İş günü

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#108(332)
Ermənistan - beynəlxalq terrorizmin yuvası
1980-ci illərin ortalarından bu vaxta qədər erməni terrorizmi öz inkişafında 2 təşkilati mərhələ keçib

Sentyabrın 11-də ABŞ-da baş vermiş faciəvi terror hadisəsindən sonra beynəlxalq aləmin terrorizmə qarşı birgə tədbirlər görməsi zərurəti yaranıb. Bir çox dünya dövlətləri kimi Azərbaycan da terrora məruz qalmış ölkələrdəndir. Terrorizmlə birgə mübarizədə Azərbaycan dünya ölkələrinə əvəzedilməz yardım əli uzada bilər. Ən əsası odur ki, dəfələrlə ermənilər tərəfindən terror aktlarına məruz qalmış respublikamız beynəlxalq ictimaiyyətə sübut edə bilər ki, Ermənistan terrorçu dövlətdir. Və bu ölkəni beynəlxalq terrorizmin episentri saymaq olar. Aşağıda təqdim edəcəyimiz yazıda Ermənistanda terrorun dövlət səviyyəsində həyata keçirilməsi, erməni terrorçuları tərəfindən dinc Azərbaycan əhalisinin başına gətirilən qanlı olaylar və s. barədə təkzib olunmaz faktlar var. Elə isə...
Azərbaycan ərazisində qanlı terror izinin baş qaldırması Ermənistanın dövlət strukturlarının bilavasitə məqsədyönlü fəaliyyəti ilə əlaqəlidir. Bu etnik terrorizm dinc əhlaliyə, sivil dünya normalarına qarşı xüsusi qəddarlığı ilə seçilir. Erməni terrorizminin əsas obyektləri ilk növbədə metro, avtobus, körpülər, təyyarələr, diplomatik təsisatlar həmçinin dinc əhalinin cəmləşdiyi ərazilərdir. Erməni terrorizminin kökləri 19-cu əsrin sonlarına gedib çıxır və 1890-cı ildə inqilabçı "Daşnaksutyun" partiyasının yaradılması ilə birbaşa əlaqəlidir. Bu partiyanın yaradılma tarixi göstərir ki, "Daşnaksutyun" əsas siyasi mübarizə metodu kimi terrorların, talanların və qətllərin təşkili üzərində qurulub. Conradan isə erməni yaraqlıları öz terror aksiyalarını "genosidin qisası" və "böyük Ermənistan"ın yaradılması uğrunda mübarizə şüarları ilə ört-basdır edib. 1970-ci illərin ortalarında daşnaklar bir sıra müstəqil terror təşkilatları yaradıblar. Onların içərisində daha aktivi ASALA olub. CCRİ-nin mövcud olduğu dövrlərdə ASALA türk obyektlərinə qarşı onlarla terror aktları həyata keçirib. Terrorun təşəbbüskarlarının ideyalarına görə, bu hadisələr erməni məsələsinin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına səbəb olmalı idi.
Lakin SSRİ-nin dağılması ilə əlaqədar erməni terrorizmi istiqamətini dəyişdi. Erməni terrorizmi bu dəfə Azərbaycana qarşı işğalçı siyasətin silahına çevrildi. Hansı ki, bu terror aktları "Qarabağ ermənilərinin müsəqilliyi uğrunda mübarizə" pərdəsi altında həyata keçirildi. 1980-ci illərin ortalarından bu vaxta qədər erməni terrorizmi öz inkişafında 2 təşkilati mərhələ keçib.
Bunlardan birincisi SSRİ-nin dağılmaq ərəfəsində olduğu illəri əhatə edir. O zaman mərkəzi hakimiyyət orqanlarının nəzarətindən çıxmağa cəhd edən Ermənistan rəhbərliyi Yerevanda xarici diasporun nəzarətində olan radikal terrorçu təşkilatların ("Daşnaksutyun", ASALA, MAQ, "Erməni ittifaqı", "Ermənistan Azadlıq Cəbhəsi" və s.) aktiv üzvlərinin toplanması üzrə iri miqyaslı kampaniyaya başladı. Regionda nəzarət vakkumu vəziyyətindən istifadə edən Ermənistan Azərbaycanda məskunlaşmış ermənilərin yerləşdiyi ərazilərə erməni diasporunun yardımı ilə İran, Livan, Fransa, ABŞ, Rusiya və Yunanıstandan terrorçular, silah, maliyyə göndərməyə başladı. Ermənistan hökuməti öz ərazisində yuxarıda adları çəkilən təşkilatların fəaliyyət göstərməsinə icazə verdi, axtarışda olan terrorçu təşkilatların aktiv üzvlərini sığınacaq və maliyyə, saxta sənədlər, silah və nəqliyyatla təmin etdi. Yerevana təşrif buyurmuş terrorçulardan ilkin olaraq azərbaycanlıların Ermənistandan qovulmasında istifadə olundu.
Yerevanda Türkiyə nümayəndəliklərinə qarşı terror aktları törətdiklərinə görə mühakimə olunmuş erməniləri müdafiə edən kampaniyalar təşkil olundu. Belə ki, 1983-cü ilin iyununda Orli hava limanında törətdiyi partlayışa görə Fransada məhkum olunmuş Suriya vətəndaşı, ASALA-nın üzvü Varujan Karapetyanın reabilitasiyasına görə Ermənistanın xüsusi xidmət orqanları Eçimədzin kilsəsinin imkanları hesabına terrorçunun azadlığa buraxılmasını tələb etmək üçün 1 milyondan çox imza toplamışdı.
Terror atmosferində və ümumi psixoz şəraitində terrorçuların iştirakı ilə zorakı üsullarla 100 min nəfər azərbaycanlı qətlə yetirilmiş, 250 mini isə yurd-yuvalarından qovulmuşdur. Sonradan Ermənistanda xarici terrorçu təşkilatların fəaliyyəti ilə bağlı faktlar dünya icimaiyyətinə məlum olandan sonra, Levon Ter-Petrosyan bütün günahları daşnakların simasında öz müxalifətinin üstünə atmağa cəhd etdi. Özünün Ermənistan parlamentindəki məşhur çıxışında o bunları söyləmişdi: "Daşnaksutyun" Ermənistan ərazisində qadağan olunmuş dərnəklər və gənclər təşkilatları yaradıb".
Fransa həbsxanasından azadlığa buraxılmış ABŞ vətəndaşı, məşhur beynəlxalq terrorçu Monte Melkonyan Ermənistanda 1990-cı ildə peyda olub və qısa zamanda Dağlıq Qarabağa göndərilib. ASALA-nın rəhbəri, professional terrorçu olan Monte Melkonyan məşhur beynəlxalq terrorçu Karlosun ("Şakal") tələbəsi olub. Livanın Bekaa yüksəkliyində terrorçuların hazırlıq məktəbində təlimlər keçən Melkonyan öz həmfikirləri arasında partlayıcı qurğular üzrə mütəxəssis kimi tanınırdı.
O, rəhbərlik etdiyi terrorçu təşkilatlar vasitəsilə öz təcrübəsini Dağlıq Qarabağda istifadə etməyə başlayır. Nəticədə Dağlıq Qarabağdan 1 milyona yaxın azərbaycanlı qovulub. 1993-cü ildə Azərbaycan Ordusunun hissələri ilə döyüş zamanı Monte Melkonyan öldürülür. Yerevanda terrorçunun dəfnində prezident də daxil olmaqla, demək olar ki, "demokratik" Ermənistanın bütün rəsmi liderləri iştirak ediblər. Melkonyan Ermənistanın milli qəhrəmanı elan olundu. Ermənistan Müdafiə Nazirliyinin təxribat mərkəzlərindən biri də terrorçunun adını daşıyır. Qarabağ ermənilərinin "özünütəyin", "münaqişənin ədalətli həlli" və "tarixi haqlar uğrunda mübarizə " kimi çıxışlarının fonunda Ermənistan hökuməti ASALA-nın yeni-yeni üzvlərini regiona göndərməkdə davam edirdi. Belə ki, 1981-ci ildə Parisdə Türkiyə səfirliyini ələ keçirməkdə iştirak etmiş Vazqen Sislyan 1992-ci ildə vertolyotla Xankəndinə gətirilir.
"Artsaxın azadlığı uğrunda mübarizə" üzrə ixtisaslaşmış terrorçu "Moskovskie novosti" qəzetinə verdiyi müsahibədə bəyan etmişdi ki, zorakılıq siyasəti ictimaiyyətin diqqətinin erməni işinə yönəldilməsində böyük əhəmiyyət kəsb edir.
Qarabağda yaşayan dinc azərbaycanlılara qarşı zorakılıq əməllərinə Yaxın Şərqdən olan terrorçular Əbu Əli və Gilbert Minasyan da öz "töhfə"lərini verib. Yerevan və Qarabağa baş çəkən, öz həmfikirlərinin qanlı əməllərini tamamlayan terrorçular Qarabağ münaqişəsinin ədalətli həllində iştirak edəcəkləri təqdirdə Türkiyənin və beynəlxalq neft şirkətlərinin nümayəndəliklərində terror aktları törətmək barədə hədə-qorxu gəlməyə başladılar. Qısa vaxtda ayrı-ayrı terror aktları artmağa başlayır. Artıq ordu, briqada şəklində, müasir silahlarla təhciz olunmuş terrorçular Ermənistan tərəfdən elan olunmamış müharibədə Azərbaycana qarşı mübarizəyə girişdilər. Ermənistanda azərbaycanlılara qarşı dövlət terroru özünün məntiqi davamını Dağlıq Qarabağda tapdı. Müxtəlif KİV-lərin materiallarına əsasən 1989-94-cü illər ərzində erməni terrorçuları tərəfindən Dağlıq Qarabağda nəqliyyat vasitələrində 29 iri terror aktı törədilib. 2 mülki vertolyot və 2 təyyarə vurulub.

Ardı var

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd