|
|
|
|
#106(330)
|
 |
Təxribat, yoxsa adi insident
Arzu Abdullayeva: "Nə baş verdiyini hələ də başa düşmürəm"
|
"Sizcə, əvvəlcədən təşkil olunmamış bir təxribatı həyata keçirmək olar?ÿTəbii ki, yox. Mənim üçün hələ də müəmmalıdır ki, Dağlıq Qarabağdan gələn nümayəndə heyətinin təhlükəsizliyini üzərinə götürən orqanların nümayəndələri hara baxırdı? Bəlkə onlar göstərmək istəyirdilər ki, bu cür orqanlar Azərbaycanda zəif inkişaf edib? Məsələyə hansı tərəfdən baxırsan-bax, yenə də bu, bütövlükdə Azərbaycanın ziyanına işləyir".
Srağagün Ermənistana yola salınarkən hava limanında qəfildən bir nəfər tərəfindən döyülən Karen Ohancanyana qarşı edilən hərəkəti pisləyən Arzu Abdullayeva dünən baş verən hadisəni bu cür dəyərləndirdi.
Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva Ohancanyanın döyülməsində çoxlarından şübhələnsə də, konkret ad çəkə bilməyəcəyini dedi. Karen Ohancanyanın küsüb getdiyini deyən Abdullayeva məsələni dəqiqləşdirməmiş açıqlama vermək fikrində deyil: "Onu deyə bilərəm ki, bu təxribatın başında dayananlar Azərbaycanı gücsüz, idarə olunmayan, mədəniyyətsiz, amma ehtiras dolu bir dövlət kimi göstərmək istəyir. Açığı, həmin gün təxribat törədildiyini bilirəm, amma nə baş verdiyini hələ də başa düşmürəm. Bu təxribatın başında konkret olaraq kimin və hansı təşkilatın dayandığını hələ də bilmirəm".
Partiyalar büdcədən maliyyələşsin?
AVP rəhbərliyi "Siyasi partiyalar Haqqında" qanuna dəyişikliklər edilməsinə çalışacaq
|
AVP-çi deputatlar "Siyasi partiyalar Haqqında" qanuna dəyişikliklər edilməsi ilə bağlı parlamentin payız sessiyasında yenidən məsələ qaldıracaqlar. "Bizim ƏSR"in müxbiri ilə söhbətində qanunda ciddi dəyişikliklərə ehtiyac olduğunu bildirən AVP-çi millət vəkili Zahid Oruc partiyanın məsələ ilə bağlı təkliflər paketi hazırladığını deyib.
Qüvvədə olan qanunun mövcud siyasi reallıqlara cavab vermədiyini iddia edən millət vəkili təklif olunan dəyişikliklərin partiyalar üçün də önəmli olacağını vurğulayıb: "Siyasi partiyaların bəzilərinin fəaliyyətinin Azərbaycan cəmiyyəti üçün narahatlıq, həyəcan, hətta təhlükələr yaratdığını nəzərə alaraq parlamentin yaz sessiyasında bu məsələni qaldırmışdım. Bundan sonra müvafiq komissiyada qanunu dəyişdirmək istiqamətində işlər aparılır".
Zahid Orucun fikrincə, siyasi mühitin paklaşması üçün partiyaların qeydiyyat şərtlərinin çətinləşdirilməsinə ehtiyac var. "Azərbaycanda partiya yaratmaq üçün 1000 nəfər tələb olunur. Partiyalaşmanın ilkin dövründə bəlkə də bu rəqəm məqbul idi. Hesab edirik ki, bu rəqəm 7-10 minə qədər artırılmalıdır. Bununla Azərbaycan cəmiyyəti bir sədrdən ibarət məhəlli partiyalardan can qurtara bilər. Bundan başqa, partiyaların regional əsaslarla formalaşmasının qarşısını almaq üçün onların yerli təşkilatlarının bütün rayonlarda fəaliyyət göstərməsi ilə bağlı xüsusi tələb qoyulmalıdır", - deyə AVP-çi millət vəkili vurğulayıb.
Zahid Orucun fikrincə, Azərbaycanda mövcud olan bir çox partiyaların ölkə xaricindən idarə olunması anormal haldır və bunun qarşısı alınmalıdır. Millət vəkili, həmçinin, cinayət əməllərinə görə cəza çəkmiş şəxslərin azadlığa buraxıldıqdan dərhal sonra hansısa partiyada vəzifə tutmasını da düzgün hal saymır: "Bu gün partiya liderlərinin çoxu Azərbaycandan kənarda gizləniblər. Bunun özü Azərbaycanda müəyyən təbəqənin xarici dövlətin təsirində olan şəxs tərəfindən idarə olunması təsəvvürünü yaradır. Bu, çox təhlükəli haldır. Eləcə də həbsdə olan şəxslər azadlığa çıxan kimi partiyaların rəhbərliyində təmsil olunur. Bu şəxslər isə hakimiyyət uğrunda mübarizəni qisasçılıq üzərində qururlar. Rusiyanın özündə belədir ki, həmin şəxslər 10 il ərzində hakimiyyətdə vəzifə tuta bilməzlər".
Partiyaların dövdət büdcəsi hesabına maliyyələşməsinə tərəfdar olduğunu deyən Zahid Oruc siyasətlə məşğul olanların kommersiya fəaliyyətinə qoyulan yasaqların da aradan götürülməsini təklif edir: "Qanunda partiyaların maliyyə şəffaflığını təmin etmək üçün xüsusi şərtlər olmalıdır. Hər bir partiya maliyyə mənbələrini açıq göstərməlidir. Bunun olmaması partiyaların fəaliyyətinə şübhə yaradır, "qrant müxalifəti" və s. əmələ gəlməsinə səbəb olur. Buna görə də biz partiyaların dövlət büdcəsi tərəfindən maliyyələşməsinin tərəfdarıyıq. Xaricdən maliyyələşməsinin qarşısını almaq üçün partiyaların kommersiya fəaliyyəti ilə məşğul olmasına imkan yaradılmalıdır".
Burada saxtalaşdırma var...
İlham İsmayıl: "Rauf Arifoğlunun İsa Qəmbəri qabaqlaması mümkün deyil"
|
"Məmləkət" Analitik Sorğu Mərkəzinin siyasi partiya nümayəndələrinin ictimai rəyə təsiri mövzusunda keçirdiyi sorğunun nəticələri Müsavat Partiyası rəhbərliyində şübhələrə səbəb olub. "Yeni Azərbaycan" qəzetində dərc olunmuş sorğunun nəticələrinə görə, Müsavat funksioneri Rauf Arifoğlu birinci yerə çıxmaqla başqanı İsa Qəmbəri də geridə qoyub.
Maraqlı həm də burasıdır ki, Rauf Arifoğlu İsa Qəmbərdən daha nüfuzlu olduğuna eyham vuraraq sorğunun nəticələrini obyektiv saydığını deyib və "Məmləkət" Analitik Mərkəzinin rəhbərliyinə minnətdarlığını ifadə edib. Əldə etdiyimiz məlumatlara görə, Arifoğlunun bu açıqlaması Müsavat rəhbərliyində ciddi etirazla qarşılanıb. Sorğunun Arifoğlunun sifarişi ilə hazırlandığını iddia edənlər də olub.
Müsavat Ali Məclisinin üzvü İlham İsmayıl "Bizim ƏSR"ə açıqlamasında Rauf Arifoğlunun məlum sorğunun nəticələri ilə bağlı mövqeyindən narazı olduğunu söyləyib. Onun fikrincə, Rauf Arifoğlu İsa Qəmbərdən daha nüfuzlu olduğunu deyərkən o qədər də səmimi olmayıb: "Söhbət ondan getmir ki, mən müsavatçı olduğum üçün Rauf Arifoğlunun bu fikirlərindən narazı qalmışam. Məsələ burasındadır ki, onun ictimai rəyə təsir imkanlarına görə İsa Qəmbəri qabaqlaması mümkün deyil. Və bunu hamı bilir. Sadəcə olaraq bu sorğunun keçirilməsində, nəticələrin mətbuata çıxarılmasında Müsavat Partiyasının daxilindəki münasibətləri gərginləşdirmək istəyən qüvvələr var. Bunda xüsusən də iqtidar maraqlıdır. Təəssüf edirəm ki, Rauf Arifoğlu da bütün bunları çox yaxşı bilə-bilə qeyri-təvazökar, qeyri-səmimi şəkildə sorğunun nəticələrinin reallığı əks etdirdiyini deyib".
İlham İsmayılın fikrincə, "Məmləkət" Analitik Sorğu Mərkəzinin keçirdiyi rəy sorğusu sifarişlidir: "Mənə elə gəlir ki, Mərkəz Müsavat Partiyası rəhbərliyindəki mövcud gərginlikdən istifadə etməyə çalışıb. Biz isə buna yol verməməliyik. Ancaq Rauf Arifoğlu "Məmləkət" Analitik Mərkəzinin rəhbərliyinə təşəkkür edib. Elə bunun özündə bir tendensiyalılıq hiss olunur. Sorğu respondentlərin iradəsini əks etdirir. Buna görə, Rauf Arifoğlu Mərkəzə niyə minnətdarlıq edir ki? Bunun özü göstərir ki, sorğunun nəticələri qeyri-obyektiv və sifarişlidir".
Müsavat Ali Məclisinin üzvü hesab edir ki, yaxın günlərdə partiya rəhbərliyi Rauf Arifoğlunun son açıqlamalarına münasibət bildirəcək: "Onunla münasibətlərim gərgin olduğuna görə məni qeyri-obyektivlikdə günahlandıra bilərlər. Amma yəqin ki, bir-iki günə partiya funksionerlərinin Rauf Arifoğlunun bu addımlarına münasibəti bəlli olacaq".
|