|
|
|
|
#105(329)
|
 |
Şəxsiyyət vəsiqələri paylanır
Keçmiş SSRİ pasportları qüvvədən düşəcək
|
Dünən Bakının 11 və respublikanın 74 inzibati rayonunda şəxsiyyət vəsiqələrinin paylanmasına "start" verilib. Yalnız ölkə daxilində etibarlı sayılan şəxsiyyət vəsiqələri paylandıqdan sonra keçmiş SSRİ pasportlarının qüvvədən düşəcəyi tarix müəyyənləşdiriləcək. Xatırladaq ki, şəxsiyyət vəsiqələri haqqında qanun hələ 1994-cü ildə qəbul edilib. 2000-ci ilin iyununda vəsiqələrin hazırlanması üçün Kanadanın "Kanadian banknot" şirkətinə sifariş verilib. İqtisadi inkişaf naziri Fərhad Əliyevin verdiyi açıqlamaya görə, "Kanadian banknot" şirkəti Azərbaycana 13 milyon ədəd şəxsiyyət vəsiqəsinin gətirilməsini təmin edib. Bunun 3 milyonu 16 yaşına çatmış, qalanları isə 16 yaşından yuxarı vətəndaşlar üçün nəzərdə tutulub.
Fərhad Əliyev qeyd edib ki, bütün rayonlarda şəxsiyyət vəsiqələrinin doldurulması ilə əlaqədar müvafiq sistem yaradılıb. Nazirin sözlərinə görə, 8 milyon əhalisi olan Azərbaycana 13 milyon şəxsiyyət vəsiqəsinin gətirilməsi normal haldır. Çünki bəzi vaxtlarda şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi zərurəti yaranacaq. Məsələn, vəsiqələr 25, 35 və 50 yaşda təzələnəcək. Vəsiqələr başqa səbəblərdən də dəyişdirilə bilər. Yaşayış yerini dəyişən şəxslərə yenidən şəxsiyyət vəsiqələri veriləcək. Bu məqsədlə onlar vəsiqənin dəyərinin yarısı qədər - 2500 manat ödəməli olacaqlar. Vəsiqələr pasportlarda olduğu kimi, yaşayış yeri üzrə rayon polis idarəsi və bölməsinin pasport şöbələrində paylanır. Vəsiqəni alarkən dövlətə 5 min 500 manat ödənilməlidir. Təqaüdçülər və 16 yaşınadək vətəndaşlara isə şəxsiyyət vəsiqələri pulsuz verilir.
Qeyd edək ki, şəxsiyyət vəsiqələrinin verilməsi iyulun sonlarına planlaşdırılırdı. Lakin avadanlıqların və təminat proqramlarının quraşdırılması işləri başa çatdırılmadığından şəxsiyyət vəsiqələrinin verilməsi yubandı.
Bir şəxsiyyət vəsiqəsinin maya dəyəri 0,2985 dollara başa gəlib. Dünən "Bizim ƏSR"in reportyor qrupu paytaxtın Səbail (Əşrəf Allahyarov) və Yasamal rayonlarının polis idarələrinin pasport masalarında şəxsiyyət vəsiqələrinin verilməsi prosesini izləməyə cəhd ediblər. Lakin hər iki pasport masasının rəisi reportyorlara məlumat verməkdən imtina edib. Onlar bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin icazəsinin tələb olunmasıyla əsaslandırıblar. Elə həmin vaxt DİN mətbuat xidmətindən "Bizim ƏSR"ə verilən məlumatda bildirilirdi ki, nazirlik jurnalistlərin iştirakına etiraz etmir və heç bir icazə filana ehtiyac yoxdur. Lakin bütün bunlara baxmayaraq, sözügedən pasport masalarının rəhbərləri bürokratik ənənələrinə sadiq qalaraq şəxsiyyət vəsiqələrinin verilməsi prosesini izləməyə imkan verməyiblər. Onu da bildirək ki, dünən "Bizim ƏSR"in reportyorlarının apardığı müşahidələrə görə, pasport masalarından şəxsiyyət vəsiqələrini almağa gələnlərin sayı kifayət qədər məhdud imiş.
P.S. 1940-cı il sentyabrın 10-da SSRİ Xalq Komissarları Soveti İttifaqda vahid pasport sisteminin tətbiqi ilə bağlı qərar qəbul edib. Rəsmi açıqlamaya istinad etsək, sentyabrın 10-da Azərbaycanda şəxsiyyət vəsiqələrinin paylanmasına başlanılmalıydı. Lakin nədənsə, proses bir gün yubadıldı.
Gələcəyə qoyulan sərmayə
İndiyədək ABŞ-da 1600-ə yaxın Azərbaycan vətəndaşı təhsil alıb
|
Dünən ABŞ-ın ölkəmizdəki səfirliyinin və respublika Təhsil Nazirliyinin birgə əməkdaşlığı şəraitində 2001-2002-ci il üçün Azadlığı Dəstəkləmə Aktı çərçivəsində həyata keçirilən tələbə mübadiləsi proqramlarının başlanmasına həsr edilmiş mətbuat konfransı keçirildi. Konfrans iştirakçıları - ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ros Uilson, təhsil naziri Misir Mərdanov, həmçinin Amerikanın "ACCELS", "IREX" və "Proyect Narmony" təşkilatlarının nümayəndələri təhsil proqramları haqqında geniş məlumat verdilər.
Səfir R.Uilson tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra Birləşmiş Ştatlar hökumətinin bu Cənubi Qafqaz ölkəsində əsas missiyası dövlətçilik institutlarının və vətəndaş cəmiyyətinin bərqərar olunmasından ibarət olub.
İki ölkə arasında qarşılıqlı etimad əsasında qurulan münasibətlər çərçivəsində xeyli mühüm işlər həyata keçirilib. Diplomatın sözlərinə görə, əməkdaşlıq bütün sahələrə sirayət edib. Belə ki, 1992-ci ildən etibarən cəmiyyətin bütün təbəqələrini təmsil edən 1600-ə yaxın Azərbaycan vətəndaşı ABŞ-ın müxtəlif təhsil ocaqlarında mübadilə proqramları çərçivəsində təhsillərini davam etdiriblər. Son bir ildə ABŞ İnformasiya Agentliyi (USIA) xətti ilə maliyyələşdirilən proqramlar üzrə okeanın o tayına göndərilən tələbələrin sayında əhəmiyyətli artım olub. Hazırda 11 proqram üzrə şagird, tələbə və alim mübadiləsi aparılır. Həmin proqramlarda ictimai və siyasi partiyaların liderləri də iştirak edə bilərlər.
Ross Uilson gələcək Liderlərin Mübadiləsi Proqramı haqqında danışarkən qeyd etdi ki, ABŞ hökuməti sözügedən proqrama xüsusi əhəmiyyət verir və o, 11 proqram arasında öndə gedir. Gələcək Liderlərin Mübadiləsi Proqramı (FLEX) 1996-cı ildən etibarən həyata keçirilir. Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 191 şagird ABŞ-ın orta məktəblərində 1 illik təhsil alıb. Amerikalı diplomatın fikrincə, bu, Azərbaycanın gələcəyinə qoyulan sərmayədir.
Səfir vaxtın azlığını nəzərə alaraq 11 proqramdan yalnız 3-ü barədə ətraflı bilgi verməyə imkan tapdı. "Reytinq siyahısında ikinci yeri tutan Azadlığı Dəstəkləmə Aktı (ADA) universitet tələbə proqramı Azərbaycanda 1992-ci ildə həyata vəsiqə alıb. Tələbələr bir il ərzində Amerika universitetləri və kolleclərinə səyahət edirlər. Ötən il "ACCELS" təşkilatı 19 finalçını Amerika universitetlərinə yola salmış və yeni ildə onların sayını 20-ə çatdırmaq niyyətindədir".
Azadlığı dəstəkləmə aktı (ADA) Maski Magistr Proqramı magistr səviyyəsində təhsil almaq üçün 1 və ya 2 il üçün təqaüd təmin edir.
Təhsil naziri Misir Mərdanov Amerika hökumətinin təhsil mübadiləsi proqramlarının Azərbaycanın gələcək inkişafına yönələn xeyirxah iş olduğunu dilə gətirdi. Onun bildirdiyinə görə, Azərbaycana dövlət səviyyəsində hər hansı bir yardım edilməsinə yasaq qoyan məlum 907-ci maddənin qüvvədə olmasına baxmayaraq, bu, təhsil sahəsində bir qədər yumşaldılıb.
nRövşən DİDAVARİÿÿ
|