|
|
|
|
#106(330)
|
 |
"Elçin Xəlilov yalan danışır"
Müttəhim Canmirzə Mirzəyev bəzi qaranlıq nüanslara aydınlıq gətirdi
|
Bir sıra ağır cinayətlərdə, qətllərdə təqsirləndirilən Əliyusif Tahirovun və digərlərinin Bayıl həbsxanasında davam edən məhkəmə prosesində dünən müttəhim Canmirzə Mirzəyev bəzi məsələlərə aydınlıq gətirmək istədiyini bildirdi. O, bütün şahidlərin ibtidai istintaqda verdikləri ifadələrdən imtina etdiyini vurğulayaraq, haqqındakı həbs-qəti imkan tədbirinin dəyişdirilməsini tələb etdi.
Şahidlərdən birinin, tanınmış seysmoloq Elçin Xəlilovun məhkəməyə ifadə verərkən yalan danışdığını bildirən C.Mirzəyev dedi: "Elə epizodlar var ki, həmin epizodlarda iştirak edən şahidlər artıq ölüblər və Elçin məhz o epizodlarda yalan danışır. E.Xəlilov deyir ki, Rövşən Cavadovun yanına tanışlıq üçün gedib. Belə çıxır ki, sonrakı iki görüşü də tanışlığın davamıdır? O yalan danışır. Əgər söhbət R.Cavadovla görüşdən gedirsə, o məndən heç nə ilə fərqlənmir. Çünki biz ikimiz eyni işi görürdük."
Müttəhimin sözlərinə görə, Bakı Ali Hərbi Dənizçilik Məktəbinin nəzdindəki hərbi hissədə "tektonik silah" hazırlanması ilə əlaqədar işlərə məktəbin rəisi Eduard Hüseynov mane olub. Buna görə də o vaxt N saylı hərbi hissənin komandiri olan Elçin Xəlilovun təklifi ilə R.Cavadovun yanına gediblər. İlk görüşdə "tektonik silah"la bağlı ümumi söhbət aparıblar. İkinci dəfə E.Xəlilov bu silahın hazırlanması ilə bağlı, əsli kontr-admiral Eduard Hüseynovda olan məxfi sənədlərin surətini R.Cavadova verib. O, təqribən 30 vərəqlik layihəni DİN-in sabiq nazir müavininə izah edib. R.Cavadov bu silahın hazırlanması üçün maddi kömək göstərəcəyini bildirib. E.Xəlilov dənizçilik məktəbində işləməyi qətiyyətlə rədd etdiyindən elmi tədqiqat aparmaq üçün bazanın harada yaradılması məsələsi R.Cavadovla növbəti görüşlərində həllini tapıb. Bundan sonrakı ilk addım E.Hüseynovdan sənədləri almaq cəhdi olub. E.Xəlilov mərhum kontr-admirala zəng vuraraq sənədləri qaytarmasını tələb edib. E.Hüseynov isə onları yandırdığını söyləyib. "Elçin bunu mənə bildirəndə dedim ki, məxfi sənədlər məhv edilə bilməz. O, Eduard Hüseynovla arasında olan söhbət barədə Rövşənə məlumat vermişdi," - deyən C.Mirzəyev bununla bağlı məhkəmə istintaqında ifadə vermədiyini açıqladı.
Dövlət ittihamçısı isə "işin canı elə budur" söylədi və R.Cavadovun "kimi lazımdırsa, götürərik" ifadəsini baza məsələsi ilə bağlı işlətdiyini xatırlatdı.
Bununla belə, E.Hüseynovun qətlini Müdafiə Nazirliyindəki korrupsiyanın nəticəsi kimi qiymətləndirən C.Mirzəyev nazir Səfər Əbiyevin göstərişi ilə həbs edildiyini dedi.
Adıçəkilən və yandırıldığı ehtimal olunan məxfi sənəd E.Hüseynovun ölümündən sonra onun seyfindən tapılıb. Belə çıxır ki, o sənədləri məhv etməyib. Prokurorun "işin canı" adlandırdığı bu məsələdə doğrudan da maraqlı nüanslar ortaya çıxır. Çünki həmin qətldə iştirak etmiş Həsən Mustafayev məhkəməyə verdiyi ifadələrində dəfələrlə "bizi "bomba"nı götürməyə göndərmişdilər" söyləyib. Həmin məxfi sənədin məhv edilmədiyini bilən R.Cavadovun onu aldatdığına görə E.Hüseynovun qətlinə fərman verdiyi ehtimal oluna bilər...
Məhkəmənin sonunda müdafiəçi T.Qordeyeva C.Mirzəyev barəsində həbs-qəti imkan tədbirinin dəyişdirilməsi ilə bağıl yenidən vəsatət qaldırdı.
|