Sənət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#108(332)
Faiq nədən danışdı?
Kasetdən, konsertdən və özündən...

Faiq Ağayev mətbuat konfransı keçirdi. Konfransda müğənninin məqsədi bazar ertəsi Saray qəsəbəsindəki uşaq evində verəcəyi xeyriyyə konserti barədə məlumat yaymaq idi. Həmişə olduğu kimi, Faiq konfransa düz yarım saat gecikdi (şou-biznesdə olanlar Faiqin bu hərəkətlərini onun ucuzvari tryükları sırasına aid edirlər).

Faiqin mətbuat xidmətinin katibi Fuad Həsənov konsertin "Parfums De France" şirkətilə birgə təşkil edildiyini dedi. Faiq özü isə çıxışında adıgedən internat məktəbində əvvəllər də olduğunu söylədi və əlil uşaqların ağrı və acıları barədə ürək ağrısı ilə danışdı. Sonra keçdi yaradıcılıq məsələlərinə. Dedi ki, rus dilində olan mahnılarından ibarət albom üzərində işləyir. Eyni zamanda Xanım İsmayılqızı, Novruz Aslan, Rasim İmanovla birgə də yeni mahnılar hazırlayır.

Faiqin işi çoxdur. O sentyabrın sonlarında İnternet səhifəsində açılacaq saytının təqdimat mərasimini də keçirmək niyyətindədir.

Konfransın məramı bu xəbərləri KİV nümayəndələrinə çatdırmaq idisə də, Faiq bəlkə də qəsdən verilən özəl sualdan istifadə edib, bizim üçün çoxdan unudulmuş bir neçə məqama da toxundu. "Media Ltd" şirkəti ilə yaranmış soyuq münasibətlərə öz prizmasından və öz iddialarından yanaşan Faiq əslində, sevilən şou-siması arxasında başqa, çoxlarının bilmədiyi xırdaçı xüsusiyyətlərin də olmasından xəbər verdi. Biz - "Media Ltd" şirkəti olaraq, elə o zaman susmağa üstünlük verdik: sənətçi şıltaqlığını, iddialara birmənalı qiymət verməməyi nəzərə aldıq. Amma baş vermiş xoşagəlməz hadisə barədə susan və bununla da hər hansı bir intriqadan uzaq olduğunu göstərən "Media Ltd" şirkəti mövzu ilə əlaqədar öz mövqeyini açıqlamaq məcburiyyəti qarşısında qaldı...

Yadınızdadırsa, iyunun 1-də - Uşaqları Beynəlxalq Müdafiəsi günündə "Media LTD" şirkəti Opera və Balet Teatrında xeyriyyə konserti təşkil etmişdi. Bu konsertdə ölkəmizin tanınmış müğənniləri, sənət adamları iştirak edərək, xeyirxah aksiyaya qoşulmuşdular. İştirakçıların biri də Faiq Ağayev idi. Ssenariyə uyğun olaraq, Faiqin də çıxış edəcəyi vaxt müəyyənləşmişdi. Amma görünür, bu vaxt ona əl vermir, yaxud hansısa vacib işi ilə üst-üstə düşürdü. Buna görə də Faiq konsertdən bir neçə gün əvvəl öz mətbuat katibinə - Fuad Həsənova çıxış vaxtının dəyişdirilməsi barədə istəyini ifadə edərək, bu istəyi şirkət rəhbərliyinə çatdırmasını xahiş edir. Faiq konsertdə hamıdan axırda çıxış etmək istəyirdi. Bilməyənlərin nəzərinə çatdıraq ki, konsertdə hamıdan sonda çıxış etmək, müğənnilərin öz təbirincə desək, konserti bağlamaq, tədbirin ən hörmətli iştirakçısına həvalə edilən şərəfli bir məqamdır. Faiq səhvən və xüsusi təhdidlə özünü bu yerin layiqlisi bildiyindən, təbii ki, şirkət rəhbərliyi onun bu xahişini yerinə yetirə bilməzdi. Milli musiqi sənətimizin inkişafında, bu musiqinin dünyaya təbliğində və yaşamasında Faiqin yaşı qədər xidməti olan məşhur sənət adamlarımız - Xuraman və Fidan Qasımovalar, İlhamə Quliyeva, Flora Kərimova, Mələkxanım Eyyubova kimi klassik ifaçılar dura-dura belə bir tədbirə hansısa cavan müğənninin son verməsi yəqin ki, ədalətsiz olardı. Amma görünür, Faiqin özünəvurğunluğu bu həqiqətləri görməsinə imkan verməyib. Belə ki, həmin gün xeyriyyə tədbirinə dəvət edilən bütün sənətçilər vaxtında gəldikləri və öz çıxışlarını gözlədikləri halda Faiq gözə dəymirdi. Cənab "qızıl şlyager" gəldi, amma deyilən vaxtda yox, onun özünə lazım olan vaxtda - konsertin başa çatmasına bir azca qalmış. Axşam saat 23-00 radələrində birdən-birə səhnənin arxasında peyda olan Faiq Ağayev belə lazım imiş kimi, etiraz cavabına məhəl qoymayaraq, konserti bağlamağa gəlmişdi. Əlbəttə ki, bu rəftar, ən azı heç bir etik normaya sığmadığından konsertin təşkilatçısı olan şirkət rəhbərliyi mədəni şəkildə qapını Faiqin üzünə bağlamalı olub...

Dünənki mətbuat konfransında isə Faiq bu hadisəyə öz səviyyəsində şərh verdi. Onun dediklərini olduğu kimi sizə çatdırırıq: ""Lider" şirkəti konsert keçirirdi və həmin konsertdə mən də iştirak etməli idim. Lakin müəyyən natarazlıq səbəbindən, təşkilati natarazlıq səbəbindən mən orada iştirak etməkdən imtina etdim və konsertə gəlmək fikrim yox idi". Bu, "cənab şlyager"in öz əyri prizmasıdır. Yoxsa, qovulduğu bir tədbirə "özüm imtina etdim" deməzdi...

Biz, "Media Ltd" şirkətinin təmsilçisi olaraq, qeyd edək ki, bu situasiya əslində, şirkətin təşkilati natarazlığından deyil, Faiqin mədəniyyət etiketlərinin natarazlığı səbəbindən baş verdi. Ardına qulaq asın:
"Konsertin gedişatı zamanı mənə Coker (jurnalist-red.) zəng etdi. Mən Nərminə xanımla və mətbuat katibim Fuadla söhbət apardım. Onlar dedilər ki, Saray qəsəbəsindəki xəstəxanadan gələn uşaqlar bu konsertə mənə görə gəliblər və mənim oxumağımı tələb edirlər".

Əvvəla, həmin konsertə uşaqlar tamaşaçılar qismində deyil, iştirakçılar kimi gəlmişdilər. Uşaq evlərini yalnız rəhbər şəxslər və uşaq yaşında olmayan tamaşaçılar təmsil edirdi. Bir də ki, xeyriyyə konserti "Sizin istəyinizlə" verilişi deyil ki, arzular əsasında tərtib edilsin. Özü də uşaqların... Sonrası: "Mən öz 15 illik yaradıcılıq fəaliyyətimdə birinci dəfə idi ki, qapı arxasında qaldım".

Bəli, 15 illik fəaliyyəti dövründə heç vaxt yerini bilməyən Faiqə, nəhayət ki, "Media Ltd" şirkəti yerini göstərdi. İndi biz nə edə bilərik ki, layiq olduğu yer onun xoşuna gəlmədi? Əvvəl-axır o, öz yerini bilməliydi, ya yox?! Şirin yalandansa, acı həqiqətin yaxşı olduğunu məgər cənab "qızıl şlyager" bilmir?

Və sonda. Konfransda öz xeyriyyəçiliyindən ağızdolusu danışarkən həmkarımızın "bu özünüreklamdır" deməsinin cavabında bir o qədər də uşaqlara məhəbbətindən və canıyananlığından danışan Faiq belə xeyirxah idisə, onların xatirinə baş vermiş insidentə göz yumub çıxış edər və hamı kimi uşaqların hesabına imkanı daxilində vəsait ödəyərdi. Amma o, bunu etmədi. Və susmağı da bacarmadı. Bu isə onun canıyananlığının saxta mahiyyətindən xəbər vermirmi?

Həyatda və sənətdə yerini bilən bütün sənətçilərə hörmət və ehtiramla:

"Bizim ƏSR"

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd