Xəbər

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#106(330)
Terrora qarşı birləşməliyik
Prezident Heydər Əliyev ABŞ-da törədilmiş terror aktları ilə bağlı bəyanat verib
Səfir Ross Uilson günahkarların aşkar edilməsində Azərbaycanın da yardım göstərəcəyinə ümidvar olduğunu bildirib

Terrorçuluğu bütün forma təzahürlərində qətiyyətlə pisləyən Azərbaycan həmişə buna qarşı mübarizə aparıb, bu istiqamətdə dünyanın bütün dövlətləri və qurumları ilə əməkdaşlığa hazır olduğunu nümayiş etdirib. Bu barədə Azərbaycan prezidenti Heydər Əliyevin Nyu-York və Vaşinqtonda baş vermiş terror aktları ilə bağlı bəyanatında bildirilir.
Müasir dövrdə terrorçuluq bütün ölkələri hədəfə çevirə biləcəyi üçün qlobal problemdir. H.Əliyevin fikrincə, terrorçuluq təhlükəsinin tam aradan qaldırılması üçün bütün dünya xalqları və dövlətləri səylərini birləşdirməli, terrorçuluğa qarşı barışmaz mübarizə əzmini işdə və sıx əməkdaşlıqda sübuta yetirməlidir. Bəyanatda deyilir ki, Azərbaycan bundan sonra da bu yöndə öz üzərinə götürdüyü öhdəlikləri dönmədən yerinə yetirəcək və terrora qarşı mübarizədə dünya birliyinin səylərini birmənalı şəkildə dəstəkləyəcək.
Sənəddə həmçinin bildirilir ki, terrorçuluğun qorxunc və acı nəticələrini öz üzərində hiss edən Azərbaycan xalqı dost Amerika xalqının iztirab və sarsıntılarını hamıdan yaxşı anlayır və sonsuz kədərinə şərik çıxır.
Dünən prezident Heydər Əliyev ABŞ-ın Bakıdakı səfiri Ross Uilsonla görüşündə də bu mövqeyi bir daha bəyan edib. O, ABŞ rəhbərliyinə, Amerika xalqına Nyu-York və Vaşinqtonda baş vermiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı dərin hüznlə başsağlığı verib.
Prezident bildirib ki, faciəvi hadisələrdən dərhal sonra Təhlükəsizlik Şurasının yığıncağını keçirib və xarici ölkə səfirliklərinin, o cümlədən Amerika diplomatik missiyasının mühafizəsinin gücləndirilməsi üçün göstəriş verib. O, amerikalı diplomatı əmin edib ki, səfirlik və Azərbaycandakı ABŞ vətəndaşlarının təhlükəsizliyi bundan sonra da etibarlı şəkildə təmin ediləcək. Öz növbəsində səfir başsağlığına görə təşəkkürünü bildirib və qeyd edib ki, hələlik heç bir təşkilat terror aktlarına görə məsuliyyəti öz üzərinə götürməyib.
Uilson deyib ki, Azərbaycan həmişə beynəlxalq terrorrizmə qarşı birgə mübarizənin tərəfdarı olub. O ümidvar olduğunu bildirib ki, Azərbaycan ABŞ-da terror aktlarının törədilməsində günahkar olanların aşkar edilməsinə yardım göstərəcək. Uilson Bakı sakinlərinin başsağlığı vermək üçün ABŞ səfirliyinə gəlməsindən razı qaldığını bildirib.

Bakıda da təhlükəsizlik tədbirləri görülüb

Sentyabrın 11-də axşam prezident Heydər Əliyevin sədrliyilə Təhlükəsizlik Şurasının (TŞ) yığıncağı keçirilib. Görüş iştirakçıları Vaşinqton və Nyu-Yorkda baş vermiş terror aksiyaları ətrafında durumu müzakirə ediblər.
Məlumatlı mənbələrdən "Turan"a bəlli olub ki, TŞ üzvləri bu aksiyanı qəti şəkildə pisləyib və beynəlxalq terrorizmlə mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Yığıncaq zamanı konkret təcili tədbirlər görülüb. Dövlət başçısı Binə hava limanında iş rejiminin, ölkə paytaxtındakı xarici ölkə səfirliklərinin mühafizəsinin təminatına nəzarətin gücləndirilməsilə bağlı göstəriş verib.
Bakı şəhər Baş Polis İdarəsi (BBPİ) diplomatik nümayəndəliklərin təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə tədbirlər görüb. Diplomatik nümayəndəliklərin yanında post-patrul xidmətləri gücləndirilib. Bu barədə BBPİ-nin rəisi Məhərrəm Əliyev məlumat verib. Onun sözlərinə görə paytaxt rayonlarının polis şöbələrinə ictimai təhlükəsizliyin mühafizəsilə bağlı xüsusi göstərişlər verilib.
Eyni zamanda, dünən gecə Təhlükəsizlik Şurasının iclasında ABŞ-dakı terror hadisəsinin müzakirəsindən sonra daxili işlər naziri Ramil Usubov əməliyyat aparatlarının və digər xidmət aparatlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Bu barədə DİN mətbuat xidməti məlumat verib.
Mətbuat xidməti bildirir ki, daxili işlər naziri ölkə prezidentinin tapşırığına uyğun olaraq Bakı şəhərində yerləşən xarici ölkə səfirliklərinin, nümayəndəliklərin, həyati əhəmiyyət kəsb edən obyektlərin, o cümlədən hava limanlarının, dəmiryol vağzallarının mühafizəsinin daha da gücləndirilməsi barədə göstərişlər verib.

Kompromis nədən ibarətdir?
Rassel Conston da bunu bilmək istəyir

Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün müvafiq atmosfer yaradılmasına yardım göstərməyə hazırdır. Bu barədə Yerevanda keçirilən mətbuat konfransında Avropa Şurası Parlament Assambleyasının sədri lord Rassel Conston bildirib.
Constonun fikrincə, Ermənistan və Azərbaycan prezidentləri Robert Köçəryanla Heydər Əliyevin keçirdiyi 18 görüş göstərdi ki, danışıqlar prosesi elə məqama çatıb ki, ATƏT-in Minsk qrupu həmsədrləri öz sözünü deməlidir. "Hamı həmişə kompromislərdən danışır. Ancaq bu kompromislərin nədən ibarət olduğunu heç kim demir," - deyə Conston vurğulayıb. Onun fikrincə, geniş ictimaiyyəti danışıqlar prosesinə cəlb etməyin vaxtı çatıb.
AŞPA rəhbəri Ermənistan parlamentinin keçmiş spikeri Karen Dəmirçiyanın münaqişənin nizamlanmasına dair mövqeyini xatırladıb: "Dəmirçiyan mənə deyirdi ki, nizamlanma variantlarından biri Dağlıq Qarabağın müstəqilliyi və onu Ermənistanla birləşdirən dəhlizin müqabilində Qarabağ qüvvələrinin nəzarətində olan torpaqların Azərbaycana qaytarılmasıdır".

Neft kəmərləri birgə qorunacaq
Türkdilli dövlətlərin xüsusi xidmət orqanları razılığa gəliblər

Sentyabrın 9-dan 11-dək Qırğızıstanın Çolpon-Ata şəhərində türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının IV konfransı keçirilib. Tədbirdə milli təhlükəsizlik naziri Namiq Abbasovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib. Xəbəri MTN mətbuat xidməti yayıb.
Məlumatda deyilir ki, konfrans iştirakçıları Mərkəzi Asiya və bütövlükdə regionda hərbi siyasi vəziyyəti müzakirə edib, beynəlxalq terrorizmə, din pərdəsi altında fəaliyyət göstərən cinayətkar qruplaşmaların ölkələrimizin suverenliyinə, ictimai-siyasi sabitliyinə təhlükə yaratdığı, onlara qarşı mübarizədə daha səmərəli işbirliyi yaradılmasının zəruriliyini vurğulayıb.
Konfrans iştirakçıları müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edib, qarşılıqlı fəaliyyətin uzlaşdırılması məqsədilə Əlaqələndirmə Şurası yaradıb. Bundan başqa, xüsusi xidmət orqanlarının TRASEKA və Aktau-Bakı-Ceyhan neft kəməri lahiyələrinin təhlükəsizliyinin təmin edilməsi məsələlərində əməkdaşlıq etmək barəsində razılığa gəlib. Bununla əlaqədar göstərilən marşrutlar üzrə yerləşmiş qeyri-türk dövlətlərin, o cümlədən Rusiya və Gürcüstanın xüsusi xidmət orqanları nümayəndələrinin növbəti toplantılara dəvət edilməsi məqsədəuyğun hesab edilib.
Türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının növbəti konfransını gələn il Türkiyədə keçirmək qərara alınıb.

"Terrorçuları qəzəblə lənətləyirik"
Şeyxülislam Allahşükür Paşazadə Corc Buşa başsağlığı teleqramı göndərib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Amerikada terror nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı ABŞ prezidenti Corc Buşa başsağlığı teleqramı göndərib.
QMİ sədri baş verən terror hadisəsini təkcə Amerika xalqı əleyhinə deyil, bütün sivil bəşəriyyətə qarşı yönəldilmiş ən çirkin cinayət kimi qiymətləndirir. Teleqramda deyilir ki, ABŞ-da dəhşət doğuran terror aksiyaları nəticəsində baş vermiş faciəli olay qəlbimizi ağrı və qəzəb hissi ilə doldurub: "Bu acı matəm günündə ürəyimiz fəlakətə düçar olmuş amerikalıların yanındadır. Terror qurbanlarının əziz ruhları üçün dualar edirik. Möhtərəm cənab prezident, Sizə, həlak olanların qohumlarına və yaxınlarına, bütün Amerika xalqına dərin hüznlə başsağlığı veririk". A.Paşazadə Azərbaycan xalqının təcavüz və terrorizmin acı nəticələrini öz üzərində hiss etdiyini bildirir: "Amerika xalqının dərdinə və əzablarına şərik olmaqla yanaşı kimliyindən, məqsədlərindən açılı olmayaraq bütün terrorçuları qəzəblə lənətləyirik".

"Rusiyasız mümkün deyil..."
Köçəryan Qarabağ nizamlanmasında Moskvanın vasitəçiliyinə üstünlük verir

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Rusiyanın iştirakı olmadan mümkün deyil. Bu barədə Ermənistan prezidenti Robert Köçəryan İTAR-TASS agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya Qarabağ münaqişəsininn nizamlanması prosesinə nə qədər çox cəlb olunsa, müvəffəqiyyət əldə etmək üçün bir o qədər çox şans olar. Köçəryan qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi "obyektiv" mövqedən çıxış edir. "Üç böyük dövlət - Rusiya bölgədə maraqları olan Qafqaz ölkəsidir, Birləşmiş Ştatlar isə regiona təsiri olan ölkə kimi ciddi maraqlara malikdir, Fransa Avropa Birliyini təmsil edir. Bu konfiqurasiya üç həmsədrin sıx əməkdaşlığı sayəsində daha effektli ola bilər. Bu planda mənə belə gəlir ki, həmsədrlər formatı optimaldır. Bu, nizamlanma üçün nəzərdə tutulan ən yaxşı haldır," - deyə Köçəryan vurğulayıb.

Şeyxülislam Allahşükür Paşazadə Corc Buşa başsağlığı teleqramı göndərib
Türkiyə "Varyaq"ı 1 milyarda buraxacaq

Çinin Ukraynadan aldığı "Varyaq" təyyarədaşıyıcı kreyserinin Bosfor və Dardanel boğazından keçməsinə görə, Türkiyə hökuməti asiyalılardan 1milyard ABŞ dolları məbləğində zəmanət tələb edib.
Türkiyə Çin tərəfinin qarşısında 20 şərt qoyub. Bununla belə Bosforda baş verə biləcək hər hansı qəzanın risq ehtimalı 30-40 faizdən az olmaya bilər. Rəsmi Ankara kreyserin keçidinə avqustun sonlarında razılıq verib. 310 metrlik gəmi boğazlardan keçən zaman digər gəmilərin naviqasiyası dayandırılacaq. Kreyseri 7 buksir gəmisi, yanğınsöndürmə və digər yardımçı gəmilər müşayət edəcək.
Xatırladaq ki, adı çəkilən kreyser SSRİ-nin süqutundan sonra Ukraynaya qalıb. Lakin onun istifadəsi baha başa gəldiyindən ukraynalılar onu Çinə satmağa məcbur olublar. Onlar öz növbəsində gəmini ticarət mərkəzi, kazino, diskoteka və restoranlarla dolu olan üzən otelə çevirmək niyyətindədirlər."Varyaq"ın türk boğazlarından keçidi müqabilində Çin hər il Türkiyəyə 2 milyon turist göndərəcəyini vəd edir.ÿÿ

Dəmir yoluyla 7,6 milyon neft daşınıb

"Media- PRESS" agentliyinin verdiyi məlumata görə, Azərbaycan Dəmir Yolu İdarəsi bu ilin 8 ayı ərzində 8,5 milyon ton yük daşıyıb.
Yükdaşınma üzrə nəzərdə tutulan plan 15,3 faiz artıq yerinə yetirilib. Daşınan yüklərin 7,6 milyon tonunu neft məhsulları təşkil edir. İdarədən bildiriblər ki, ilin sonunadək neft və neft məhsullarının daşınması 16 milyon ton həcmində planlaşdırılıb.

Təyyarədə erməni çox olub...

Terrorçuların qaçırdığı Boston - Los-Anceles təyyarəsindəki sərnişinlər arasında ermənilər olub.
Bu barədə Nyu-Yorkdakı məlumatlı mənbələr xəbər verib. Mənbə bildirib ki, aviareys qurbanlarının əksəriyyətini erməni mənşəli ABŞ vətəndaşları təşkil edib. Təyyarədə 156 nəfər olub. Xatırladaq ki, təyyarə Nyu-Yorkdakı Ümumdunya Ticarət Mərkəzinin binasına çırpılıb.

Bizimkilərdən xəbər var?

ABŞ-ın Azərbaycandakı səfirliyi Nyu-York və Vaşinqtonda baş vermiş terror aktları nəticəsində xəsarət almış ölkə vətəndaşları barədə hələlik hər hansı açıqlama verməyib.
Bu barədə "Turan"a Prezident Aparatı xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib.

Bu ağrı tanışdır
Dünya Azərbaycanlıları Konqresi terrorçuluğu qətiyyətlə pisləyir

"Dünya Azərbaycanlıları Konqresi ABŞ-da baş verən dəhşətli terror hadisəsini qətiyyətlə pisləyir, faciənin dəhşətini duyur, ABŞ prezidenti Corc Buşa, Amerika xalqına dərin hüznlə başsağlığı verir, səbr diləyir". Bu sözlər ABŞ-da törədilən terror aktı ilə bağlı DAK-ın dünən yaydığı bəyanatdandır.
Sənəddə deyilir ki, Azərbaycanın güneyində İran İslam rejiminin əsarəti altında iki əsrə yaxın fiziki və mənəvi terrora məruz qalan, erməni terrorçuları tərəfindən isə torpaqları işğal edilən, onların törətdiyi vəhşiliklərlə üzləşən xalqımıza terrorun acı nəticələri yaxşı tanışdır. DAK hesab edir ki, belə dəhşətli hadisələrin bir daha baş verməməsi üçün cinayətkarlar dərhal tapılıb cəzalandırılmalıdır. "Bütün dövlətlər bu istiqamətdə fəaliyyətini gücləndirməli, beynəlxalq səviyyədə terrora qarşı daha kəskin mübarizə aparılmalıdır," - deyə bəyanatda vurğulanır.

İrandan da şübhələnmək olar...
BAB-ın səlahiyətlisinin fikrincə, terrorun qarşısını almaq üçün Tehran rejimini yıxmaq lazımdır

"2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən və analoqu olmayan terror aktı dünya təhlükəsizlik sisteminə ən böyük zərbədir". Bu cümlə ABŞ-da törədilən terror aktı ilə bağlı Bütöv Azərbaycan birliyi mətbuat xidmətinin rəhbəri Cahandar Bayoğlunun yaydığı bəyanatdandır. Azərbaycanın milli müstəqillik uğrunda mübarizədə erməni və fars terroru ilə üzbəüz qaldığını deyən C.Bayoğlu erməni terrorunun milyonlarla azərbaycanlını didərgin saldığını, 30 milyon azərbaycanlının isə hələ də İran terroru altında yaşadığını bildirir.
ABŞ-da törədilən terrorda İranın əli olduğunu istisna etməyən C.Bayoğlu bu dövlətin 1993-cü ildə Azərbaycandakı dövlət çevrilişində birbaşa iştirakı olduğunu bildirir və akademik Ziya Bünyadovun qətlində İranın himayə etdiyi "Hizbullah" terrorçu təşkilatının rolunu önə çəkir. Bu yaxınlarda Azərbaycanın hava sərhədlərini pozan İran təyyarələri pilotlarından birinin ABŞ-dakı terrorda iştirakına şübhə etmədiyini deyən C.Bayoğlu antidemokratik İranın terrora daim dəstək verdiyini vurğulayır.
Beynəlxalq terroru müdafiə edən Tehran rejimini terrorun dünyada törənmə mənbəyi sayan C.Bayoğlu dünyanı terror faciəsindən xilas etmək üçün dünya dövlətlərinə Tehran rejiminin aradan qaldırılmasını təklif edir.

"Terrorizmlə mübarizə xeyli güclənəcək"
Vəfa Quluzadə: "Rusiya ABŞ-ın qarşısına çıxa bilmədiyinə görə üçüncü dünya müharibəsi başlamayacaq"

Srağagün yerli vaxtla saat 8.45 radələrində nəmalum şəxslər tərəfindən qaçırılan "Boinq-767" sərnişin laynerinin ABŞ-ın Nyu-York ştatında "əkizlər" adı ilə tanınan 110 mərtəbəli binaya çırpılması həmin bina ilə bahəm bütün dünyanı silkələdi. Bunun ardınca Pentaqonun 5 mərtəbəli binasının bir qanadının qaçırılmış növbəti təyyarələr tərəfindən dağıdılması ABŞ-ı və bu ölkənin başqa dövlətlərdə yerləşən hərbi bazalarını döyüş hazırlığı vəziyyətinə gətirdi. ABŞ-da baş verən dəhşətli terror aktının kimlər tərəfindən törədildiyi hələ də dəqiqləşdirilməyib.
ABŞ-ın hərbi qüdrətinin iflası kimi izah olunan son terror aktını təkzib edənlər arasında politoloq Vəfa Quluzadə də var. Onun sözlərinə görə, qaçırılmış 7 təyyarə-kamikadze ABŞ-ın hərbi nüfuzunu iflic vəziyyətinə sala bilməyəcək:

- Bu hadisə terror aktıdır və iri dövlətlər həmişə bunun əleyhinə yüksək səviyyədə mübarizə aparacaq. Hətta onu da deyim ki, bu mübarizə əvvəlkindən də geniş miqyasda olacaq. İndi biz bu mübarizədə Azərbaycanın koloniyaya çevrilməsinin qarşısını almalıyıq. Ona görə NATO qoşunlarının Azərbaycan ərazisində yerləşdirilməsinin tərəfdarıyam. Biz bununla Rusiyanın koloniyasına çevrilmək təhlükəsindən qurtula bilərik. Rusiya 300 ildir ki, Azərbaycanı istismar edir. Sovet imperiyası dağılanda da nə cibimizə üç manat pul, nə də ki, babalarımızdan qalan mülk bizə verildi. Amma bəziləri yenə də Rusiyaya meyl edir. Məni də yandıran budur. Ona görə də yaranmış vəziyyətdən çıxış yolu axtarıram.

Axı nəyə görə yeganə çıxış yolunu NATO bazalarının Azərbaycanda yerləşdirilməsində görürsünüz?

- Mən NATO-nun qara qaşına, qara gözünə aşiq olmamışam. İstəyirəm ki, Azərbaycan elə bir şəraitdə yaşasın ki, qonşuları onun torpağını oğurlamasın, qarət etməsin, ərazisinin yarısı cənubda qalmasın. Azərbaycanın şimalı Rusiyaya, Zəngəzur, Göyçə isə Ermənistan ərazilərinə qatılıb. Rusiya ermənilərlə 20 faiz torpaqlarımızı işğal etməkdə əlbir olub.

Rusiyanın müdafiə naziri Sergey İvanovla Səfər Əbiyev saziş imzalayandan və ABŞ-da son terror aktı baş verəndən sonra belə bir ehtimal yaranıb ki, Azərbaycan regional siyasətində ciddi dəyişikliklər edir. Söhbət NATO-dan uzaqlaşıb Rusiyaya yaxınlaşmaqdan gedir.

- Bu gün Azərbaycana olan dəhşətli təzyiqlərə baxmayaraq, rəsmi Bakı heç bir dövlətə meyl etmir. Hətta prezident Heydər Əliyev də bir vaxtlar əsl qəhrəmanlıq nümunəsi göstərərək Qraçovun Azərbaycana rus alayı göndərməsinə imkan verməyib.

Çoxları srağagünkü hadisəni NATO-nun, ABŞ-ın hərbi qüdrətinin iflası kimi qiymətləndirir...

- Yox, mən məsələni bu cür qiymətləndirmirəm. Çünki son terror aktı ilə bağlı müxtəlif məlumatlar verilsə də, bunun kimlər tərəfindən törədildiyi hələ də dəqiqliyi ilə bəlli deyil. Bunun nə məsələ olduğunu dəqiqləşdirmək hələ də mümkün olmayıb. Yəqin ki, ABŞ hökuməti terrorçuları tapıb cəzalandıracaq.

Bəzi ekspertlər iddia edir ki, ABŞ-da baş verən son terror aktı üçüncü dünya savaşının başlanmasına gətirib çıxara bilər. Hətta Rusiya siyasiləri də bu fikirdədir.

- Əgər üçüncü dünya müharibəsi doğrudan da başlasa, bu, Rusiya ilə Amerika arasında olmalıdır.ÿAmma Rusiya bu gün hər cəhətdən çöküb. Əgər belədirsə, onda üçüncü dünya müharibəsi hansı dövlətlər arasında başlaya bilər? Ona görə də mən bu versiyanı istisna edirəm.

Bəs naməlum terrorçuların - "kamikadze-təyyarələr"in Pentoqonun və ABŞ-ın bir neçə dövlət əhəmiyyətli binasına hücumunun kökündə nə dayana bilər?

- Mən bunu çoxlarından fərqli olaraq üçüncü dünya müharibəsinin başlanması kimi yox, beynəlxalq aləmdə kütləvi terror aktlarının artması kimi qiymətləndirirəm. Hesab edirəm ki, dünyada bu cür terror aktlarının sayı xeyli artacaq. Bunula paralel olaraq terrorizmlə də mübarizə əvvəlki ilə müqayisədə xeyli inkişaf edəcək. Ona görə də bu cür məsələlərdə maksium ehtiyatlı davranmaq lazımdır.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd