|
|
|
|
#107(331)
|
 |
ABŞ müharibəyə hazırlaşır
Buş Pentaqona göstəriş verib ki, terror
aktlarına hərbi cavab variantları işləsin
|
ABŞ hakimiyyəti beynəlxalq terrorçu Üsəma ben Laden və onun Əfqanıstandakı tərəfdaşlarına mümkün zərbələr endirmək üçün hərbi və siyasi hazırlığa başlayıb. Bu barədə dünən "Vaşinqton post" qəzeti məlumat yayıb.
Sentyabrın 12-də ABŞ dövlət katibi Kolin Pauell NATO baş katibi Corc Robertsonun bəyanatını alıb. Bəyanatda terrorçulara qarşı aksiyaların keçirilməsində NATO ölkələrinin ABŞ-a yardım göstərməyə hazır olduğu bildirilir. Öz növbəsində prezident Buş Pentaqona göstəriş verib ki, terror aktlarına hərbi cavab variantlarının hazırlanmasına başlasın.
Dövlət katibinin müavini Riçard Armitic Pakistanın yüksək vəzifəli şəxsləri, o cümlədən kəşfiyyat rəhbəri general Mahmud Əhmədlə məsləhətləşmələrə başlayıb. Qəzetin məlumatına görə, amerikalılar terrorçuların aşkar edilməsində və cavab zərbələrinin endirilməsində Pakistanın yardım göstərməsinə təkid edir.
K.Pauell isə Səudiyyə Ərəbistanı rəhbərliyilə danışıqlar apardığını bildirib. Səudiyyə Ərəbistanı rəhbərliyi Üsəma ben Ladenə qarşı əməliyyatların aparılması üçün dayaq məntəqələri qismində öz bazalarını ABŞ-ın istifadəsinə verə bilər.
ABŞ-ın müdafiə naziri Donald Ramsfeld və hərbi rəhbərlik terror aktlarına cavab variantları hazırlayır. Pentaqondakı məlumatlı mənbələr bildirib ki, bunlar Üsəma ben Ladenə yönəlmiş əməliyyatlardan tutmuş genişmiqyaslı bombardman və quru qoşunlarının yeridilməsindən ibarət ola bilər.
Rassel Constonun fikirləri təhrif edilib
Avropa Şurasının Parlament Assambleyası "DQR"in legitimliyini tanımır və tanımaq fikrində deyil
|
Dünən Bakıya gələn AŞPA sədri Lord Rassel Binə hava limanında jurnalistlər üçün brifinq keçirib.
Conston Ermənistan KİV-in qondarma DQR-də keçirilən seçkilərin qanuniliyi barədə ona istinadən yaydığı fikirləri qətiyyətlə təkzib etdi: "Ermənistandakı çıxışlarım yerli KİV tərəfindən təhrif olunub. Mən sadəcə, erməni deputatları qarşısında məruzə ilə çıxış edərkən Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair təmsil etdiyim təşkilatın ekspertləri tərəfindən hazırlanmış təkliflər paketinin təfərrüatı haqda məlumat vermişəm".
Lord Rassel Conston hesab edir ki, sülh prosesində xalqların iştirakı vacibdir. Bu amil danışıqlar prosesinin prioritetlərinə çevrilməlidir. Əks halda arzu edilən nəticə əldə olunmayacaq. Conston sözünə davam edərək dedi ki, Avropa Şurasının Parlament Assamblyası "DQR"in legitimliyini tanımır və tanımaq fikrində deyil. "Mənim sizdən yeganə xahişim odur ki, başçılıq etdiyim nümayəndə heyətinin Azərbaycana səfərini obyektiv işıqlandırasınız".
Media mənsublarının təkidlərinə baxmayaraq AŞPA rəsmisi Qarabağdakı seçkilərə dair konkret mövqeyini açıqlamadı. Onun yekun fikri bu oldu ki, "mən Azərbaycana sülh üçün gəlmişəm və heç bir əlavə şərh vermək niyyətində deyiləm".
Rusiya Ermənistanın müdafiəsini gücləndirir
Sergey İvanov Yerevana hərbi əməkdaşlığa dair yeni sazişlər gətirib
> |
"Ermənistanla Rusiya arasında tarixi dostluq əlaqələrini heç kim və heç zaman qırmayacaq". Bu barədə Yerevana gələn Rusiyanın müdafiə naziri Sergey İvanov bildirib.
Onun sözlərinə görə, aparılacaq danışıqlar Rusiya ilə Ermənistan arasında ikitərəfli hərbi əməkdaşlığı keyfiyyətcə daha yüksək pilləyə qaldırmağa imkan verəcək. Son 2 ildə Yerevanla Moskva arasında hərbi əlaqələr dinamik şəkildə inkişaf edir, hərbi qurum rəhbərlərinin qarşılıqlı səfərləri həyata keçirilir," - deyə rusiyalı hərbi nazir bildirib.
O qeyd edib ki, səfər zamanı imzalanacaq hərbi əməkdaşlıq haqqında 2 saziş hər iki ölkənin müdafiə qabiliyyətinin güclənməsinə xidmət edəcək. Sənədlərin biri Rusiyadan Ermənistana ezam edilən hərbi mütəxəssislərin və məsləhətçilərin statusuna aiddir. Bu, sözügedən prosesi dəqiq hüquqi çərçivəyə salacaq. İkinci saziş isə Ermənistan ərazisində yerləşən Rusiyanın 102 saylı hərbi bazasının daşınmaz əmlakının qarşılıqlı təhvil verilməsini nizamlayacaq. Səfər zamanı S.İvanov bu bazaya da getmək niyyətindədir.
İkitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivlərinə toxunan Rusiya müdafiə naziri qeyd edib ki, bu, daim hər iki xalqın özünü təhlükəsiz hiss etməsinə yönəlib.
Nazirin sözlərinə görə, Hava Hücümundan Müdafiə sistemləri sahəsində əməkdaşlığı tərəflərin hərbi əməkdaşlığının başlıca sahələrindən biri adlandırmaq olar.
|
Terrorçuların ölümqabağı məktubları tapılıb
|
ABŞ Federal Təhqiqat Bürosu (FTB) Nyu-York və Vaşinqtonda törədilmiş terror aktlarına bu və ya digər dərəcədə bağlı olan 50 nəfərin şəxsiyyətini müəyyən edib. Məlumatı dünən "Los-Anceles tayms" qəzeti yayıb.
İstintaq məlumatına görə, həmin adamlar birbaşa əməliyyatlarda iştirak edib və ya onların törədilməsinə yardım göstərib. Qəzet bildirir ki, partlayışlardan dərhal sonra istintaqçılar ABŞ-ın şərq sahillərində şübhəli bilinənlərin evlərində və avtomobillərində təyyarə qaçıranların bəzisinin valideynlərinə ölümqabağı yazdığı məktubları tapıb.
Bundan başqa şübhəli bilinən 27 nəfərin ABŞ-da uçuş təlimi keçməsi aşkar edilib.
Yaxın Şərq ölkələrinin pasportlarını əldə edən terrorçular 4 müstəqil qrupa bölünüb. Əməliyyatlarda onların hamısı iştirak etməyib. Buna görə də Amerika rəhbərliyi terrorçuların ABŞ-dan çıxmasına imkan verməməyə çalışır. Dünən CNN telekanalı şübhəli bilinən üç nəfərin adlarını açıqlayıb. Bunlar Məhəmməd Atta, Əmir və Adnan Buxari qardaşlarıdır.
İstintaq məlumatına görə, terror aktına cəlb edilmiş pilotlar bir-birlərini tanımayıb və əməliyyata siqnal üzrə başlayıblar.
Təyyarə qaçıranların yeddi nəfərinin bilet haqqı bir kredit kartı ilə ödənilib. Kart terrorçuların heç birinə məxsus olmayıb.
"Xalqı öz faciəsi ilə barışdırmağa çalışırlar"
Dünən keçirilən "Dəyirmi masa"da sabiqlər yenə ittiham olundu
|
Dünən Qarabağ Azadlıq Təşkilatı (QAT) Sülh və Demokratiya İnstitutu ilə birgə "Qeyri-hökumət təşkilatlarının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rolu" mövzusunda "Dəyirmi masa" keçirib. BMT Resurs Mərkəzinə toplaşan müxtəlif ictimai-siyasi təşkilat nümayəndələri və konfliktoloqlar qeyri-hökumət təşkilatlarının münaqişənin həlli ilə fəaliyyətindən danışıblar.
QAT sədri Akif Nağı qeyri-hökumət təşkilatlarının Dağlıq Qarabağla bağlı fəaliyyətinin qənaətbəxş olmadığını bildirib. Yaradılan bir çox qurumların Azərbaycanın milli mənafelərinə uyğun fəaliyyət göstərmədiyini deyən QAT sədri bu sırada sabiqlərin təşəbbüsü ilə formalaşan "İctimai Forum"un adını çəkib. Akif Nağının fikrincə, özünü müstəqil adlandıran politoloqları birləşdirəcək bu qurum Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan cəmiyyətində loyal mövqe formalaşdırmağa xidmət edəcək: "Bu şəxslər ictimai rəyə təsir göstərməyə, ictimaiyyətdəki radikal əhval-ruhiyyəni aradan qaldırmağa, bir sözlə, xalqı öz faciəsi ilə barışdırmağa çalışırlar. Eldar Namazov və Tofiq Zülfüqarovun yaratdığı yeni təşkilatın Dağlıq Qarabağla bağlı hansısa müsbət işlər görəcəyi inandırıcı görünmür. Ümumiyyətlə, biz Arzu Abdullayeva, Zərdüşt Əlizadə, Tofiq Zülfüqarov, Rauf Talışinski kimilərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə mövqeyindən ehtiyat edirik".
Sülh və Demokratiya İnstitutunun sədri Leyla Yunus isə münaqişənin həlli üçün "xalq diplomatiyası"na ehtiyac olduğunu iddia etdi. Onun fikrincə, qeyri-hökumət təşkilatları bu istiqamətdə ciddi işlər görməli, Ermənistan və Azərbaycanın müxtəlif təbəqələrinin mütəmadi görüşlərini təşkil etməlidir.
AXP sədri Pənah Hüseynov isə "Dördlər"i iqtidara işləməkdə ittiham edib. O bildirib ki, sabiqlərin yaratdığı yeni qurum iqtidarın Qarabağla bağlı siyasətini əvəzləmək məqsədi güdür. Onun iddiasına görə, İctimai Forum iqtidarın siyasətinin dolayı təbliğatı ilə məşğul olacaq. Pənah Hüseynov həmçinin, xaricdən maliyyələşən bir çox qeyri-dövlət təşkilatlarının Azərbaycan dövlətçiliyi ilə təhlükəli olduğunu vurğulayıb.
|
Yaponiyalı bankirlər
rifahımızla maraqlanırlar
|
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının (YBƏB) Moskvadakı nümayəndələri Siroake Siqa və Yuqo Xirotonu qəbul edib.
S.Mehbalıyev işçilərin sosial vəziyyəti, əmək şəraiti ilə bağlı qonaqlara məlumat verib. O bildirib ki, ölkə keçid dövrünü yaşamasına baxmayaraq, son illər bəzi kateqoriyadan olan işçilərin əməkhaqqı artırılıb, işçilərə bir sıra güzəştlər verilib.
S.Siqa Azərbaycanda yoxsulluğun aradan qaldırılması, vətəndaşların maddi rifah halının yaxşılaşdırılması üçün YBƏB-nin köməklik göstərəcəyini deyib.
|
Deputatın
kabinetində yanğın olub
|
Dünən səhər saat 10.00-da Milli Məclisin binasında deputat Eldar Abbasovun kabinetində kondisioner və pəncərə çərçivəsi yanıb.
Kondisioner işə salınan zaman baş vermiş qısa qapanma yanğına səbəb olub. Lakin yanğınsöndürən maşınlar gələnədək daxili yanğın xidməti kondisioneri pəncərədən çıxarıb.ÿÿ
|
"Hizbut-təhrir"in
başçısı axtarılır
|
Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi tədbirlər nəticəsində "Hizbut-təhrir" dini ekstremist təşkilatının Bakı şəhərindəki özəyi ifşa olunub.
Milli Təhlükəsizlik Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, özəyin təşkilatçılarından biri-"Əbdullah" ləqəbilə tanınan Özbəkistan vətəndaşı, milliyyətcə özbək Abdulrəsul Abdulkərimoviç Abdulrəhimov istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. Mətbuat xidməti bildirir ki, Abdulrəsul (Əbdullah) təhlükəli cinayətkardır. Onun yerini bilənlərdən MTN-nə məlumat verməsi xahiş olunur.
Əlaqə telefonları: 95-04-87, 95-04-91.
MTN mənbənin anonimliyinə təminat verir.
Qeyd edək ki, Əbdullahın barəsində bu il avqustun 28-də axtarış elan edilib.
"Mostbank-Azərbaycan" dəyişir...
Bu xəbər Moskvadakı "ana bank"ın müflisləşməsi fonunda inandırıcı görünmür
|
Oktyabrın 1-dən "Mostbank-Azərbaycan" müştərək səhmdar-kommersiya bankında struktur dəyişikliyinin başlanacağı gözlənilir. "Trend" agentliyi dünən bu barədə yaydığı xəbərə görə, bank öz şöbələrinin sayını artırmaq niyyətindədir.
Struktur dəyişiklikləri Azərbaycan Bank Təlim Mərkəzinin (ABTM) məsləhət xidmətləri əsasında həyata keçirilir. Məsləhət xidmətlərinə bankın strateji planının, büdcəsinin və biznes-planının hazırlanması daxildir. Artıq bankın bütün işçiləri attestasiyadan keçib.
Yeni struktura uyğun olaraq, "Mostbank-Azərbaycan"ın rəhbərinin üç müavini olacaq. Bu günlərdə müavinlərdən biri başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Onun yerinə "Bazis" hüquq firmasına rəhbərlik etmiş Ceyhun Paşalı təyin olunub.
Bankdan verilən məlumata görə, struktur dəyişiklikləri Moskvada "Mostbank"ın özündəki vəziyyətlə bağlı deyil. Belə ki, ABTM-in işləyib hazırladığı proqram bu ilin əvvəlindən həyata keçirilir. Son 2 ildə kredit portfelinin 3 dəfədən də çox artması ilə əlaqədar olaraq bankın vəsaitlərindən düzgün istifadə edilməsi, göstərilən xidmətlərin səviyyəsinin qaldırılması məqsədilə konsaltinq aparılmasına ehtiyac yaradıb.
Layihə sentyabr-oktyabrda başa çatacaq. Bununla belə, vaxtilə Rusiyanın nüfuzlu maliyyə qurumlarından olan "Mostbank"ın iflasa uğramasının onun törəmə strukturlarına, o cümlədən "Mostbank-Azərbaycan"a təsir göstərməyəcəyi inandırıcı görünmür. Buna görə də "Trend"in dünən yaydığı məlumatı bankın öz müştərilərinə yalnız təsəlli vermək niyyəti kimi qiymətləndirmək olar.
|
Neftçalanın
polis rəisi
işdən çıxarılıb
|
Etibarlı mənbədən aldığımız məlumata görə, daxili işlər orqanlarının daha bir tanınmış və təcrübəli zabiti - polkovnik Allahverdi Həsənov tutduğu vəzifədən azad edilib. O, Neftçala Rayon Polis İdarəsinə rəhbərlik edirdi.
Allahverdi Həsənov 1991-ci ildə keçirilmiş parlament seçkilərində Naxçıvandan deputat seçilmiş, o vaxtkı Ali Sovetin "demblok" adlanan qanadına rəğbət bəsləyənlərdən olmuşdur. Daxili işlər orqanlarında vəzifəsini itirmək təhlükəsi ilə üzləşəcəyinə baxmayaraq, A.Həsənov həmin dövrdə parlament iclaslarında daim H.Əliyevin yanında olmuşdur. Sonralar onun bu mərdliyi rəğbətlə xatırlanmışdır. AXC iqtidarının iflasa uğramasından və hakimiyyət dəyişikliyindən sonra A.Həsənov Kürdəmir Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Uzun müddət bu rayonda işlədikdən sonra bu yaxınlarda Neftçalaya göndərilmişdir...
Hazırda nazirliyin sərəncamında olan A.Həsənovun tutduğu vəzifədən azad edilməsinin səbəbləri məlum deyil.
|
Putin Yerevana əlidolu gəlir
|
Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında saziş hazırlanıb. Bu sənəd prezident Vladimir Putinin Yerevana sentyabrın 14-də başlanan ikigünlük rəsmi səfəri zamanı imzalana bilər.
Sənədə görə, tərəflər Rusiya və Ermənistanda sosial-iqtisadi sahələrdə aparılan islahatların əsas istiqamətlərini razılaşdıracaq, hər iki ölkədə təsərrüfat fəaliyyətini tənzimləyən hüquqi-normativ bazanın uyğunlaşdırılması barədə öhdəlik götürəcəklər. Sazişin iştirakçıları öz ölkələrində investisiya layihələrinin reallaşması üçün birgə səy göstərəcək, inteqrasiya olunmuş maliyyə-sənaye qruplarının yaradılmasında və qanunvericiliyə uyğun olaraq qarşılıqlı özəlləşdirmə prosesində iştirak edəcəklər.
Rusiyanın müdafiə naziri Sergey İvanov artıq dünən Ermənistan paytaxtına rəsmi səfərə gəlib. Nazir erməni həmkarı və digər rəsmilərlə danışıqlar aparıb. Sentyabrın 14-də isə o, prezident V.Putinin başçılıq etdiyi nümayəndə heyətinə qoşulacaq.
|
"Avropa"nın
cəriməsi artırıldı
|
Hazırda maliyyə çətinliyi üzündən nəşrini dayandırmış "Avropa" qəzetinə qarşı "Azəravtonəqliyyat" Dövlət Konserninin prezidenti Hüseyn Hüseynovun iddiası ilə başlanan məhkəmə çəkişməsi davam edir.
Dünən bu işə yenidən baxan Apellyasiya Məhkəməsi "Avropa" qəzeti, baş redaktor Fəxri Uğurlu və müxbir Rövşən Ağayevin üst-üstə 190 milyon manat təzminat ödəməsi haqda qərar çıxarıb.
Xatırladaq ki, hələ ötən ilin sentyabrında Nəsimi Rayon Məhkəməsi H.Hüseynovun qəzetə qarşı 2 milyard manat təzminat iddiasına baxaraq "Avropa"nı 3 aylıq orta maliyyə xərcləri həcmində (7 milyon manat) cərimələmişdi. Sonradan tərəflərin qarşılıqlı şikayətlərinə baxan Apellyasiya Məhkəməsi cəriməni 3 milyon manata endirmişdi. Ancaq sonradan Ali Məhkəmə bu qərarı ləğv edərək işi Apellyasiya Məhkəməsinə qaytarmışdı.
Bu ilin yazında Apellyasiya Məhkəməsi H.Hüseynovun vəkilinin vəsatətilə "Avropa" qəzetinin üçaylıq orta maliyyə xərclərini yoxlamaq üçün məhkəmə ekspertizası təyin etmişdi. Sonuncu qərar da məhz ekspertizanın rəyinə əsasən çıxarılıb.
Qəzetin baş redaktoru F.Uğurlu bildirib ki, ekspertizanın rəyi havadan götürülüb. Onun sözlərinə görə, həftədə bir dəfə çıxan qəzetin üçaylıq maliyyə xərcləri ekspertizanın rəyində göstərilən məbləğdən qat-qat aşağıdır. "Ekspert rəyi verən adam bu rəqəmi havadan götürüb, "Avropa"nın maliyyə sənədlərinə baxmayıb," - deyən baş redaktoru bunların qəzeti məhv etmək məqsədi daşıdığını bildirib.
F.Uğurlu "qanunsuz və qərəzli" saydığı hökmdən Ali Məhkəməyə şikayət verəcəklərini, H.Hüseynovun "əsassız iddiası" qarşısında geri çəkilməyəcəklərini deyib.
"Bizi bir-birimizdən gizli saxlayırdılar"
Ermənistanda əsirlikdən yenicə qayıtmış Arif Əlləzov türmə divarları arxasında azərbaycanca danışıqlar eşidirmiş...
|
Sentyabrın 12-də erməni əsirliyindən daha iki nəfər soydaşımız azad edilib. Atəşkəs dövründə - 2001-ci ilin mart-may aylarında əsir düşmüş bir əsgər və bir köçkün: Qax rayonundan hərbi xidmətə göndərilmiş, Tovuz rayonu ərazisində əsir düşmüş Arif Əlləzov və Füzuli rayon sakini Mirzəli Cəfərov. Onlar dünən Beynəlxalq Qırmızı Xaç Komitəsinin və ATƏT-in yardımı ilə Bakıya gətiriliblər. Hazırda Milli Təhlükəsizlik Nazirliyinin hospitalında müayinədən keçirlər.
Erməni əsirliyində hələ də 783 nəfər soydaşımız qalmaqdadır. Onları 10 ilə yaxındır ki, axtarırıq. Amma Ermənistan yalnız atəşkəs dövründə götürdüyü girov və əsirləri qaytarır. Budur, əsirlikdən yenicə qurtulmuş soydaşlarımızı dinləyirik:
-Doğulub-böyüdüyüm ev ermənilərin işğalı altında olan ərazidədir. Bir gün ürəyimdən kəndimizi, evimizi görmək arzusu keçdi. Heç nəyə baxmadan yola düşdüm. Bir də gördüm, 5-6 nəfər avtomatlı düşdü üstümə, məni tutub özləriylə apardılar...
Bunları deyən Mirzəli ruhi xəstədir. Ancaq xəstə olmasına baxmayaraq, Ermənistanda onu düz iki ay həbsxanada gizli saxlayaraq, dindiriblər. Hansı həbsxanada qaldığını bilmir. Yolu gözübağlı aparıblar. Əsirlikdə olduğu günləri belə xatırlayır:
-Məni incitmirdilər. Ancaq qapıdan bayıra çıxmağa da qoymurdular. Özləri avtomatla gəlib, istədiklərini soruşur, cavab almayanda incidir, sonra gedirdilər.
Dolaşıq danışır, dedikləri sözlər bir-birinə ziddir - deyilmi? Ona görə ki, hələ əsir düşəndə ruhi xəstə olan Mirzəlinin psixikası əsirlikdə daha da pozulub. Hətta qorxusundan, daha doğrusu, azadlığa çıxanda dinməyəcəyinə söz verdiyindən ermənilərdən əziyyət çəkmədiyini deyir: "Məni aparanda qorxutdular, vəssalam".
Onunla eyni kamerada qalan Arif isə deyir:
-Döyürdülər. İmkanları çatan qədər - təpiklə, dubinkayla. Çox incidirdilər. Soruşurdular ki, hərbi hissələrdə hansı texnika var, hərbi hissələrin, həmin texnikaların nömrəsi neçədir. Daha çox maraqlandıqları isə əsas hərbi hissələrin və texnikanın yerləşdiyi yer idi. Düzünü demirdim. Və demədiyimə görə də işgəncə verirdilər.
- Hardan bilirdilər ki, sən düz demirsən?
-Çünki zabitlərin adını soruşanda belə, deyirdim ki, bilmirəm.
- Yəqin həm də söyə-söyə döyürdülər?
- Hə. "Qarabağ bizimdir" deyib qışqırır, hirslənir və hirsləndikcə də söyürdülər. Ancaq bizi türk yox, "molla" çağırırdılar. Bu onların çoxdankı adətidir. Postda duran erməni əsgərləri də tez-tez Azərbaycan əsgərlərini "molla" deyə çağırırlar.
Arif Əlləzov hərbi xidmətinin 8-ci ayında əsir düşüb. Qulluq etdiyi hərbi hissədə aparılan tikintiyə meşədən torpaq daşıyarkən.
- Onların kəşfiyyatçıları həmişə o meşədə fırlanırlar. Məni də altı nəfər əsir götürdü. Bir az uzaqlaşandan sonra gördüm ki, sayları həddindən artıq çoxdur.
Onun tamam ayrı vaxtda, ayrı yerdə və ayrı fiziki, hüquqi keyfiyyətdə əsir düşən Mirzəli Cəfərov ilə eyni həbsxanada, eyni kamerada saxlanılmasının isə bir səbəbi var. Əsir, girov və itkinlərlə iş üzrə Dövlət Komissiyasının məlumatına görə, ermənilər yalnız Azərbaycana qaytarmaq istəmədikləri əsirləri bir-birinə göstərmirlər. Və məhz elə buna görə də Ermənistanda o 783 nəfərdən hansı saxlanılır, bunu heç kəs bilmir.
Arif deyir:
- Bir-birimizdən gizli saxlayırdılar. Gəzintiyə də tək-tək çıxarırdılar. Ancaq belə vaxtlarda hərdən, koridordan keçəndə eşidirdim ki, içəridə azərbaycanca danışırlar. O dəqiqə nəzarətçilər kameranın qapısını döyürdülər ki, səsinizi kəsin. Yəni biz bilməyək.
...Belə. Bunlar erməni əlində 4 və 6 ay qalmış əsirlərdir. Onların psixikası dəyişib. Sağlamlıqlarını itiriblər. İndi müayinədən keçirlər. Həkimlər tam diaqnoz üçün çətinlik çəkirlər. Ermənilərin özlərinə xas şəkildə azərbaycanlı əsirlərə hansı yalançı iynə-dərman qəbul elətdirdikləri, hansı sümüklərini sındırdıqları sonra məlum olacaq...
|