|
|
|
|
#108(332)
|
 |
"İctimai televiziya" necə yaradılacaq?
Arif Əliyev işçi qrupunun üzvləri arasında fikir ayrılıqlarının olduğunu deyir
|
Sentyabr ayının sonlarında Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev Hollandiyaya rəsmi səfər edəcək. Səfərdə məqsəd "İctimai Televiziya"nın təşkili prinsiplərini öyrənməkdir.
"Yeni Nəsil" JB-nin sədri Arif Əliyevin "Bizim ƏSR"ə bildirdiyinə görə, "Teleradio yayımı" və "İctimai Televiziya" barədə qanun layihələrini hazırlayan işçi qrupunun üzvləri arasında ciddi fikir ayrılıqları mövcuddur. Layihələrdə müəyyən çatışmazlıqların olduğunu iddia edən Arif Əliyevin sözlərinə görə, Avropa Şurasının ekspertlərinin məsələ ilə bağlı rəyi həlledici olacaq: "KİV haqqında qanunda bu çox qısa və deklorativ xarakter daşıyırdı. Bilinmirdi ki, televiziya lizenziyanı hansı orqandan, hansı şərtlərlə alacaq. Hazırki layihədə də müəyyən çatışmazlıqlar mövcuddur. Məsələ burasındadır ki, qrup üzvləri arasında müəyyən fikir ayrılıqları var. Televiziyaların fəaliyyəti necə tənzimlənəcək, onların fəaliyyətinə hansı məhdudiyyətlər qoyula bilər - bu, layihədə öz əksini tapmayıb. Bizim digər əsas istəyimiz o idi ki, "İctimai Televiziya Haqqında" qanunla "Teleradio Yayımı Haqqında" qanun layihələri birləşdirilsin. Ancaq bu təkliflərimiz nəzərə alınmayıb. Qanun layihələri rəy verilmək üçün artıq Avropa Şurasına göndərilib və yaxın günlərdə təşkilatın münasibəti bəlli olacaq".
Arif Əliyevin fikrincə, ictimai televiziya Az.TV-nin bazasında yaradılmalıdır. Bununla belə, "Yeni Nəsil" JB-nin sədri dövlət televiziyasının bütövlükdə ictimailəşdirilməsi vacibliyini diqqətə çəkib: "Söhbət ondan gedir ki, dövlət televiziyası ictimai televiziyaya transformasiya olunmalıdır. Yəni bütövlükdə idarəçilik sistemi dəyişməlidir. İctimai televiziyaya da "İctimai Şura" nəzarət etməlidir. Ancaq qanun layihəsində dövlət televiziyasının iki yerə bölünməsi və Az.TV 2-nin ictimai televiziyaya çevrilməsi ideyası bu prinsipin pozulması deməkdir. İkinci bir tərəfdən, dövlət televiziyasının ikinci kanalının nə ayrı texniki imkanları, nə də büdcəsi var. Bu televiziyanın əsasında ictimai televiziya formalaşdırmağı mümkünsüz iş sayırıq".
Rassel-Constondan Arzu Abdullayevaya dəstək
Xalq diplomatiyası yenidən gündəmə gəlir
|
Ermənistandan Gürcüstana, ordan da Azəraycana gələn Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti lord Rassel Constonun hava limanında verdiyi açıqlama bu günlərdə erməniləri Bakıya dəvət edənlər üçün əsl sürpriz oldu. Əvvəlcə Ermənistan mətbuatının onun fikirlərini təhrif etməsindən şikayətlənən AŞPA səlahiyyətlisi Dağlıq Qarabağ probleminin həlli üçün hər iki ölkənin ictimaiyyətindən daha çox şeyin asılı olduğunu dedi.
Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva bu bəyanatı xalq diplomatiyasına dəstək kimi qiymətləndirir: "Açığı, lord Rassel-Conston bu məsələyə başqa cür yanaşsaydı, buna təəccüblənərdim. Artıq Azərbaycanda da bu ideyanı dəstəkləyənlərin sayı artır: "Yüksək vəzifəli dövlət məmurundan tutmuş adi bir vətəndaşa qədər hamı gözəl başa düşür ki, Qarabağ probleminin həlli üçün xalq diplomatiyası vacibdir. Ona görə də Rassel- Constonun həmin açıqlaması bizim üçün o qədər də gözlənilməz deylidi. Dünyanın hər bir yerində diplomatiya iki istiqamətdə olur - birincisi rəsmi, ikincisi isə qeyri-rəsmi. Bizim başladığımız iş də qeyri-rəsmi diplomatiyadır. Qeyri-rəsmi səviyyədə aparılan diplomatiyada xalqlar, onların nümayəndələri görüşür, danışıqlar aparır. Bu danışıqlar nəticəsində əldə edilən müəyyən razılıqlar rəsmi səviyyədə aparılan danışıqların gedişində istifadə edilir".
"ABŞ tələskənlik edir"
Qurban Cəbrayıl: "Bir terrorçuya görə Əfqanıstanı bombalamaq düzgün deyil"
|
ABŞ-da baş verən dəhşətli terror aktları bu ölkənin müsəlmanlara qarşı münasibətindəki aqressivliyi bir qədər də artırıb. Dünyanın aparıcı kütləvi informasiya vasitələri ilə yayılan məlumatlara görə, artıq bir çox ölkələrdə müsəlman təşkilatlarına qarşı ciddi təpgilər başlayıb. Hadisələrin təhlükəli istiqamətdə cərəyan etdiyini deyən bir çox ekspertlər dünyada müsəlman dövlətlərinə qarşı münasibətin kəskinləşəcəyini iddia edirlər.
Məsələyə münasibət bildirən "İslam" Partiyasının mətbuat katibi Qurban Cəbrayılın fikrincə, hadisələrin dini qarşıdurma müstəvisində inkişafında maraqlı qüvvələr var. Onun fikrincə, hadisənin əsl təşkilatçısı müəyyənləşməmiş ABŞ rəsmilərinin müsəlman dövlətlərinə qarşı ittihamlara başlaması təhlükəli haldır. O hesab edir ki, belə emosional bəyanatlar bütün dünyada xristianlarla müsəlmanlar arasında münasibətlərin gərginləşməsinə səbəb ola bilər: "Hadisənin araşdırılması xristian-müsəlman qarşıdurması müstəvisində aparılmamalıdır. Çox qəribədir ki, Yaponiyanın "Qırmızı Ordu" terror təşkilatı məsuliyyəti öz üzərinə götürsə də, ABŞ-da buna inanmırlar. Amma terrorçu Bin Laden hadisələrdə əli olmadığını bildirsə də, onu günahlandırır, Əfqanıstanı bombalamaqla hədələyirlər. Görünür, onun bir müddət əvvəl ABŞ-ı qana boyayacağı ilə bağlı verdiyi sərsəm bəyanata əsaslanırlar. Ancaq Federal Təhqiqat Bürosu təşkilatçını tam müəyyənləşdirməyənə qədər ABŞ emosional addımlardan çəkinməlidir. Obyektiv təhqiqat aparılacaqsa, görəcəklər ki, İslam dünyasının burada heç bir rolu yoxdur. Özünü İslamla bağlayan hər hansı təşkilata görə hansısa İslam dövlətindən qisas almaq düzgün olmazdı".
İslam Partiyası funksioneri ABŞ-ın İranı terrorçu dövlət adlandırmasını da düzgün saymır. Azərbaycan mətbuatının da bu məsələdə düzgün mövqe tutmadığını deyən Qurban Cəbrayıl İrana qarşı yönələn təhlükənin Azərbaycanın maraqlarına uyğun olmadığını qeyd edib: "İran prezidenti də ABŞ-dakı hadisələri kəskin pisləyib. Bu dövləti terrorçu kimi qələmə vermək səhvdir. Azərbaycan mətbuatı da fikirləşməlidir ki, İranda 35 milyon soydaşımız yaşayır. Bu baxımdan, İrana qarşı yönələn hər hansı hərəkət azərbaycanlıların da taleyi üçün təhlükə yarada bilər".
|