Mədəniyyət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#107(331)
Akademiya gözləyir...
İslahatlardan isə bir xəbər yoxdur

Azərbaycan Respublikası Elmlər Akademiyasının adı Milli Elmlər Akademiyası ilə əvəzləndikdən və akademiyaya, nəhayət ki, yeni prezident seçildikdən sonra bu strukturda əsaslı dəyişikliklərin gözlənəcəyi barədə söz-söhbət yayılmağa başladı. Ölkədə məlum rejim dağılandan sonra da köhnə prinsiplərlə işləyən akademiyanın bu vaxta qədər dəyişən tək daxili görüntüsü idi.
Əvvəllər bu möhtəşəm binanın bütün mərtəbələrində müşahidə edilən tünlükdən, institutların qaynar ab-havasından indi əsər-əlamət belə qalmayıb. Uzaqlaşan uzaqlaşıb, qalanlar isə onsuz da təkgünlük sistemə əsaslanan iş rejiminə məhəl qoymadan bura ayda bir dəfə məvacib almağa gəlirlər. Bu məvacibin qədəri barədə isə heç danışmağa dəyməz. İnstitutlarda müşahidə edilən mənzərənin fonunda burada hansısa elmi araşdırmaların, tədqiqat işlərinin aparılması barədə fikirlər tamamən inanılmaz görünür. Bu şəkildə, sadəcə, mövcud olan akademiya sistemində bəzi zəruri islahatların aparılacağına və bu "ölü şəhərin" mümkün qədər canlandırılacağına ümid edən ölkənin elm ictimaiyyəti gec-tez bunun bir gün reallaşacağına inanırdılar. Bu mövzuda yayılan müxtəlif məzmunlu söz-söhbətlər isə islahatların yaxın gələcəkdə baş tutacağı haqda fikirlərə dəstək verməkdə idi. Belə ki, söz-söhbət akademiyanın bekar qadınları səviyyəsində deyil, məsul, aparıcı əməkdaşları səviyyəsində müzakirə edildiynidən, məsələnin kifayət qədər ciddi mahiyyət daşıdığı zənn edilə bilərdi. Məsələn, danışırdılar ki, institutların işçiləri ixtisar edilərək, üçdə biri saxlanılacaq. Və bu ixtisarın hesabına qalan işçilərin məvacibi bir neçə dəfə artırılacaq. Daha bir söz-söhbət isə institutların birləşdiriləcəyi barədə idi. Konkret olaraq, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun N.Gəncəvi adına Əlyazmalar İnstitutuna, İ.Nəsimi adına Dilçilik İnstitutunun isə N.Gəncəvi adına Ədəbiyyat İnstitutuna birləşdiriləcəyi, beləcə, institutların da işçilər kimi ixtisara salınacağı gözlənilirdi. Bu islahatların payızda - işçilər yay məzuniyyətindən qayıtdıqdan sonra aparılacağı da güman edilirdi.
Artıq sentyabrdır və akademiyanın qalan işçiləri məzuniyyətdən qayıdıblar. Lakin islahatlardan hələ də bir soraq yoxdur. Akademiyada qəribə bir ab-hava hökm sürməkdədir. Bəziləri müsbət dəyişiklikləri gözləyir, bəziləri isə ixtisar ediləcəklərindən ehtiyat edirlər. Hamı gözdə-qulaqdadır.
Bu gözləmənin sonunda nə olacağını dəqiqləşdirmək üçün Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər bölümünün sədri Ağamusa Axundova müraciət etdik. Ağamusa müəllim akademiyanın hazırkı qeyri-müəyyən durumu barədə hələ bir açıqlama verə bilməyəcəyini dedi. O, islahatların aparılacağı barədə deyilənləri təsdiq etdisə də, bunun nə vaxt və hansı şəkildə həyata keçiriləcəyi barədə dəqiq məlumatı olmadığını söylədi. İnstitutların birləşdirilməsi ilə bağlı deyilənlərə isə Ağamusa Axundovun münasibəti belə oldu: "İndidən heç nə deyə bilmərəm. Hazırda böyük bir layihə üzərində işləyirik. İstənilən halda bu ilin sonuna, gələn ilin ortalarına qədər hər hansı bir dəyişiklik gözlənilmir. İşçilərin attestasiyasına başlayırıq. Layihəni tam işləyib hazır edəndən sonra müzakirəyə çıxaracağıq. Səs çoxluğuna əsasən təklifləri qəbul edəcəyik. Yeni səmərəli təkliflər olarsa, dinləməyə hazırıq. Hər şey layihənin nə dərəcədə təsdiqindən asılı olacaq. İnstitutlar birləşdirilib ixtisar da edilə bilər, əksinə, sayları artırıla da bilər. Odur ki, indidən heç nə deyə bilmərəm".
Bildiyimizə görə, akademiya işçilərinin attestasiyadan keçirilməsi barədə institut rəhbərliklərinə yazılı tapşırıq artıq göndərilib. Məlumat üçün qeyd edək ki, attesatasiyanın aparılması nə az- nə çox, düz altı ay davam edəcək. Bu isə yaxın gələcəkdə hər hansı bir dəyişiklik olacağını bəri başdan rədd edir.

"Altunkitab" kimin olacaq?
I Bakı Kitab Sərgisi qalibini həftənin sonunda elan edəcək

Dünən Bəcihə Səmədova adına sərgi salonunda I Bakı Kitab Sərgisinin açılışı oldu. Sərgini "Yeni nəsil" nəşriyyat-poliqrafiya mərkəzinin direktoru Rafiq İsmayılov açdı. R.İsmayılov Azərbaycan naşirlərinin müstəqillik əldə olunduqdan sonra ilk dəfə olaraq, öz məhsullarını nümayiş etdirdiklərini bildirdi. Bu sərginin əvvəlcə türkdilli xalqların sərgisi kimi nəzərdə tutulduğunu və gələcəkdə Cənubi Azərbaycan, Orta Asiya nəşriyyatlarının da qoşulacağını qeyd etdi. Bundan sonra Amerika səfirinin həyat yoldaşı - "Avrasiya" fondunun rəhbəri xanım Maqbret Uilson, Türkiyə naşiri Fateh Ərdoğan, "Ensiklopediya" nəşiyyatının direktoru İsmayıl Vəliyev, "Tarix" müəllimlər birliyinin sədri Təvəkkül Əliyev çıxış etdilər.
Sərgi çərçivəsində müxtəlif kitab, poliqrafiya məhsullarının təqdimat mərasimləri, "İlin ən yaxşı kitabı" müsabiqəsi keçiriləcək. Münsiflər heyətinin tərkibinə Sabir Rüstəmxanlı, Çingiz Abdullayev və s. daxildir. Müsabiqənin nəticəsi şənbə günü elan ediləcək. Qalib "Altunkitab" mükafatına layiq görüləcək. Sərgidə 40 lövhə - hər birində 25-30 sayda olmaqla təxminən 1000 adda kitab sərgilənir. Azərbaycanda fəaliyyət göstərən nəşriyyatlardan "Elm və həyat", "Yeni nəsil", "Maarif", "Nurlan", "Şirvan", "Gənclik", "Şuşa", "Tutu" və digər nəşriyyatlar öz məhsullarını nümayiş etdirirdilər. Türkiyənin çap işini isə "Mavibulut" və "Poverprint" nəşriyyatları təmsil edirlər.
Kitablarla yanaşı poliqrafiya məhsulları da sərgilənirdi. Bunlardan "Indigo" və "Ulu" firmaları, əsasən, mətbəə və ofis üçün kağızlar istehsal edirlər. Xammal Fransa, Almaniya, Rusiya və Hollandiyadan gətirilir. Zaqafqaziyada çap maşınları ilə fərqlənən "Halal" firması isə özünün "Rizograf" rəqəmli surətçıxaran aparatını sərgiləyirdi. Aparat az tirajla kitab nəşr edən Azərbaycan məkanında ən əlverişli məhsul kimi göstərilirdi. Nümayiş olunan kitabların, tərtibat etibarı ilə, yüksək səviyyədə olması poliqrafiya sahəsindəki bu nailiyyətlərlə bağlıdır.
Sərgidə müxtəlif mövzuda kitablara rast gəlmək olar. Əksər nəşrlər isə uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulub. Bu baxımdan, "Ayna Mətbu Evi"nin "Uşaq Ensiklopediyası" seriyalı kitabları xüsusilə diqqəti cəlb edir. Demək olar ki, bütün sahələri əhatə edən və keyfiyyət etibarı ilə fərqlənən bu kitablar, sözsüz ki, oxucu diqqətindən yan keçməyəcək. Ümumiyyətlə, sərgilənən kitablar beynəlxalq səviyyəyə cavab verəcək tərtibatda idi. Açılışda seyrçilərin sayının çox olması oxucu marağının hələ itməməsinə dəlalət edir. Qalır bu kitabları əldə etmək. Təəssüflər olsun ki, bu kitabları əldə etmək üçün konkret ünvan göstərə bilməyəcəyəm. Azərbaycanda kitab satışı pərakəndə şəkildə olduğundan hər bir nəşriyyat öz məhsulunun satışını özü də təşkil edir. Odur ki, axtarın.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd