İş günü

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#106(330)
Dollar çökməyəcək...
Milli Bank əhalini "panika"ya düşməməyə cağırır

Sentyabrın 11-də ABŞ-da baş vermiş faciəvi terror aktından sonra Azərbaycanda dolların məzənnəsinin aşağı düşəcəyi ilə bağlı yayılan şayiələr bir-birini əvəz etməkdə davam edir. Dünən paytaxtın bir çox valyutadəyişmə məntəqələrində dolların alış məzənnəsi 4600 manat təşkil edib. Sözügedən məntəqələr kursun birdən-birə aşağı düşməsini Milli Bankla əlaqələndiriblər. Bundan başqa bəzi valyutadəyişmə məntəqələri əhalidən ABŞ dollarını qəbul etməkdən imtina ediblər. Əllərində dollar cəmləşən əhali çaşqınlıq içərisindədir. Onlar ABŞ valyutasını manata dəyişib-dəyişməmək dilemması ilə üzləşiblər. İndi onları yalnız bu sual düşündürür-doğrudanmı dollar çökəcək?
Azərbaycan Milli Bankından verilən məlumata görə, ABŞ-da baş vermiş faciəvi hadisələr dolların Azərbaycan manatı ilə müqayisədə kursuna heç bir təsir göstərməyib. Milli Bankdan bildiriblər ki, manatın dollara nisbətdə rəsmi məzənnəsi müəyyən edilib. Əgər bu məzənnəni valyutadəyişmə məntəqələri müəyyən olunmuş həddən aşağı salırlarsa, bu artıq qanun pozuntusudur. Manatın dollara nisbətdə rəsmi kursu dünən 4689 manat təşkil edib. Srağagünkü məzənnə isə 4686 manat olub. Milli Bankda Bakıda "qara" valyuta bazarının bərpa olunması barədə yayılan şayiələri əsassız adlandırıblar.
Milli Bankdakı mənbənin məlumatına görə, inkişaf etmiş ABŞ iqtisadiyyatı güclü olaraq qalır. Məhz onlar dolların kursunu tənzimləyirlər. Ona görə də dolların əhəmiyyətli dərəcədə kursunun aşağı enəcəyi ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur. Eyni zamanda mənbə qeyd edir ki, dünya valyuta bazarında, o cümlədən Azərbaycanda dolların kursunda cüzi yerdəyişmələr ola bilər. Və bu hallar da bir neçə bank günündə korrektə ediləcək.
Eyni zamanda Bakı Banklarası Valyuta Birjasının dünənki (BBVB) məlumatında bildirilir ki, heç bir narahatlığa əsas yoxdur və maliyyə vasitələri-xüsusilə dollar üzrə bütün ticarət sessiyaları adi rejimdə keçib. Buna sübut kimi dünən ABŞ dolları üzrə keçirilən ticarət sessiyasını nümunə gətirmək olar. Həmin vaxt 1 dolların manata nisbətdə kursu 4691 manat olub. Bildirək ki, dünən BBVB-nin valyuta ticarəti əməliyyatında 8 kommersiya bankı iştirak edib.
Müqayisə üçün deyək ki, dünən Ermənistanda dolların kursu 20-25 bölmə aşağı düşüb.
Analitiklərin əksər hissəsi hesab edir ki, dolların kursunun aşağı düşməsi ehtimalları möhtəkir xarakter daşıyır.
Ekspertlərin fikrincə, dolların kursunun aşağı düşəcəyi ilə bağlı yayılan şayiələr, həmçinin valyuta mübadiləsi məntəqələrinin süni şəkildə məzənnəni aşağı salmaları gəlir əldə etmək üsullarından biridir.
Dolların kursunun aşağı düşəcəyi ilə bağlı proqnozlara münasibət bildirmək üçün iqtisadçı Əli Məsimova müraciət etdik:
"ABŞ-da baş vermiş terror aktı, dünyada analoqu olmayan vəhşilik hadisəsidir. Bu xeyli dərəcədə dağıntılara, insan tələfatına gətirib çıxarıb. Əgər nəzərə alsaq ki, ölkələrin iqtisadiyyatları bir-birilə xeyli dərəcədə bağlıdır, xüsusən bank-maliyyə sektoru üzrə asılılıq çox güclüdür. Təbii ki, bu hadisə müəyyən dərəcədə fond birjalarında dəyişikliyə gətirib çıxaracaq. Dolların başqa valyutalarla müqayisədə kursunda dəyişikliklər olacaq. Amma mən hesab edirəm ki, Birləşmiş Ştatlar kifayət qədər güclü bir dövlətdir və yaxın zamanlarda həmin proseslərin tənzimlənməsi istiqamətində real nəticələri olan addımlar atılacaq və müsbət yönə istiqamətlənəcəkdir.
O ki qaldı bilavasitə həmin hadisələrin Azərbaycanda manat-dollar münasibətlərinə təsirinə, əgər süni surətdə ajiotaj yaradılmazsa elə bir ciddi dəyişiklik gözlənilmir".
Münasibətini öyrəndiyimiz digər iqtsadçı Qubad İbadoğlunun fikirləri ilə tanış olaq:
"ABŞ-da baş vermiş dəhşətli terror hadisəsindən sonra dünya maliyyə bazarında dəyişikliklər artıq hiss olunub. Digər aparıcı valyutalarla müqayisədə dolların məzənnəsinin zəifləməsi tendensiyası barədə məlumatlar daxil olur. Amerika iqtisadiyyatı və ona oxşar modelli ölkələrdə bu problemin təzahürü daha ciddi olacaq. O cümlədən, həmin ölkələrin siyahısında maliyyə bazarının inteqrasiya səviyyəsi çox ciddi rol oynayır. Cənub-şərqi Asiya ölkələrində, ABŞ dolları daha geniş tətbiq edilən digər inkişaf etmiş dövlətlərdə maliyyə böhranlarının müəyyən görüntüləri yaşanacaq. Azərbaycana gəldikdə isə respublikamızın maliyyə bazarında ciddi dəyişikliklər proqnozlaşdırılmır. Ancaq istisna olunmur ki, dolların məzənnəsinin müəyyən miqdarda aşağı düşməsi prosesi müşahidə edilə bilər. Azərbaycanda qiymətli kağızlar və kapital bazarının digər seqmentləri olmadığından elə bir ciddi hadisə baş verməyəcək. Yalnız valyuta kurslarında manatın məzənnəsinin azacıq da olsa möhkəmlənməsinə xidmət edən prosesləri yəqin ki, müşahidə edəcəyik. Ancaq mən bunu uzun müddətli hesab etmirəm, yəqin ki, müəyyən vaxtdan sonra bu istiqamətdə vəziyyət normallaşacaq və əvvəlki səviyyə bərpa olunacaqdır".
Göründüyü kimi, ekspertlər optimist proqnozlar verirlər. Mütəxəssislər əhaliyə məsləhət görür ki, Azərbaycanda dolların məzənnəsinin aşağı düşəcəyi ilə bağlı şişirdilmiş məlumatlara reaksiya verməsinlər. Çünki belə məlumatlar bir qrup möhtəkirin varlanmasına xidmət edir.

Bakı Kompüter Kollecində qalmaqal
Ləğv edilən BKL-nin şagirdləri digər peşə məktəblərində oxumaq istəmirlər

3 il bundan əvvəl fəaliyyətə başlayan Bakı Kompüter Litseyi (BKL) bu yaxınlarda bağlanıb. Təhsil Nazirliyinin 30 iyul tarixli əmri ilə ləğv edilən litseyin maddi-texniki bazası əsasında Bakı Kompüter Kolleci (BKK) yaradılıb. Səbəb kimi isə BKL-in peşə təhsili sahəsində əldə etdiyi uğurlar və yüksək texniki təminatlı olması göstərilib.
350 nəfərə yaxın şagirdi olan litsey bağlandıqdan sonra onlardan 15 nəfəri test üsulu ilə imtahan verərək yenidən BKK-nın I kursuna qəbul edilib. II və III kursu bitirən 200-ə yaxın şagird isə vaxt itkisinə yol vermək istəməyərək buna getməyib və onlar Bakının 7 və 13 saylı Peşə Litseylərinə köçürülüblər. Maddi-texniki bazası bütövlükdə BKK-nın balansına verilən BKL-də uzun müddət işləyən təcrübəli müəllimlər də müxtəlif peşə məktəblərinə göndərilib. Ləğv edilən litseyin şagirdləri və onların valideynləri dünən keçirdikləri mətbuat konfransında TN-nin bu addımından narazı qaldıqlarını bəyan ediblər. Onlar "ləğvetmə əməliyyatı"nda keçmiş litseyin, hazırda isə kollecin direktoru olan Bilal Hüseynovu və TN-də ona havadarlıq edən şəxsləri günahlandırırlar. Litseyin II kursunu bitirən Məzahir Əzizov köçürüldükləri peşə məktəblərində əvvəlki texniki bazanın olmaması, bu səbəbdən dərslərin lazimi səviyyədə keçirilmədiyini qeyd etdi. Onun sözlərinə görə, B.Hüseynov təcrübə keçmələri üçün şagirdlərə kollecin kompüter kabinetlərindən yararlanmalarına şərait yaradacağına söz verib. Lakin bu onları təmin etmir: "Yarımçıq təhsil almaqla cəmiyyətə necə xeyir vermək olar? Biz öz litseyimizə qayıdaraq dərslərimizi davam etdirmək istəyirik."
Mətbuat konfransında çıxış edən valideynlər fəaliyyət göstərdiyi üç il ərzində litseyin direktoru B.Hüseynovun işdə yol verdiyi nöqsanlardan danışdılar. Həsən Hüseynovun anası Zümrüd Hüseynova bildirdi ki, direktor 9 illik orta təhsil bazasından litseyə qəbul edilən şagirdlərdən 100-300 ABŞ dolları məbləğində rüşvət alıb. B.Hüseynova rüşvət verən valideynlər sırasında onun da adı var. Z.Hüseynova TN-nin litseyə verdiyi 10 ədəd müasir kompüterin şagirdlərin istifadəsinə verilmədiyi, rəngli lazer printerin isə ümumiyyətlə məktəbdən aparıldığını bildirdi. O, ingilis dilli təmayüllü qruplarda təhsil alan şagirdlərin həmin ixtisas tədris edilməyən digər peşə məktəblərinə köçürülməsini qeyri-qanuni sayır.
Çıxış edən digər valideyn və şagirdlər direktor B.Hüseynov tərəfindən təqaüdlərin saxta imzalarla mənimsənildiyini vurğuladılar. Onların sözlərinə görə, ötən ilki məzunların 2, aşağı kurs şagirdlərinin isə 3 aylıq təqaüdləri verilməyib. Şagirdlər öz haqlarını tələb etdikdə həmin vəsaitin yeni açılan kollecin təmirinə sərf edildiyini bildiriblər. Valideyn Kəmaləddin Məmmədli isə qeyd etdi ki, B.Hüseynov indi də 9-cu sinfi bitirən şagirdlərdən 400-500 dollar rüşvət alaraq kollecə qəbul edir. Məsələyə münasibətini açıqlayan BKK-nın direktor müavini Jalə Əmirbəyova bağlanan litseyin şagirdlərinin təhsillərini kollecdə davam etdirmələrinin qeyri-mümkün olduğunu bildirdi: "Peşə litseyindən fərqli olaraq kollec orta ixtisas məktəbidir. Oraya qəbul olmaq üçün test imtahanı vermək lazımdır." Şagirdlərin təqaüdlərinin verilməməsinə gəlincə, J.Əmirbəyova BKK-nın büdcəsi açılandan sonra, yəni sentyabr-oktyabr aylarında litseyin şagirdlərinə olan borclarını ödəyəcəklərini qeyd etdi.
Onu da deyək ki, ləğv edilən BKL-in şagirdləri öz məktəblərinə bərpa olunmaq üçün Təhsil Nazirliyinə müraciət ediblər.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd