları mahnıları, sadəcə, diskdə, kasetdə qalmaq üçün ifa etmirlər. Onlar mahnıları xalq üçün, camaat üçün oxuyurlar. O ki qaldı oxuduğum mahnıların ritminə, radio dalğalarında, konsertlərdə, tədbirlərdə camaat şux, şən, ürəkaçan mahnılar tələb edir.

Son vaxtlar sənətçilər üçün xeyli mükafat təsis edilib. Ürəyindən bunlardan birinin sahibi olmaq istəyi heç keçib?


- Bilirsiz, mənim üçün ən ali mükafat xalqın alqışıdır. Əlbəttə ki, mükafatların bu qədər artması gözəl haldır. Ancaq mən xalqın verdiyi ada üstünlük verirəm. Fəxri ad isə dövlət başçısı tərəfindən təqdim olunur. Və ümid edirəm ki, gələcəkdə mənim də fəxri adım olacaq.

"İncitmə qəlbimi" mahnısı son illərin ən populyar mahnılarından biri oldu. Baxmayaraq ki, sən onu İlhamə xanımla birgə ifa etmişdin, mükafat və alqışlar Primadonnaya qismət oldu.

- "İncitmə qəlbimi" dueti mənim həyatımda keçmişdə qalıb. Və mən bir də bu məsələyə qayıtmaq istəmirəm.

Sənə filmə çəkilmək təklifi etsələr, yəqin ki, qəbul edərsən?

- Mən bir dəfə filmə çəkilmişəm. Ancaq inzibati işlər qaydasında aparılmadığından, film ekranlarda görünmədi. Filmin adı "Anaram səni" idi. Hətta mənim bu adda bir mahnım da var. Müğənnilərimizdən Ağaxan Abdullayev, Ruhəngiz Musəvi, Brilliant Dadaşova, Nazpəri Dostəliyeva və başqaları da həmin filmdə çəkilmişdilər.

Real həyatda Rəşad necə adamdır?


- Elə hamı kimi adi adamdır. Hərdən deyib-gülən, hərdən kədərlənən. Özü də çox zarafatcılam. Normal həyat tərzi keçirirəm. Yeyirəm, yatıram, hərəkət edirəm.

Gəzintiyə çıxanda səni əl ilə göstərib "Rəşada bax" deyəndə özünü necə hiss edirsən?

- Çox yaxşı. Elə yeri gəlmişkən, bu yaxınlarda başıma gələn bir hadisəni sənə danışım. Deməli, getmişdim dükana balıq almağa. Satıcıdan soruşdum ki, balıq təzədir? Cavab verdi ki, "Sizə məsləhət görmürəm". Bu, məndə xoş təəssürat oyatdı. Bilirsiniz, o, satıcıdır, istər ki, malı satılsın, alveri yaxşı getsin. Ancaq mənim sənətimə hörmət etdiyi üçün köhnə balığı mənə rəva bilmədi. Xoş münasibəti görəndən sonra məndə işləmək, yeni-yeni layihələri həyata keçirmək həvəsi oyanır. Belə hadisələr mənə stimul verir.

Boş vaxtlarında nə ilə məşğul olursan?


- Bir az dincələndən sonra dostlarımla görüşürəm, idmanla məşğul oluram. Yəqin xəbəriniz var ki, sentyabrın 30-da ulduzlarla siyasətçilər arasında futbol matçı keçiriləcək. Ulduzlar komandasının heyətində mən də iştirak edəcəm.

Rəşad, pərəstişkarların arasında gənc qızlar daha çoxdur. Bütün tanınmışlar kimi sənin də şəxsi həyatın onları maraqlandırır. Bildiyimə görə, sən subaylıq məsələsinin artıq əlli faizini həll etmisən.

- Mənim əslim dağlıdır. Dağlılar isə ailə məsələlərində çox götür-qoy edən olurlar. Evdəkilərin, qohum-əqrabanın təklifi və təbii ki, öz istəyimə uyğun, nişanlandım. Allah qoysa, yaxın gələcəkdə subaylığın daşın atacam.

Toydan söz düşmüşkən, toylara gedirsən?

- Əlbəttə, gedirəm. Əslinə qalsa, qazancımın böyük hissəsi toylardan və çalışdığım restorandan gəlir.

Hazırda yaradıcılıq işlərin nə yerdədir?

- İkinci albomumu yazdırmaq niyyətindəyəm. Sonra da solo konsert vermək fikrim var. Və ən başlıcası, əyalətlərdə, hərbi hissələrdə və qaçqınlar şəhərciyində görüşlər keçirmək niyyətindəyəm.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd