Xəbər

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#105(329)
Terror ABŞ-ı vurdu
Dünyanın fövqəldövləti adına iddia edən Birləşmiş Ştatlar dünən tarixdə görünməmiş terror zərbəsi ilə gerçəkdən iflic oldu

Dünən Amerika Birləşmiş Ştatları özünün ən qara gününü yaşadı. Ölkə bu vaxtadək tarixdə analoqu olmamış və miqyasına görə ən fantastik filmləri belə arxada qoyan terror zərbəsi ilə sarsıldı. Yerli vaxtla səhər saat 9-dan etibarən təxminən bir saat ərzində Nyu-York və Vaşinqton "kamikadze" təyyarələrin hücumuna məruz qaldı.
Terrorçular tərəfindən qaçırılan "American Airlines" şirkətinə məxsus iki "Boinq" (737, 767) sərnişin təyyarəsi Nyu-Yorkun simvolu olan Dünya Ticarət Mərkəzinin 110 mərtəbəlik göydələnini deşərək yerlə-yeksan etdi. Təyyarələrin birində 83, digərində isə 160 sərnişin olub. "Kamikadze" terrorçular tərəfindən ələ keçirilən "United Airlines" şirkətinə məxsus bir təyyarə isə ABŞ Müdafiə Nazirliyinin yerləşdiyi Pentaqonun əzəmətli binasına çırpılaraq onun qərb "qanadı"nı çökdürdü. Eyni vaxtda Pensilvaniya ştatının Pitsburq şəhərində terrorçular tərəfindən qaçırılmış "Boinq-747" təyyarəsi düşərək partladı. Bütövlükdə terrorçular tərəfindən ələ keçirilərək ölüm kabusu rolunu həyata keçirmiş 4 təyyarədə 266 sərnişin olub. Lakin bu, misilsiz terror aktı ilə qətlə yetirilmiş insanlarla müqayisədə kiçik bir rəqəmdir. "Kamikadze" təyyarələrlə yerlə bir edilmiş Dünya Ticarət Mərkəzinin binasında 50 minə yaxın işçinin çalışdığı və dəhşətli terror baş verərkən hamının iş yerində olduğu bildirilib. İlkin məlumatlara görə, Mərkəzdə 10 mindən artıq adam həlak olub. "Kamikadze" təyyarələr təxminən 20 dəqiqəlik fasilə ilə binanın 415 metrlik iki göydələn qülləsini vurub aşırıblar.
Partlayış nəticəsində Nyu-Yorkun beynəlxalq maliyyə və birja mərkəzi sayılan "Manhetten" rayonu müharibə səhnəsinə çevrilib. Vaşinqtonda Pentaqonun binasına zərbə də sarsıdıcı olub. Təyyarənin çırpıldığı qərb "qanadı"nda Amerika Müdafiə Nazirliyinin əsas operativ idarəetmə mərkəzi yerləşirmiş.
Lakin Amerikadakı terror şoku bu faktlarla məhdudlaşmayıb. Bu hadisələrlə eyni vaxtda "kamikadze" rolunu yerinə yetirməyə məcbur edilmiş daha iki təyyarə Vaşinqtondakı dövlət idarələrinə, Ağ Evə, Konqresin və Dövlət Departamentinin binalarına hücuma cəhd edib. Lakin həyəcanla havaya qaldırılan qırıcı təyyarələr onlardan birini yerə endirib, digərini isə Kemp-Deviddə Amerika prezidentinin iqamətgahı yaxınlığında vurub salıb. Bütövlükdə terrorçuların eyni vaxtda ABŞ aviaşirkətlərinə məxsus 11 sərnişin təyyarəsini ələ keçirdikləri, lakin onların hamısından istifadə edə bilmədikləri bildirilir.
Hadisədən dərhal sonra Amerikada həyəcan vəziyyəti elan olunub. Ölkənin bütün səması üzərində təyyarələrin uçuşu qadağan edilib. İcazəsiz olaraq hava qalxan və ya ABŞ hava məkanına daxil olan istənilən təyyarənin dərhal məhv edilməsi barədə göstəriş verilib. Dünyanın çeşidli ölkələrindən Amerikaya uçan təyyarələrin hamısı Kanada və digər ölkələrə yönəldilib. Eyni zamanda Amerikanın dünyadakı bütün hərbi bazalarında, diplomatik nümayəndəliklərində həyəcan vəziyyəti elan edilib. Amerikanı vuran dəhşətli terror dünyanın əksər ölkələrini, xüsusilə "Böyük 8-liyə" daxil ölkələrdə də ciddi mühafizə tədbirləri almağa məcbur edib. Xatırladaq ki, bu ilin iyulunda "Böyük 8-liy"in Genuyada keçirilən sammiti zamanı Bin Laden onları indiyədək ağıllarına gətirmədikləri terrorla hədələmişdi. Ən maraqlısı odur ki, "1 nömrəli terrorçu" keçiriləcək aksiyalarda məhz təyyarələrdən bu formada istifadə ediləcəyini bildirmişdi. O vaxt Amerikanın və "Böyük 8-liy"in təhlükəsizlik quurmları b iddiaları fantastik və gülünc qəbul etmişdi. Terror Amerikanın milli təhlükəsizlik sisteminin gücsüzlüyünü nümayiş etdirməklə yanaşı, ölkə həyatını iflic edib. Telefon rabitəsi və digər kommunikasiya şəbəkəsi bir müddət sıradan çıxıb, xüsusilə Nyu-York və Vaşinqtonda görünməmiş panika hökm sürüb. Hadisə vaxtı prezident Corc Buş Luiziana ştatında olub və oradakı iqaməgahında Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirdikdən sonra telekameralar qarışısına çıxıb. Prezident Amerikanın tarixdə görünməmiş terror zərbəsi ilə sarsıldığını, lakin özünü itirmədiyini vurğulayıb: "Bu gün azadlıq və demokratiya hücuma məruz qalıb və biz onları müdafiə edəcəyik". O, sarsıdıcı terrora rəğmən Amerikanın təhlükəsizliyinin təmin olunacağını bəyan edib və sözlərini "Allah Amerikanı qorusun" cümləsi ilə gözü yaşlı bitirib. Bununla belə, hadisələr Amerika ictimaiyyətinin qəzəbini kəskin coşdurub və əksəriyyət indiki administrasiyanın dövlətin və vətəndaşların təhlükəsizliyini qorumaq kimi konstitusion vəzifənin öhdəsindən gələ bilmədiyini bəyan edib.
Terror olaylarından dərhal sonra Amerikanın xüsusi xidmət və təhqiqat idarələri operativ araşdırmaya başlayıblar. İlkin aşkarlanan o olub ki, terrorçular bu aksiyanı uzun müddətdən bəri və böyük dəqiqliklə planlaşdırıblar. Təyyarələr havada ikən terrorçular tərəfindən ələ keçirilib, daha sonra pilotlar öldürülüb və onları əvəz edən "kamikadze" pilotlar laynerləri "hədəf"lərə çırpıblar. Terrorçular təyyarələri müvafiq dispetçer-kompüter şəbəkəsindən ayırıblar və hava maşınlarının hara istiqamət aldığı barədə müvafiq xidmətlərin heç bir məlumatı olmayıb. Aksiyanın həyata keçirilməsi ilə bağlı digər versiyalar da mövcuddur. Aksiyanın müəllifliyi barədə ehtimallar öncə Bin Ladenin, ardınca isə Fələstindəki radikal təşkilatların - "Həmas", "İslam cihadı" və "Fələstin Demokratik Azadlıq Cəbhəsi"nin üzərində dayanıb. Lakin bu qurumlar sözügedən aksiyaya dəxli olmadıqlarını bəyan ediblər. Bir qədər sonra isə misilsiz aksiyanın "Yapon Qızıl Ordusu" adlanan sol təmayüllü ekstremist təşkilat tərəfindən həyata keçirildiyi ehtimal olunub. Amma o da ittihamları rədd edib. Maraqlıdır ki, 1970-ci illərdə təşəkkül tapan "Yapon Qızıl Ordusu" ərəb terrorçu təşkilatları ilə sıx əlaqədə fəaliyyət göstərir və əsas məqsədlərinin beynəlxalq imperializmin və Birləşmiş Ştatların axırına çıxmaq olduğunu bildirir. Onu da əlavə edək ki, "kamikadze" aksiyası tarixdə ilk dəfə məhz yaponlar tərəfindən, 2-ci Dünya Müharibəsi zamanı Amerika qoşunlarına qarşı müharibədə həyata keçirilib. Bütövlükdə isə dünən baş verənlər beynəlxalq terrorizmin miqyasını, 21-ci əsr dünyasının üzərində hansı kabusun dolaşdığını və Amerika kimi möhtəşəm bir dövlətin də bu təhlükə qarşısında nə dərəcədə hazırlıqsız olduğunu göstərdi.

Azərbaycan-Gürcüstan danışıqları başladı
"Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan ərazisilə Türkiyəyə nəqlinə dair tariflərin müəyyən edilməsilə bağlı Gürcüstan-Azərbaycan danışıqları başlayıb

Dünən Londonda Azərbaycanın "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan ərazisilə Türkiyəyə nəqlinə dair tariflərin müəyyən edilməsilə bağlı Gürcüstan-Azərbaycan danışıqları başlayıb.
Financial Times qəzetinin məlumatına görə, Gürcüstan hər 1000 kubmetr qaza görə, ona 5 dollar ödəməyi, Azərbaycan isə hər 1000 kubmetr üçün 2 dollar təklif edir. Məlum olduğu kimi, bir qədər öncə Dünya Bankı (DB) Gürcüstandan tələb etmişdi ki, öz ərazisilə hər min kubmetr qaz nəqlinə görə tarifləri 2 dollardan 5 dollaradək artırsın. Əks halda DB Tbilisini ölkəyə maliyyə yardımı göndərilməsinin dayandırılacağı ilə hədələyib.
Xatırladaq ki, Bakı və Ankara arasında imzalanmış sazişə görə, Azərbaycan 2004-2005-ci illərdə Türkiyəyə 2 mlrd. kubmetr qaz nəql edəcək. 2008-ci ildə qazın həcmi 6,6 mlrd. kubmetrə çatdırılacaq. Financial Times həmçinin yazır ki, London danışıqlarında iştirak edən BP şirkətinin nümayəndəsi bildirib ki, sözügedən məsələ ilə bağlı saziş imzalanması sentyabrın sonlarınadək təxirə salına bilər.

Gürcüstan informasiya blokadasındadır

"Biz Azərbaycana iki dövlət arasındakı dostluq münasibətlərini pozmaq üçün deyil, mövcud problemlərimizin həlli yollarını tapmağa gəlmişik". Bu sözləri Gürcüstan parlametinin üzvü Zümrüd Qurbanov dünən keçirdiyi mətbuat konfransında bildirib.
Z.Qurbanov Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini həll etmək üçün respublikadan oraya gedən ziyalıları ittiham etdi. Bildirdi ki, ziyalılar səfər zamanı problemi birtərəfli öyrəniblər. Belə ki, onlar bir neçə gürcü məmuru ilə görüşsələr də əhalinin münasibətini öyrənməyiblər. Gürcü dövlətinin dövlət atributlarını dəstəklədiklərini vurğulayan Zümrüd Qurbanov qeyd etdi ki, yaranmış problemlər birgə həll olunmalıdır. Əks təqdirdə onların həlli bir neçə il də uzana bilər. Onun sözlərinə görə, Bolnisi rayonu ərazisindəki bütün torpaqlar rayonun icra hakimi tərəfindən mənimsənilərək əhaliyə onun müəyyən etdiyi qiymətlə satılır. Hakimiyyət isə bütün bunlara göz yumur.
Gürcü dilinin öyrənilməsinə toxunan millət vəkili bu dili öyrənməkdən imtina etmədiklərini bəyan etdi. Söylədi ki, sadəcə, xalqa dili öyrənmək üçün şərait yaradılmayıb: "Buna görə də özümüz dövlət dili haqqında proqram hazırlamışıq. Dövlətin məktəblərdə gürcü dilini öyrədən mütəxəssislərə ayırdığı 350 min lari isə bir qrup rüşvətxorun cibinə gedir". Z.Qurbanov azərbaycanlılara qarşı qərəzli davranaraq gürcü dilini bilən soydaşlarımızı idarə və təşkilatlarda çalışmalarına imkan vermədiklərini dedi. Bir müddət əvvəl Kolayırda azərbaycanlıların polislər tərəfindən vəhşicəsinə döyülməsi və Füzuli Hüseynovun öldürülməsi məsələsinə münasibətini bildirən Z.Qurbanov söylədi ki, bunlar kriminal hadisə deyil, bir neçə dövlət məmuru tərəfindən sifariş idi: "Ancaq bunlar gürcü xalqı ilə aramızda ədavət sala bilməz". Z.Qurbanov Gürcüstan-Rusiya sərhədinin bağlanmasından sonra əhalinin yeganə həyat qapısının Azərbaycan olduğunu vurğuladı: "Bu gün orada bir tikə çörəyin mübarizəsi gedir. Bakı-Ceyhan marşrutu layihəsində 200 azərbaycanlının işlə təmin ediləcəyi nəzərdə tutulsa da buna əməl olunmadı. Bundan başqa, Azərbaycan dövlətinin məktəblilərə yardım etdiyi kitablar təzədən pulla uşaqlara satılır. Gürcüstan informasiya blokadasındadır".
Zümrüd Qurbanov Ermənilərin orada da separatçılıqla məşğul olduqlarını, hətta Gürcüstan parlametində 6 nəfər nümayəndələri olduğunu dedi. Z.Qurbanov orada baş verənləri prezident seçkilərində qalib gəlmək istəyən qruplarla da əlaqələndirdi. "Belə ki, ruslar indiki prezident Şevardnadzeni uzaqlaşdırıb öz adamlarını hakimiyyətə qoymaq istəyirlər".

Müstəqil ekloqlar Qəbələ RLS-in bağlanmasını tələb edir

Qəbələ Radiolokasiya Stansiyası (RLS) ətraf mühitə, insanların sağlamlığına ciddi ziyan vurur və Azərbaycan üçün hərbi, iqtisadi, siyasi önəm daşımır. Bundan əlavə obyekt mümkün nüvə zərbələri üçün hədəfdir. Buna görə də stansiya öz fəaliyyətini dayandırmalıdır. Müstəqil Ekoloji Tədqiqatlar Mərkəzinin (METM) təşkil etdiyi "dəyirmi" masa iştirakçılarının ümumi fikri belədir.
Onlar Azərbaycan ərazisində xarici hərbi bazaların olmaması barədə ölkə prezidentinin bəyanatları ilə razılaşmayıb. 2000 rus hərbçisi və güclü texniki təchizata malik RLS "adi hərbi bazalarla müqayisədə bu obyektin potensialını xeyli gücləndirir".
Press-relizdə RLS-in ətraf mühitə təsirinin öyrənilməsi məqsədilə 1992-ci il mayın 5-də yaradılmış Dövlət Komissiyasının rəyinə istinadlar da edilir. Komissiyanın hesablamalarına görə, stansiyanın fəaliyyəti nəticəsində xəsarət alan Qəbələ rayon sakinlərinin müalicəsi, ekologiyanın bərpası, dəyən zərərə görə, kompensasiya üçün 1,5 mlrd. dollar tələb olunur. METM obyektin bağlanmasını tələb edir və bundan ötrü səylərini əsirgəməyəcəyini bildirir.
Xatırladaq ki, Qəbələ RLS 1984-cü ildə istismara verilib və Cənub yarımkürəsində qitələrarası ballistik raketlərin uçuşlarını izləyir.

"Avropa Şurası Ermənistana təsir göstərməlidir"
Rəsmi Bakı Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində fəal iştirak etmək niyyətini təqdir edir

Sabah Avropa Şurası Parlament Assambleyasının sədri Lord Rassel-Conston Azərbaycana səfərə gəlir. Onun Bakıda aparacağı danışıqlarda Dağlıq Qarabağ konfliktinin sahmanlanması mühüm yer tutacaq. İki gün öncə Rassel-Constonun Ermənistanda verdiyi açıqlamalar bu baxımdan xüsusi rezonans doğurub. O, Ermənistanı Dağlıq Qarabağ ətrafında işğal olunmuş əraziləri azad etməyə çağırıb və iki il öncə qətlə yetirilmiş Ermənistan parlamentinin sədri Karen Dəmirçyanın da bu mövqedə olduğunu xatırladıb. Dünən isə Rassel-Conston Dağlıq Qarabağdakı "yerli seçkilər"ə toxunub və erməni mənbələrinin iddiasına görə, bu "seçkilərlə" bağlı AŞ rəhbərliyi adından yayılmış bəyanatı qeyri-düzgün addım hesab edib. Erməni mənbələrinin iddialarının nə dərəcədə həqiqətə uyğun olduğu yəqin ki, Rassel-Conston Bakıya gələndən sonra bəlli olacaq. Bütövlükdə isə rəsmi Bakı AŞ-nin sülh prosesinə qoşulmasını mühüm sayır. PA xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun münasibətini təqdim edirik.

Novruz müəllim, Avropa Şurası Parlament Assambleyasının sədri Rassel-Constonun Ermənistan parlametindəki çıxışını necə dəyərləndirirsiniz?

- Avropa Şurası üzv dövlətlərin daxilində gedən prosesləri yaxından izləyir və Azərbaycanın üzləşdiyi təcavüzə də seyrçi qala bilməz. Təşkilatın Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqəti və ədalətli yanaşma mövqeyindən çıxış etməsi də müsbət dəyərləndirilməlidir. Çünki bu münaqişənin ədalətli, beynəlxalq hüquq normalarına uyğun və deməli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ümumilikdə Avropa qitəsinin dövlətləri üçün əhəmiyyətli və müsbət sayılacaq məqamdır. Yadınızdadırsa, bu ilin yanvarında Azərbaycanın Avropa Şurasına qəbulu mərasimində çıxış edən prezident Heydər Əliyev Avropa Şurasını təcavüzlə razılaşmamağa, beynəlxalq hüquqa zidd hərəkətlərə qarşı tədbirlər görməyə, ikili standartlara yol verməməyə və bütün münaqişələrə qarşı eyni dərəcədə münasibət bildirməyə çağırmışdı. Əks təqdirdə Avropada suveren dövlətlərin dayaqlarını sarsıdan humanitar fəlakətlər başlana bilər. Avropa Şurasının cari diqqətini həmin çağırışa rezonans kimi dəyərləndirmək gərəkdir. Digər tərəfdən, AŞPA rəhbərliyinin bu bəyanatını Assambleyadakı Azərbaycan nümayəndə heyətinin, bilavasitə onun rəhbəri İlham Əliyevin fəaliyyətinin nəticəsi kimi qiymətləndirmək lazımdır. Azərbaycan parlamentarlarının qaldırdığı məsələlər və əldə etdiyi ilkin nəticələr Avropa Şurasında ölkəmizə diqqət və ədalətli münasibətin təmin olunmasında mühüm rol oynayıb.
Avropa Şurasının Dağlıq Qarabağ tənzimlənməsində rolu konkret nə vəd edir? AŞ-nin aktivləşməsi bu məsələdə ATƏT-in ikinci plana keçməsinə gətirə bilərmi?
- Düşünürəm ki, bu, ATƏT-in prosesdən kənarlaşması ilə müşayiət olunacaq. Çünki hazırk şəraitdə bu cür konfliktlərlə ATƏT məşğul olur. Amma AŞ-nin bu yöndə vaxtında və birbaşa mövqe bildirməsi ona dəlalət edir ki, Avropada, beynəlxalq ictimaiyyətdə Dağlıq Qarabağ münaşiqəsinə ədalətli münasibət formalaşmaqdadır. Bu da nəticə etibarilə Azərbaycanın haqlı prinsiplərinin dəstəklənməsinə xidmət edir. Təəssüf ki, biz Avropa Şurasının konfliktə diqqətini digər beynəlxalq instansiyalardan hiss etmirik. Rassel-Conston Ermənistan parlametində belə bir məqama da toxundu ki, münaqişənin həll olunması üçün Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərdən köçkün düşmüş əhalinin ağır durumu barədə dəfələrlə mövqeyini bildirib. Halbuki bütün dövlətlər bu mövqeyi ifadə etməlidirlər. Bu gün bəzi beynəlxalq instansiyalar Dağlıq Qarabağı mübahisə, konflikt ərazisi kimi təqdim edirlər. Amma Dağlıq Qarabağın ətrafında rayonlar onların diqqətindən kənardadır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq qurumların adından səslənən çeşidli bəyanatlarda sanki Azərbaycanın ərazisinin işğal olunması faktı gözardı edilir. Odur ki, biz AŞPA rəhbərliyinin kifayət qədər aşkar mövqeyini digər beynəlxalq təşkilatlara da arzu edirik. Düzdür, Rassel-Constonun söylədiyi fikirlərin dəqiq konteksti onun Bakıdakı çıxışlarından sonra daha aydın olacaq. Ancaq bununla belə onun Ermənistanda səsləndirdiyi fikirlər konfliktə beynəlxalq münasibət nöqteyi-nəzərindən əlamətdar hesab olunmalıdır. Fikrimcə, bu, tənzimlənmə ilə bağlı gələcək proseslərə müəyyən təsir göstərəcək.
Sizcə, Avropa Şurasının Dağlıq Qarabağ tənzimlənməsi ilə birbaşa məşğul olması üçün yetərli rıçaqları varmı? Konkret olaraq Rassel-Constonun bu bəyanatından sonra AŞ tərəfindən Ermənistana hansısa qınaq, siyasi təsir və təzyiq prosesini gözləmək olarmı?
- Beynəlxalq praktikada belə bəyanatlar izsiz qalmır və ümumi proseslərdə özünü göstərir. AŞPA rəhbərliyinin bu bəyanatının da müəyyən siyasi davamı olacaq və o, Ermənistandakı indiki qeyri-konstruktiv əhvalın dəyişməsinə təsir göstərməlidir. Eyni zamanda beynəlxalq müstəvidə bu cür fəal mövqenin ortaya çıxması Ermənistan ictimaiyyəti üçün də ibrətamiz olmalıdır. Ermənilər dərk etməlidirlər ki, onların təcavüzkar və qeyri-konstruktiv mövqeyi heç kim tərəfindən qəbul olunmur və onlar əvvəl-axır ondan əl çəkməli olacaqlar.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd