|
|
|
|
#107(331)
|
 |
Manana Londona gedir
Ola bilsin ki, həmişəlik
|
Artıq iki ildən çoxdur Bakıda "məskunlaşan" gürcü qızı Manana Caparidze, deyəsən, şəhərimizi tərk etmək niyyətindədir. Bilməyənlərin nəzərinə çatdıraq ki, o bu ilin may ayında Kann şəhərində keçirilmiş Beynəlxalq Festivallar Təşkilatının növbəti yığıncağında iştirak edib.
İndiyədək Manana bir neçə festivalda ali mükafatlara layiq görüldüyündən artıq sözügedən qurumun üzvüdür. Kannda olarkən Mananaya 40-a yaxın xarici səsyazma studiyalarından təkliflər gəlib. Təkliflərə konkret bir cavab verməyən müğənni yenidən Bakıya dönüb. Bir müddət keçdikdən sonra isə həmin səsyazma studiyalarından biri ona ingilis dilində 9 mahnı göndərib. Gürcü qızı da həmin mahnıları lentə yazdırıb və hazır kasetləri geriyə - gəldiyi ünvana göndərib. Az keçmir, yenidən onu axtarırlar. Mahnıları dinlədikdən sonra şirkətin nümayəndəsi Mananaya zəng edib onun ifasını çox bəyəndiklərini bildirir və işbirliyi təklif edir. Amma bunun üçün Manana Londona təşrif buyurmalı və işə başlamaq üçün kontrakt imzalamalıdır. Ən azı 6 ay müddətinə. Sonra isə işin gedişindən asılı olaraq, şirkət müqavilənin müddətini uzada da bilər. Bildiyimizə görə, Manana "Hələ fikirləşirəm" deməsinə baxmayaraq, artıq bilet alıb. Müğənni oktyabrın 15-də Londona yola düşür.
Ömrün ən gözəl anı...
Briliant ad gününü pərəstişkarları ilə birgə qeyd edəcək
|
Briliant Dadaşova digər həmkarlarından fərqli olaraq, öz ad gününü - sentyabrın 15-ni əvvəlcə pərəstişkarları ilə, sonra dostları, yaxınları ilə keçirir.
Bu, artıq bir ənənə şəklini alıb. Brilliant bu dəfə də öz ənənəsinə sadiq qalıb. Sentyabrın 16-də müğənni Sumqayıt şəhərinin "Kimyaçılar sarayı"nda bu münasibətlə solo konsert proqramı ilə çıxış edəcək. Konsertdə, həmişəki kimi, müğənninin bacıları - İradə və Lalə Dadaşovalar da iştirak edəcəklər. Bundan başqa tədbirdə gənc bəstəkar, və müğənni Rəhim Rəhimli və Azərin də öz repertuarlarından bir neçə mahnı ifa edəcəklər.
Fatiməni Çinə dəvət ediblər
Qayıdanda isə "Bahar səni payıza döndərsə"yə klip çəkdirəcək
|
Tez bir zamanda populyarlaşan gənc və istedadlı müğənni, gözəllik müsabiqələrinin qaliblərindən biri Fatimənin daha bir mahnısı işıq üzü görüb. Gözəl müğənninin bu dəfə rus dilində ifa etdiyi "Oblaka" ("Buludlar") mahnısının müəllifləri Rauf Teymurbəyov və Rizvan Həsənlidir. Qeyd edək ki, sözügedən mahnı gənc ifaçının bu yaxınlarda pərəstişkarlarına təqdim etdiyi "Fatimə" adlı musiqi albomuna daxil edilməyib.
Müğənninin anası, həm də onun prodüsseri olan Leyla xanım bildirib ki, bu ilin payızında Fatimənin Azərbaycan, rus və ingilis dillərində ifa etdiyi mahnılar albom şəklində dinləyicilərin ixtiyarına veriləcək. Bundan başqa, yaxın zamanlarda Çində keçiriləcək beynəlxalq müsabiqəyə Fatiməni də dəvət ediblər. Xatırladaq ki, Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri müğənninin bir müddət əvvəl keçirilən yeni albom və klipinin təqdimat mərasimində iştirak edib.
Fatimə həm də bir çox müğənnilər kimi, duetlər oxumağa hazırlaşır. Onun ilk dueti bir az öncə Bakıda "Ulduzlar bağında" konsert proqramı ilə çıxış edən "Yalla" ansamblı ilə birgə reallaşıb. Müğənni bəstəsi Eldar Mansurova məxsus olan bu mahnının bir neçə günə yarandığını deyir. Mahnının musiqi çarxı isə Bakının Məhəmmədi kəndində çəkilib. Sözügedən duetdən əvvəl Fatimə "Sehrli yağış" mahnısına klip çəkdirmək barədə danışsa da, nədənsə, bu iş ləngiyir. Bunun müəyyən səbəblərlə bağlı olduğunu bildirən Fatimə söz verib ki, yaxın gələcəkdə bu arzusunu da həyata keçirəcək. "Sonra isə gənc bəstəkar İsi Məlikovun "Bahar səni payıza döndərsə" adlı mahnısına klip çəkilişlərinə başlayacam", - deyə Fatimə bildirib.
|