Siyasət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#107(331)
"Antiterror əməliyyatlarına başlamaq olar"
İlyas İsmayılov: "Ermənistana qarşı başlanacaq bu əməliyyatlara görə, Azərbaycanı heç bir dövlət ittiham edə bilməyəcək"

Üç gün əvvəl ABŞ-ın bir neçə ştatında baş verən, 10 minlərlə insanın ölümü ilə nəticələnən dəhşətli terror aktından sonra rəsmi Vaşinqton kifayət qədər sərt adımlar atacağını bəyan edib. Hadisədən bir neçə saat sonra ABŞ-ın yerli televiziyaları ilə xalqa başsağlığı verən prezident Corc Buş baş verən terror hadisəsini törədənlərin yaxın günlərdə lazımi cavablarını alacaqlarını dedi. Və bidirdi ki, ABŞ-da, ümumiyyətlə, dünyada terrorizmlə mübarizə daha da gücləndiriləcək.
Ədalət Partiyasının sədri İlyas İsmayılov "Bizim ƏSR"in müxbiri ilə söhbətində sözügedən məsələyə münasibət bildirərkən deyib ki, artıqqÿbeynəlxalq terrorizmlə mübarizə aparmaq üçün real zəmin var: "ABŞ haqlı olaraq terrorizmi dəstəkləyən dövlətlərə qarşı sərt mövqe nümayiş etdirir. Ermənistan da terrorçu, terrorizmi müdafiə edən dövlətdir. Onların "Asala" kimi bütün dünyada tanınan terrorçu təşkilatları var. Bundan başqa, Ermənistanın Dağlıq Qarabağda törətdiklərinin hamısı separatçı və terrorçu hərəkətlərdir. Rəsmi Yerevan bu gün də açıq-aşkar Dağlıq Qarabağdakı terrorçuları dövlət səviyyəsində dəstəkləyir". İlyas İsmayılov deyir ki, bundan sonra ABŞ Ermənistanı terrorçu, terrorizmi dəstəkləyən dövlət kimi tanıya bilər: "ABŞ-ın Ermənistana qarşı mövqeyində hər hansı bir dəyişiklik etməsi bizim bundan sonra göstərəcəyimiz fəaliyyətdən daha çox asılıdır. Biz bundan sonra ABŞ-ın qarşısında yeni-yeni məsələlər qaldırmalı, ermənilərin ÿterrorçu, separatçı dövlət olduğunu təsdiqləyən faktları üzə çıxarmalıyıq". Rəsmi Vaşinqtonun "ABŞ həm Amerikada, həm də bütün dünyada terrorizmlə mübarizəni gücləndirəcək" bəyanatı bir müddət əvvəl Azərbaycanda da ortaya atılan "Ermənistana qarşı anti-terror əməliyyatlarına başlamalıyıq" təklifini gözlənilmədən aktuallaşdırıb. İlyas İsmayılovun sözlərinə görə, ABŞ-da baş verən son hadisədən sonra həmin təklifi reallaşdırmaq üçün münbit şərait yaranıb: "Biz yaranmış şəraitdən istifadə etməliyik. Beynəlxalq normalara görə, hər bir dövlət terrorizmə qarşı mübarizə apara bilər. Buna görə bizə heç bir dövlət təzyiq göstərə bilməz. Hesab edirəm ki, Azərbaycan Ermənistana qarşı anti-terror əməliyyatlarına başlaya bilər".

"ABŞ-da kiminləsə görüşmək mümkün deyil"
Zərdüşt Əlizadə və Sərdar Cəlaloğlu geri qayıdırlar

Dəhşətli terror hadisələri ərəfəsində ABŞ-a səfər edən ADP baş katibi Sərdar Cəlaloğlu və ASDP həmsədri Zərdüşt Əlizadənin bu ölkədə nəzərdə tutulan görüşləri təxirə düşüb. ABŞ-da qalmağın mənasızlığını görən Azərbaycan siyasətçiləri yaxın günlərdə geri qayıtmaq barədə düşünürlər.
ADP Ali Şrasının üzvü Nurəddin Məmmədlinin bildirdiyinə görə, hazırda ABŞ-ın bütün strukturlarının diqqəti terror hadisəsinə yönəlib: "Əvvəlcədən dövlət strukturlarında, Dövlət Departamentində, Konqresdə ciddi görüşlər nəzərdə tutulmuşdu. Eləcə də bir sıra ictimai təşkilatlarda görüşlər keçirilməliydi. Ancaq ABŞ-da fövqəladə rejim, matəm elan olunub. Belə bir şəraitdə kiminləsə görüşmək mümkünsüzdür".
Nurəddin Məmmədli həmçinin bildirdi ki, son günlər ABŞ-la əlaqə saxlamaq da çətinləşib: "ABŞ-da rabitə sistemi ilə bağlı vəziyyət xeyli mürəkkəbdir. Çünki dağılan qoşa binanın üzərində yerləşdirilmiş antena Nyu-Yorkda mobil rabitə sistemini təmin edirdi. Ona görə də ABŞ-la çox çətinliklə əlaqə yarada bilirik".

Rusiya üçün Qəbələ RLS-in əhəmiyyəti artacaq?
Asim Mollazadə: "Stansiya ilə bağlı Azərbaycan sərt mövqe nümayiş etdirməlidir"

Sentyabrın 11-də ABŞ-da baş verən və dünyanı sarsıdan dəhşətli terror aktı dolayısı ilə Qəbələ Radio lokasiya Stansiyasına (RLS) da öz təsirini göstərdi. Xatırladaq ki, ABŞ-da baş verən hadisə ərəfəsində Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə onun rusiyalı həmkarı Sergey İvanov arasında görüş keçirilmişdi. Müdafiə nazirlərinin görüşündə əsas müzakirə predmeti Qəbələ RLS-in statusu olub. Qəbələ RLS-in Rusiyaya icarəyə verilməsiylə bağlı nazirlər arasında müəyyən razılaşmalar əldə edilsə də, görüşün nəticələri ilə bağlı konkret açıqlama hələ də verilmir.
Azərbaycanın bəzi hərbi ekspertləri iddia edir ki, ABŞ-da baş verən son terror hadisəsi Rusiya üsün Qəbələ RLS-in əhəmiyyətini daha da artırıb. Bu səbəbdən də Azərbaycan Qarabağ probleminin həllində Qəbələ RLS-dən güzəşt kartı kimi istifadə edə bilər.
AXCP (islahatçılar) sədrinin beynəlxalq məsələlər üzrə müavini, millət vəkili Asim Mollazadə hər şeydən əvvəl Qəbələ RLS-in ətraf-mühitə vurduğu ziyanın dəqiqləşdirilməsi tərəfdarıdır: "Hesab edirəm ki, Azərbaycana məxsus RLS-in Rusiyaya icarəyə verilməsi məsələsində rəsmi Bakı kifayət qədər ehtiyatlı addımlar atmalıdır. Əgər həmin stansiya Azərbaycana məxsusdursa, onda müqavilə imzalanarkən bizim hüquqlarımız daha qabarıq şəkildə ortaya qoyulmalıdır. Düşünürəm ki, stansiya ilə bağlı Azərbaycan heç bir öhdəlik götürməməlidir".
ABŞ-da baş verən hadisələrin Qəbələ RLS-in əhəmiyyətinə təsir etməsi fikrinə gəlincə, Asim Mollazdə bu versiyaya inanmadığını dedi. Onun sözlərinə görə, Amerikada Qəbələ RLS-ə bənzər stansiyaların sayı daha artıqdır: "Açıq-aşkar göründü ki, bu cür terror hadisələrinə qarşı həmin stansiyalar heç bir iş görə bilmədi. Amma bununla belə, Azərbaycan Qəbələ RLS-dən müəyyən güzəştlər qoparmaq üçün istifadə edə bilər".

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd