|
|
|
|
#105(329)
|
 |
XXI
m.nur@azeurotel.com
|
Hollivud
udacaq
Bütün növ terrorlar insanlığa qarşı yönəlib.
Bütün terrorçular insanlıq tarixinə qara hərflərlə yazılacaqlar.
Sən demə, dünya qlobal olduğu qədər də xırda və ufaqmış. Bunu qloballığa yaxın olan insanlar hamıdan yaxşı bilirdi: prezidentlər, xəfiyyələr, hərbçilər, jurnalistlər. Qloballığın içində olan adamlar hər zaman insan kəlləsindəki mürəkkəbliyin əl-qol açmasından qorxurlar. Qlobal sistemlərdə külüng çalan insanlar bilir ki, hər halda, insan kəlləsi o qədər mürəkkəbdir ki, heç bir müdafiə sistemi onun təcavüzünə tab gətirmək gücündə deyil.
Hər zaman əsas məsələ insan qloballığından qorunmaqdır. Birləşmiş Ştatlar bu məsələnin ən çox araşdırıldığı ölkələrdən biri, bəlkə də ən birincisidir. Birləşmiş Ştatlar bu barədə illərdi ki, dünyaya car çəkir: insan haqları və fərdi insan dəyərləri dediyinin kökündə bu təhlükənin xofunu yaşadır. Budur, xof üzdədir və indi bütün yanaşmalar sanki kökündən tərpənməlidir.
İndi ulduz müharibələrindən və raket hücumlarından daha çox bir İNSAN yaddaşından qorunmaq məsələsi var.
İllərdi, Hollivud öz maketlərində binaları sökür-yığır.
İndi daha çox Hollivud filmlərinin yönü dəyişəcək. ABŞ humanitar-ideoloji sistemlərin tətbiqinə və dəyişkənliyinə görə hər zaman sütül ölkədir. ABŞ adamı bu izi sadəcə asanlıqla yaşayıb ürəyindən, qafasından ata bilməyəcək. Ona görə də Hollivud kökündən dəyişməli, bəlkə də mənəvi böhrandan çıxmaq üçün şans qazanmalıdır.
Məncə, Hollivudla bahəm orta statistik amerikalı da yer üzünün başqa insanları barədə düşüncələrini bir az dəyişəcək.
Birləşmiş Ştatlar gözümüzün qarşısında silkələndi. Mən belə bir silkələnmənin olacağını güman etməzdim. Əslində Birləşmiş Ştatların silkələnməsi təminat sevən bir çox adamların ümidlərini çatlatdı. Bu, çox acıdır.
Biz Birləşmiş Ştatlardan umduqlarımızı dəfələrlə demişik. Məncə, indi, dünyanın bütün siyasi sistemi və situasiyalar toplusu dəyişəcək. Biz yenə də bu dəyişikliyin tərkib hissəsi olacağıq. Birləşmiş Ştatlar bizə imkan versə də, verməsə də. Sadəcə, indi azacıq çat vermiş bir cəmiyyətin fəlakətlərinə acımaqdan başqa yolumuz yoxdur.
Gərək belə olmayaydı.
Məqsəd Nur
|
|
Bu gün
|
Fikirləri aydın, səlis və qısa ifadə etmək hər insanın hünəri deyil. Gərək nitq mədəniyyəti sahəsində nadir istedadın sahibi olasan ki, hətta mürəkkəb fikirlərini də lakonik şəkildə çatdıra biləsən. Lakonizm məfhumu, adı kimi, həm də gözəl məna daşıyır. Bu məfhumun meydana gəlməsi haqqında çox maraqlı bir əfsanə mövcuddur: qədim zamanlarda balaca Lakoniya şahlığı tez-tez xudpəsənd, paxıl qonşuların təhqir və hədələrinə məruz qalırdı. Günlərin birində paxıl qonşu dövlət mərd və cəsur Lakoniya şahlığına bu məzmunda bir namə göndərir: "Bilin və agah olun! Əgər biz Sizin torpaqlarınızı işğal etsək, taxıl zəmilərinizə, üzümlüklərinizə od vurub yandıracağıq! Evlərinizi talan edib dağıdacaq, qız-gəlinlərinizi, ana-bacılarınızı, övladlarınızı əsir götürəcək, bütün kişilərinizi qırıb öldürəcəyik!". Çox keçmədən qasid Lakoniya tərəfin cavabını gətirir. Düşmənlər bu cavabı eşidib möhkəm heyrətlənirlər. Çünki namənin cavabında yalnız bircə söz yazılmışdı: "Əgər!". Deyilənə görə, fikirləri konkret, aydın ifadə etmək balaca, amma mərd Lakoniya xalqından miras qalıb.
Bəs görəsən, uzunçuluq etmək, əsas fikri çatdıra bilməyib ətrafında uzun-uzadı "fırlanmaq" bacarığı bizə kimlərdən miras qalıb?
Tarixdə "uzunçuluqla" bağlı maraqlı hadisələr olub. Məsələn, Amerika Kino Akademiyasının 1929-cu ildən təsis etdiyi "Oskar" mükafatının ilk təqdimolunma mərasimlərindən birinin açılışında akademiyanın o vaxtkı prezidentlərindən biri, təqribən, saat yarımlıq nitq söyləyib. Onun monoton və ifadəsiz çıxışı salonda əyləşənləri elə yorub ki, çoxları yuxuya gedib. Odur ki, "Ən yaxşı qadın rolunun ifaçısı" nominasiyasının qalibi - aktrisa C.Geynorun adı çəkiləndə səhnə uzun müddət boş qalıb. Bərk yuxuya getmiş aktrisanı oyatmaq üçün tədbir iştirakçıları xeyli vaxt və zəhmət çəkməli olublar.
Lakonizm, doğrudan da, müdrikliyin rəmzidir və yəqin ki, "Arifə bir işarə kifayətdir", "Uzun sözün qısası", "Uzunçuluq etmə!" kimi atalar sözləri, ibarə və ifadələr lakonizmə olan hörmət və ehtiramdan irəli gəlir.
Tərs kimi, yenə də yazımın bu məqamında çox hörmət etdiyim müdrik və məzəli şəxsiyyət yadıma düşdü - Molla Nəsrəddin. Qısa, aydın və lakonik danışmaqda onun tayı-bərabəri yox idi.
Məsələn, günlərin birində Molla Nəsrəddin evinin qarşısında dayanıb nə isə yeyirdi. Qonşusu iştaha gəlib maraqlandı:
- "Molla əmi, nə yeyirsən?"
Molla cavab verdi:
- "Ona görə".
- Necə yəni ona görə?
- Mən qısa danışıram.
- Necə yəni qısa?
- Ee... e... başlandı da... A kişi, sən soruşdun ki, nə yeyirsən. Tutaq ki, mən cavab verəcəkdim, kişmiş. Onda sən deyəcəkdin ki, "Mənə də ver də". Mən də deyəcəkdim ki, "vermirəm!". Sən deyəcəkdin ki, "Axı niyə?". Mən də deyəcəkdim ki, "Ona görə!". Daha nə istəyirsən?! Mən səni elə əvvəlcədən qısa, aydın başa saldım da!!!
Təmkinli olun. Bir-birinizi yormayın. Qısa, aydın, bir sözlə, lakonik danışın.
H. Ömərova
|
Suallı künc
|
Kolxozda
yaşamağa
öyrəşməliyik
|
Dünyanın ən böyük "kolxozu" 56-cı dəfə baş məclisinə toplandı. Birləşmiş Millətlər bu oxşatmamızdan inciməməlidir. Çünki BMT-yə bu ad bizdən xeyli öncə verilib. Hətta bu təşkilatı ilk gündən barmağına dolayan Amerika da BMT-ni tez-tez beynəlxalq boşboğazlıq toplantısı adlandırır. "Ümumdünya "kolxozu"nu isə BMT-yə onun beş əsas (Təhlükəsizlik Şurası) üzvündən biri olan Rusiya yaraşdırıb. Qərəz, məsələ bizlik deyil, amma gerçəkdən ibrətamiz addır.
Ölkəmiz BMT üzvü olandan sonra 10-cu dəfə onun baş toplantısında təmsil olunacaq. Və 10-cu dəfə Azərbaycan Nyu-Yorkdakı yüksək tribunadan sözünü deyib dərdini dünyaya anlatmağa çalışacaq. Söz demək məsələsində problem yəqin ki olmayacaq. Reqlamentə müvafiq olaraq bizə də imkan yaradılacaq. Amma dünya bizi anlayacaqmı? Bu sual artıq çoxdan ritorikləşib. Yəni dünya onu sadəcə eşidir, cavablandırmağa isə ehtiyac duymur. Biz buna hələ səkkiz il öncə, BMT Təhlükəsizlik Şurasının Qarabağdakı işğalla bağlı dalbadal qəbul etdiyi dörd qətnamə kağız üzərində qalanda əmin olmuşuq.
BMT dünyada baş verənləri önləmək, tədbir tökməklə deyil, onları "notarial qaydada" qeydə almaqla məşğul olur. Hərə qalxıb sözünü deyir, problemindən danışır, ona olan diqqətsizlikdən gileylənir və gözləyir. Başdakılar öz aralarında nüfuz, təsir və s. bölgüsünü aparandan sonra orta, sonra kiçik, axırda isə lap kiçik dövlətlərin növbəsi gəlir. Bəziləri üçün heç növbə də yetişmir və onlara "gələn il bir də gələrsiniz" deyirlər.
İnsafən, bizə qarşı bu qədər laqeyd deyillər. Ərazicə kiçik olsaq da, bəlli səbəblərdən sanbalımız az deyil. Neft-qazımız uğrunda növbə də bunu təsdiqləyir. Biz onların çoxunu bu sərvətlərə növbədənkənar buraxmışıq. Amma analoji imtiyazı özümüzə münasibətdə görmürük. Yəqin ki, dünən başlanan və həmişəki kimi üç ay sürəcək məclisin sonunda yenə Dağlıq Qarabağ konflikti "xala xətrin qalmasın" deyə gündəmə gələcək. Qeyd olunacaq ki, beynəlxalq birlik bu məsələnin tezliklə həllində maraqlıdır. Sonra da "kolxoz"un qapısını bağlayıb gedəcəklər.
Birləşmiş Millətlərin bütün təməl sənədlərində dövlətlərin ərazi bütövlüyü prinsipi əsas müddəa kimi vurğulanır. Amma bu müddəanın konkret zaman və şərait çərçivəsində nencə deformasiya edildiyinin də şahidiydik. Fövqəlqüvvələrin diqtəsinə tabe olan BMT çıxardığı qərarları da ona uyğunlaşdırır. İki gün öncə BMT İndoneziyanın keçmiş muxtar bölgəsi olmuş və həmin fövqəldiqtətin təsiri altında müstəqilliyini elan etmiş Şərqi Timoru dövlət kimi rəsmən tanıdı. Bununla da bölgədə Amerikanın iki ildən bəri təşviq etdiyi separatizm bəhrəsini verdi. Amerikanın nədən belə hərəkət etdiyini incələməyəcəyik. Fakt özü hər şeyi deyir. İndoneziya dünyanın ən böyük müsəlman dövlətidir və ondan qoparılan ərazidə xristian mənşəli əhali yaşayır.
...Bizim BMT qarşısında tələblə çıxış etmək haqqımız yetərincədir. Vaxtaşırı üzvlük haqqımızı ödəyir, oradan gələnlər üçün orden və fəxri adları əsirgəmirik. Amma nə olsun ki? BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı "Daha bəsdir, bundan sonra özünüz dolanın" deyir. UNICEF çadırda doğulub böyüyən azərbaycanlı uşaqların halına, UNESCO ermənilər tərəfindən talan edilən mədəni irsimizə protokol soyuqqanlığı ilə baxır. Üstəlik, bizi daima konstruktiv və dinc vasitələr tərəfdarı olmağa, təcavüzə qarşı güc tətbiq etməməyəçağırırlar.
Əlbəttə, BMT-nin qapısını çırpıb oradan çıxa bilərik. Müstəqil dövlətik, "kolxoz"suz da dolanarıq. Ancaq səmərəsi olacaqmı? "Kolxoz"dan çıxsaq da, "kolxoz" sistemindən qurtula bilməyəcəyik. Bütün dünya kolxoz üsulu ilə idarə olunur.
Vöqar Orxan
|
 |
|
| |
|