|
#108(332)
|
 |
|
Elçibəyə kim qəsd
etmək
istəyib?
|
YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun mərhum eks-prezident Əbülfəz Elçibəyə sui-qəsd planının təşkilatçıları sırasında Müsavat başqanı İsa Qəmbər və AXP sədri Pənah Hüseynovun da adını çəkməsi siyasi dairələrdə ciddi rezonans doğurub.
Qeyd edək ki, YAP funksioneri Pənah Hüseynov-İsa Qəmbər "cütlüyü"nü vaxtilə hakimiyyəti ələ keçirmək məqsədi ilə Elçibəyə sui-qəsd planı hazırlamaqda günahlandırır. İttihamı rədd edən Müsavat rəhbərliyi və AXP sədri Pənah Hüseynov Siyavuş Novruzovu məhkəməyə verəcəyi ilə hədələyib. Elçibəyə sui-qəsd planı barədə ciddi faktlara malik olduğunu deyən YAP-çı millət vəkili isə bundan qətiyyən narahat olmadığını bildirir. Siyavuş Novruzov müxbirimizlə söhbətində sui-qəsd planının mövcudluğunun AXP sədri tərəfindən də təsdiqləndiyini bildirib.
|
Polislərin xilası
mümkün deyil
|
"France Press" agentliyinin məlumatına görə, Ümumdünya Ticarət Mərkəzinin (ÜTM) dağıntıları altında sağ qalmış 10-a yaxın polis əməkdaşı var. Lakin onların xilas edilməsilə bağlı əməliyyatlar aparmaq hələlik mümkün deyil. Belə ki, qonşuluqda yerləşən bina uça bilər.
Öz növbəsində "Reuters" agentliyi bildirir ki, ÜTM dağıntılarının altında 12 ton qızıl külçəsi var. 106 milyon dollar dəyərində olan qızıl ticarət mərkəzinin yaxınlığında yaxşı mühafizə olunan anbarda saxlanılıb. Qızıl Nyu-Yorkun NÜMEX ticarət-xammal birjasına məxsus olub.
Nyu-York meri Rudolf Culianinin fikrincə, qüllənin dağıntılarını iki-üç həftəyə yığışdırmaq mümkün olacaq. Lakin sonra bildirilib ki, ərazinin təmizlənməsinə iki aydan çox vaxt lazım gələcək.
|
Vilayət Quliyev
AŞPA sədri ilə görüşüb
|
Dünən xarici işlər naziri Vilayət Quliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri lord Rassel Conston ilə görüşüb.
Nazir AŞPA sədrinin səfərinin əhəmiyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycanın AŞ-yə qəbulu demokratik proseslərin inkişafına, insan hüquqlarının əsaslı zəmində qorunmasına təkan verib.
R.Conston isə səfərindən məmnun olduğunu bildirib. O, Azərbaycanın AŞ-yə qəbulundan sonra ölkədə baş verən dəyişiklikləri xüsusi qeyd edib.
AŞPA rəhbəri AŞ-nin Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etməmək fikrində olmasına baxmayaraq, problemin həllinə lazımi köməklik göstəriləcəyini deyib.
Görüşdə həmçinin insan hüquqları sahəsində qanunvericilik məsələləri və siyasi məhbuslarla bağlı fikir mübadiləsi aparılıb.
|
Hava limanında
nəzarət güclənib
|
Bakı hava limanında mühüm obyektlərin mühafizəsi gücləndirilib və digər təhlükəsizlik tədbirləri görülüb. Bu tədbirlər aviasiya təhlükəsizliyi, gömrük xidmətləri və DİN-in birgə səylərilə həyata keçirilir. Bu barədə "AZAL" aviaşirkətinin baş direktor müavini Sabir İlyasov məlumat verib.
Bundan başqa, Azərbaycanda çalışan xarici aviaşirkətlər öz reyslərinə əlavə nəzarət həyat keçirir. S.İlyasovun sözlərinə görə, "elektron sipər" sistemi tətbiq edildikdən sonra hava limanının mühafizəsi daha da güclənəcək.
Dünən səhər saat 8.07-də Bakı metropolitenində "Bakı Soveti - Əhmədli" marşrutu ilə hərəkət edən qatar "28 May" və "Gənclik" stansiyaları arasındakı tuneldə dayanıb. 10 dəqiqə ərzində qatar sərbəst hərəkət edə bilməyib və digər qatarın köməyilə onu "Gənclik" stansiyasına çıxarmaq mümkün olub. Bundan sonra sərnişinlər vaqonları tərk edib. Qatar depoya aparılıb. Hazırda nasazlığın səbəbləri araşdırılır. Bu barədə metropoliten polisinin cinayət-axtarış qrupunun baş əməliyyat müvəkkili Rəsul Süleymanov məlumat verib. Onun sözlərinə görə, sərnişinlər arasında çaxnaşma yaranmayıb, xəsarət alan yoxdur. Hərəkət tam bərpa olunub.
|
Ukraynada ən böyük
fraksiya formalaşır
|
"Bizim Ukrayna" blokunun lideri Viktor Yuşşenko yaxın zamanlarda eyni adlı parlament fraksiyasının yaradılacağını bəyan edib. Onun sözlərinə görə, hazırda "RUX", "İslahatlar-Konqres" fraksiyaları ilə bu istiqamətdə danışıqlar gedir. Yuşşenko deyib ki, yeni bloka digər fraksiyalardan olan deputatların, habelə müstəqil millət vəkillərinin qatılacağı şəksizdir.
|
Hindistan
Tacikistana "su səpir"
|
Hindistan rəhbərliyi Tacikistandakı susuzluq probleminin aradan qaldırılması üçün Düşənbəyə 5 milyon dollar yardım ayırmaq qərarına gəlib. Bundan başqa Hindistan yaxın qonşusuna əsasən vərəmlə mübarizə üçün nəzərdə tutulmuş yeddi ton dava-dərman verəcək. Hindistan terrorçuluq və narkobizneslə mübarizədə Tacikistanla əməkdaşlıq etmək istəyir.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvləri - Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan birliyin Almatıda keçirilən növbəti toplantısında regional iqtisadi əməkdaşlıq, ticarət və investisiya qoyuluşu sahələrinin əsas istiqamətləri haqqında memorandum imzalayıblar. Tərəflər əsasən energetika, nəqliyyat, telekommunikasiya, kənd təsərrüfatı, turizm, bank-kredit, su təsərrüfatı kimi sahələrdə əməkdaşlığın zəruriliyini qeyd ediblər.
Bu ilin oktyabrında NATO ekspertləri Gürcüstana gələrək ölkənin "Best Effort-2002" hərbi təlimlərinin keçirilməsi üçün nə dərəcədə yararlı olmasını aydınlaşdıracaqlar. Təlimlər 2002-ci ilin oktyabrında keçirilməlidir. İldə bir dəfə keçirilən irimiqyaslı "Best Effort-2002" təliminin bir hissəsi atıcı bölmələrinin dağlıq ərazilərdə hərəkət və döyüş ustalığının artırılmasını nəzərdə tutur.
|
Buxari qardaşları cani deyil
|
CNN teleşirkətinin yaydığı məlumata görə, Federal Təhqiqat Bürosu (FTB) Nyu-Yorkda törədilən terror əməlində şübhəli bilinənlərin siyahısından Adnan və Əmir Buxari qardaşlarının adlarını çıxarıb. Adnan Buxari sağdır, onun qardaşı Əmir isə hələ ötən il həlak olub. Daha bir şübhəli şəxs - Məhəmməd Otta haqqında yeni heç bir şey deyilmir. Qardaşların üzərindən şübhə götürülsə də, istintaq terror aktlarının ərəb mənşəli şəxslər tərəfindən təşkil edilməsi barədə əsas versiyadan imtina etmir. ÿÿ
Özbəkistan növbəti dəfə beynəlxalq antiterrorizm mərkəzinin yaradılması təklifi ilə çıxış edib. Ölkənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, ixtisaslaşmış beynəlxalq struktur terrorizmlə mübarizəyə dair çıxarılan beynəlxalq qərarların icrasının əlaqələndirilməsi ilə məşğul olmalıdır. Xatırladaq ki, Özbəkistan diplomatiyası sözügedən məsələnin aktuallığını 2 dəfə - ATƏT-in İstanbul (1999-cu il) və BMT-nin Minillik sammitlərində (2000-ci il) qabartmışdı.
Azərbaycan Milli Bankının mətbuat katibi Kamran Nəzərlinin verdiyi məlumata görə, respublikanın valyuta bazarı ilə bağlı narahatçılığa heç bir əsas yoxdur. Həftənin ikinci günü panik əhval-ruhiyyə dalğasında ciddi itkilərə məruz qalmış dollar artıq öz itkilərini iki dəfə azaldıb. Dünya valyuta bazarında dolların kursu avroya nisbətdə 0,9066-0,9070 dərəcədə sabitləşib. Kamran Nəzərlinin sözlərinə görə, ABŞ-da baş vermiş terror aktları Azərbacanın dövlət banklarının fəaliyyətinə heç bir təsir göstərməyib. Milli Bank tərəfindən valyuta bazarında müəyyən olunmuş 3 faizlik marjaya kommersiya bankları ciddi şəkildə əməl edib.
|
Təhsil haqqını
kreditlə ödəyəcəklər
|
BANK OF BAKU ölkənin ali məktəblərində təhsil alan tələbələrin təhsil haqlarının maliyyələşdirilməsinə başlayıb. Qeyd edək ki, bu vaxta qədər Azərbaycanda təhsil haqlarının ödənilməsi ilə əlaqədar kreditləşmə proqramı inkişaf etməyib.
BANK OF BAKU ilə aparıcı dövlət və özəl ali məktəblər arasında təhsil haqlarının ödənilməsinin kreditləşməsi barədə sazişin imzalanması (1 il müddətinə, illik 11 faiz dərəcəsilə), bir çox talantlı tələbələrə təhsillərini davam etdirmək imkanı yaradır. Sonda bildirək ki, kreditlərin alınması üçün hər hansı bir material girovu tələb olunmur.
|
103 barın fəaliyyəti dayandırılıb
|
Bakıda fəaliyyət göstərən əyləncə obyektlərindən (bar, diskoteka və s.) yalnız 42-si İstehlak Bazarı və Xidmət Departamentinin qeydiyyat şəhadətnaməsinə malikdir.
Hazırda paytaxtda fəaliyyət göstərən 100 obyektin belə şəhadətnaməsi yoxdur. Ölkə prezidenti Heydər Əliyevin cəmiyyətin mənəvi problemlərinə toxunan məlum çıxışından (13 avqust 2001-ci il) conra İstehlak Bazarı və Xidmət Departamentinin hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi reydlərin nəticəsində iş rejimini pozduğuna görə, 103 barın fəaliyyəti dayandırılıb. Həmçinin 17 obyekt və bir bar alkoqollu içkilərlə bağlı lisenziyadan məhrum edilib. Sözügedən departamentdən bir sıra bar və diskotekalar tədris müəssisələrinin yaxınlığında yerləşdiyindən, həmin obyektlər fəaliyyət növlərini dəyişirlər. Belə ki, bu yaxınlarda 3 belə obyekt profilini dəyişərək çayxana və kafe kimi fəaliyyət göstərməyə başlayıb.
|