|
|
|
|
#108(332)
|
 |
XXI
m.nur@azeurotel.com
|
Amerika
tozanağı
... Başqa bir ehtimala görə, dünən Bakının üstünü almış toz Ümumdünya Ticarət Mərkəzindən uçub-gəlibmiş. Hərçənd, ekoloqlar və geoqroflar bunu nəmişlik və başqa bir konsentratın qarışması ilə bağlayırlar. Və isbat etməyə çalışırlar ki, toz heç də Amerikadan buraya - bu boyda okean üstündən aşıb gələ bilməz.
Amerika ilə isinişdik. Amerika bizi tozlandırdı.
Toz hərfi mənada gəlmədisə də qoy belə olsun, adamlarımız okeanın o tayının heç də uzaqda olmadığını duydular. Elə bu arada firqə siyasətçilərimiz yay tənbəlliyindən qayıdıb qəzet və TV kluarlarında dostlarını və adamlarını axtarmağa, qəzet səhifələrinə yayxanmağa və efirlərə girməyə çalışdılar. (Amma mənə elə gəlir ki, efir və səhifələr bu sifətlərdən bezib və fərqli tendensiyalarçün bərk darıxıb.) Sən demə, yay tənbəlliyi zamanında elə-belə, restoran söhbətləri arası kölgə kabinetləri (əslində siyahıları) tərtib edilibmiş, lokal mitinqlər keçirməyə cəsarət tapılıbmış və bu tapıntalar o qədər cəsarət tələb edirmiş ki, heç buna indi xəcalətindən qınına girmiş Pentaqon generallarının da ulqumu çatmazmış. Amma Pentaqonda olduğu kimi firqələrdə də hadisələrin və olanların uçot prosesi gedir. Uçot hələ siyasi fəaliyyət və hadisələrə real təsir imkanları deyil.
Cəsarət limiti tükənib. İndi cəsarətlə bağlı əməllər yalnız uçurum qırağında rəqs edə bilənlərçün şərəf məsələsidir.
Qorxulusu Amerika tozanağının siyasi kluarlarımızı bürüməsi və bəzi koridorları görünməz etməsidir. Bu tozanaqdan həm iri fillər, həm də xırda həşaratlar qurtula biləcəklər. İndilik Amerika mövzusunu yuvarlaqlaşdırmaq üçün bu tozun çəkilib getməsi lazımdır.
Təəssüf, Azərbaycanın siyasi komsomolçuları üstlərini çırpıb hər zaman qabağa dürtülməyə hazırdırlar. Və Amerika tozanaqları onlarçün heç vaxt dərs olmayacaq...
Məqsəd Nur
|
|
Suallı künc
|
Bütün dünya Amerikadan danışır. Mövzu o qədər tirajlandı ki, artıq bir az şablonluq və təkrarçılıq təsiri bağışlayır. Əlbəttə, Amerikanın başına gələnlər misilsiz olaydır və bu nəhəng dövlətin beşgünlük matəmə qapılması anlaşılandır. Amerikadakı terrorun nəticələri indiyədək dünyada baş vermiş analoji aktların hamısının bir yerdə fəsadından da ağırdır. Dünyanın böyük hissəsi Amerikanın dərdinə şərik olub, rəsmi qaydada hüzn günləri elan edilir, dövlət və beynəlxalq əhəmiyyətli tədbirlər təxirə salınır.
Beynəlxalq müstəvidə bu cür geniş həmdərdlik ilk dəfə nümayiş etdirilir. Hətta 2-ci Dünya Müharibəsində faşizmin Avropa qitəsini caynağına alması okeanın o tayında belə təşviş doğurmamışdı. Çünki fəlakət uzaqda idi və Hitlerin min kilometrlərlə məsafəni qət edərək Birləşmiş Ştatların üzərinə yeriməsi (nəzəri) perspektiv sayılırdı. İndi isə təşviş ortaqdır: dəhşətli kabus eyni dərəcədə hamının başının üstünü ala bilər.
Azərbaycan da coğrafi cəhətdən Amerikadan çox uzaqdır, hətta gecə-gündüzlərimiz də üst-üstə düşmür. Amma biz Amerikanı özümüzə yaxın qəbul etdik, Avropa ölkələri ilə eyni dərəcədə rəsmi hüzn elan edib, onun dərdini paylaşdıq. Böyük siyasət nöqteyi-nəzərindən burada labüd "dəb" elementi və beynəlxalq "palaza" bürünmək zərurəti mövcuddur. Azərbaycanın Birləşmiş Ştatlarla strateji tərəfdaşlıq münasibətlərinin olması da bu həmdərdliyi vacib edir. Amma məsələ təkcə bunlarda deyil.
Azərbaycan həmişə özgənin dərdini yaxından paylaşıb. Hələ sovetin "dinc" dövründə yerini xəritədə çətinliklə göstərə bildiyimiz ölkələrə dəstək və yardımı əsirgəməmişik. O vaxtın statistikasına görə, mərkəzdən humanitar ianə məqsədilə müttəfiq respublikalara ayrılan markalardan ən çox Azərbaycana pay düşürmüş. Elə mənim çantamın üstü də (o vaxt şagird idim) dərs ilinin sonunadək alabəzək markalarla örtülürdü. Heç o vaxt ağlımıza gəlməzdi ki, 10-15 ildən sonra Azərbaycan xeyli dərəcədə humanitar yeşiklərə yapışdırılan həmin markaların ümidinə qalacaq...
Azərbaycanın dərdinə şərik çıxanlar da oldu. Xüsusilə üzləşdiyimiz təcavüzün ən fəlakətli vaxtlarında yaxın-uzaq xarici ölkələrin humanitar yardımları minlərlə insanımızın dadına yetdi. Bunlara görə təşəkkürümüzü dəfələrlə bildirmişik. Hərçənd, bizə yardım edənlərin əksəriyyəti bununla həm də beynəlxalq öhdəliyi yerinə yetirərək dünyadakı reytinqlərinə növbəti xal yazdırırdılar.
Azərbaycan ən ağır vaxtlarında ən az yardımı Amerikadan aldı. Ona görə yox ki, biz ondan çox uzaqdayıq. Birləşmiş Ştatların Azərbaycana qarşı tətbiq etdiyi 907-ci qadağa bu yardımı məhdudlaşdırır. Məhdudiyyət 9 ildir ki, davam edir.
Əslində bizim Amerikadan umacağımız onun ulduzlu yeşiklərdə göndərəcəyi humanitar yardım deyil. Azərbaycan bu yardımlarsız da keçinmək imkanındadır. Necə ki, on minlərlə köçkünün zəruri təminatını artıq özü ödəyir. Bizim üçün zəruri olan dünyanın fövqəldövlətinin ədalət meyarıdır. Biz Amerikanın təcavüzkarla təcavüzə məruz qalanı eyniləşdirməməsini istəmişik. Amerika isə bir az da "irəli" gedərək 100 milyonlarla yardımını təcavüzkara təqdim edir. Amma bunsuz da ötüşmək olar. Fəqət fövqəldövlətin bu boyda təcavüzə göz yummasıyla razılaşmaq mümkün deyil.
Bu gün Amerikadakı təcavüzün (terrorun) qurbanlarına rəsmən yas tutan Azərbaycan özü illərdir ki, yaşadığı dərdin beynəlxalq müstəvidə qismən də olsa bölüşüdürülməsini arzulayır. Manhettendəki dəhşətli səhnəni anındaca dünyanın seyrinə təqdim edən Amerikanın telenəhəngləri, görəsən, Xocalıda həyata keçirilmiş vəhşilik səhnələrini tox və tamamilə özünə (öz kefinə, probleminə) qapılmış Amerika auditoriyasına neçə dəfə göstərib? Və bu telegörüntülərə "biq-maq" yeyə-yeyə tamaşa edən amerikalılardan neçəsi sarsılıb? Çox "sadəlövh" və "qəribə" suallardır, deyilmi?
V.Orxan
|
Pərdəarxası
|
"Filankəs müəllim, üstünüzə gün düşür, keçin kölgəyə".
Üstünə gün düşənin uzun illər iş yerinə nə gedişi bilinərdi, nə gəlişi. İndi isə günəş şüasından gözünü qıyınca, hamı təlaşa düşüb. Bir qədər hövsələsizlər isə günəşin qarasına deyinməkdən belə çəkinmirlər. Fikirləşirsən, yaxşı ki, günəşin yerə ancaq şüası çatır. Yoxsa özü əlçatan yerdə olsaydı, vay onun halına. İdarə rəhbərinin gözünü qıydırdığına görə, ona ölüm hökmü kəsərdilər.
Yaxın günlərdə şahidi olduğum bu mənzərə, əslində, adidən adidir. Hara baxsaq, insanın bu xisləti gözümüzü yağır eləyib.
Bəs qəribə nədir?
Gözünü gündən qıyan yaradıcı şəxslərimizdəndir. Özü də onun yaradıclığını, bir növ, özümüzün özümüzlə tanışlığı da adlandırmaq olar; milli xislətimizin xarakterik məqamlarını tutub, əyər-əskiklərini yerindəcə qaçılmaz fakt kimi ortaya qoyub. İllah da, biri səlahiyyət sahibinə çevrilincə, ondan yararlanmaq damarımızı.
Hələ səlahiyyət sahibinin özünü demirik. Büs-bütün dəyişir, yerişindən tumuş, danışığına qədər. Özü ötkəmləşir, sözü daşdan keçir. Üstəlik, dost-tanışını da süzgəcdən keçirir. Köhnə haqq-hesabları çürüdür, əgər ona da səlahiyyəti çatırsa. Və s. Bax, onun yaradıcılığında bütün bunların fərqinə varmışıq. Ona görə də bu mənzərəyə alışa bilmirik, təəccüblənirik. Bu, odurmu?
Gözümüzün qabağında vaxtilə hədəfə aldıqlarına indi özü addımbaaddım yaxınlaşır. Ayrı cür desək, indi o özü əsərinin qəhrəmanıdır, yuxarıda dediklərmizin görküdür.
Əhatəsinin bu diqqətindən, qayğısından məmnundur. Bir qədər loyallara, deyəsən, artıq qəzəbi tutur. Məlum olub ki, xasiyyəti də çox tünd imiş. Amiranə tərzdə tapşırıqlar verir, əsəbi də elə ayaq üstədir. Heç nədən özündən çıxır. Bir sözlə, üzünü görmə.
Başa düşürsən ki, onun yaradıcılığı hər kəsdən öncə elə özü ilə tanışlıqmış.
Ya da Yaradan onu sınağa çəkir. Və o da, sonrasından Allah saxlasın, elə ilk addımlardan büdrəyir.
...Çoxdan lap yaşlı qələm sahiblərimizdən biri, ömür yolunu gözümüzün önündə bir-bir vərəqləmişdi. Və "Ürək rahatlığı ilə mən Yaradanın hər sınağından üzüağ çıxdım" demişdi.
50-ci illərdə Bakıya gələn müsahibim o zamanlar heç kimin tanımadığı bir kəndli balasıymış. Şəhərin vahiməsindən, böyüklüyündən, özünün isə kimsəsizliyindən üşünən bu gənc zaman-zaman bunları arxada qoyur. Bir günsə, öz sözləri ilə desək, "Allah məni vəzifə ilə də sınağa çəkdi".
"Bir də gördüm şeytan qəlbimə girib, yolumu azıram. Getdim məscidə, dedim tövbə. Ay Allah, indiyə kimi yolumu azmışamsa, keç günahımdan. Məni düz yoldan sapdırma".
Nə isə... Yaradanın sınağından üzüağ çıxın.
S.Rəhimova
|
 |
|
| |
|