İdman

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#106(330)
Terror aktı idmandan da yan ötmədi

Srağagün ABŞ-da baş vermiş dəhşətli terror aktı idmandan da yan ötməyib, daha çox tamaşaçı toplayan turnirlərə fasilə verilib.

İlk belə xəbər UEFA-dan gəldi: Avropa futbol təşkilatı Çempionlar Liqası, həmçinin UEFA kuboku turniri çərçivəsində dünən və bu gün keçirilməli olan görüşlərin təxirə salınması barədə qərar çıxardı.
Baş verənlər yalnız ABŞ ərazisində deyil, dünyanın başqa regionlarındada "Formula-1" yarışlarının keçirilməsini əngəllədi. Turnirə, əsasən, Amerika şirkətləri sponsorluq etdiyindən, həmin yarışları keçirmək, sadəcə, mümkün deyil. ABŞ-da avtosportla bağlı qarşıdakı bazar günü keçiriləsi olan bütün tədbirlər dayandırılıb. Hətta "Formula-1"in sentyabrın sonuna planlaşdırılan axırıncıdan əvvəlki mərhələsinin baş tutub-tutmayacağı dəqiq məlum deyil.
"Los-Anceles Kinqz" peşəkar xokkey klubunda çalışan keçmiş xokkeyçilər Harnet (Eys) Beyli və Mark Bevis də Dünya Ticarət Mərkəzinə "hücum edən" təyyarədə olublar. Dünya şöhrətli xokkeyçi Ueyn Qretski fakt barədə belə deyib: "Bu itkini dərin hüznlə yaşayırıq. Doğrudur, Eys dahi idmançı olmayıb, lakin bizlərə qalib gəlməyi öyrədib. Onun yeri həmişə görünəcək". Stenli Kubokunun yeddiqat qalibi, 53 yaşlı Eys Milli Xokkey Liqasında keçirdiyi 11 mövsümdə "Boston", "Vaşinqton", "Detroyt", "Sent-Luis" və "Edmenton" komandalarının idman şərəfini qoruyub.
Solt-Leyk-Siti qış Olimpiya oyunları üzrə təşkilat komitəsinin prezidenti M.Romney hər hansı məkan dəyişikliyinin olmayacağını birmənalı şəkildə bildirib. Lakin o, təhlükəsizlik tədbirləri üçün əlavə vəsait cəlb olunmasının vacibliyini də vurğulayıb. Romney bu məqsədlə əlavə 200 milyon ABŞ dolları ayrılması üçün ABŞ hökumətinə müraciət edəcəyini deyib.
Xatırladırıq ki, 1972-ci il Münxen olimpiadası zamanı terror aktı törədilmiş, 11 İsrail idmançısı girov götürülərək öldürülmüşdü.

Avropa çempionatı Bakıda keçiriləcək

Ümumdünya Şahmat Federasiyasının (FİDE) Yunanıstanda keçirilən 72-ci konqresində 2002-ci il üçün yarışların təqvim-planı təsdiqlənib. FİDE-nin bu tədbirində Azərbaycanı təmsil edən Faiq Həsənovun sözlərinə görə, konqres 20 yaşlılar arasında növbəti Avropa çempionatının gələn il Bakıda keçirilməsi təşəbbüsünü rəsmən təsdiqləyib.
FİDE-nin Afina konqresində şahmat üzrə dünya çempionatının iki ildən bir keçirilməsi haqda da qərar çıxarılıb. FİDE prezidenti Kirsan İlümjinov bildirib ki, hazırkı dünya çempionatı noyabrın 25-dən dekabrın 12-dək və yanvarın 16-dan 26-dək Moskvada keçiriləcək. Növbəti, 2003-cü il dünya birinciliyinin isə Londonda təşkil edilməsi qərara alınıb. K.İlümjinov dünya birinciliyinin iki ildən bir keçirilməsini şahmatçıların iştirakı üçün daha münasib qrafik tərtib olunması zərurəti ilə izah edib.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd