|
|
|
|
#106(330)
|
 |
Aygün fərqlənəcək
Sonra da səfərə gedəcək
|
Aygün Kazımova yenə də fərqlənmək istəyir, özü də tək yerli məkanda deyil, bütün dünyada. O, dünya estradası ulduzlarının kliplərindən fərqli bir klip çəkdirəcək. Müğənni Vaqif Gərayzadənin "Şəklimi çək" mahnısına yazılmış ssenari əsasında klip çəkilişlərinə bu gün başlayacaq.
Bu çəkilişlər sona yetdikdən sonra Aygün Xanım İsmayılqızının "Tez gəl" mahnısına da klip çəkdirəcək. Aygünün dediyinə görə, bu klip də qeyri-adi görüntülərlə zəngin olmalıdır. Ona görə ki, əvvəla, o, çəkilişləri başqa ölkələrdə aparacaq. Bu klipləri başqalarından fərqləndirəcək cəhəti isə Aygün sirr olaraq saxlayır. Yaradıcı qrup yenə əvvəlki tərkibdədir: Ülviyyə Könül, Fuad Əlişov və Nadir Mehdiyev. "Şəklimi çək" mahnısının ssenarisinə görə, klip boyu tanınmış bir rəssam Aygünün şəklini çəkir. "Şəklimi çək"də müğənni ilə bərabər tanınmış kino xadimlərimizin də iştirakı nəzərdə tutulub. Bu haqda danışmaq hələ tez olsa da, deyək ki, kliplərin çəkilişləri tamamlandıqdan sonra Aygün oktyabrın 17-dən 22-ə qədər Rusiyanın Perm şəhərində böyük konsert proqramı ilə çıxış edəcək. Konsertdə "Todes" qrupunun da Aygünlə birgə olacağı güman edilir. Oktyabrın sonunda Bakıya dönəcək müğənni ilin sonuna yaxın "Respublika" sarayında da konsert verəcək.
Elşad Xose sağdır!
Suallara qardaşı cavab verdi
|
Bu yeniliyə iddialılar az olmasa da, çoxları bu fikirdədir ki, ötən ilin sonlarında Azərbaycan musiqisinə "hip-hop" janrını gətirən, əvvəllər DJ işləmiş Elşad Xose oldu. Mərhum korifeyimiz Şövkət Ələkbərova ilə birgə virtual duet - "Qəmgin mahnı" ona şöhrət gətirdi. Əsasən gənclərdən ibarət tamaşaçı auditoriyası toplayan Elşad ilk konsertindən az sonra albomunu pərəstişkarlarına təqdim etdi. Sözügedən alboma o, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Samirə, Eka, Şeyla, Manana və başqa müğənnilərlə oxuduğu duetləri daxil etdi.
Bir neçə gündür yayılan söz-söhbət isə onun pərəstişkarlarını əməlli-başlı çaşdırıb. Söhbət gəzir ki, Elşad Xose ölüb. Səbəbi də həddindən artıq narkotik maddə qəbul etməsi olub. Çoxdan bəri səsi-sorağı eşidilmədiyindən bu xəbər inandırıcı səslənib və böyük rezonans doğurub. Söz-söhbət Elşadın yaxınlarına da çatıb. Xoşbəxtlikdən doğmaları bu xəbəri təkzib ediblər. Qardaşı Rəşad bunu şaiyə adlandırdı: "İndi populyar müğənnilərin ətrafında çoxlu söhbətlər gedir. Elşada da bu söz-söhbətdən pay düşüb. Mən Elşadın bütün pərəstişkarlarına bildirmək istəyirəm ki, o, sağ-salamatdır və yeni layihələr üzərində işləyir". Qardaşı bu dedi-qodunu Xosenin Bakıda olmaması ilə də əlaqələndirdi: "Elşad hazırda Moskvadadır. O, indi Azərbaycandan kənarda da tanınmaq barədə düşünür. Tezliklə Moskvada "Xose production" adlı prodüsser studiyasını açacaq. Bu studiyada o, Rusiya estradasının bir sıra tanınmış simaları ilə remikslə yazdıracaq. Bu gün-sabah isə Moskvada fəaliyyət göstərən tanınmış bir studiya ilə müqavilə imzalayacaq". "Xose-Production"nın yaxın zamanlarda Azərbaycanda da filialı açılacağını bildirən Rəşad "Sonra Amerikanın "hip-hop"çularının təşəbbüsü ilə ora gedəcək və onlarla bir neçə layihə üzərində işləyəcək. Deyəsən, amerikalılar da Elşadın mahnılarını bəyəniblər", - dedi.
Rəşidə duet oxuyacaq
Azər Zeynalovla birgə
|
Rəşidənin başı unudulmaz sənətkarımız Rəşid Behbudovun yubiley gecəsinə hazırlıq işlərinə qarışıb. Amma nə qədər məşğul olsa da, müğənni öz yaradıcılığını da unutmur. Azər Zeynalovla birgə hazırladıqları İtaliya bəstəkarı Luçio Dallanın "İthaf" əsəri artıq hazırdır.
Duet XX əsrin korifeylərinə ithaf edilib. Mahnıya uyğun həm də klip adlanacaq çəkilişlər gedir. Bundan başqa Rəşidə xanım bəstəkar Sərdar Fərəcovun Fəxrəddin Ziyanın sözlərinə bəstələdiyi "Azərbaycan" mahnısı üzərində də işləyir. Vətənpərvərlik mövzusunda olan mahnı özündə qədim Azərbaycan ənənələrini əks etdirir. Bu mahnıyla da bağlı çəkilişlər gözlənilir. Sərdar Fərəcovun daha bir neçə mahnısını hazırlayan müğənni həm də retro mahnılara müraciət edəcək. Rəşidə xalq mahnılarımızı pərəstişkarlarına yeni oranjmanda təqdim etmək fikrindədir.
|