|
|
|
|
#106(330)
|
 |
|
Amerikalıların xatirəsinə
1 dəqiqəlik sükut
|
Bu gün Bakı vaxtı ilə saat 12.00-da Azərbaycan Respublikası ərazisində ABŞ-da baş vermiş dəhşətli terrorun qurbanlarının xatirəsinə 1 dəqiqəlik sükut olacaq.
Bu barədə dünən Azərbaycan prezidenti Heydər Əliyev sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, Birləşmiş Ştatlarda baş vermiş terror hadisəsi bəşəriyyətə qarşı misli görünməmiş cinayət kimi Azərbaycan xalqında da böyük hüzn doğurub. Sərəncama əsasən, xatirə sükutu anında ölkə ərazisində Azərbaycanın dövlət bayrağı endiriləcək. Sənəddə həmçinin teleradio kanallarına tövsiyə edilir ki, sükut anında əyləncəli proqramların yayımını dayandırsınlar.
Sentyabrın 11-də baş vermiş terror aktı ilə bağlı olaraq ABŞ-a təyyarə biletlərinin satışı dayandırılıb. Uçuşlar həyata keçirən aviaşirkətlər, müvəqqəti də olsa, belə bir tədbirə əl atıblar.
"Swissair" (İsveçrə), "Lufthanza" (Almaniya), "Turish Airlines" aviaşirkətlərinin Azərbaycan nümayəndəlikləri dünən ABŞ-a uçuşların dayandırıldığını bildiridlər.
"Air France" vasitəsilə okeanın o tayına uçuşlar həyata keçirən "Azərbaycan Hava Yolları" ("AZAL") dövlət şirkətinin kassalarında da bilet satılmır. "AZAL"ın Beynəlxalq Kommersiya İdarəsindən bildiriblər ki, Fransa aviaşirkəti ABŞ-a bilet satışının müvəqqəti dayandırılması barədə azərbaycanlı həmkarlarını xəbərdar edib.
Yalnız "British Mediterenian Airways" nümayədəliyindən bildiriblər ki, sentyabrın 12-i saat 11.30-a olan məlumata görə, ABŞ-a bilet satışının dayandırılması barədə şirkətin baş ofisindən heç bir sərancam daxil olmayıb.
Bütün şirkətlər bildirib ki, bilet satışına məhdudiyyət yalnız ABŞ-a aiddir.
|
İki nəfər əsirlikdən gəldi
|
Dünən Beynəlxalq Qırmızı Xaç Komitəsi və ATƏT-in yardımı ilə bir azərbaycanlı hərbi əsir və mülki vətəndaş Ermənistandan Bakıya gətirilib.
BQXK Bakı ofisinin press-relizində bildirilir ki, repatriasiya Qazax rayonunda Azərbaycan və Ermənistan hökumətlərinin sıx əməkdaşlığı ilə həyata keçirilib. Repatriasiyadan öncə onlar BQXK nümayəndələrilə söhbət zamanı Vətənə qayıtmaq arzusunda olduqlarını təsdiq ediblər.
Hərbi əsirlər, girovlar və itkin düşənlər üzrə Dövlət Komissiyasından bildiriblər ki, azadlığa buraxılan hərbi əsir Arif Mahmud oğlu İlyasov, mülki şəxs isə Mirzəli Əkbər oğlu Cəfərovdur. Onlar, təxminən iki ay öncə əsir düşüblər.
|
Türkiyə ordusu Naxçıvana
yük maşını bağışladı
|
Sentyabrın 15-də Naxçıvanda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının muxtar respublikaya 80 yük maşını və 3 buldozer bağışlaması ilə bağlı təqdimetmə mərasimi keçiriləcək.
Bu barədə "Turan"a Türkiyənin Naxçıvandakı Baş konsulluğundan məlumat veriblər. Mərasimdə Türkiyənin yüksək rütbəli iki hərbi məmurunun iştirakı gözlənilir.
|
KİV haqqında qanun dəyişəcək
|
Oktyabrda "İctimai Televiziya Haqqında" qanun layihəsinin hazırlanmasına başlanacaq. Bu barədə işçi qrupun üzvü, millət vəkili Rizvan Cəbiyev məlumat verib.
Onun sözlərinə görə işçi qrupu "Teleradioyayımı Haqqında" və "KİV Haqqında" qanunları rəy verilməsi üçün Avropa Şurası ekspertlərinə təqdim edib. "Mənə elə gəlir ki, yaxın zamanlarda sözügedən sənədlərə Milli Məclisdə baxılacaq", - deyə millət vəkili qeyd edib.
O, həmçinin bildirib ki, işçi qrupuna Prezident Aparatının, Milli Məclisin, Ədliyyə Nazirliyinin və Respublika Prokurorluğunun icraçı nümayəndələri daxildir.
Sentyabrın 11-də ABŞ-da baş vermiş faciəvi terror aktından sonra Azərbaycanda dolların məzənnəsinin aşağı düşəcəyi ilə bağlı yayılan şayiələr bir-birini əvəz etməkdə davam edir.
Dünən paytaxtın bir çox valyutadəyişmə məntəqələrində dolların alış məzənnəsi 4600 manat təşkil edib. Sözügedən məntəqələr kursun birdən-birə aşağı düşməsini Milli Bankla əlaqələndiriblər. Bundan başqa bəzi valyutadəyişmə məntəqələri əhalidən ABŞ dollarını qəbul etməkdən imtina ediblər. Əllərində dollar cəmləşən əhali çaşqınlıq içərisindədir. Onlar ABŞ valyutasını manata dəyişib-dəyişməmək dilemması ilə üzləşiblər. İndi onları yalnız bu sual düşündürür-doğrudanmı dollar çökəcək?
Azərbaycan Milli Bankından verilən məlumata görə ABŞ-da baş vermiş faciəvi hadisələr dolların Azərbaycan manatı ilə müqayisədə kursuna heç bir təsir göstərməyib. Milli Bankdan bildiriblər ki, manatın dollara nisbətdə rəsmi məzənnəsi müəyyən edilib.
Vaşinqton və Nyu-Yorkda həlak olan adamların sayı 30 min nəfərə, bəzi hesablamalara görə 50 min nəfərə çata bilər. Nyu-Yorkdakı binaların tamamilə çökməsinə baxmayaraq, xilasetmə işləri davam etdirilir.
Xilasedicilər dağıntılar arasından 9 nəfərin həyatını qurtara biliblər. Xilas edilənlər deyiblər ki, panellərin altında sağ qalan adamlar var. Xilasetmə işlərinə minlərlə mütəxəssis cəlb edilib. Artıq 300-dən artıq polis və yanğınsöndürənin panellər altında qaldığı məlumdur. Pentaqonun binasında isə yüzlərlə adamın həlak olduğu bildirilir. Dünən gecəyədək onlardan 80 nəfərinin cəsədi çıxarılmışdı. Xilasedicilərin ehtimallarına görə, Pentaqonun dağılmış divarları arasından kiminsə sağ çıxa biləcəyinə ümid daha azdır.
-
İran prezidenti Məhəmməd Xatəmi ABŞ-dakı terror hadisəsini pisləyərək həlak olanların yaxınlarına və qohumlarına, Amerika xalqına başsağlığı verib. İran prezidenti deyib ki, ABŞ-dakı faciə beynəlxalq terrorizmin sərhəd tanımadığını göstərir.
-
Nyu-Yorkdakı məlum hadisədən sonra BMT bu şəhərdəki binasını tamamilə boşaldıb. Təşkilatın üzvləri Əfqanıstandan da evakuasiya edilib. Baş Assambleyanın 56-cı sessiyası işini yarımçıq qoyub.
-
Liviya rəhbəri Müəmmər Qəddafi ABŞ-da baş verən məlum təxribat əməllərini "dəhşətli hadisə" adlandırıb. Qəddafi deyib ki, ABŞ-la Liviya arasında müəyyən münaqişəli məqamlar olsa da, onun ölkəsi Vaşinqtona kömək etməyə hazırdır.
-
İraq hesab edir ki, "ABŞ öz hərəkətlərinin acı meyvələrini dərib". Bağdadda yayılan bəyanatda deyilir ki, son hadisələr zənciri özlərini kovboy kimi aparan ABŞ siyasətçiləri üçün ictimai ifşa kimi qəbul edilməlidir.
-
Fələstin lideri Yasir Ərəfat ABŞ-da baş verən dəhşətli terror hadisəsinə sevinən həmvətənlərini qınayıb. Xatırladaq ki, terror hadisəsindən sonra bir sıra siyasətçilər "ABŞ-ın Allahın qəzəbinə gəldiyi"ni, ona görə də 11 sentyabrın ərəblər üçün bayram olduğunu demişdilər.
-
Fransada terrorçuluğun qarşısının alınmasına qarşı yönəldilmiş xüsusi plan - "Vijipirat" adlı tədbirlər toplusu həyata keçirilməyə başlayıb. Plan hər şeydən öncə paytaxt Paris şəhəri və onun ətraf rayonlarında gerçəkləşdirilir.
-
Çeçen səhra komandiri Şamil Basayev ABŞ vətəndaşlarına başsağlığı verməklə bərabər, faciəsinin arxasında İranın və Rusiya FTX-sinin dayandığını iddia edib. Amma bəyanatın sonunda Basayev onu da deyib ki, "İsrail ABŞ-a baha başa gəlir".
-
Rusiya Dövlət Dumasının spiker müavini Jirinovskinin məlum faciəni Üçüncü Dünya Müharibəsinin başlanğıcı kimi dəyərləndirib. O deyib ki, ABŞ bu hücuma nüvə silahı ilə cavab verəcək.
-
İtaliyanın baş naziri Silvio Berluskoni dünən parlament qarşısında çıxış edərək bəyan edib ki, beynəlxalq təhlükəsizliyi təmin etmək məqsədi ilə konkret tədbirlərin görülməsi və gələcəkdə mümkün terror aktlarının qarşısını almaq üçün "Böyük səkkizlər"in növbədənkənar sammitinin keçirilməsi zəruridir. O, zirvə toplantısını İtaliyada keçirilməsini təklif edib.
|
Təhsil haqları hamı
üçün əlçatan olacaq
|
Təhsil naziri Misir Mərdanov Azərbaycanın özəl təhsil müəssislərində, o cümlədən dövlət ali məktəblərinin ödənişli şöbələrində yüksək tariflərin mövcudluğu ilə bağlı yaranmış vəziyyəti müvəqqəti adlandırıb.
Misir Mərdanov bildirib ki, ali təhsil almaq imkanlarının hamı üçün əlçatan olması barədə məsələlər qəbul ediləcəyi gözlənilən "Təhsil haqqında" qanun layihəsində öz əksini tapacaq. Qeyd edək ki, həmin qanun layihəsi Milli Məclisin payız sessiyasında deputaların müzakirəsinə çıxarılmalıdır.
|
Telekommunikasiya
müəssisələri özəlləşdirilir
|
Yaxın vaxtlarda telekommunikasiya sahəsində yaradılmış birgə müəssisələrin nizamnamə kapitallarında dövlət payının qiymətləndirilməsi həyata keçiriləcək.
Bu barədə İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, artıq birgə müəssislərin və dövlət paylarının strukturu ilə bağlı siyahı müəyyənləşdirilib.
Rabitə Nazirliyinin məlumatına görə, sözügedən struktur vasitəsilə 16 birgə müəssisə yaradılıb.
Onların arasında "Bakı telefon rabitəsi", "Aztelekom", Bakı Teleqraf birgə müəssisələrinin, "Azərmətbuatyayımı" və "Qasid" firmalarının, "Orbita" stansiyasının, Material-texniki Təchizat İdarəsinin adını çəkmək olar. ÿÿ
|
Məhbuslara
sosial yardım göstərilir
|
Avqust ayında Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) nümayəndə heyəti ilk dəfə olaraq Qazax, Şəmkir, Gədəbəy, Mingəçevir, Bərdə, Ağdaş, Şəki, Zaqatala, Ucar və Kürdəmir istintaq təcridxanalarında saxlanan dustaqlara baş çəkib.
Həmçinin 12 və 3 saylı koloniyalara, Bayıl və Qobustan həbsxanalarına da baş çəkilib. Bu tədbir BQXK-nin standart iş üsullarına uyğun olaraq həyata keçirilib. Bu üsullar dustaqlarla təkbətək söhbətlər aparmaqdan və onların qaldırdığı problemləri əlaqədar təşkilatlarla müzakirə etməkdən ibarətdir.
BQXK-nin köməyilə Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islah-əmək müəssisələrində vərəmlə mübarizə layihəsi çərçivəsində 3 saylı koloniyada 616 dustaq bilavasitə nəzarət şəraitində qısa müalicə kursu keçir.
Avqustda Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi və BQXK tərəfindən birgə idarə olunan Ortopedik Mərkəz öz stasionarında 31 xəstəyə yer verib, 23 protez, 28 ortoz paylayıb. 12 nəfərə isə əsa və qoltuqağacı verilib. Bu barədə BQXK-nin aylıq informasiya bülletenində bildirilir.
|
Beş tələbəmiz
Britaniyada təhsil alacaq
|
Böyük Britaniya hakimiyyətinin maliyyələşdirdiyi xüsusi proqram çərçivəsində bu ölkədə təhsil almaq üçün beş ən yaxşı azərbaycanlı tələbə seçilib. Tələbələr Kembric, Birminhem, Lankaster, Londonda təhsillərini davam etdirəcəklər. Bu barədə Böyük Britaniyanın Bakıdakı səfirliyinin press-relizində bildirilir.
Mənbənin məlumatına görə, təhsil nəticəsində tələbələr inzibatçılıq, ictimai xidmət, Avropa tədqiqatları və biznes sahələrində magistr dərəcəsi alacaq.
Dünən Böyük Britaniya səfirliyində keçirilən mərasimdə İngiltərəyə getmək üçün tələbələrə aviabiletlər təqdim edilib. Britaniya universitetlərində oxumaq şərəfinə nail olanlar öz növbəsində bildiriblər ki, təhsili başa vurduqdan sonra Azərbaycana dönəcək, qazandıqları bilikləri praktikada tətbiq edəcəklər.
|