Şərh

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#106(330)
Qloballaşan dünyanın üstündəki kabus

Qorxunc, miqyası artıq şübhə doğurmayan beynəlxalq terrorizmin önündə hətta fövqəldövlətin aciz qalması ciddi nəticələr doğurmalıdır. Bu, transmilli ölüm şəbəkəsinin bilavasitə hədəf aldığı nəhənglərlə yanaşı, bütün ciddiliyi ilə Azərbaycana da dəxli olan məsələdir. Hamıya bir daha aydın oldu ki, qlobal terrora qarşı mübarizə adekvat səviyyədə aparılmalıdır.
Terror Amerikanı hazırlıqsız yaxaladı. Nəhəng şəbəkəyə - federal təhlükəsizlik qurumlarına, kəşfiyyat və əks, kəşfiyyat orqanlarına ildə milyardlarla dollar xərcləyən bir dövlət dəhşətli ssenari qarşısında həqiqətən aciz qaldı. Təbii ki, baş verənlərin dərin və əhatəli analizi onun səbəblərini aşkarlamağa imkan verəcək. O cümlədən, bu mühüm olaydan ibrətamiz nəticələrin çıxarılması zəruri və qaçılmazdır. Beynəlxalq birlik bu istiqamətdə imkanlarını ciddi şəkildə təftiş etməli olacaq. Amma indidən bəzi məqamlara diqqət yetirmək mümkündür.
Aktuallığı şübhə doğurmayan ilk məqam, təbii ki, Birləşmiş Ştatların beynəlxalq terrorun zərbəsinə faktiki hazır olmaması ilə bağlıdır. Son illər beynəlxalq terror və ölüm texnologiyasını dünyaya ixrac edən dövlətlərlə mübarizəni özünün milli təhlükəsizlik konsepsiyasının təməl müddəaları sırasına daxil edən ABŞ bu istiqamətdə saysız tədbirlər görmüşdü. Amma az qala bütün dünyanı ovcuna alan bu tədbirlər şəbəkəsi qlobal miqyasda düşünülmüşdü. ABŞ bir qayda olaraq özünə qarşı xaricdən endiriləcək zərbələrin qarşısını almaq, habelə ölkə daxilində ayrı-ayrı ekstremist qrupların lokal aksiyalarını (binaların partladılması, sui-qəsdlər, təyyarə qaçaqçılığı və s.) önləmək barədə düşünür və müvafiq mexanizmlər işləyib-hazılayırdı. Bu ssenari üzrə terrorun həyata keçirilməsi isə FTB, MKİ və digər qurumlardan daha çox, "kassa filmi" istehsal edən kinoşirkətlərin "mətbəx"lərində nəzərdən keçirilirdi. Amma gerçəkdə baş verənlər fantastik və effektli filmdəkilərdən daha dəhşətli və təsirli oldu. O da məlum oldu ki, göydələnli meqapolislər ölkəsi kimi tanınan Birləşmiş Ştatlarda nəhəng şəhərlərin daxili radiolokasiya və havadan təhlükəsizlik sistemi faktiki mövcud deyilmiş. Bu isə o deməkdir ki, şəhər üzərində uçan hər hansı təyyarə (mülki və qeyri-mülki təyinatlı) nəzarətdən çıxarılaraq ölüm maşınına çevrilə bilər və onun qarşısını kəsmək mümkünsüzdür.
Nyu-Yorkdakı dəhşətli səhnəni teleekranlardan izləyən hər kəs aşkar gördü ki, nəhəng "Boinq" necə "rahatca" Dünya Ticarət Mərkəzinin göydələninə doğru istiqamətlənir, ona yaxınlaşır və binanı deşərək yerlə yeksan edir. Deməli, bu terror olayları bütövlükdə dünyada hava hücumundan müdafiə sistemlərinin konseptual həllinin və fəaliyyət mexanizminin kökündən dəyişdirilməsini labüd edəcək.
HHM sistemləri üzrə ekspert, istefada olan general Vladimir Timoşenkonun sözlərinə görə, sözügedən çatışmazlıq ümumilikdə dünyanın bütün ölkələrində mövcuddur. Çünki HHM sistemləri və onların mürəkkəb konstruksiyaları əvvəldən məhz ölkənin hava sərhədlərinə xaricdən endirilə biləcək zərbəni önləmək üçün nəzərdə tutulub. O cümlədən, böyük şəhərlərin mühafizə sistemi də bu mexanizm üzrə qurulub. Müvafiq normativ təlimatlara görə, şəhərin üzərində peyda olan hər hansı naməlum uçan obyekt ya yerə enməyə məcbur edilməli, ya da son addım kimi şəhərin hüdudlarından kənara sıxışdırılaraq məhv edilməlidir. Generalın sözlərinə görə, keçmiş SSRİ-nin, o cümlədən Azərbaycanın da HHM sistemləri məhz bu prinsiplə işləyir. Timoşenkonkn qənaətinə görə, ABŞ-ın başına gələnlər təkcə bu ölkəni deyil, bütün ölkələri mövcud HHM strategiyasını dəyişməyə vadar edəcək.
Amerikada baş verənlər beynəlxalq müstəvidə təkcə bu strategiyaya deyil, ümumilikdə terrorla mücadilə siyasətinə yenidən baxılmasını labüdləşdirəcək. Çünki son terror ayrılıqda bir dövləti deyil (nə qədər fövqəl və güclü olsa da), bütün dünyanı, sivil dünyanın təməl kriterilərini silkələdi. Amerikadakı faciənin dünyada doğurduğu təsirli rezonans göz qabağındadır. Dünyanın maliyyə və biznes bazarı, idman və əyləncə sənayesi əsl sarsıntı keçirir, maddi itkilər milyardlarla ölçülür. Amma dünyanın aldığı mənəvi-humanitar zərbə ölçüyə gəlməzdir. Çünki dünya da artıq öncədən proqnozlaşdırılmayan, fəsadları yalnız təxmin ediləcək dəhşətli fəlakətlə üz-üzədir. Və bu, təbii fəlakət deyil, planlı, ssenarili fəaliyyət göstərən konkret şəxslərin, ölüm daşıyıcılarının törətdiyi fəlakətdir. Bu müdhiş şəbəkəyə qarşı təkbaşına mübarizə dünyanın "1 nömrəli" fövqəldövlətinin imkanı daxilində deyilsə, deməli, gerçəkdən səyləri birləşdirmək, beynəlxalq aləmdə geosiyasi prioritetlər toplusuna yenidən baxmaq gərəkdir. Okeanın o tayındakı terror Azərbaycan üçün də təsirli mesaj sayılmalıdır. Azərbaycan coğrafi yerinə və məlum geostrateji əhəmiyyətinə görə, beynəlxalq terrorun hədəfindədir. Son aylar Azərbaycanın ətrafında cərəyan edənlər, habelə ölkənin şimal-qərb regonunda baş verənlər, bəzi ekstremist qurumların özəklərinin ifşa olunması göstərir ki, terror kabusu bizim üzərimizdə də var. Azərbaycan bu təhlükəyə qarşı müvafiq tədbirlər görür, amma onun effekti artırılmalıdır. Dünən ABŞ səfiri ilə görüşdə prezident Heydər Əliyev Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə bütün səviyyələrdə qarşılıqlı səylərə hazır olduğunu və Amerikaya zəruri köməyin göstəriləcəyini vurğulayıb. Beynəlxalq terrorla mübarizədə Azərbaycanın digər ölkələrlə yardımlaşması ən vacib məqamdır. Əks-təqdirdə arxayınçılıq nəticə etibarilə faciə ilə yekunlaşa bilər. Amerikanın timsalında bunu gördük.

ABŞ müharibə vəziyyətindədir
İki təşkilat terror əməlinə görə məsuliyyəti öz üzərinə götürüb

ABŞ prezidenti Corc Buş bildirib ki, hökumət 11 sentyabr faciəsinin tam açılması üçün bütün qüvvəsini səfərbər edəcək. Bunun ardınca Kolin Pauell vəziyyətin ciddiliyini "Bizə qarşı müharibə elan ediblər" cümləsi ilə ifadə edərək cavab tədbirlərinin xırda əməliyyatlar toplusundan ibarət olmayacağını, hadisələrin uzun müddətli hərbi əməliyyatlara çevriləcəyini bildirib.
Dövlət katibi əməliyyatların bir neçə cəbhədə aparılacağına işarə vurub (bu bəyanatın ardınca Əfqanıstanda fövqəladə vəziyyət elan edilib, Üsəma bin Ladenin məşhur "Əl-Qayda" təşkilatı yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib).
Kamikadze-təyyarələrin sərnişinlərinin siyahısının müəyyənləşdirilməsindən dərhal sonra ABŞ məxfi idarələrinə Florida ştatında təxribat əməlində əli olması güman edilən şəxslərin evlərinin və ofislərinin yoxlanmasına icazə verən çoxsaylı orderlər paylanıb.
Hücum ərəfəsində təyyarələrin göyərtəsində olan sərnişinlərlə telefon bağlantısı yaratmış adamların verdiyi məlumatlar sistemləşdirilib. Aydın olub ki, təyyarələrdən birinin obyektə çırpılmasından əvvəl ABŞ ədliyyə nazirinin müavininin xanımı ərinə zəng vuraraq salonda bir qrup adamın hava maşınının idarəsini öz əlinə keçirdiyi barədə məlumat verib. Bundan başqa stüardessalardan biri də terrorçuların ekipaj üzvlərinə bıçaq zərbələri endirdikləri haqda məlumat ötürə bilib. Bu da məlum olub ki, ABŞ Müdafiə Nazirliyinin binasına çırpılan təyyarə əvvəlcə Ağ Evə doğru istiqamət götürübmüş.
ABŞ hökuməti təxribatın həyata keçirilməsində şübhəli bilinən beş nəfərin kimliyini dəqiqləşdirir. Massaçusetsdə polisin diqqətini cəlb edən maşınlardan birində pilotaj haqqında ərəbcə kitab tapılıb. İlkin versiyaya görə, həmin maşını Ümumdünya Ticarət Mərkəzinin binasına hücum edən BƏƏ sakinləri kirayələyibmiş. Amma sərnişinlərin siyahısında BƏƏ vətəndaşlarının adı yoxdur.
Bu arada Üsəma bin Ladenlə bağlı iki ziddiyyətli xəbər yayılıb. CNN-nin verdiyi məlumata görə, Taliban rejiminin nümayəndəsi Üsəmanın təxribatda iştirakı versiyasını təkzib edib. Daha bir Taliban nümayəndəsi - hökumətin İslamabaddakı səfiri Əbdüssalam Zəif deyib ki, Üsəmanın son əməliyyatlardakı iştirakını təsdiqləyəcək sənədlər ortaya qoyulsa, Taliban qonağı beynəlxalq məhkəməyə təqdim edə bilər.
Artıq iki təşkilat təxribata görə məsuliyyəti öz üzərinə götürüb. Onlardan biri islamçı "Ləşkəri-Təyyibə" qrupu, ikincisi isə "Yaponiya Qırmızı Ordusu"dur. Amma bir qədər sonra Rusiyanın "Ria Novosti" agentliyi məlumat verib ki, "Ləşkəri-Təyyibə" rəhbərliyi terror hadisəsində iştirak etmədiyini bildirib. ABŞ müdafiə naziri D.Ramsfeld isə "Qırmızı Ordu" versiyasını rədd edərək, hücumun Fələstin və onu dəstəkləyən qurumlar tərəfindən törədilməsini bildirib.
"Yaponiya Qırmızı Ordusu" 1970-ci illərdə Yaxın Şərqdə yaradılıb. Radikal islamçılarla sıx bağlı olan bu terrorçu təşkilat yaranışının ilk illərində daha fəal olub. 1972-ci ildə Lod (İsrail) hava limanında törədilən qırğın, ABŞ-ın Kuala-Lumpurdakı səfirliyinin tutulması, Yaponiya təyyarələrinin girov götürülməsi bu təşkilatın adı ilə bağlıdır. 1989-cu ildə yaradılmış "Mərkəz üd-dəva vəl İrşad" təşkilatının silahlı qanadı olan "Ləşkəri-Təyyibə"nin (və ya "Paklar Ordusu") baş qərargahı Pakistanda, Müzəffərabad - Muridki aralığında yerləşir. Onun lideri professor Hafiz Məhəmməd Səiddir. Bu qruplaşma Hindistanın Cammu və Kəşmir əyalətlərinin müstəqilliyi uğrunda mübarizə aparan əsas təşkilatlardan biridir.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd