Firqələrdə

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#106(330)
...Bircə qəliz məsələ var

Ədalət Partiyasının funksioneri Mütəllim Rəhimli müxalifətin bu cür pərakəndə fəaliyyətinin qarşıya qoyulan məqsədləri həyata keçirməyə mane olacağını deyir: "Müxalifətdaxili qarşılıqlı güzəştlərin edilməsi və birləşdirici nöqtələrin tapılması zərurəti meydana çıxır. Şəxsi mənafelərə ictimai prizmadan yanaşılsa, birləşmə problemini həll etmək mümkündür. Bu birləşmədə böyüklər və kiçiklər anlayışı olmamalıdır. Bundan başqa, mərkəzçi, sağçı, solçu olmasından asılı olmayaraq yaxınlaşmaq istəyi bütün tərəflərdən gəlməlidir. Bu cəhətdən kiminsə rolunu şişirdib, kiminsə fəaliyyətini azaltmaq olmaz."
Konkret olaraq M.Rəhimli AMİP, Müsavat, Ədalət, AXCP, VHP və sairlərin bir araya gəlməsi üçün bölüşə bilməyəcəkləri heç nəyin olmadığını güman edir. Bu, yalnız vahid namizəd məsələsi ilə bağlıdır.

...İşlər ləngiyir

AXP sədri Pənah Hüseynov partiyanın növbəti qurultayının qərargahın olmaması ucbatından ləngidiyini bildirir: "Hesabat konfranslarını, nümayəndələrin seçilməsini hələ sona çatdıra bilməmişik. Qərargahdan çıxmağımız da buna əngəl törədir. Güman edirəm ki, bu yaxınlarda işlərimizi qaydaya sala biləcəyik. Pənah Hüseynovun sözlərinə görə partiya ilin sonuna qədər öz qurultayını keçirəcək.

...O olmasa da, bu olar

ADP mətbuat xidmətinin rəhbəri Şahin Nəcəfovun sözlərinə görə, AXCP ("klassiklər") birinci mitinqdə olmasa da ikincisində iştirak edəcək. O, AXCP funksioneri Zəlimxan Məmmədlinin aparıcı müxalifət partiyalarının müttəfiqlik sazişi üzərində işlədiyini qeyd edərək ADP-nin də bu müzakirələrdə iştirak etdiyini bildirdi. Bu sazişə əsasən müttəfiq partiyalar keçirəcəkləri kütləvi aksiyalarda və digər tədbirlərdə birgə iştirak edəcəklər.

...Hələ piketə var!

Qarabağ azadlıq təşkilatının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi ilə bağlı hələ ki, kütləvi aksiyalar keçirməyəcəyini deyən təşkilatın sədri Akif Nağı bildirdi ki, onlar bu dəfə Ədliyyə Nazirliyinin qarşısında məsələni qəti qoyacaqlar. "Biz Ədliyyə Nazirliyinə iki dəfə müraciət etmişik. Hər dəfə bizi müharibə təbliğatı aparmaqda, hansısa siyasi qurumların maraqlarına xidmət etməkdə günahlandırırlar. Biz heç bir siyasi qüvvənin maraqlarına xidmət etmirik. Sadəcə olaraq, torpaqlarımızın azad olunmasına yardımçı olmaq istəyirik." Akif Nağının sözlərinə görə təşkilatın nümayəndələri təxminən 2 ay bundan əvvəl hüquqi şəxslərin qeydiyyatı baş idarəsinin rəisi Fazil Məmmədovla görüşərkən o, təşkilatın hökmən qeydə alınacağını deyib. Akif Nağı təşkilat nümayəndələrinin gələn həftə də nazirliyin əməkdaşları ilə görüşəcəklərini bildirdi: "Biz bu dəfə onların konkret fikir bildirməsini tələb edəcəyik."

..."Kəndlilər" pis işləyir

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Cümhuriyyət Xalq Partiyası, Kəndlilər Partiyası, İqtisadi Quruculuq Partiyası ilə danışıqlar apardıqlarını dedi. Bu partiyaların passiv fəaliyyətini etiraf edən H.Hacıyev yeni yaradılacaq blokda adıçəkilən siyasi təşkilatların fəaliyyətlərinin gücləndirilməsinə çalışacaqlarını dedi. O həm də qeyd etdi ki, bu yöndə ADP-dən ayrılmış Demokratik Yol Partiyası ilə də danışıqlar davam etdirilir.
Böyük Millət Partiyası ilə birləşdirici qurultaya hazırlığın demək olar ki, başa çatdığını deyən H.Hacıyev hələ qurultaydan əvvəl bu partiyanın sədri olmuş S.Adıgözəlliyə birinci müavinlik postu verilməsinin razılaşdırıldığını söylədi.

...Axı qorunmalıdır!

Məlum olduğu kimi, bu yaxınlarda AXCP ("islahatçılar") sədri Əli Kərimlinin Amerika Birləşmiş Ştatlarına səfəri gözlənilirdi. Lakin dünən (srağagün) Nyu-York və Vaşinqton şəhərlərində baş vermiş terror hadisəsindən sonra AXCP sədri ABŞ-a səfərini təxirə salıb. Onun sözlərinə görə məlum olaylardan sonra onun ABŞ-a getməsi təhlükəlidir. "Mənim gedəcəyim yerlərdə partlayış törədilib. Hesab edirəm ki, belə bir məqamda ABŞ-a getmək hələ ki təhlükəlidir".

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd