|
|
|
|
#107(331)
|
 |
NATO beşinci maddəyə üz tutur
NATO baş katibi Corc Robertsonun Amerikaya
kollektiv yardımın göstəriləcəyi barədə bəyanatı
Vaşinqtonda məmnunluq doğurub.
|
NATO tarixdə ilk dəfə olaraq alyansın nizamnaməsindəki beşinci maddəyə - sənədin əsas bölümünə müraciət edib. Xatırladaq ki, beşinci maddə hər hansı NATO üzvünün təhlükə qarşısında qaldığı hallarda bütün alyansdaşların ümumi səylərinin birləşdirilməsini nəzərdə tutur. Beşinci maddə NATO üzvlərindən birinə qarşı hücumu bütün üzvlərə qarşı aksiyaya bərabər tutur.
NATO belə bir addımı heç bir vaxt - nə Koreya, nə Vyetnam, nə Folklend müharibəsi, nə də Süveyş böhranı zamanı atıb.
Müşahidəçilərin bir qismi bu fikirdədir ki, NATO dövlətlərinin birgə bəyanatı yalnız həmrəylik nümayişi xarakteri daşıyır və bunun arxasında fəal hərbi əməliyyatların keçirilməsi istisna edilə bilər. Həqiqətən də son zamanlarda NATO-da ABŞ-la Avropa dövlətləri arasında müəyyən fikir ixtilaflarının baş qaldırması fonunda bu birgəlik paradını hər iki tərəf üçün əvəzləyici prosedura bənzətmək olar. Bu mənada hadisələrin bəyanatdan uzağa getməyəcəyi haqda mülahizələri əsaslı saymaq olar - amma yalnız qismən. Ən azı ona görə ki, ABŞ-da baş verən son olaylar Avropa dövlətlərini öz mövqelərini bir daha nəzərdən keçirməyə vadar edəcək və ümumi əhval-ruhiyyəni Vaşinqtonun tutduğu məxrəcə doğru "sürüşdürəcək". İndidən Böyük Britaniya və Türkiyənin (Ecevit: "ABŞ-ın yanındayıq!") ABŞ-la birgə əməliyyatlara "yox" deməyəcəyini təxmin etmək olar. Avropa dövlətlərinin ABŞ-ın atmaq istədiyi cavab addımlarına nə dərəcədə dəstək verəcəyinə gəlincə, burada çox şey həmin tədbirlərin sərtlik xarakterindən asılı olacaq.
Hələlik ABŞ-ın hansı addımları atacağı bəlli olmasa da, prezident Corc Buşun, dövlət katibi Kollin Pauelin bəyanatları Vaşinqtonun əlini-əlinin üstünə qoyub oturmayacağını güman etməyə əsas verir. Bu məsələdə Senat
prezidentin xəttini dəstəkləyəcək qərar çıxarıb - qurum Konqres palatalarının birgə hazırladığı deklarasiyanı qəbul edib. Sənəddə deyilir ki, ABŞ cavab vermək haqqını özündə saxlayır.
Hazırda gündəmdə əməliyyatların iki növü durur: raket zərbələri və quru əməliyyatları. Birinci plan ABŞ-ın əsas hədəfi olan Üsəma bin Ladenin yerləşdiyi nöqtənin bəlli olmaması fonunda bir qədər perspektivsiz görünsə də, daha təhlükəsiz "müharibə" vəd edir. Quru əməliyyatlarına gəlincə, hər şeydən öncə, onların müvəffəqiyyətini şübhə altına almaq olar. İndi ABŞ prezidentinə bölgəyə əsgər yeritmək ideyasından daşınmaq haqqında çoxsaylı tövsiyələr gəlir. Prezidentin müşavirlərini anlamaq çətin deyil - Əfqanıstanın ərazisi son dərəcə genişdir və burada yalnız silah gücünə nəyəsə nail olmaq bir qədər çətindir. Bundan başqa, əsgəri hissələrin bölgəyə yeridilməsi üçün uyğun arxa təminatı, çıxış məntəqəsi məsələsi də açıq qalır. İndiki halda söhbət yalnız Pakistanın icazəsindən gedə bilər. Amma İslamabad ötən ay ABŞ-ın bu haqda təkliflərini rədd etmişdi. ABŞ mətbuatı yazır ki, hazırda bu sahədə danışıqlar gedir və müəyyən razılıq əldə edilib.
Gündəmdə duran məsələlərdən biri də NATO-nun Rusiya ilə birgə əməliyyat keçirməsidir. Fransa müdafiə nazirinin təklifindən sonra Moskvadakı dairələr tərəfindən daha həvəslə şişirdilən bu mülahizə o qədər də əsaslı görünmür - ABŞ-ın yeni rəhbərliyi hər vasitə ilə anlatmağa çalışır ki, bu sahədə Rusiya ilə əməkdaşlığa soyuq yanaşır. Əslində bu gün Vaşinqton terrora qarşı bütün dünyanın birləşməsindən daha çox NATO-nun sıralarında sıxlaşmanı görmək istəyir və öz ideyasını həyata keçirmək üçün son faciəni yaxşı fürsət sayır. Demək, Moskvanın müxtəlif səviyyələrdə dəstəklədiyi "Şimaldan Rusiya və Məsud, Cənubdan NATO" formulu keçərli sayıla bilməz.
Hələlik hücum obyekti naməlumdur. Sözsüz, əsas obyekt Əfqanıstan olaraq qalır. Amma Yaxın Şərq əməliyyatları haqqında da söhbətlər gedir. Hər halda Donald Ramsfeldin günahkarları fələstinlilər arasında aramasını müəyyən planların eskizinin tərkib hissəsi kimi qavramaq olar.
|
Bin Ladeni
kim maliyyələşdirir?
|
Fransanın "La Tribune" qəzeti Üsəma bin Ladenin kommersiya fəaliyyəti haqda apardığı təhqiqatların nəticələrini dərc edib. Burada deyilir ki, Üsəma 1994-cü ildə Səudiyyə Ərəbistanı vətəndaşlığından məhrum edildikdən sonra ailəsindən 300 milyon dollar miras alıb və bu vəsaiti sonrakı terrorçu fəaliyyətinin inkişafına yönəltmək üçün kommersiyaya cəlb etmək qərarına gəlib. 1990-cı illərdə onun rəhbərlik etdiyi şirkətlər dünyanın bütün nöqtələrinə səpələnmişdi.
Onun fəaliyyəti iki istiqamətdə inkişaf edirdi - bir tərəfdən yəhudilər və xristianlar əleyhinə müqəddəs müharibə, digər yandan özündə tikinti şirkətlərini, bankları və nəqliyyat müəssisələrini birləşdirən holdinq kimi. 1996-cı ildə Xartumdan gedəndə Üsəmanın bank hesablarında 50 milyon dollarlıq əlavə yatırım toplanmışdı. Sudanı tərk etsə də, bin Laden həmin şirkətlərə nəzarəti öz əlində saxlayır. Bundan başqa, səudiyyəli terrorçu öz ailəsinin məşhur "Saudi Ben Laden Grour" (SBG) inhisarının yardımına da bel bağlaya bilər. Üsəmanın adı holdinqin heç bir rəsmi sənədində yer almır. Bununla belə, təhqiqat müəllifləri onun əsası 1931-ci ildə Üsəmanın atası tərəfindən qoyulmuş SBG-dən faydalanmadığına şübhə ilə yanaşırlar və fikirlərini əsaslandırmaq üçün həmin inhisarın rəhbərlərinin məşhur terrorçunun ən yaxın qohumlarından ibarət olmasını önə çəkirlər.
1991-ci ildə SBG-nin dövriyyəsi 36 milyard dollar təşkil edib. Hazırda qrup inşaat, telekommunikasiya, nəşriyyat işləri ilə məşğul olur. Holdinqə 15 böyük şirkət daxildir. Yaxın Şərqin bir sıra dövlətlərində, Asiya, Fransa, Böyük Britaniya və ABŞ-da onun filialları var. SBG özünün filialı olan SICO vasitəsilə ABŞ-da ən böyük əczaçılıq kompaniyasının səhmlərinin böyük bir hissəsinə nəzarət edir. Hesabatda deyilir ki, bin Ladenin terrorçu fəaliyyəti dünyanın məşhur iqtisadi qurumları, iri maqnatlar ilə qurduğu güclü əlaqələrsiz mövcud ola bilməz.
|
Afrika Birliyindən
Afrika Birləşmiş Ştatlarınadək
|
Sentyabr ayının 1-də Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi öz milli bayramı - Fatih inqilabının növbəti ildönümü qeyd etdi. 1969-cu ildə Liviya ordusunun baş leytenantı Müəmmər Qəzzafinin rəhbərliyi altında zabitlər qrupu kral İdrisi devirərək gələcəkdə Cəmahiriyyə adlanan yeni dövlət formasının təməlini qoydular.
Həmin tarixi hadisədən keçən 32 il ərzində bu Şimalı Afrika ölkəsi çətin və beynəlxalq ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayan ziddiyyətli yol keçib. Liviya Məğrib ölkələri arasında böyük iqtisadi sıçrayışa nail olaraq regionda aparıcı dövlətə çevrilib. Bu iqtisadi sıçrayış Liviyaya nəinki ərəb dövlətləri arasında xüsusi çəki gətirib, həm də bütövlükdə Afrika qitəsində liderlik etmək iddiasında olmağa imkan yaradıb. Təkcə Afrika Birləşmiş Ştatları ideyasıyla Afrika Dövlətləri Birliyinin adı çəkilən quruma transformasiya cəhdləri Liviyanın regional geosiyasi durumda irəli gələn ambisiyalarından xəbər verir. İdeya 36 Afrika dövləti tərəfindən dəstək qazanıb. Lakin vaxtilə Liviya Ərəb Birliyi ideyasıyla çıxış etmiş, lakin bəzi ərəb dövlətləri və xüsusilə də Fars körfəzi ölkələrində bu ideya qısqanclıqla qarşılanmışdı.
ABŞ-la diplomatik əlaqələrin olmaması və Liviya avuralarının Amerika banklarında dondurulması ölkə iqtisadiyyatının inkişafına maneə törətsə də, digər Avropa ölkələri və xüsusilə də keçmiş metropoliya İtaliya ilə sıx əlaqələr həmin çətinlikləri ağrısız keçirməyə imkan verir.
1986-cı ildə NATO qüvvələri tərəfindən Liviya şəhərlərinin bombardman edilməsi və uzun illər Liviyaya qarşı iqtisadi sanksiyaların tətbiqi Liviyanın ölkə daxilində keçirilən nəhəng layihələrini həyata keçirməsinə mane olmadı. Ölkənin cənubda yerləşən su mənbəyində "yeraltı çayın" tikintisinin ardınca Liviya daha yeni bir layihəni reallaşdırmaq əzmindədir. Bu dəfə Liviya dövləti 3000 km-lik məsafəni əhatə edən və 90 stansiyanın tikilməsi nəzərdə tutulan - Şimaldan Cənuba istiqamətlənən dəmir yol xəttinin çəkilişini planlaşdırır. Tikinti işləri 2003-cü ilədək sona yetməlidir. Dünyanın ən isti nöqtələrindən sayılan Liviya səhrasından keçəcək bu dəmir yolu xətti gələcəkdə daha da cənuba çəkilərək transkontinental dəmir yol xətti adlanacaq. Hətta bu layihəni Liviyada dünyanın səkkizinci möcüzəsi adlandırırlar. Bunun üçün zəruri kadr hazırlığını xaricə ezam olunmuş milli mütəxəssislər həyata keçirəcək.
MDB dövlətləri ilə Liviyanın münasibətinə gəldikdə isə həmin ölkə SSRİ-nin süqutundan sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olub. Öz elçiliyini də Rusiya və Ukraynadan sonra məhz Azərbaycanda açıb. Uzun müddət həmin səfirlik Qafqaz və Mərkəzi Asiyada yeganə təmsilçi olub. Azərbaycan tələbələrinin Liviyada təhsil almasıyla bağlı müqavilələr imzalanıb. Bu proses indi də davam edir.
Liviya beynəlxalq arenada da öz nüfuz dairəsini genişləndirir. Böyük Britaniya Krallığıyla diplomatik əlaqələr bərpa olunub. Terrorçuluqda günahlandırılan iki vətəndaşın Beynəlxalq Məhkəməyə təqdim edilməsi Liviyanın imicinə müsbət təsir göstərdi. Bu günlərdə ABŞ-da baş verən dəhşətli faciədə terror aktını törədənlərin ehtimal olunan siyahısında "Liviya izinin" olmaması və ya Liviyanın adınının ötəri hallandırılması əminlik yaradır ki, bu ölkə yaxın vaxtlarda tədricə özünün Qərb siyasətində də bə`zi dəyişikliklər edə biləcək.
Ermənistanı küncə
sıxmağın vaxtıdır
Bu ölkənin dünyanın terrorizm xəritəsində xüsusi yeri var və onu
beynəlxalq instansiyalarda təsbit etməyin əsl vaxtıdır.
Təbii ki, əgər beynəlxalq birliyin "ikili standartlar" siyasəti yenə işə düşməsə
|
Amerikadakı olaylardan sonra beynəlxalq birliyin transmilli terrorizmə qarşı daha intensiv tədbirlər görməsi zəruri addımdır. Çünki Birləşmiş Ştatların başına gələnlər göstərdi ki, beynəlxalq terrorun indiki möhtəşəm şəbəkəsi qarşısında hətta fövqəldövlət də təkbaşına dayanmaqda acizdir. Təbii ki, terror və təcavüzdən daima əziyyət çəkən Azərbaycan da beynəlxalq səylərə öz töhfəsini verməlidir.
Bizim üçün əlahiddə məsələ cari situasiyada məhz Ermənistanın terror dövləti olduğunu sübutlamaqdır. Sözsüz ki, bu, çoxşaxəli siyasi-hüquqi çalışmaları zəruri edir. Amma şərait kifayət qədər əlverişlidir. Söhbət təkcə Ermənistanın Azərbaycana qarşı təcavüzünün gerçək terrorla müşayiət olunduğunu, yaxud onun beynəlxalq miqyasda "ad çıxarmış" terror ixrac edən dövlətlərlə və erməni mənşəli terrorçularla əlaqələrini təsdiqləyən sənədlərin beynəlxalq qurumların diqqətinə çatdırılmasından getmir. Bütün bunlar vacibdir. Lakin ən önəmlisi terrora və terroru təşviq edən dövlətlərə qarşı beynəlxalq müstəvidə bundan sonra hazırlanacaq normativ-hüquqi aktların, konvensiyaların imkanından yetərli istifadə olunmasıdır.
Konkret addımlar üçün müəyyən baza artıq mövcuddur. Son illər beynəlxalq terrorizmlə bağlı çeşidli instansiyalarda qəbul edilən hüquqi sənədlərdə bu kabusun kifayət qədər geniş təsnifatı verilir. O cümlədən, BMT səviyyəsində qəbul olunmuş bir sıra qətnamələrdə aqressiv separatizm və siyasi ekstremizm məhz müasir terrorun təzahürləri kimi təsnifatlandırılıb. Birləşmiş Ştatların sənədlərində dünyadakı bir sıra etnik zəminli konflikt bölgələrində silahlı separatçılıq mübarizəsi məhz terrorçuluq kimi səciyyələndirilir. Bu isə o deməkdir ki, Azərbaycan hətta mövcud şərtlər daxilində də beynəlxalq səviyyədə Dağlıq Qarabağdakı erməni separatizminin analoji təsnifatına nail ola bilər. BMT TŞ-nin 1993-cü ildə Dağlıq Qarabağa dair qəbul etdiyi dörd qətnamədə (822, 849, 874, 884 saylı) erməni separatizmini terrorla müşayiət olunduğunu göstərən müəyyən müddəalar var.
Düzdür, həmin sənədlərdə Ermənistanın Qarabağdakı proseslərə dəstəyi bilavasitə qeyd olunmur, amma bu fakt digər sənədlərdə, o cümlədən, bu ilin aprelində ABŞ Dövlət Departamentinin Dağlıq Qarabağ konflikti ilə bağlı yaydığı bəyanatda təsbitlənib. Sadəcə, Azərbaycanın xarici siyasəti bu istiqamətdə ardıcıl fəaliyyət göstərməlidir. Amerikadakı hadisələrdən sonra siyasi məqsədlərə terror vasitəsilə nail olmağın yolverilməzliyi və ona qarşı ən sərt mübarizənin vacibliyi barədə müddəalar beynəlxalq hüquqda daha da önə çıxacaq. Ermənistanın Dağlıq Qarabağda milli azlıqların hüquqlarını təmin etmək pərdəsi altında Azərbaycana qarşı təcavüz və dövləti terror apardığı da faktdır və onu bu müddəalar müstəvisində təsdiqləmək gərəkdir.
Azərbaycanın Avropa Şurası müstəvisində çalışmaları daha effektli ola bilər. Artıq AŞPA-dakı Azərbaycan heyəti Ermənistanın Dağlıq Qarabağda etnik təmizləmə, varvarlıq və aşkar terrorçuluqla məşğul olduğunu sübuta yetirəcək bir neçə təşəbbüslə çıxış edib. Avropa Şurasının hüquqi əsasları (dövlətlərin ərazi bütövlüyü), habelə bütün üzv ölkələrin üzərinə qoyulan başlıca öhdəlik (qonşu dövləti güclə təhdid etməmək) Ermənistan tərəfindən çoxdan ayaq altına salınıb. Odur ki, nəzəri cəhətdən Ermənistanı beynəlxalq müstəvidə küncə sıxmaq üçün imkan yetərlidir. Onun realizəsi isə Azərbaycanın praktiki addımlarından və bir də beynəlxalq birliyin bu cür məsələlərdə nə dərəcədə obyektiv mövqe tutacağından asılı olacaq. Çünki indiyədək "ikili standartlar" yanaşmasından biz dəfələrlə əziyyət çəkmişik. Güman edək ki, heç olmasa, Avropa Şurasının yüksək heyətinin regiona cari səfəri həmin "standartlarla" müşayiət olunmayacaq.
|