İdman

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#107(331)
"Kiçik futbol"un böyük iddiaları
Azərbaycan Futzal Federasiyası rəsmilərinin sözlərinə görə, yeni mövsümdə FİFA və UEFA-nın tələbləri əsas götürüləcək

Coğrafiyasını gün-gündən genişləndirən, daha çox tamaşaçı auditoriyasına malik olan futzal Azərbaycanda çoxdan sevilir və populyar idman növlərindəndir.
Hətta onun təşəkkül tapdığı məkan olaraq öncə Azərbaycanın adı çəkilir, ölkəmiz futzalın (daha dəqiq desək, mini-futbolun) vətəni kimi təqdim edilir. Bizdə futzala maraq həqiqətən böyükdür və ölkə çempionatının oyunları zamanı dəfələrlə bunun şahidi olmuşuq. Futzal üzrə növbəti mövsümün başlanmasına cəmi 9 gün qalır. Yeni mövsümdə hansı dəyişikliklər gözlənilir, çempionatın reqlamenti necə nəzərdə tutulub? Bu və digər suallara Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Ceyhun Şərifovla söhbətdə cavab aradıq.
Bildiyimizə görə, yeni mövsümdə bir sıra yeniliklər tətbiq ediləcək...
- Bəli, elədir - yeniliklərdən biri odur ki, indən belə futzalda çıxış edəcək oyunçularla fərdi qaydada müqavilə imzalanacaq və həmin sənədin surəti federasiyaya göndəriləcəkdir. Halbuki, əvvəllər futzalçı klublarda şifahi razılaşma əsasında çıxış edirdi. Bunu ona görə etdik ki, idmançılar ora-bura qaçmasınlar. Məsələn, elə olub ki, oyuçu birinci dövrədə "Azərneftyanacaq"da, ikinci dövrədə başqa klubda çıxış edib. İndi isə futzal klublarının yaranması və formalaşmasına sırf peşəkarlıqla yanaşılacaq. İşimizi FİFA və UEFA-nın yeni tələbləri çərçivəsində qurmalıyıq. Oyunçularla imzalanacaq müqavilə notariat tərəfindən təsdiqlənməli, Ədliyyə Nazirliyi klubları qeydə almalı və s. Ümumiyyətlə, işlər böyük futbol və peşəkar klublarda olduğu kimi, müasir tələblərə cavab verməlidir. Bu ildən futzal klubları arasında ilk dəfə Çempionlar Liqası yarışları keçiriləcək. Gələn ildən isə UEFA kuboku uğrunda da yarışların təşkili gözlənilir.
Bəs, komandalarımızın həmin yarışlara qoşulma mexanizmi necədir?
- Ölkə kubokunun sahibi və çempionatda ikinci yeri tutmuş komanda UEFA kuboku uğrunda yarışlarda, ölkə çempionu isə Çempionlar Liqası turnirində çıxış etmək hüququ qazanacaq. Deməli, ölkəmiz Avropa miqyaslı turnirlərdə 3 komanda ilə təmsil olunacaq. Çempionlar Liqasının indiki yarışları sınaq xarakteri daşıyır və komandalar ayrı-ayrı qruplarda mübarizə aparırlar. Ancaq gələcəkdə ola bilər ki, futzal klubları arasında turnirlərdə də böyük futbolda olduğu kimi, komanda bir oyunu səfərdə, digərini öz meydanında keçirsin.
Klublarımız buna hazırdırmı?
- Düzünü desəm, yox. Biz artıq müəyyən problemlərlə üzləşmişik. "Turan AİR" komandası bu il çempion oldu. UEFA dərhal həmin klubun ünvanına faks göndərib, onun bank rekvizitini istədi. Yaxşı ki, "Turan AİR"in bank ünvanı vardı. Başqa bir klub olsaydı, Allah bilir, hansı başağrıları ilə üzləşəcəkdik.
Klublarda oyunçuların sayının 12-dən 18-dək artırılması hansı zərurətdən irəli gəldi?
- Komanda üzvlərinin sayı 18-dən az da ola bilər, çox da. Minimum say həddi isə 12-dir. Ancaq inanmıram ki, hansısa komanda heyətində 18-dən artıq futzalçı saxlaya bilsin.
Böyük futbolda oynayan 3 oyunçunun futzala cəlb edilməsi məsələsi doğrudurmu?
- Bəli, belə bir qayda var. 1999-cu ilin fevral ayında FİFA müvafiq qərarı ilə buna icazə verib.
Belə olan təqdirdə, futbolçunun özünü futzalda təstiqləyəcəyi müəmmalı görünmürmü?
- 1997-ci ildə Amsterdamda stadionun açılışı münasibətilə tədbir keçirilirdi. Tədbirə böyük futboldan bir çox məşhur futbolçular çağırılmışdı. 100 metrlik böyük meydanı dörd yerə bölüb, mini meydançalar yaratdılar. Futzalçılar orada Hollandiya seçmə komandasını darmadağın etdilər. Bu bir daha sübut etdi ki, böyük futbolda, belə deyək də, Allahlıq edənlər futzalda acizdirlər. Tutaq ki, İqor Ponomaryov milli seçmə komandanın ən yaxşı beş oyunçusunu ayırıb "Turan AİR"lə qarşılaşmaya çıxarsın. İnandırım ki, futzalçılar onları quru hesabla udarlar. Çünki burada daimi yüksək sürət tələb olunur. Oyunçu 2 dəqiqədən artıq meydanda hərəkət edə bilmir, yorulur. Böyük futbolda isə uzaq məsafəyə ötürmə edib, bir xeyli dincəlmək mümkündür. Ancaq futzalda bir saniyə belə dayanmamalısan. FİFA böyük futboldan oyunçuların futzala cəlb edilməsinə icazə versə də, qərara almışıq ki, gətirilənlərin sayı 3-dən artıq olmasın. Nə üçün? Ona görə ki, futbolçuların sayı çox olsa, futzal klubları öz üzərlərində işləməyəcəklər, yeni oyunçuların yetişdirilməsi ikinci plana keçəcək.
Bəs, oyunların futbolla eyni vaxtda - şənbə və bazar günü keçirilməsi çətinlik törətməyəcək ki?
- Bunu bilərəkdən etmişik ki, klublar böyük futboldan oyunçu götürməsinlər, onları özləri yetişdirsinlər. Əsasnamədə də yazılıb ki, böyük futboldan oyunçu cəlb edilirsə, bu, həmin futbolçunun məxsus olduğu klubun rəhbərliyi ilə rəsmən razılaşdırılmalıdır.
Cəza məsələsi necə tənzimlənəcək?
- Biz bu məsələyə nizam-intizam komitəsində baxmışıq. Sarı, qırmızı vərəqəyə görə cəzalar hər turnirin özünə aid ediləcək. Ancaq xüsusi kobudluq və xuliqanlığa görə verilən cəzalar hər iki tərəfdə - həm böyük futbolda, həm də futzalda qüvvədə olacaqdır.
Ölkə kuboku uğrunda yarışlar hansı reqlament üzrə keçiriləcək?
- Azərbaycan kuboku uğrunda yarışlar qruplar üzrə təşkil ediləcək. Güclülər dəstəsi və həvəskarlar liqasının hər birindən 8 komanda cəlb ediləcək. Həvəskar kollektivlər kubok yarışlarında iştirak etmək üçün 2 milyon manat ödəməlidirlər. Bu qayda kubok yarışlarına qoşulmaq arzusunda olanların hamısına şamil ediləcək. Ölkə kuboku turniri iştirakçı komandaların sayından asılı olaraq 4-5 qrupda təşkil ediləcək.
Güclülər dəstəsində çıxış etmək istəyən komandalar üçün də üzvlük haqqı nəzərdə tutulub?
- Əlbəttə. Yüksək liqa komandaları 8 milyon manat ödəməlidirlər.
Həvəskarlar liqasının birinci dəstə ilə əvəzlənməsi daha məqsədəuyğun olmazdımı?
- Bu, səbəbsiz deyil. Həvəskarlar liqasında çıxış edən komandalar müəssisə və idarələrə məxsusdurlar. Bu liqada müxtəlif nazirliklər, eləcə də "Star Taksi" və başqa şirkətlərin komandaları oynayır. Onlar sıfr həvəskar əsaslarla yaradılmış kollektivlərdir. Lakin klubları xəbərdar etmişik ki, gələn ildən hər bir komandanın mütləq 16 yaşlılardan ibarət əvəzedici heyəti olmalıdır. Çünki biz ehtiyat qüvvənin yetişdiriləsinə indidən başlamasaq, sonra gec olacaq. Hazırda yüksək liqada çıxış edən yalnız 4 komanda əvəzedici heyətə malikdir.
Futzalın bu gün nə kimi çətinliyi var?
- Əsas çətinliyimiz sözsüz ki, maliyyə ilə bağlıdır. Vəsaitimiz olsa, Rusiya və başqa xarici ölkə klublarını dəvət edərik. Gəlib bizimlə turnirlərdə iştirak edərlər. Xarici klublarla yoldaşlıq görüşlərinin təşkili oyun təcrübəsi toplamaq, həm də ustalıq səviyyəsini artırmaq baxımından çox əhəmiyyətlidir. İtaliya, Xorvatiya və Hollandiya kimi ölkələrdə kommersiya və qeyri-kommersiya xarakterli həm klub, həm də seçmə komandalar səviyyəsində ildə 100-dən çox turnir keçirilir. Bizim komandalar isə məhz maliyyə çatışmazlığı üzündən il ərzində barmaqla sayıla biləcək qədər turnirdə iştirak edə bilirlər.
Azərbaycanı Çempionlar Liqası turnirində təmsil edəcək "Turan AİR"ın hazırlığı hansı səviyyədədir?
- İlk oyunumuz İtaliyanın "Roma", ikincisi Moldovanın "Tiraspol", sonuncu görüşümüz isə "Araks"la olacaq. Əsas məsələ Ermənistan klubuna uduzmamaqdır. Allah eləməmiş uduzsaq, bunu heç cür özümüzə bağışlaya bilmərik. 1989-cu ildən bəri kollektiv idman növlərində ermənilərlə qarşılaşmamışıq. "Turan AİR" bu günlərdə Rusiyadan beş oyunçu gətirib. Mən komandada oynayan məşqçi kimi özünü təsdiqləmiş Andrey Yudini xüsusi qeyd etmək istəyirəm. Marat Abyanov adlı-sanlı futzalçıdır. Sergey Toçilin və Roman Sultanov - 18 yaşlı bu gənclər, habelə Konstantin Dişkeviç komandamızın oyununu yəqin ki, xeyli gücləndirəcəklər. İki gün əvvəl isə Viktor Volkov da "Turan AİR"in heyətinə daxil edilib. Bu təcrübəli idmançı İtaliyada böyük futbol oynayıb, sonra futzala adlayaraq, "Spartak"ın heyətində Çempionlar Kubokunu qazanıb. Komandada müsbət yönlü bu dəyişikliklər gələcəyə nikbin baxmağa əsas verir. İnanıram ki, "Turan AİR" sevindirici nəticələr qazanmaqla bizləri sevindirəcək.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd