|
|
|
|
#107(331)
|
 |
Müsavatda qruplaşma o həddə çatıb ki, artıq Divanın iclaslarında başqanın sağında əyləşən A.Hacıyev və tərəfdarları, solunda əyləşən R.Arifoğlu və onun tərəfdarları bir-birinə salam belə vermirlər.
Aldığımız məlumata görə, son Divan iclasında Rauf Arifoğlu və Arif Hacıyev arasında "atışma" olub. R.Arifoğlu təşkilat şöbəsini işləməməkdə ittiham edib. Hətta "hədə-qorxu" gələrək "Yeni Müsavat"a ayrı yerdə ofis kirayələyəcəyini və "Yeni Müsavat"la partiyanın əlaqələrini kəsəcəyini deyib. Divan üzvləri "Məmləkət" sorğu mərkəzinin nəticələrinə ciddi şəkildə öz etirazlarını bildiriblər. Bundan başqa, Divanda AXCP (klassiklər) haqqında məsələ də ciddi müzakirə obyekti olub. AXCP (klassiklər) funksionerlərindən bəzilərinin Müsavatın əleyhinə işlədiyi haqda fikirlər səslənib. Bildirilib ki, Müsavat artıq "Klassiklər"ə görə çox risqə getməsin və digər müttəfiqlərlə münasibətləri yaxşılaşdırmağa daha çox diqqət yetirsin.
Azərbaycançı Qüvvələr Birliyinin icraçı katibi Sahib Xəlilov bu qurumun növbəti iclaslarda kütləvi aksiyaların vaxtını və şüarlarını müəyyənləşdirəcəyini deyir. Mitinq "İş, Çörək, Qarabağ" şüarı altında keçiriləcək. "Biz mitinq xətrinə mitinq keçirmək istəmirik, buna yaxşı hazırlaşmaq lazımdır. Ola bilsin ki, sentyabrın axırı oktyabrın əvvəlində bu məsələ reallaşsın."
Birlikdə mitinqə tərəfdar olan və olmayanlar haqda S.Xəlilov bildirdi ki, bu məsələdə hamının fikirləri üst-üstə düşür.
|
...Hər həftə əlaqə saxlayırlar
|
Ədalət Partiyası mətbuat xidmətinin rəhbəri Elxan Şükürlü hazırda Ədliyyə Nazirliyindən rəsmi cavab gözlədiklərini deyir. "Biz hər həftə nazirliklə əlaqə saxlayırıq, lakin onlar hələ də gözləmə mövqeyi tuturlar. Halbuki, bir ay müddətinə bizə cavab verməliydilər." E.Şükürlü qeyd etdi ki, Ədliyyə Nazirliyi məsələni yubatdığına görə, məhkəməyə də müraciət edə bilərlər.
|
...Dağılacaq, mütləq dağılacaq
|
Müstəqil ekspert Cümşüd Nuriyevin fikrincə Qarabağa dair Xartiya Azərbaycana heç nə verməyəcək. Çünki bu xartiyanı imzalayanlar ümumiyyətlə müharibədən xəbəri olmayan şəxslərdir. Təşkilatın gələcəyinə inanmadığını söyləyən C.Nuriyev burada qeyri-ciddi məsələlərin qoyulduğunu deyib. "Mən müharibə vaxtı Ali Sovetin sədri işləmiş Yaqub Məmmədovdan soruşmuşam, onun xəbəri yoxdur. Baş nazirin müavini olmuş Vahid Əhmədovun, müdafiə naziri olmuş Dadaş Rzayevin ümumiyyətlə bu məsələdən xəbərləri yoxdur. Halbuki onlar Qarabağla bağlı danışıqları aparmışdılar. Bu xartiyanı imzalayanlar müharibəni gözləri ilə görməyiblər. Bircə Tofiq Zülfüqarov danışıqlarda iştirak edib, o da nəzəri cəhətdən. Eldar Namazov isə məktubları görüb. Qalan iki nəfər ümumiyyətlə müharibə haqqında bilmir. Qeyri-səmimi olduğuna görə, bu xartiya mütləq dağılacaq.
|
...Lazım olsa, deyəcəklər
|
ADP mətbuat xidmətindən verilən məlumata görə, partiya funksionerləri Y.Bağırzadə, A.Quliyev və N.Məmmədli sentyabrın 13-də Amerika səfirliyinə gedərək ADP-çilərin Nyu-Yorkdakı məlum hadisə zamanı zərərçəkənlərə qan vermək istəyində olduqlarını bildiriblər. Onlara öz təşəkkürünü bildirən Amerika Səfirliyinin nümayəndəsi lazım gələrsə, bu partiyaya müraciət edəcəklərini deyib.
|