|
|
|
|
#106(330)
|
 |
XXI
m.nur@azeurotel.com
|
Fərqli
adamlar
Mənim qonşularım qloballaşıb.
Orta statistik azərbaycanlı vahid vətənpərvərlik ətrafında birləşsə də siyasi sistemlərin mahiyyətinə münasibət baxımından iki yerə bölünüb. Amma mahiyyət etibarilə hamımız sovet adamlarıyıq ki qalırıq. Bundan da dərin köklü mahiyyət etibarilə isə son dərəcə oturuşmuş azərbaycanlılarıq. Manhettendəki görüntülər deyəsən bizim də köklərimizi qıdıqladı və bir də onu göstərdi ki, biz dünyanın xılt və şər ifraz edən millətləri (cəmiyyətləri) sırasında deyilik, heç vaxt da olmayacayıq. Bizim kökümüzdə terror damarları yoxdur. Biz uzaq başı fələstinlilərin şadalosuna əl çalar, səhəri yuxudan duranda fikirləşərik ki, öz aramızdır, bu qədər adamın qırılmağı heç də yaxşı iş deyilmiş...
Bundan əvvəl də eyni duyğuları Bakıdakı son zəlzələ zamanı yaşamışdım. O zaman guya dağınıq bir şey olduğunu düşündüyümüz cəmiyyət sən demə, belə hallarda hər kəsə ayrılıqda dirilik əlamətləri verən orqanizmə dönür. Özümüz də anlamadan içimizdən optimizm və cəmlənmək cücərdirik...
Cücərti hər zaman nəyinsə haradasa köklü olduğuna işarədir.
Mənim qonşularım siyasi baxımdan fəallaşıb. Xaricdən ayrılan qrantların ideolji, konseptual gücü yarıyoldaymış. Amma yolun yarısı da cəmiyyətin yarısı deməkdir. Bizim cəmiyyət əslində qrantlara yox, öz içinə və öz impulsuna reaksiya verir. Qoyun, qrantların hesabına sadəcə ölkəmizə valyuta daxil olsun.
Pentaqonun sirləri partlayışdan sonra özündə qaldısa da, adamların dünyanın qlobal sirləri barədə öyrənmək aktivliyi terrordan sonra ikiqat artacaq. Azərbaycanlıların da. Mənim "sevimli" qonşularımın da. Soruşurlar ki, nə baş verəcək. Bu mənada qrantlar bir yana, bütövlükdə açıq cəmiyyət axtarışları müsbətdir. Ətrafın qorxusundan və sosial dəhşətlərdən qorunmaq insanların haqqıdır. Dünya hələ bir-birinin halına qalmalı və insanlar Azərbaycanda da olduğu kimi bir-birlərinə isinişməlidirlər. Bizim insanlar Amerikaya əsl istilik göstərdilər. Burdakı ABŞ diplomatları bu mədəniyyəti dəyərincə anlasaydılar, pis olmazdı.
Bu hadisədən sonra terroristlərin reytinqi düşəcək. Dünya ekologiya və qlobal məsələlərdə birləşəcək.Hər halda mən öz gümanlarımı bölüşürüəm. Tərifləmək olmasın, mənim qonşularım ən kritik anlarda öz istiqanlılıqlarını itirmirlər.
Amma onlar Qarabağdan bu qədər danışmazdılar. Danışsaydılar, da şikayət, şübhə, ironiya və çıxılmazlıq içində döyükərdilər. Biz dünyanı elə də məhdud görmürük.
Biz qloballığın içində fərqli birisiləriyik.
Məqsəd Nur
|
|
Suallı künc
|
İndi hamı okeanın o tayından danışır. Kiçik insanlar möhtəşəm dövlətin halına acıyırlar. Ağıla ilk gələn də "Amerikanı kim və niyə vurdu" sualıdır. Çünki Amerikanın necə vurulduğunu "canlı" olaraq seyr etdik və indi bizi onun niyəsi maraqlandırır. Əksəriyyət emosional əhvaldadır. Terroru üzərinə götürdüklərini bəyan edən qüvvələrə münasibət də bu zəmindədir. "Kişilər gör nəyə qadirdirlər" deyə təəccübə düşənlər çoxdur. Amma indiyədək dünyaya meydan oxuyub, hamını barmağına dolayan dövlətin bir qrup (dəstə) terrorçunun əlində necə aciz duruma düşməsini "Amerika üçün əcəb oldu, çox yuxarıdan gedirdi" deyə qeyd edənlər də var. Təbii ki, onlarda neqativ təzahürlü emosional basqının altındadırlar.
Ətraf dünyanı daha çox emosional çərçivədə qavrayan bizlər üçün çətin olsa da, indiki şəraitdə emosiyadan uzaq durmaq xüsusilə vacibdir. Amerikada törədilənlərin miqyasını misilsiz əməl kimi dəyərləndirib onun müəlliflərinə (hələlik anonim də olsa) hansısa epiteti yaraşdırmazdan öncə Bu olayın bizim də başımıza gələ biləcəyini nəzərə almalıyıq. Baş verənlərin motivi nə qədər dərin və ciddi olsa da, insanlıq əleyhinə bu cür əməllərə bəraət qazandırmır. Hətta belə vaxtlarda işlək olan "qana-qan" tezisi və qisasçılıq hissi cari situasiyada məqbul sayıla bilməz.
Əlbəttə, Amerikadakı fəlakətdən sonra emosiyalara güc verib küçələrə çıxan fələstinlilərin əhvalını başa düşmək mümkündür. On illərdən bəri dünyanın fövqəldövlətinə ünvanladıqları ədalət, zorun qarşısını alıb təcavüzkarı cəzalandırmaq barədə xahişləri eşidilməyən fələstinlilər şüuraltı hissə qapılaraq "Amerika cəzalandı" deyə vəcdə gəlirlər. Bu insanlar tərəfindən Amerikada baş verənlər minlərlə dinc şəxsin deyil dövlətin (sistemin, siyasətin) cəzalandırılması əlaməti kimi qavranılır. Beləcə siyasi-psixoloji sarsıntılarla beyinləri çoxdan yerindən oynamış insanlarda eksperessiv zəminli özünüifadə hadisəyə soyuq və oybektiv münasibəti üstələmiş olur. Amma bu, müvəqqəti əhvaldır və əksəriyyət emosional mərhələni arxada qoyandan sonra olanlara daha adekvat münasibət bəsləyəcək. Hərçənd bu, ekstremizm qanına hopmuş şəxslərə aid deyil, amma onlar hətta İsrailə, Amerikaya "qiyamət günü" arzulayan müsəlman fələstinlilər içərisində azlıqdadırlar. Və bu günlər bütün fələstinliləri Amerikanın faciəsinə sevinənlər qismində təqdim edən medianın (bu tendensiyaya bizdə də rast gəlinir) qərəz və subyektivizmi təəssüf doğurur.
Amerika hər şeydən öncə yekəliyinin güdazına gəldi. Bunu amerikalılar da etiraf etməkdədirlər. Nəhəng dövlətin dünyaya və dünyadakılara münasibətində bir hegemonluq, dikbaşlıq, ambisiozluq və hamının taleyinə qərar vermək iddiası daima nəzərə çarpıb. Bir çox hallarda bu maksimalizm və geosiyasi monopolizm hikkəsi Amerikanın konkret situasiyalardakı davranışına zorakılıq əlaməti gətirirdi. Birləşmiş Ştatlar ədalı bir dövlət kimi bu cür davranışın acısını tarixdə bir neçə dəfə dadıb. O cümlədən Vyetnam müharibəsi Amerikanın ambisioz və maksimalist siyasəti üçün olduqca həssas və təsirli zərbə idi. Vyetnamlıları qısa müddətdə ram edəcəklərini düşünən yekəpər Amerika "kommandos"larının Vyetnamın bataqlıq və cəngəlliklərində ilişib qalması nəticəsi öncədən hesablanmayan avantürist müharibənin yekunu idi.
Amerika dövlət olaraq aldığı bu təsirli zərbənin revanşını Əfqanıstan müharibəsində çıxmaq əzmində idi. 1989-cu ildə Sovet hərbi kontingentinin miskin şəkildə Əfqanıstanı tərk etməsindən sonra Amerika həqiqətən özünü qalib sayırdı. Amerika cəmiyyəti Vyetnam məğlubiyyətinin acısından sonra məxsusi iddia və yekəxanalığı bərpa etmişdi. Bu "qələbə"nin əldə olunmasında ABŞ-ın milyardları hesabına Əfqanıstanda sovet qoşunlarına "divan tutan" Bin Ladenin də rolu az olmamışdı. Amma özünə arxayın olan Amerika bir müddət hansı "monstrı" yetişdirib dünyanın (və özünün) canına buraxdığının fərqinə varmadı. İndi bunun acısını hiss edir.
Təsadüfi deyil ki, amerikalılar baş verənləri siyasi-psixoloji təsirinə görə "2-ci Vyetnam" adlandırırlar. Bizcə, bunu "Əfqanıstanın davamı" saymaq daha doğru olardı. ABŞ rəhbərliyinin Əfqanıstanı cəzalandırmaq niyyəti göstərir ki, bu "davam" hələ uzun çəkəcək.
V.Orxan
|
Teatral Freskalar II
|
Müdhiş, zəhmli KOMANDOR. Don Juanı cəhənnəm istisinə sarı sürükləyən qaradinməz kabus-cəngavər. Ədalətli hökmün soyuqqanlı icraçısı. Bəlkə də Komandor İntibah dövrü Avropasının özünəməxsus Arnold Şvartsniggeri olub.
Azərbaycan türklərinin yaşlı qadınları bir nəfərin qəşəng vücudunu, atlet bədənini öymək istəyəndə deyirlər ki, bəs filankəs şəkil kimi oğlandı. Niyə? Çünki xalqın təsəvvürünə görə şəkildən yalnız gözəl, qüsursuz, ideal adam görünməlidir. Şəkil güzgüdür, daş heykəl variantıdır; guya ki, pisi göstərməz. Kamal Xudaverdiyevə də Allah boy-buxun verib, qamət, sumbat verib, yaxşı qaltanlı səs verib. Cavanlıqda onun da ünvanına "şəkil kimi oğlan" ifadəsini işlədiblər. Bunu mənə Ədil İsgəndərov teatrının ən emosional teatrşünası rəhmətlik Cabir Səfərov söyləmişdi. Hələ indinin özündə də Kamal Xudaverdiyev maşallah-namxuda...
Yunan mifologiyası müdrik KENTAVR Xironu müəllim statusunda tanıtdırır.
Ernest Heminqueyin "QOCA VƏ DƏNİZ" hekayəsini kim ekranlaşdırmaq fikrinə düşsə, qoy baş rola Kamal Xudaverdiyevi çəksin. Uduzmaz. Bu yaşda AKULA ilə Azərbaycan aktyorlarından ancaq o, bacara bilər.
Milli teatr sənəti hüdudlarında KAMAL XUDAVERDİYEV artıq kimdirsə, odur. Bu yazının aktyor portretinə birbaşa dəxli yox; mövzu ilə bağlı improvizələr mədəniyyətin latent imkanlarını üzləməkdən ötrüdür.
Mən Kamal Xudaverdiyevi Roma patrisilərinə oxşadıram.
Qarağac hardasa Komandora bənzəyir. Sanki sərkərdədir. Qollu-budaqlı pəzəvəng ağacdır, kölgəsi sərin. Onun tacı altında yaşanan sevgilər tezliklə nağıla dönür, mifləşir. Abşeron torpaqları qarağaca xoşdur.
KAMAL XUDAVERDİYEV - kobud ranço sahibi; oturuşmuş şaqqalı cayıl; qurtum-qurtum içdiyi viskidən gözləri qızarmış çalsaç kovboy; Afrika cəngəlliklərinə fil sümüyü ardınca gəlmiş yorğun, təmkinli ovçu; Həbəşi Bilal; Montonelli ata; monqol-tatar süvarisi; Yedıgey və mümkün ki, Zevsin özü.
Kral Lirin, Edipin sonsuz iztirabları həyat eşqi güclü olan cod adama nə yaraşır?
Azərbaycan teatrı öz aktyorlarının istedadından heç vədə yetərincə bəhrələnməyib. Qınamağa da kimsə yox. Hamı bəraətlidir.
Məgər Kamal Xudaverdiyev şaxtalı Alyaskanın kişisifət, tündməcaz, acıdil qəhrəmanlarının, tutalım Elam Xarnişin və ya Martin İdenin obrazlarını səhnədə, ekranda yaratmağa qabil deyildi? Bu siyahıya mən döyüşkən hindu başçılarını da əlavə edərdim.
Bir Amerika yazarı var: Con Apdayk. Əsərlərini bir o qədər də bəyənmirəm. Amma... "KENTAVR" romanı başqa aləm. Onun qəhrəmanı mister Kolduel adi kənd müəllimidir. Müəllif bu adamın ruhi şəcərəsini mifoloji kentavr Xirondan gətirir. Romanı oxuyanda elə sən filmə baxırsan; bütün səhnələr öz-özünə kinolent kimi göz qabağına gəlir. Mister Kolduel də Kamal Xudaverdiyevin sənətçi hüsnünə bab bir personaj.
Olsun ki, nəsə nəzərimdən qaçıb. Eyb eləməz. Teatrın Cingizxanı üçün təfavütü nə?
A.Talıbzadə
|
 |
|
| |
|