|
|
|
|
#107(331)
|
 |
1 dəqiqəlik sükut...
Dünən Azərbaycanda ABŞ-da həlak olanların xatirəsi yad edildi
|
Sentyabrın 11-də ABŞ-da baş vermiş faciəli hadisə bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da birmənalı qarşılanmayıb. Hadisədən bir gün sonra ölkə prezidenti müvafiq sərəncam imzaladı. Həmin sərəncama əsasən ertəsi gün saat 12-də (dünən-Ü.) ABŞ-da terror aktları nəticəsində həlak olan minlərlə insanın xatirəsini yad etmək üçün ölkənin hər yerində bir dəqiqəlik sükut elan edildi.
Sərəncamda bir dəqiqəlik sükut zamanı ölkənin bütün ərazisində dövlət bayraqlarının endirilməsi qeyd edilmişdi. Həmçinin dövlət və özəl teleradio şirkətlərinə sükut dəqiqəsində bütün əyləncə verilişlərinin dayandırılması tapşırılmışdı.
Bu qərarla bağlı paytaxtın əhalinin daha sıx olduğu yerlərdə müşahidə aparmağı qərara aldıq. Gördüklərimiz bir daha sübut etdi ki, əhali okeanın o tayında yaşayan xalqların faciəsinə heç də biganə qalmır...
Saat 12-də paytaxtın "Azneft" meydanında avtomaşınların hərəkəti dayandırıldı. Aldığımız məlumata görə, buna şəhərin hər yerində əməl olunub. Avtomaşınların dayandırılması yollarda sıxlıq yaratmışdı və hər hansı təhlükənin baş vermə ehtimalı da istisna deyildi. Yol polisləri öz vəzifələrini yerinə yetirməyə çalışırdılar.
Təbii ki, bir dəqiqəlik sükuta yalnız yerin üstündə deyil hətta yerin altında riayət edildi. Söhbət metro stansiyalarından gedir. Metronun "Elmlər Akademiyası" stansiyasında həmişə olduğu kimi, qatarın gəlişini heç də az adam gözləmirdi. Saat 11.59 radələrində hər iki qatar stansiyaya çatdı və sərnişinlər qatara minsələr də, saat 12-də qatarlar bir dəqiqə ərzində fəaliyyətini dayandırdı və həmin müddət ərzində fit səsləri eşidildi.
Bir dəqiqədən sonra isə qatarlar öz yolunu davam etdirdi. Sərəncamda göstərildiyi kimi, ölkənin bütün televiziya kanallarında və radiostansiyalarda verilişlərin yayımına bir dəqiqə ara verildi.
Londonda "tarif savaşı" davam edir
Gürcüstanın "ərköyün"lüyü nə vaxta qədər çəkəçək
|
"Şahdəniz" yatağından hasil olunacaq təbii qazın nəql ediləcəyi Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi ilə əlaqədar tranzit sazişi ilə bağlı danışıqlar bu həftənin sonuna kimi Londonda davam etdiriləcək. Danışıqların əsas mövzusu Gürcüstanın ala biləcəyi tranzit tariflərinin həcmi ilə bağlıdır. Bu dolaşıq məsələ Dünya Bankının prosesə müdaxiləsindən sonra daha da çətinləşib. Belə ki, Dünya Bankının mövqeyincə, Gürcüstan daha yüksək tariflər əldə etməlidir.
Azərbaycan hökuməti bu müdaxilədən olduqca narazı qalıb. Baş nazir Artur Rasizadə bəyan edib ki, digər ölkələr özlərinin büdcə problemlərini Azərbaycan qazının tranzit tarifləri hesabına həll etməməlidir.
Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti İlham Əliyev bildirib ki, o, Dünya Bankının danışıqlar prosesinə belə kobud müdaxiləsini neqativ qiymətləndirir. İlham Əliyev bildirib ki, belə müdaxilələr Azərbaycan və Gürcüstanda arzuolunmaz daxili siyasi fəsadlara gətirib çıxara bilər.
Bütün deyilənlərə baxmayaraq, bu yaxınlarda tranzit tarifləri ilə bağlı danışıqların yekunlaşdığını və Gürcüstan prezidenti Eduard Şevardnadzenin Bakıya rəsmi səfəri zamanı müvafiq sazişin imzalanacağını bəyan edən Azərbaycan yenidən danışıqlar masası arxasında əyləşmək məcburiyyətində qalıb. Görünür, Dünya Bankının kəskin şəkildə Gürcüstan qarşısında tələblər irəli sürməsi danışıqlar prosesini daha da çətinləşdirib.
Ekspertlər hesab edirlər ki, Eduard Şevardnadzenin Bakıya səfərinin son anda təxirə salınması Dünya Bankının məktubu ilə birbaşa bağlıdır. Qeyd edək ki, Dünya Bankının Gürcüstan rəhbərliyinə ünvanladığı məktubda hər 1000 kubmetr qazın nəqli üçün təklif olunan 2 dolları deyil, ilk illər 5, sonrakı vaxtlar isə 10 dollar tələb etməsi tövsiyə olunmuşdu. Lakin qeyd etməyə dəyər ki, məktub iyulun 30-da göndərilib. Şevardnadzenin səfəri isə iyulun 27-də təxirə salınıb.
Bu vaxta qədər Gürcüstan hökumətinə şifahi tövsiyələrin verilməsi, yaxud tariflərin artırılmasının qonşu dövlətin öz arzusu olması hələ ki, naməlum qalır.
Qeyd edək ki, London danışıqlarında ARDNŞ-nin nümayəndələri ilə birgə "Şahdəniz" layihəsi üzrə partnyorlar - xüsusilə də BP-nin təmsilçiləri iştirak edir. Onlar Gürcüstan tərəfini inandırmalıdırlar ki, təklif edilən tariflər layihənin rentabelliyi və yaşaması üçün vacibdir. Əgər Gürcüstan təklif edilən tariflərlə razılaşmazsa, "Şahdəniz" layihəsi kommersiya cəlbediciliyini itirəcək.
Burada daha çox Azərbaycana deyil, Gürcüstana zərbə dəyəcək. Azərbaycan Türkiyə bazarına bir qədər gecikməli olacaq. Lakin sonradan Azərbaycan "Şahdəniz"dən 1 trilyon kubmetr həcmində ilk qaz hasilatını həyata keçirdikdən sonra bu qazı almaq istəyənlər çoxluq təşkil edəcək. Bu zaman Gürcüstan təkcə kifayət qədər cəlbedici gəlirlərdən deyil, hətta illik qaz almaq imkanlarından məhrum olacaq.
Şəxsiyyət vəsiqəsini necə alaq?
Yeni vəsiqələr hələlik yalnız yaşı 50-dən yuxarı olan müharibə və əmək veteranlarına verilir
|
Məlum olduğu kimi, bir neçə gün əvvəl paytaxtımızın 11 inzibati rayonunda yeni şəxsiyyət vəsiqələrinin paylanılmasına başlanıb. İndi hamı həmin vəsiqəyə sahib olmağa tələsir. Artıq vətəndaşların bir qismi onlara məxsus şəxsiyyət vəsiqələrini əldə etməyə müvəffəq olub. Bəs yeni tətbiq edilən sənəd hansı qaydada verilir? Bu suala cavab tapmaq üçün Nəsimi rayon Polis İdarəsinin pasport bölməsinə müraciət etdik.
Gəlişimizin məqsədini bölmə rəisinin köməkçisinə açıqladıqda ilk əvvəl hansı rayonda qeydiyyatda olduğumuzu soruşdu. Biz də təbii ki, Nəsimi rayonunda yaşadığımızı bildirdik. Rəisin köməkçisi yeni vəsiqələrin hələlik yalnız yaşı 50-dən yuxarı olan müharibə və əmək veteranlarına verildiyini, digər yaş qruplarına daxil olan şəxslərə isə gələn həftədən etibarən paylanacağını bildirdi.
Belə olan halda şəxsiyyəti təsdiq edən sənədi əldə etmək üçün kimə və hansı formada müraciət etməli olduğumuzu öyrənmək istədik. Köməkçi qeyd etdi ki, bunun üçün hər bir vətəndaş rayon polis idarələrinin pasport bölmələrinə müraciət edərək onlara veriləcək ərizə-anket formasını doldurmalı, onunla birlikdə sovet pasportu, yaxud onu əvəz edən 9 saylı forma, qeydiyyatda olduğu evə verilən "kupça"nın surəti, 3x4 ölçüdə 2 ədəd fotoşəkil, poliklinikadan alınmış sağlamlıq haqqında arayışı təqdim etməsi gərəkdir. Adı çəkilən arayışda vətəndaşın qan qrupu, boyu və gözünün rəngi barədə dəqiq məlumat olmalıdır. Qeyd edək ki, bir neçə il bundan əvvəl 16 yaşı tamam olan vətəndaşlara verilən 9 saylı formada həmin qeydlər edilirdi. Yenidən bu barədə arayışa nə dərəcədə ehtiyac var? Həmsöhbətim bildirdi ki, doldurulacaq anketdə həmin arayışın verildiyi poliklinika barədə ayrıca məlumat qeyd olunmalıdır və bu səbəbdən onu almaq zəruridir.
Onu da deyək ki, şəxsiyyət vəsiqələri 16 yaşına çatmamış vətəndaşlara pulsuz veriləcək. Yaşı 16-dan yuxarı olan şəxslər isə bu sənədi əldə etməkdən ötrü sadalanan sənədlərlə yanaşı 5500 manat dövlət rüsumu ödəməlidir.
Söhbətdən məlum oldu ki, Bakıdan başqa, respublikanın digər şəhər və rayonlarında əhaliyə yeni şəxsiyyət vəsiqələri paylanmır. Regionlarda yaşayan vətəndaşların həmin vəsiqələri necə əldə etmələrinə gəlincə, rəis köməkçisi bunu yalnız Bakı şəhərinə qeydiyyata düşməklə ala biləcəklərini dedi. Əgər həmin şəxs başqasının mənzilində qeydiyyatdadırsa, şəxsiyyət vəsiqəsi almaq üçün adı çəkilən sənədlərlə yanaşı onu qəbul edən adamın ərizəsini təqdim etməlidir.
Əvvəlki pasport və ya onu əvəz edən digər sənədi itirən vətəndaşlara yeni vəsiqələrin hansı qaydada veriləcəyi ilə maraqlandıq. Onlar barədə təlimatın hələ hazırlanmadığını deyən köməkçi bu məsələyə digər vətəndaşlara paylanandan sonra baxılacağını qeyd etdi.
Şəxsiyyət vəsiqələrinin harada verilməsinə toxunan bölmə işçisi rayon polis bölmələrinin tərkibində fəaliyyət göstərən pasport masalarının ləğv edildiyi, vəsiqələrin yalnız polis idarələrinin pasport bölmələrində verildiyini bildirdi. Xatırladaq ki, Keçmiş SSRİ pasportlarını əvəz edəcək yeni şəxsiyyət vəsiqələri yalnız ölkə daxilində etibarlı sayılır. Həmin vəsiqələr 16, 25, 35 və 50 yaşda yenisi ilə əvəz ediləcək.
|