|
|
|
|
#106(330)
|
 |
Vaqif Mustafayev:
"Kino imperiyası yaradılmalıdır"
|
Kino ictimaiyyətində canlanma müşahidə olunmaqdadır.
Nəhayət ki, "Azərkinovideo" İstehsalat Birliyinin ləğvindən sonra yaradılması gözlənilən yeni kino qurumunun necə, rəhbərinin isə kim olacağı sualı öz cavabını tapdı. Prezidentin fərmanı ilə tanınmış kinorejissor Vaqif Mustafayev mədəniyyət nazirinin kino üzrə müavini və yeni kino qurumunun, yəni Kino Baş İdarəsinin rəisi təyin olunub. Bir sözlə, milli kinomuzla bağlı çoxsaylı sualların ünvanı artıq məlumdur: Vaqif Mustafayev. "Kinoda nə baş verəcəksə, yaxşı və ya pis, fərqi yoxdur, o, ilk növbədə, mənim adımla bağlı olacaq. Buna həm təəssüflənirəm, həm də xoşbəxtəm. İndi hansının önə keçəcəyi kinoda nə baş verəcəyindən asılıdır" deyə, Azərbaycan kinosunun gələcəyi ilə bağlı bütün məsuliyyəti birbaşa öz üzərinə götürən kino başçısının qısa tərcümeyi-halı belədir:
1954-cü ildəndir. Ali ixtisas təhsilini Moskvada alıb. Eldar Ryazanovun tələbəsidir. "Bakı, Bakı", "Belə lazımdır", "Xaşla musiqi", "Kənarda", "Fransız", "Yerlə göy arasında", "Hər şey yaxşılığa doğru" bədii filmlərini ekranlaşdırıb. "Mozalan" satirik kinojurnalının bir neçə buraxılışı ona məxsusdur. Dövlət Mükafatı laureatıdır. Avropa Kino və Televiziya Akademiyasının həqiqi üzvüdür. Əməkdar incəsənət xadimidir.
-Fürsətdən istifadə edib möhtərəm prezidentimizə öz adımdan, o cümlədən, bütün kino işçiləri adından minnətdarlığımızı bildiririk. Çünki bu təyinatla, söhbət tək Vaqif Mustafayevdən getmir, kino, kino işçiləri o mərtəbəyə yüksəldilib. Eşitdiyimə görə, kino qurumunun Mədəniyyət Nazirliyinin tərkibində məhdud bir idarə səviyyəsində olacağı gözlənilirdi. Ancaq məhz möhtərəm prezidentimiz kinonun spesifik xüsusiyyətini nəzərə alaraq, onun statusunu belə yüksək dəyərləndirdi. Bildiyiniz kimi, mən mədəniyyət nazirinin kino üzrə müavini təyin olunmuşam, eyni zamanda Kino Baş İdarəsinin rəisiyəm. Məlumat üçün deyim ki, bütün kino qurumları o idarənin tərkibində olacaq. İndi biz o strukturu, Kino Baş İdarəsini yaratmağa çalışırıq. Bu, tamamilə yeni bir struktur olacaq, ayrı cür desək, kino yeni industiral relslərin üzərinə qoyulacaq.
Yeni industrial relslər deyəndə
nəyi nəzərdə tutursunuz? Yeniliyin hansı səpkidə olacağını bir qədər açıqlayardınız...
- Əksər xarici ölkələrdə olduğu kimi, bizdə də kino böyük bir industrial sahə formasında fəaliyyət göstərəcək.
İndustrial rels deyəndə, Amerika kino strukturunu nəzərdə tuturam. Hollivud kimi kino imperiyası yaradılmalıdır. Şəxsi studiyalardan ibarət böyük bir kompleks olmalıdır ki, dövlətə də külli miqdarda xeyir verə bilsin. Bir müddətdən sonra hamı bunun şahidi olacaq. İndi bu haqda ətraflı danışmaq istəmirəm. İndiyə qədər kinomuz keçmiş sovetlərdən miras qalan struktur əsasında işləyirdi. Nəticəsi də göz önündədir. Hərçənd bu keçmiş rəhbərliyin problemidir, mənim yox. Mənsə onları tənqid eləmək fikrində deyiləm. Ən azı, ona görə ki, bu tənqidin ümumi işimizə heç bir faydası yoxdur. Biz işlə məşğul olmaq istəyirik. Kaş ki heç kim bizə mane olmasın.
Sirr deyilsə, nədə maneçilik
törədiblər?
- Birinci gündən mane olmağa çalışırlar. Bu haqda ətraflı danışmaq istəmirəm. Ümidvaram ki, yanlış mövqedə olduqlarını özləri başa düşəcəklər. Əks təqdirdə, ayrı çıxış yolumuz yoxdur, gərək başa salaq ki, sən azərbaycanlısansa, Azərbaycan kinosunun inkişafında maraqlı olmalısan. Maddi mənafeyini güdməməlisən, öncə kino barədə fikirləşməlisən. Pulu isə kinonu dağıtmaqdan yox, kino biznesindən qazanmaq lazımdır. Vaqif Mustafayevin isə tək bir məramı var: hamı ilə yaxşı münasibət qurub, doğma Azərbaycan kinosunu yüksəkliyə qaldırıb, dünya ekranlarına çıxarmaq.
Bir neçə gündür bu postdasınız.
İşə birinci nədən başlamısınız?
- Hələlik sırf yaradıcılığa dəxli olmayan işlərdən başlamışam. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yerləşən, ancaq kinoya dəxli olmayan qurumları təmizləyirik. O yerlərdən ən müxtəlif məqsədlər üçün istifadə edirlər, təkcə kinodan başqa. Kino Baş İdarəsinin strukturu üzərində iş gedir, işçilərimizin sayını və vəzifələrini müəyyənləşdiririk.
Deyəsən, işçiləriniz elə də çox
olmayacaq.
- Əvvəlki kimi olmayacaq. Əvvəl o qədər ştatlar var idi ki, heç bilmirdin kim nə işlə məşğuldur. Bizə artıq adam lazım deyil, ancaq işləyən və sağlam qüvvələr lazımdır.
Yeri gəlmişkən, Vaqif
Mustafayev kimlərlə işləyəcək?
- Sağlam qüvvələrlə. O adamlarla ki, onlar Azərbaycan kinosunun inkişafını istəyirlər. Və sənətlərinin ustalarıdır.
Ad çəkə bilərsiniz?
- Nə mənası? Qısa vaxtda görəcəksiniz. Köhnə kino qurumunun işçilərindən də var. Bütün ömrü boyu kinoda işləyiblər, onlar hara getməlidirlər ki? Yenə deyirəm, bir prinsipim var - sağlam qüvvədirsə, işləyəcək, yox, artıq neqativ qüvvəyə çevrilibsə, təəssüf edirəm.
Kinonun əsas maliyyəsi yenə
dövlət büdcəsindən ödəniləcək?
- Ağıllı adamlardan biri vaxtilə deyib ki, kino varlı adamların incəsənətidir. Həqiqətən də, kino maliyyə ilə sıx bağlıdır. Dövlət sifarişləri öz yerində. Kinoya vəsait qoyulmasına iş adamlarımızı da cəlb edəcəyik.
Prodüsser mərkəzi fəaliyyət
göstərəcək?
- Bəli. Özü də, prodüsser mərkəzi ilə yanaşı Beynəlxalq Prodüsser Şurası, Beynəlxalq Bədii Şura da yaradacağıq. Sonra kinosu olmayan ölkələrin iş adamları ilə sıx əlaqələr qurulacaq.
Sizcə, onlar Azərbaycan
kinosunun inkişafında nə dərəcədə maraqlı olacaqlar?
- Əminəm ki, maraqları olacaq. Onların kinoları yoxdur. Azərbaycan kino sahəsinə vəsait qoymaqla həm bizim kinonun inkişafına təkan verəcəklər, həm də öz mövzularını ekrana gətirmək imkanı qazanacaqlar. Mən xatırlayıram, görkəmli rejissorumuz Əjdər İbrahimovu o dövrdə Vyetnama göndərmişdilər ki, orada kinonun təməlini qoysun. Kinosu olmayan ölkələrin iş adamlarının kinomuza köməyi müqabilində bizim də görkəmli kino xadimlərimiz onlara milli kinolarını yaratmaqda kömək edəcəklər. Təbii ki, ilk addımı onlar atacaqlar.
Kinonun inkişafını şərtləndirən
əsas amillərdən biri olan film kirayəsi işi necə qurulacaq?
- Artıq Azərbaycanda kino prokatı məhv olub. Kinoteatrların səviyyəsini görürsünüz. Yalnız "Nizami" kinoteatrı fəaliyyət göstərir. O da kinoteatrın direktoru İlham Babayevin şəxsi təşəbbüsü sayəsində. Özü gedir Moskvadan, bir sıra xarici ölkələrdən filmləri nümayiş üçün alıb gətirir. Digər kinoteatrların əksəriyyəti icarəyə verilib. Fikrimiz var kinoteatrlarda müasir səviyyəyə cavab verən şərait yaradaq.
Kinoteatrların özəlləşdirilməsi
gündəmdə qalır?
- Bəziləri istəyir ki, kinoteatrlar tez özəlləşsin. Ancaq mən fikirləşirəm ki, kino istehsalatı ilə məşğul olan qurumun öz kinoteatrları da olmalıdır. Təbii ki, bütün kinoteatrları idarənin tabeçiliyində saxlamaq, imkan xaricindədir. Güman ki, müəyyən şərtlər əsasında digərləri özələşdiriləcək.
Azərbaycan filmlərinin dünya
ekranına çıxarılması, xarici ölkələrə satışı və s. kimi maraqlar necə tənzimlənəcək?
- Bildiyiniz kimi, mənim filmlərimi Rusiya, Amerika, Fransa alıb. Amma 1992-ci ildən bu günə kimi, dövlət sifarişi ilə "Azərkinovideo"da çəkilən heç bir film maliyyə vəsaiti gətirməyib. Bu, kinorejissorların, kino operatorların günahı deyil. Kino rəhbərliyinin günahıdır ki, onlara lazımı şərait yaratmayıb ki, öz səviyyələrinə uyğun kino çəksinlər.
Kino Baş İdarəsinin tam
formalaşması neçə müddətə başa çatar?
- Etiraf edim ki, bu, çox ağır və vaxt aparan bir işdir. Təssəvvür edin, kino kimi mürəkkəb mexanizmin bütün hissələri dağılıb. Ancaq mən öz məsuliyyətimi duyuram. Kinoda nə baş verəcəksə, yaxşı və ya pis, fərqi yoxdur, o, ilk növbədə, mənim adımla bağlı olacaq. Buna həm təəssüflənirəm, həm də xoşbəxtəm. İndi hansının önə keçəcəyi kinoda nə baş verəcəyindən asılıdır.
Ən nəhayət, rejissor Vaqif
Mustafayevin işləri barədə. "Manifest" nə zaman ekranlara çıxacaq?
- Allah qoysa, ilin axırında "Manifest" filmini tamamlayacağam. Artıq çəkilişi, demək olar ki, qurtarmışıq. Yeri gəlmişkən, kinonun ən ağır vaxtlarında bizim çəkiliş qrupumuz öz işini yüksək səviyyədə gördü. Eyni zamanda Rusiyanın Mədəniyyət Nazirliyinə minnətdarıq. Filmin çəkilişi bir ara, az qala, dayanmışdı, onların yardımından sonra davam etdirdik. Layihələrim çoxdur. Yeni ssenari üzərində işləyirəm. Onu da deyim ki, bu ssenari əsasında çəkiləcək film geniş miqyaslı ekran əsəri olacaq.
Yeni ekran əsərinin mövzusu
nədir?
- Filmin çəkilişinə başlamayınca, açıqlama vermək istəmirəm. Düşər-düşməzi olar. Bir onu deyə bilərəm ki, çox ağır və məsuliyyətli mövzudur.
|