|
|
|
|
#108(332)
|
 |
Pentaqon tərəddüd edir
ABŞ beş hərbi əməliyyat planı arasında hələ seçimini etməyib
|
Birləşmiş Ştatlar terrorçulara qarşı mümkün cavab addımlarını götür-qoy edir. Artıq terrorçuları dəstəkləməkdə şübhəli bilinən dövlətlərin siyahısı müəyyənləşib. "The Washington Post" qəzetinin yazdığına görə, bu, başda Əfqanıstan olmaqla Pakistan, Yəmən, Sudan və Əlcəzairdir. Hərbi mütəxəssislərə istinad edən Qərb və ABŞ mətbuatı əməliyyatların hazırda gündəmdə olan beş növündən söz açır.
Birinci ssenari - terrorçuların yerləşdiyi bölgələrə nöqtəvi nüvə zərbələri endirilməsi. İlk baxışdan belə görünə bilər ki, bu sahədə bütün işləri müttəfiqlərsiz belə yoluna qoymağa hazır olan ABŞ üçün ən sərfəli variantdır. Amma Əfqanıstan ərazisi nüvə raketi ilə vurulsa, ətraf dövlətlər radiasiyanın ciddi təsirinə məruz qala bilər. Bu isə qüvvələr nisbətini düşmənin xeyrinə dəyişəcək.
İkinci ssenari - nüvə silahından istifadə etməməklə dəniz-hava əməliyyatları. Pentaqon üçün bəlkə də əyləncə sayılacaq qədər asan və itkisiz bir variantdır. Son illərdə həyata keçirilən əksər müdaxilələrdə əməliyyatların bu növündən istifadə edilib. Amma əsas hədəf sayılan Əfqanıstan ərazisi həmin əməliyyat növü üçün sərfəli sayılmır - həyati əhəmiyyətli obyektlər sıx deyil.
Üçüncü ssenari - terror təşkilatlarının liderlərinin tutulmasına və ya fiziki məhvinə yönəlmiş xüsusi əməliyyatlar. ABŞ bu məsələdə 45 min nəfərlik Xüsusi Əməliyyat Qüvvələrinə (XƏQ) arxalanır. Amma XƏQ cəbhə xəttini uzağı 700-800 km yara bilir. Əfqanıstan üçün bu rəqəm çox azdır. Ölkənin susuz səhraları, güclü kəşfiyyat materillarının qıtlığı xüsusi təyinatlıların işini bir az da çətinləşdirə bilər.
Dördüncü ssenari - Silahlı Qüvvələrin bütün növlərindən istifadə etməklə düşmənin darmadağın edilməsi və onun ərazilərinin tutulması. Birinci problem elə böyük müharibəyə haradan başlamaq məsələsidir. Pakistan öz ərazilərini amerikalıların koridoruna çevirmək üçün talibana münasibətini baş-ayaq dəyişməlidir. Şimalda Rusiya postsovet məkanına nəzarəti öz əlində cəmləşdirib. Ekspertlərin rəyinə görə, bu məsələ müsbət həllini tapsa belə, yalnız Əfqanıstan ərazisində möhkəmlənmək üçün ilyarım vaxt lazımdır. Əsgəri qüvvə yenə çatmaya bilər - bu işə yüz minlərlə adam cəlb edilməlidir.
Beşinci ssenari - yuxarıdakı variantların kombinəsi. Ola bilər ki, yuxarıdakı əməliyyatlardan birinin müntəzəm şəkildə həyata keçirilməsindən sonra başqa bir variantı işə salmaq və son nəticəni əldə etmək mümkün olsun.
ABŞ ordusunun indiki vəziyyəti irimiqyaslı hərbi əməliyyatlar keçirməyə imkan verirmi? ABŞ-ın silahlı qüvvələri dünyanın ən güclü ordusu sayılır. Amma hərbi mütəxəssilər ABŞ ordusunun müdaxiləsi ilə keçirilən son konfliktləri təhlil edərək belə bir mülahizə irəli sürürlər ki, eyni zamanda bir neçə münaqişə bölgəsində hərbi əməliyyatlar aparmaq işi Pentaqon üçün müəyyən problemlər doğura bilər. Yuqoslaviya əməliyyatları zamanı ABŞ kəm-kəsiri doldurmaq üçün Hind okeanı hövzəsindəki hərbi qüvvələri xeyli seyrəltməli olmuşdu. Cənubi və Mərkəzi Asiyada irimiqyaslı hərbi əməliyyatların keçirilməsi üçün ABŞ silahlı qüvvələrinin Balkanlardakı proporsiyasını və Şərqi Asiya bölgəsində vəziyyətin tarazlıqdan çıxmasının mümkünlüyü faktorunu nəzərə almalıdır. Xatırladaq ki, "İttifaq gücü" əməliyyatları zamanı Pentaqon analitikləri yaranmış boşluqdan istifadə edərək Tayvana hərbi güc tətbiq etməsindən ehtiyatlanırdılar. Belə çıxır ki, istənilən halda
ABŞ ordusu yalnız müttəfiqləri ilə birgə əməliyyatlar keçirməlidir. Daha bir nüans var: hadisələrin ssenarisinə real təsir vasitələrinə malik olan iki ölkə - Pakistan və İranın qəti mövqeyi bəlli deyil. Hələlik münaqişədə müttəfiq və ya düşmən kimi çıxış edəcəyi bəlli olmayan Pakistan region üçün heç də zəif sayılmayacaq nüvə arsenalına malikdir və Milli Raketdən Müdafiə Sistemi ideyasının hələ də rüşeym şəklində qalması fonunda ciddi fəsadlar vəd edir. Şiə İranı rəsmən terroru pisləsə də, Ormuz boğazında gəmilərin hərəkətinə nəzarəti öz əlində cəmləşdirib.
Amerika rasizmə yuvarlanmamalıdır
Ekstremal vəziyyətə düşmüş fövqəldövlət emosiyalar içərisində "sifəti"ni qorumağa məhkumdur.
Əks təqdirdə onun beynəlxalq nüfuz və əzəmətinə daha təsirli zərbə dəyə bilər.
|
Birləmiş Ştatlar dünyanın ən azad, demokratik,hüquqi ölkəsi adına iddia edir və çeşidli faktorlarla onu təsdiqləyir. ABŞ, həmçinin beynəlxalq müstəvidə kifayət qədər tolerant (özgəcürlərə dözümlülük) cəmiyyət qurmuş dövlət kimi sanbala malikdir.
Müasir dünyada demokratik dövlətin hər kəsin hüquq və azadlıqlarının təmin edilməsi və ümumi tolerantlıq səviyyəsi ilə tanındığı faktdır. Amerikanın cari vəziyyətini başa düşmək olar. Böyük dövlətə qurşaqdan aşağı zərbə vurulub. Onun cəmiyyəti də ciddi sarsıntı içindədir. Lakin bütün bunlar Amerika dövlətinin və Amerika cəmiyyətinin indiyədək dünyaya təbliğ etdikləri təməl dəyərlərdən geriləməsinə bəhanə, yaxud bəraət ola bilməz. Hələ terror şokundan çıxmayan cəmiyyətdə etnik zəminli nifrətin baş qaldırması ağır fəsadlar törədə bilər.
Bunun bəzi əlamətləri artıq özünü göstərməyə başlayıb. ABŞ cəmiyyətində ərəblərin terror aksiyaları ilə bağlılığı artıq şəksiz qəbul edilir. Amerikalılarda Şərq millətlərindən olan şəxslərə qarşı nifrət hissi oyanmağa başlayıb. Qərb KİV-nin məlumatına görə, ABŞ-la yanaşı, Kanadada da müsəlmanlara hücum faktları qeydə alınıb və belə faktların sayı artmaqdadır. Nyu-Yorkda polis yanacaqdoldurma məntəqəsində xidmət edən ərəbə tapança ilə hədə-qorxu gələn qadını saxlayıb. Nyu-Cersi ştatında Esberi şəhər sakinləri bir hindlinin avtomobilini daşa basıb. Torontoda isə ərəbə bənzəyən bir kişi qəddarcasına döyülüb. Müsəlmanların ibadət yerləri də hücum obyektinə çevrilib. Sentyabrın 13-də müsəlman məscidlərinə qarşı üç vandalizm aktı qeydə alınıb. Müsəlman təşkilatlarının ofislərinə hədə-qorxu dolu zənglər daxil olur. Nifrət dalğası həbsxanaları da bürüyüb. Vaşinqtondakı türmələrdən birində televiziya verilişinə baxandan sonra iğtişaş yaranıb. İğtişaş kamerada olan müsəlmanların döyülməsilə nəticələnib. Güman ki, belə faktların sayı artacaq. Terror aktlarından sonra aparılan çoxsaylı sosial sorğular göstərir ki, amerikalıların əksəriyyəti (müxtəlif hesablamalara görə 84 faizdən 92 faizədək) ABŞ-ın terror aktlarına bağlı olanlara qarşı hərbi əməliyyatlar aparmasını dəstəkləyir.
Lakin bu tendensiyanın nə dərəcədə təhlükəli olduğunu elə amerikalıların özləri də dərk edirlər. Çünki konkret cinayət (onun miqyası nə qədər dəhşətli olsa da) hadisəsinə görə bütöv icmaları, xalqları və dini konfessiya təmsilçilərini günahkar qismində görmək bütün hallarda yolverilməzdir. Əks təqdirdə Amerika cəmiyyətində etnik düşmənçilik hissi elə həddə çatar ki, onları sahmanlamaq sadəcə mümkün olmaz. Bu, polietnik tərkibinə görə analoqu olmayan nəhəng cəmiyyətdə qarşısı alınmaz deqradasiya ilə müşayiət edilə bilər.
Birləşmiş Ştatlar yenidən iki əsr öncəki vətəndaş müharibəsinə qayıda bilməz. Təsadüfi deyil ki, prezident Corc Buş Amerikanın beynəlxalq nüfuzu üçün ayıb sayılacaq olayları qınayıb. O, terrora qarşı başlanacaq total müharibənin heç bir halda konkret icmalara və millətlərə qarşı çevrilməyəcəyini bəyan edib. Hərçənd ABŞ-ın Əfqanıstanı vurmaq, digər müsəlman dövlətlərinə qarşı məhdud əməliyyatlar düzənləmək cəhdi bu bəyanatın ruhuna o qədər də uyğun deyil. Odur ki, gözləmək lazımdır...
Sentyabrın 14-də Rusiya prezidenti Vladimir Putinin Ermənistana rəsmi dövlət səfəri başladı. Sovetlər Birliyi süquta uğrayandan bəri bu, Rusiya dövlət başçısının Ermənistana ilk səfəridir. Maraq doğuran fakt odur ki, erməni tərəfi Putinin Ermənistana gəlişini dövlət səfəri kimi adlandırır, lakin Kreml mənsubları adi protokol sənədləşdirməyə istinad edərək səfərin sırf rəsmi səciyyə daşıdığını bildirirlər. Protokol qaydalarına görə, rəsmi dövlət səfərinin öz xüsusiyyətləri var. Ermənistan-Rusiya danışıqlarının hansı xarakter daşımasına baxmayaraq, səfərin gündəliyi olduqca zəngindir.
Dialoqun ana xəttini iqtisadi əməkdaşlıq təşkil edir. Hazırda Rusiya Ermənistan bazarında ən böyük investor hesab olunur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 176 milyon dollar olmuşdur. Rusiya Ermənistan iqtisadiyyatına cəmi 500 milyon dollar sərmayə qoyub. Məsələn, "Rossiyskiy alüminiy" şirkəti Ermənistanda fəallıq göstərir və ölkənin strateji özəlləşdirmə proqramında iştirak etmək niyyətindədir. Prezidentlər səviyyəsində keçiriləcək görüşdə Ermənistanın enerji daşıyıcısı sisteminin özəlləşdirmə prosesində Rusiya şirkətlərinin iştirakı məsələsi də müzakirə olunacaq. Bundan əlavə Ermənistanın Rusiya qazına görə olan borc probleminin həlli də məhz bu danışıqların nəticələrindən asılıdır. Ermənistan hökuməti Rusiyaya olan borclarını özünün gəlirlə işləyən müəssisələrinin aksiyaları ilə ödəmək istəyir. Ümumiyyətlə, dövlətlərarası iqtisadi əməkdaşlıq üzrə danışıqların bir nömrəli mövzusu qaz problemi olacaqdır. Təsadüfi deyil ki, Putini Ermənistan səfərində "Qazprom" Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Aleksey Miller və "İtera Xoldinq"in prezidenti İqor Makarov müşayiət edir.
Səfərin birinci günündə Ermənistan prezidentinin Sevan gölündəki iqamətgahında dövlət başçılarının "qalstuksuz" görüşü keçirilib. Bu gün isə günün ikinci yarısında Ermənistan-Rusiya danışıqları keçiriləcək. Rəsmi hissədən sonra ikitərəfli sənədlərin imzalanma mərasimi olacaq. Həmin gün prezident Vladimir Putin Ermənistan parlamentindəki fraksiyaların liderləri ilə danışıqlar aparacaq. Səfər çərçivəsində Kreml sahibi bütün ermənilərin katalikosu ikinci Qareqinlə və Matandarandakı qədim əlyazmalar fonduna baş çəkəcəyi də gözlənilir. Putinin Ermənistan turnesi isə 1915-ci il qurbanlarının xatirəsinə həsr olunmuş abidənin önünə əklil qoyması ilə yekunlaşacaq.
Məlumat üçün deyək ki, prezident Putinin Yerevana səfərindən bir gün əvvəl iki ölkənin müdafiə nazirləri hərbi əməkdaşlığın möhkəmləndirilməsi haqqında saziş imzalayıblar. Rusiyanın müdafiə naziri Sergey İvanov yerli jurnalistlərə verdiyi açıqlamada bildirib ki, strateji tərəfdaşlar arasında bağlanan hərbi saziş kontrakt əsasında Ermənistana ezam olunacaq Rusiya mütəxəssislərinin və hərbi müşavirlərin hüquqi və maliyyə rejimini nizamlayacaq. Onun sözlərinə görə, bu sövdələşmə iki ölkə arasında hərbi əməkdaşlığın hüquqi və maliyyə əsaslarının möhkəmləndirilməsinə xidmət edəcəkdir.
Ermənistanın müdafiə naziri Serj Sarkisyan hesab edir ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası nə qədər qüdrətli olsa, bir o qədər ermənilərin təhlükəsizliyi təmin olunacaqdır. Sarkisyan qeyd edib ki, Ermənistan və Rusiya arasında təqribən 40-a yaxın dövlətlərarası və hökumətlərarası saziş imzalanıb.
|