Xəbər

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#108(332)
Qarabağ narkobiznes yuvasına çevrilib
Lord Rassel Conston bu məsələdə Ermənistanı və... Türkiyəni ittiham edir

"Beynəlxalq ictimaiyyətdə belə fikir formalaşıb ki, Ermənistan qanunsuz olaraq Dağlıq Qarabağı işğal edib". AŞPA prezidenti lord Rassel Conston sentyabrın 5-də Dağlıq Qarabağda yerli hakimiyyət orqanlarına keçirilən "seçkiləri" şərh edərkən bildirib.
Milli Məclisdə təmsil olunan iqtidaryönlü, müxalifət və bitərəf deputatlarla görüşündə Conston deyib ki, Avropa Şurası Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi olmaq niyyətində deyil. Lakin təşkilat bu işdə ATƏT-in Minsk qrupuna yardım göstərməyə çalışır.
Nizamlanma perspektivlərinə toxunan Conston deyib ki, tərəflər kompromislərə hazır olduğunu bəyan edir. Lakin onlar nəzərə almalıdır ki, "hər iki tərəfdən bir çoxları bu kompromislərdən narazı qalacaq". AŞPA prezidentinin sözlərinə görə, tərəflər hələ 1997-ci ildə sülh əldə etməyə hazır olub. Lakin o zaman saziş layihəsində bəzi məsələlər, o cümlədən Dağlıq Qarabağın muxtariyyətinə dair məsələ əksini tapmayıb. AŞPA başçısı güman edir ki, Rusiya qoşunlarının Ermənistanda olması nizamlanma prosesinə təsir göstərəcək. Eyni zamanda, lord Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun davam etdirilməsinə tərəfdardır.
Conston bildirib ki, Ermənistanın Dağlıq Qarabağdan narkotik maddələrin ticarəti və tranziti üçün istifadə etməsi barədə məlumatı var. Onun sözlərinə görə, bu narkotik maddələr Şərqi Türkiyədə emal olunur və ölkənin rəsmi orqanları buna reaksiya verməlidir. Ölkədə siyasi məhbuslarla bağlı sualları cavablandıran Conston deyib ki, bu məsələsini Avropa Şurasının müvafiq qurumu öyrənir və hazırda bununla bağlı məruzə hazırlanır. "Mənim məlumatıma görə, məruzədə Azərbaycanda siyasi məhbusların olmadığı göstərilib," - deyə o vurğulayıb. Eyni zamanda AŞPA sədri bildirib ki, Azərbaycan Avropa standartlarına əməl etmək barədə öhdəlik götürüb. "Azərbaycanı öhdəliyi götürməyə heç kim məcbur etməyib. Bu sizin seçiminizdir," - deyə o əlavə edib.

Terror şəbəkəsinin özəkləri haradır?
MTN ABŞ Konqresinin bu barədəki hesabatında Azərbaycanın da adının çəkilməsini əsassız sayır

ABŞ Konqresi tədqiqat xidmətinin hazırladığı xüsusi hesabatda bildirilir ki, Üsəma Bin Ladenin terror şəbəkəsinin dünyanın 34 ölkəsində özəyi var. Bu şəbəkədə 3000 nəfər adam birləşir. Hesabatda sözügedən ölkələr arasında Özbəkistan, Tacikistan, Çeçenistan və Azərbaycanın da olduğu ehtimal edilir.
Milli Təhlükəsizlik Nazirliyi mətbuat xidmətinin rəhbəri Araz Qurbanovun birdirdiyinə görə, ABŞ Konqresi tədqiqat xidmətinin yaydığı məruzədə Bin Ladenin tərəfdarlarının gizləndiyi ölkələr arasında təkcə Azərbaycan yox, ABŞ-ın özünün də adı çəkilir. Partlayışlar buna sübutdur. O ki qaldı, həmin tərəfdarların Azərbaycandakı qanunsuz fəaliyyətinə, indiyədək humanitar təşkilat adı altında pərdələnən qeyri-hökumət təşkilatlarında terrorçularla əlaqəli olan xeyli xarici ölkə vətəndaşı müəyyən edilib, ifşa olunub və ölkədən çıxarılıb. Həmin təşkilatların isə fəaliyyəti qanuna müvafiq olaraq qapadılıb. Bu proses bu gün də davam edir. Araz Qurbanovun sözlərinə görə, ölkəyə daxil olan əcnəbilərin hamısını terrorçuluqda ittiham etmək düzgün deyil. Həm də məruzədə Azərbaycanın adı ehtimalla çəkilir. Ehtimal isə hələ o demək deyil ki, Bin Ladenin tərəfdarları doğrudan da Azərbaycanda var. Araz Qurbanov onu da xatırladır ki, bir müddət əvvəl ABŞ Dövlət Departamenti Azərbaycanın beynəlxalq terrorizmə qarşı apardığı mübarizəsini müsbət qiymətləndirmişdi.

ABŞ Moskvadan rədd cavabı alıb
Rusiya Mərkəzi Asiya ölkələrindəki hərbi bazalarını Pentaqonun istifadəsinə verməyəcək

Sentyabrın 19-20-də ABŞ dövlət katibinin müavini Riçard Armitiç Moskvada səfərdə olacaq. Səfər zamanı o, Rusiya xarici işlər nazirinin müavini Vyaçeslav Trubnikovla görüşəcək. Bu barədə Vaşinqtondakı diplomatik mənbələr məlumat yayıb.
Qarşıdakı məsləhətləşmələrdə məqsəd sentyabrın 11-də ABŞ-da baş vermiş terror aktlarından sonra yaranmış durumun müzakirəsidir. ABŞ nümayəndəsi Yaxın və Orta Şərq ölkələrində terrorçu bazalarına qarşı birgə hərbi əməliyyatlara Rusiyanın münasibətini öyrənmək niyyətindədir.
ABŞ dövlət katibi Kolin Pauell birgə əməliyyatlarda Rusiyanın iştirakına və yardımına ümid etdiyini bildirib. Lakin Rusiyanın müdafiə naziri Sergey İvanov belə əməliyyatların, həmçinin aksiyaların keçirilməsi üçün Rusiyanın Mərkəzi Asiya ölkələrindəki bazalarından istifadə olunmasının mümkünlüyünü rədd edib.
Mərkəzi Asiya ölkələrindəki ABŞ səfirləri həmin dövlətlərin rəhbərlərilə görüşüb və onları Vaşinqtonun terrorçulara, əsasən Əfqanistandakı terrorçulara qarşı mümkün əməliyyatlara başlayacağı barədə xəbərdar edib.

Azərbaycan prezidentinin İran səfəri baş tutacaq

Prezident Heydər Əliyevin sentyabrın 17-19-da İrana planlaşdırılan səfəri baş tutacaq. "Turan" bu məlumatı dünən rəsmi mənbələrə istinadən yayıb. Amerikanın Yaxın və Orta Şərq ölkələrindəki terrorizm mərkəzlərinə mümkün zərbələr endirməsilə bağlı H.Əliyevin səfərinin təxirə salınması barədə məlumatlar özünü doğrultmayıb.
Bununla belə, siyasətçi və ekspertlər arasında məsələ ilə bağlı fikir ayrılığı yaranıb. Onların bir qismi hesab edir ki, Tehrana getməyə dəyməz, bəziləri isə belə güman edir ki, səfər baş tutmalıdır. "Bakı səfərin məqsədyönlülüyü və müddəti barədə öz müttəfiqləri ilə məsləhətləşmələr aparmalıdır," - Müsavat Partiyasının sədri İsa Qəmbər qarşıdakı səfəri şərh edərkən belə deyib. "İran Azərbaycanın qonşusudur və biz bu ölkə ilə mehriban qonşuluq münasibətləri qurmalıyıq. Lakin yaranmış vəziyyətdə Azərbaycan özünü dünya ictimaiyyətinin bir hissəsi kimi aparmalıdır," - deyə o vurğulayıb. Lakin Milli İstiqlal Partiyası başqa fikirdədir. Belə ki, partiya sədrinin müşaviri Məhərrəm Zülfüqarlı H.Əliyevin Tehran səfərinə müsbət yanaşır. Onun fikrincə, Azərbaycan "müstəqil" xarici siyasət yürütməli və öz maraqlarından çıxış etməlidir.
AXCP "islahatçılar" qanadının lideri Əli Kərimov səfərin əleyhinə olduğunu bildirib. O güman edir ki, İran səfəri Azərbaycanın milli maraqları baxımından "məqsədyönlü deyil". Ə.Kərimovun fikrincə, Tehran Xəzərdə Azərbaycanın hüquqlarına hörmət etməyincə, Təbrizdə Azərbaycan konsulluğunu açmayınca və ölkənin daxili işlərinə müdaxiləyə son qoymayınca İrana getməyə dəyməz. Demokrat Partiyası Ali Şurasının sədri Nurəddin Məmmədli isə hesab edir ki, Tehran səfərini təxirə salmaq lazım deyil. "Əliyevin İran səfərində qəbahətli bir şey yoxdur," - deyə o bildirib.
Yeni Azərbaycan Partiyası icraçı katibin müavini Mübariz Qurbanlı da bu fikirdədir."Səfər əvvəlcədən planlaşdırılıb və ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcək. Buna görə də səfərin baş tutmaması səhv addım olardı," - deyə o qeyd edib. Qurbanlının fikrincə, İran birmənalı olaraq ABŞ-da baş vermiş terror aktlarına bağlı deyil. Bundan başqa, Azərbaycan müstəqil dövlətdir və öz maraqlarından çıxış edərək xarici siyasət yürüdür.
Xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə Əliyevin mümkün səfərini "ağılsızlıq" adlandırıb. Onun sözlərinə görə, İran həmişə dövlət səviyyəsində terrorizmi dəstəkləyib və Əliyevin indiki situasiyada İrana səfərinin Azərbaycanın maraqlarına uyğun olduğunu güman edənlər ölkənin əsl maraqlarından xəbərsizdir.

"İslam terrorizmi" - deyilməsin...
Bu fikir Məşvərət Məclisinin dünən keçirdiyi dəyirmi masada səslənib

"ABŞ-da törədilən terroru pisləyir, bunu insanlığa qarşı cinayət sayırıq və törədilən terrorun son günlər beynəlxalq aləmdə "islam terroru" adı ilə tanınmasına etiraz edirik". Bu sözləri Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı iqtidaryönlü partiyaların Məşvərət Məclisinin dünən "Beynəlxalq terrorizm bütün bəşəriyyət üçün təhlükədir" adlı dəyirmi masada deyib.
O, islam dininə terrorçu damğası vurmağı əsassız hesab edib, bu cinayəti törədən şəxslərin hökmən cəzalandırılmasını istəyib. X.Kazımlı Azərbaycanı terrora məruz qalan ölkə sayaraq bu sırada Xocalıda, müxtəlif vaxtlarda Bakı metropoliteninin bir sıra stansiyalarında çoxsaylı insan ölümü ilə nəticələnən terror aktlarını nümunə göstərib. Bakı Dövlət Universiteti hüquq fakültəsinin müəllimi Kamil Səlimov Azərbaycanda terror problemilə 80-ci illərin sonlarından məşğul olmağa başlanıldığını deyərək bunu Qarabağ münaqişəsilə əlaqələndirib. ABŞ-da törədilən terror aktı haqda danışan K.Səlimov bu dövlətin təkcə əməliyyat məlumatlarına ildə 5 milyard dollar xərclədiyini açıqlayıb. Onun sözlərinə görə, ABŞ Dövlət Depratamenti əldə olan əməliyyat məlumatlarına əsasən iki ildən bir terror siyasəti yürüdən dövlətlərin adlarını müəyyən edir. K.Səlimovun dediklərinə görə, 28 təşkilat beynəlxalq terrorçu təşkilat kimi siyahıya alınıb. Özbəkistanda mövcud olan "Özbəkistan islam hərəkatı" da bu sıradadır. İl ərzində dünyada baş verən terror aktlarının yarısının ABŞ dövləti və vətəndaşlarının əleyhinə törədildiyini deyən K.Səlimov bunu ABŞ-ın dünyaya artan təsirindən irəli gəldiyini bildirib.

15 sentyabr Bakının qurtuluş günüdür
İsa Sadıqov: "Türkiyə həmişə bizə arxa olub"

"Erməni-daşnak bolşevik qiyamçılarının 1918-ci ildə Bakıda törətdikləri vəhşiliklər unudulmazdır". Bu sözləri Ehtiyatda Olan Zabilər Birliyinin sədri polkovnik İsa Sadıqov dünən keçirdiyi mətbuat konfransında bildirib. İ.Sadıqov erməni-daşnak bolşevik birliyinin Azərbaycanın bütün bölgələrində törətdiyi qırğınlardan, millətimizi yer üzündən silmək istəklərindən danışdı. Onun sözlərinə görə, qiyamçıların bu niyyətlərinin qarşısı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam ordusunun Azərbaycana göndərilməsi ilə alındı: "Nuru Paşanın komandanlığı ilə ordu bütün Azərbaycan ərazisini daşnaklardan təmizlədi".
İ.Sadıqov onu da dedi ki, Bakının azad edilməsində türk qoşunları ilə yanaşı Azərbaycan ordusunun komandanı Əliağa Şıxliniskinin də əməyi olub. Onun sözlərinə görə, ordudakı əsgərlərin 7 min nəfəri azərbaycanlı, 8 mini isə türk olub: "Tariximiz uzun illər təhrifə məruz qalıb. Təəssüflər olsun ki, indinin özündə də təhsil sistemində vətənpərvərliklə bağlı təbliğat işi zəifdir. Hətta ali təhsil ocaqlarında, məktəblərdə 15 senyabrla əlaqədar tələbələrə lazımi məlumatlar verilmir. 15 sentyabr təkcə Bakının yox, bütövlükdə Azərbaycanın azad olunduğu gündür. Bu dövrdə keşməkeşli hadisələr baş verdi. Bakı bir anın içində hərb meydanına çevrilmişdi".
İ.Sadıqov Qarabağ probleminə də toxunaraq problemin həllində Türkiyənin köməyindən istifadə olunmasının önəmli olduğunu dedi: "Türkiyə həmişə bizə arxa olub. Azərbaycan hansı yolu seçibsə, Türkiyə onu dəstəkləyib. Bu gün Azərbaycan ərazi bütövlüyünü təmin edə biləcək orduya malikdir. Şəxsən mən problemin həllini müharibədə görürəm. Bu gün Ermənistanda həyat mübarizəsi gedir. İmkanı olan oranı tərk edir."
İ.Sadıqov sentyabrın 15-nin bayram kimi qeyd olunmasının vacibliyini dedi. Onun sözlərinə görə, hələ də Zabitlər Birliyinin "Sahil" bağında 1918-ci ildə şəhid olanlara xatirə abidəsi qoyulması təklifinə rəsmi cavab verilməyib.

AŞPA sədri din xadimləri ilə görüşdü

Dünən Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin iqamətgahında Hacı Allahşükür Paşazadə və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti lord Rassel Constonun görüşü olub.
Söhbət zamanı A.Paşazadə Azərbaycanda ayrı-seçkilik və dini dözümsüzlüyün olmadığını, qarşılıqlı hörmət və əməkdaşlığın hökm sürdüyünü vurğulayıb. QMİ başçısı qeyd edib ki, ölkədəki bütün din nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayır. Bu fikir xristian və yəhudi konfessiyaları rəhbərləri tərəfindən dəstəklənib. Öz növbəsində R.Conston Azərbaycanda ayrı-ayrı dinlərə mənsub xadimlərin əlbirliyindən məmnun olduğunu deyib. AŞPA rəhbəri bildirib ki, belə səhnəyə dünyada çox az təsadüf olunur. Eyni zamanda Conston bildirib ki, Azərbaycanın çəkdiyi ağrı-acıları yaxşı başa düşür və bunların tezliklə aradan qaldırılacağına ümid edir.

Güləşçilərimizi ABŞ-a buraxacaqlarmı?

Məlum terror aktları ilə əlaqədar ABŞ-a gediş-gəliş üçün viza verilməsinin dondurulması yaxın vaxtlarda bu ölkədə keçirilməsi gözlənilən idman yarışlarının da baş tutacağını sual altında qoyub. Sərbəst və yunan-Roma güləşi üzrə sentyabrın 26-da startı veriləcək dünya çempionatı da bu qəbildəndir. Yarışın keçiriləcəyi məşhur "Medison skver Qarden" idman salonunun Dünya Ticarət Mərkəzinin partladılmış binalarının yaxınlığında yerləşməsi bu ehtimalları daha da artırır.
Son günlər bir sıra kütləvi informasiya vasitələri müsəlman idmançıların ABŞ-a buraxılmayacağı haqqında da xəbərlər yayır. Buna səbəb ABŞ-ın Moskvadakı səfirliyinin Rusiyanın müsəlman güləşçiləri Adam Saytiyev və David Musulbesə viza verməkdən imtina etməsidir. Məhz bu xəbərə istinadən kütləvi informasiya vasitələri Azərbaycan idmançılarının da ABŞ-a buraxılmayacağı haqqında ehtimallar irəli sürür. Qeyd edək ki, ABŞ səfirliyi Azərbaycan vətəndaşlarına viza verilməsini hazırda dayandırıb. Bu isə Azərbaycan güləşçilərinin də ABŞ-a gedişini əngəlləyə bilər. Məsələyə aydınlıq gətirmək üçün Gənclər, İdman və Turizm Nazirliyi idarə rəisinin müavini Mirkamil Rəhimovla əlaqə saxladıq. Onun dediyinə görə, yarışın təxirə salınması haqqında nazirliyə heç bir məlumat verilməsə də, tədbirin başqa vaxta keçirilməsi istisna deyil. Güləşçilərimizə viza verilib-verilməməsinə gəlincə isə nazirliyin əməkdaşı bunları dedi: "Güləşçilərimiz indi Belorusda təlim məşqlərindədir və yarışlara hazırlığı davam etdirirlər".

DB missiyasının səfəri ləngiyir

Dünya Bankının (DB) nümayəndə heyətinin sentyabrın 15-də Bakıya nəzərdə tutulan səfəri dörd gün sonraya keçirilib. Bankın Bakıdakı nümayəndəliyindən "Media-Press"ə verilən məlumata görə, bu, çox güman ki, ABŞ-da baş verən terror aktları və bu ölkədən təyyarə uçuşlarının təxirə salınması ilə əlaqədardır.
DB ekspertləri Azərbaycan hökumətində struktur dəyişikliklərinin yeni planını gətirməlidirlər. Ölkə rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bu plan DB-nin təsdiqinə veriləcək. DB missiyası iyulun ortalarında da Bakıda olub və ölkəmizə 30 milyon dollar kredit ayrılması məsələsini müzakirə edib. Noyabr ayında verilməsi gözlənilən bu kredit hökmətdə struktur dəyişiklikləri aparılmasına, iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, həmçinin əhalinin işıq, qaz və su ilə təchizatının yaxşılaşdırılmasına yönəldilməlidir. "Media-Press"in məlumatına görə, DB bundan əvvəl Azərbaycanda yolların, səhiyyənin və maliyyə sektorunun inkişafı üçün ümumi məbləği 50 milyon dollar olan üç layihə təsdiq edib.

"Ermənilər Avropa Şurasından çıxarıla bilər"
Qulamhüseyn Əliyev: "ABŞ-da terror aktını müsəlman-xristian müharibəsi müstəvisinə qaldırmaq istəyən qara qüvvələr var"

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyəti sentyabrın 24-dən 28-nə kimi keçriləcək sessiyasında iştirak etmək üçün Strasburqa səfərə hazırlaşır. Əldə etdiyimiz məlumatlara görə, nümayəndə heyəti bu dəfə ermənilərlə bağlı ciddi məsələlər qaldıracaq. Amma bununla belə, deputatların konkret olaraq hansı problemləri müzakirəyə çıxaracaqlarını nümayəndə heyətinin bütün üzvləri qapalı saxlayır. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, AXCP-çi millət vəkili Qulamhüseyn Əliyev də ermənilərə qarşı hansı məsələləri qaldıracaqlarını açıqlamadı. Maraqlıdır ki, artıq bütün məsələlərin bəlli olduğunu deyən millət vəkili bunun səbəbini də qapalı saxladı.

ABŞ-da baş verən hadisədən sonra torror aktında bir neçə təşkilatın iştirak etməsi versiyası təsdiqini tapdı. Hətta bəzi yerlərdə erməni izi də aşkarlanıb. Ermənistanı terrorçu dövlət kimi tanıyan Azərbaycan AŞPA-nın növbəti sessiyasında hansı məsələləri qaldıracaq?
- Artıq nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında hansı məsələləri qaldıracağını dəqiqləşdirib. Müəyyən səbəblərdən onları mətbuata açıqlaya bilməyəcəyik.
Nümayəndə heyətinin üzvləri həmişə özləri əvvəlcədən hansı məsələləri qaldıracaqları ilə bağlı məlumat yayırdılar. İndi bunun qapalı saxlanması nə ilə bağlıdır?
- Hansı problemlərimizi qaldıracağımızı deyə bilmərəm. Sadəcə olaraq belə razılığa gəlmişik ki, bu barədə mətbuata, ümumiyyətlə, heç kimə açıqlama verilməsin.
Sizcə, terror aktında erməni izi aşkarlansa, Avropa Şurasında Ermənistanın aqibəti nə cür olacaq?
- Avropa Şurasının bütün dövlətlər tərəfindən qəbul edilmiş prinsiplərini pozan, qurumun nizamnaməsinə əməl etməyən, o cümlədən, bu cür terrorçuluq əməlləri ilə məşğul olan dövlətlərin aqibəti həddindən artıq pis olacaq.
Müzakirələrdən sonra Ermənistanın Avropa Şurasından çıxarılması mümkündürmü?
- Bəli, bu, tamamilə mümkündür.
ABŞ-dakı hadisələrlə bağlı Avropa Şurasının fəallaşması, hansısa sərt qərarlar qəbul etməsi gözlənilirmi?
- Prinsip etibarilə bu, gözlənilir. Bu hadisə ABŞ-la yanaşı Avropa dövlətlərində də ciddi narazıçılığa səbəb olub. Bu isə bir sıra beynəlxalq qurumların, o cümlədən Avropa Şurasının ciddi şəkildə fəallaşmasına gətirib çıxarmalıdır. Çox güman ki, AŞPA-nın növbəti sessiyasında ÿterrorizmə qarşı birgə mübarizədə beynəlxalq əməkdaşlıq məsələləri müzakirəyə çıxarılacaq.
Terrorçunun vətəni, dini mənsubiyyəti olmur. Amma ABŞ son hadisəni daha çox xristian-müsəlman müharibəsi müstəvisinə qaldırır. Sizə elə gəlmir ki, məsələyə bir qədər qərəzili yanaşılır...
- Həddindən artıq çoxlu sayda insan tələfatına səbəb olmuş hər hansı bir terror aktı istər-istəməz adamları qızışdırmalı, onları əsəbləşdirməlidir. Yəqin ki, konkret olaraq siz deyən məsələni də qabartmaq, yaranmış xoşagəlməz vəziyyətdən sui-istifadə etmək istəyən qara qüvvələr var. Şəxsən mənə belə gəlir ki, bu, ABŞ-ın dövlət siyasəti deyil, ayrı-ayrı şəxslərin niyyətidir. Onlar bu hadisədən dini faktor kimi istifadə etmək istəyirlər. Məsələnin xristian-müsəlman müharibəsi müstəvisinə qalxması da bunun nəticəsidir. Onu da deyim ki, bu hal çox təhlükəlidir və bunun qarşısı dərhal alınmalıdır.
ABŞ-dakı son hadisədən sonra irəli sürülən versiyalardan biri Ermənistanın terrorçu "Asala" təşkilatı ilə bağlı olsa da, nədənsə bu fakt ört-basdır edildi. Maraqlıdır ki, ABŞ mətbuatı ilə bahəm Rusiya KİV-i də bu məsələyə toxunmur.
- Bilirsiniz, bu məlumatların demək olar ki, böyük əksəriyyəti mətubatın versiyaları kimi ortaya çıxıb. Hesab edirəm ki, dövlətlər bunu ört-basdır etmək niyyətində olsaydılar, heç həmin xəbərlər versiya kimi də yayılmazdı. Həm də məlum terror aktı ilə bağlı istintaq prosesi gedir. Ona görə də indiən birmənalı fikir yürütmək də düzüün olmazdı. "Asala"nın və ya Ermənistanın başqa bir teroorçu təşkilatının bu hadisədə hər hansı bir formada əli olubsa, onlar öz cavablarını alacaqlar. Əgər həmin məsələ versiya kimi ortaya atılsa belə, bunların hamısı araşdırılacaq.
Azərbaycan beynəlxalq terrorizmlə mübarizə aparmaq üçün hansı beynəlxalq konvensiyalara qoşulub?
- Mən bilən Azərbaycan təkcə MDB-nin terrorizmlə birgə mübarizəsini nəzərdə tutan konvensiyasına qoşulub. Qalanları ilə bağlı dəqiq məlumatım olmadığına görə, əlavə bir söz deyə bilməyəcəm.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd