Köşə yazarları

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#107(331)
XXI
m.nur@azeurotel.com

Hirssiz dünya

Amerikadan hirsli xəbərlər gəlir.
Əgər ben Ladenin terror aktında barmağı olduğu birmənalı şəkildə sübuta yetirilsə, ərəb və müsəlman dünyasıyla bu və ya digər şəkildə haqq-hesab çürüdüləcəyi şəksizdir. Amma bu halda ABŞ beynəlmiləlçi dövlət olduğuna təzədən baxmaq zorunda qalasıdır...
Neyçün dünyanın nəhəngindən qorxu xofu az qala hamının əhvalına çöküb? Hətta özünü cəsarətli göstərmək istəyən Azərbaycandakı İran təəssübkeşləri də bir ayaqlarını öz fikirlərindən qaçmağa qoyublar. Əslində məsələlərin o qədər qloballaşacağı və nəticələrin o qədər gözlənilməzliyi güman edilir ki, işin axırını intuitiv də olsa duymaq mümkün deyil.
Sən demə, bir çox proqnozların impulsu elə ABŞ-ın özündən dünyaya ötürülürmüş.
Dünya doğrudan da, bu ölkədən idarə olunurmuş. İndi ABŞ-ın xırdalandığını və əzildiyini güman edənlər məncə, tezliklə öz fikirlərində yanıldıqlarının şahidi olacaqlar. Fəqət, dünya təkcə ABŞ-dan və ABŞ vətəndaşlarından ibarət deyil. İndi həm də bir çox ölkələrin cəmiyyətləri özlərini toparlamağa məcbur olacaqlar. ABŞ isə dünyaya təzədən baxacaq: fövqəldövlət öz yerləşdiyi qitənin cənubuna nəzər yetirməli, Çinin qloballaşdığına bir də baxmalı, Yaponiya ilə münasibətləri bir də təftiş etməlidir. Müsəlman dünyası isə ayrıca haqq-hesab tələb edəcək: etnoslara və regionlara görə yanaşma "rəngləri" dəyişəcək.
ABŞ-ın işləri çoxdur.
Məncə, ən önəmlisi dünyanın konseptual problemlərinin köklü dəyişməsidir. Regional terrorizm mərkəzlərinin "əridilməsi" birinci yerdə duracaq olsa da ekologiya - insan və ətraf MÜHİT ekologiyasına yanaşmalar dəyişəcək. Elə bu zaman da ABŞ-ı və dünyanı idarə edəcək siyasət adamları öz imiclərini ciddi korrektə etməli olacaqlar. Buşun terrordan sonrakı davranışları və açıq hiss olunan kini əsas tendensiyaya çevrilməyəcək. Dikbaşlıq heç kəsə xeyir gətirməyib.
ABŞ-ın bundan sonra da hirsli görsənməsi ona sərf etməyəcək. Və elə proqnozlar baxımından da ABŞ öz hirsini boğmalı və dünyaya məsləhət gördüyü dözümlülük nümayiş etdirməlidir.
Bundan sonra dünya hirsli proqnozlara və hirsli informasiyala embarqo qoymasa özü-özüylə acı bir haqq-hesab çürütməli olacaq...
Bir az da hirslər boğulsa, bütün boşalmış duyğuların yeri doldurulacaq. Dünya həm də insan duyğularından ibarətdir.

Məqsəd Nur

Suallı künc

"3-cü dünya"nın müharibəsi?

Amerika müharibəyə hazırlaşır. Sarsıdıcı terrordan tədricən özünə gələn nəhəng dövlət onu vuranlara adekvat və effektli cavab zərbəsi endirmək əzmindədir. Bu zərbə təkcə konkret əməl törədənləri (onların sayı indilik 50-dir, amma artacaq) deyil, onlarla hər hansı əlaqəsi üzə çıxacaq bütün kəsləri əhatə edəcək. Əzəməti və qüruru laxlamış dövlət terrorçu qruplarla fəsadları çətin təsəvvür edilən total savaşa qərar verib. Bu savaşın "izafi tərəfi" mütləq olacaq. Çünki heç bir terrorçu küçədə durub gözləməyəcək ki, onu məhv etsinlər. Deməli, ölümcül zərbəyə günahsız qurbanlar da tuş gələcək.
Lakin bu nisbətən "orta" ssenaridir. Ondan daha ağırı da nəzərdə tutulub. Amerika və onun müttəfiqləri genişmiqyaslı hərbi (qisas) əməliyyatı planlaşdırır. Hədəfdə birinci Əfqanıstan olacaq. Çünki "təyyarə şoku"nun ideyavericisi və əsas təşkilatçısı hesab edilən Üsəma bin Ladenin orada gizləndiyi güman edilir. Zərbənin məhz Bin Ladeni haqlayacağı müəmmalıdır, amma əhalisinin 4 milyonu didərgin olan əfqan xalqının başında çatlayacağı şəksizdir.
Müttəfiqlər hava zərbələri ilə kifayətlənmək niyyətində deyillər, savaş bölgəsinə "məhdud" kontingent yeritməyi də düşünürlər. NATO tarixində ilk dəfə nizamnaməsinin 5-ci maddəsini (alyansın bir üzvünə edilən təcavüzə kollektiv cavab zərbəsi) işə salmaq əzmindədir. Faktiki nəhəng hərbi-siyasi avantüraya qərar verilib. Böyük və güclü dövlətlər onların bu keyfiyyətlərini şübhə altına almağa cəhd edən "izqoy" dövlətlərə kollektiv şəkildə dərs vermək əzmindədirlər. Nəticəsi nə olacaq? Hələlik ən az bu barədə düşünürlər. Çünki indilik kimisə vurub hirsi tökmək və psixoloji sarsıntının yükü altından qismən də olsa çıxmaq daha vacib sayılır. Amma bu cür "dərslər"in yaxın tarixdən məlum olan nəticələri onların istər texnoloji, istərsə də strateji-taktiki nöqteyi-nəzərdən səmərəsizliyini dəfələrlə sübuta yetrib. Başına od ələnən "izqoy"lardan demək olar ki, heç biri faktiki ram edilməyib, əksinə, bir çox hallarda həmin ölkələrə rəhbərlik edənlərin daxildəki avtoritar dayaqları möhkəmlənib, imperalizmə lənət yağdıran kütlənin onların ətrafında birləşməkdən başqa çarəsi qalmayıb. Təsadüfi deyil ki, Amerikanın başına gələnlərdən sevindiyini gizlətməyən İraq lideri oğul Buşun hikkəsinə "Sənin atanı yola salmışam" deyə cavab verir.
Amerikanı və onun halına şərik çıxan "böyük"ləri prinsipcə "başa düşmək" olar. "İzqoy" (yəni adam (dövlət) arasında yeri olmayan, dünyanın çöküntüsü) dövlətlər onların üzərinə qalxıb. Amma bir sual açıq qalmaqdadır. Məgər "izqoy" sayılan dövlətlər özgə planetin təmsilçiləridir? Onlar bu planetin "3-cü dünya"ya aid edilən hissəsini təmsil edirlər. Bu ayırıcı xətti dünyanın nəhəngləri bilərəkdən çəkiblər. Dünyanın belə bölüşdürülməsi ədalətli idimi? "3-cü dünya" (növ) sayılanlar ümumilikdə dünya ölkələrinin təxminən üçdə ikisini təşkil edir. Dünya sərvətlərinin (təbii) əksəriyyəti bu ölkələrdə yerləşir. Amma bu ölkələrin dünya sənayesindəki çəkisi gülünc həcmdədir. Dünyadakı istehsalın (pulun, sərmayənin və deməli, gerçək qüdrətin) 75 faizi "Böyük 7-liy"in əlində cəmləşib. Odur ki, "3-cü dünya" nə vaxtsa tapdaq və xammal olmaqdan bezib ambisiyasını büruzə verməli olacaqdı. Bu ambisiyanın məhz cari şəkildə, terror şəbəkəsi ilə üzə çıxacağını təxmin etmək mümkün idi.
Terrora qarşı mübarizənin miqyasına görə "3-cü dünya" olacağını vəd edən nəhənglər onun fəsadları barədə ciddi düşünməlidirlər. Dünyanın varidatının (bütün mənalarda) cari bölgüsü təftiş edilməlidir. Geosiyasi parametrlərə yenidən baxmaq zəruridir. Əks halda bu avantüra "3-cü dünya"nın qisas müharibəsi ilə əvəzlənə bilər.

V.Orxan

Pərdəarxası

Gün düşür

"Filankəs müəllim, üstünüzə gün düşür, keçin kölgəyə". Üstünə gün düşənin uzun illər iş yerinə nə gedişi bilinərdi, nə gəlişi. İndi isə günəş şüasından gözünü qıyınca, hamı təlaşa düşüb. Bir qədər hövsələsizlər isə günəşin qarasına deyinməkdən belə çəkinmirlər. Fikirləşirsən, yaxşı ki, günəşin yerə ancaq şüası çatır. Yoxsa özü əlçatan yerdə olsaydı, vay onun halına. İdarə rəhbərinin gözünü qıydırdığına görə, ona ölüm hökmü kəsərdilər. Yaxın günlərdə şahidi olduğum bu mənzərə, əslində, adidən adidir. Hara baxsaq, insanın bu xisləti gözümüzü yağır eləyib. Bəs qəribə nədir?
Gözünü gündən qıyan yaradıcı şəxslərimizdəndir. Özü də onun yaradıclığını, bir növ, özümüzün özümüzlə tanışlığı da adlandırmaq olar; milli xislətimizin xarakterik məqamlarını tutub, əyər-əskiklərini yerindəcə qaçılmaz fakt kimi ortaya qoyub. İllah da, biri səlahiyyət sahibinə çevrilincə, ondan yararlanmaq damarımızı.
Hələ səlahiyyət sahibinin özünü demirik. Büs-bütün dəyişir, yerişindən tumuş, danışığına qədər. Özü ötkəmləşir, sözü daşdan keçir. Üstəlik, dost-tanışını da süzgəcdən keçirir. Köhnə haqq-hesabları çürüdür, əgər ona da səlahiyyəti çatırsa. Və s. Bax, onun yaradıcılığında bütün bunların fərqinə varmışıq. Ona görə də bu mənzərəyə alışa bilmirik, təəccüblənirik. Bu, odurmu? Gözümüzün qabağında vaxtilə hədəfə aldıqlarına indi özü addımbaaddım yaxınlaşır. Ayrı cür desək, indi o özü əsərinin qəhrəmanıdır, yuxarıda dediklərmizin görküdür. Əhatəsinin bu diqqətindən, qayğısından məmnundur. Bir qədər loyallara, deyəsən, artıq qəzəbi tutur. Məlum olub ki, xasiyyəti də çox tünd imiş. Amiranə tərzdə tapşırıqlar verir, əsəbi də elə ayaq üstədir. Heç nədən özündən çıxır. Bir sözlə, üzünü görmə.
Başa düşürsən ki, onun yaradıcılığı hər kəsdən öncə elə özü ilə tanışlıqmış.
Ya da Yaradan onu sınağa çəkir. Və o da, sonrasından Allah saxlasın, elə ilk addımlardan büdrəyir. ...Çoxdan lap yaşlı qələm sahiblərimizdən biri, ömür yolunu gözümüzün önündə bir-bir vərəqləmişdi. Və "Ürək rahatlığı ilə mən Yaradanın hər sınağından üzüağ çıxdım" demişdi. 50-ci illərdə Bakıya gələn müsahibim o zamanlar heç kimin tanımadığı bir kəndli balasıymış. Şəhərin vahiməsindən, böyüklüyündən, özünün isə kimsəsizliyindən üşünən bu gənc zaman-zaman bunları arxada qoyur. Bir günsə, öz sözləri ilə desək, "Allah məni vəzifə ilə də sınağa çəkdi".
"Bir də gördüm şeytan qəlbimə girib, yolumu azıram. Getdim məscidə, dedim tövbə. Ay Allah, indiyə kimi yolumu azmışamsa, keç günahımdan. Məni düz yoldan sapdırma".
Nə isə... Yaradanın sınağından üzüağ çıxın.

S.Rəhimova

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd