Firqələrdə

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#108(332)
...buyursunlar görək!

Vəhdət Partiyasının sədri Tahir Kərimlinin fikrincə, müxalifət Azərbaycançı Qüvvələr Birliyi olmadan heç bir kütləvi aksiya keçirə bilməz. "Özlərinin daim sosial bazasının böyüklüyündən dəm vuran qüvvələr həmişə bizim sosial bazamızdan faydalanıblar. Bizim təbliğat imkanlarımızın zəifliyindən onlar istifadə edirlər. Buyursunlar görək, bizsiz necə mitinq keçirəcəklər. Zəruri vaxtda biz öz tədbirimizi keçirmək fikrindəyik. Mitinq məsələsi AQB-nin şura iclasında müzakirə olunacaq. Azərbaycan xalqını aldadanlar böyük miqyaslı kütləvi aksiya keçirmək qabiliyyətində deyillər. İqtidarın yardımı ilə yalnız balaca bir tədbir keçirə bilərlər. Onlar xalqın gözündən düşüblər."

... onsuz da icazə verməyəcəklər

ADP-nin öz mitinqini təxirə salacağı ilə bağlı deyilənləri təkzib edən ADP təşkilat katibi Həsrət Rüstəmov bildirir ki, heç bir təxirəsalmadan söhbət gedə bilməz: "Biz ADP-nin hansısa problemlərini həll etmək üçün küçələrə çıxmırıq, irəli sürdüyümüz məsələlər xalqın problemidir."
H.Rüstəmov sentyabrın 29-a təyin edilən mitinqə Bakı Şəhər İcra Hakimiyyətinin icazə verməyəcəyi haqda məlumatlı olduğunu dedi: "Bu bizim üçün xüsusi əhəmiyyət daşımır. İcazəli, icazəsiz, biz öz mitinqimizi keçirəcəyik. Heç bir partiya bizə qoşulmasa da, ADP-nin mitinqi baş tutacaq."

...gəl, qohum olaq!

Azərbaycan Sosial Demokrat Partiyasında vəziyyət çox gərgindir. Söhbət əsasən Zərdüşt və Araz Əlizadə qardaşları arasındakı gərginlikdən gedir. İndi ayrı-ayrı ofislərdə oturan qardaşların bir araya gəlməsi çətinləşib. Aldığımız məlumata görə Araz Əlizadənin partiyaya sədr seçilməsi məsələsi daha realdır. Bildirilir ki, sosdemlər arasındakı çoxluq Araz Əlizadənin tərəfindədir. Zərdüşt Əlizadənin və Sərdar Cəlaloğlunun Amerikaya birgə səfəri də çox güman ki, nəticəsiz qalmayacaq. Nə qədər maraqlı səslənsə də ADP sədri Rəsul Quliyevin Z.Əlizadəyə ADP-yə keçməsi haqda təklif verdiyi bildirilir. Bundan başqa, səfər zamanı Rəsul Quliyev tərəfindən Sərdar Cəlaloğlunun müxalifət partiyaları arasında dağıdıcı fəaliyyətinin pislənildiyi də qeyd olunur.

...birləşsək müavin olaq!

Müsavatyönlülərin yığışdığı Demokratik Konqres yeniliyə can atır. İndi də burada təmsil olunan xırda partiyalar birləşib "daha ucadan danışmağa" meyllidirlər. "Azad Azərbaycan" və Xalq Qurtuluş adlanan partiyalar bu Demkonqresdəki Türk Millətçi Partiyasına birləşmək üçün danışıqlar aparır. Danışıqların intensivləşdiyi qeyd olunur. Bu birləşməyə "böyük əsaslar" var. Belə ki, adıçəkilən iki partiya heç tanınmır, bundan əlavə və ən əsası qərərgahları yoxdur. Ona görə də, qərərgahı olan partiya ilə birləşib, haradasa oturmaq onlar üçün daha sərfəli sayıla bilər. Həm də onların sədrlərinə birləşmiş partiyada müavinlik vəd olunur.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd