|
|
|
|
#109(333)
|
 |
50 yaşın mübarək, respublika stadionu!
|
Dünya şöhrətli futbol hakimimiz Tofiq Bəhramovun adını daşıyan respublika stadionunun təntənəli açılışından düz 50 il ötür. Yarım əsr bundan əvvəl - 1951-ci ilin 16 sentyabrında Azərbaycanın baş idman arenası azarkeşləri ilk dəfə ağuşuna aldı. Maraqlıdır ki, 50 il əvvəl də ilin doqquzuncu ayının 16-cı günü bazara təsadüf etmişdi, indi də!
Müharibə işləri
yarımçıq qoydu
Tikintisinə 1939-cu ildə başlanılsa da, ikinci dünya savaşı, ardınca isə Böyük Vətən müharibəsi stadionun inşaasını əngəlləyir. Yalnız qanlı-qadalı illərdən sonra arenanın tikinti işləri bərpa edilir və... 12 illik həsrətə, nəhayət, son qoyulur.
Təntənəli açılış mərasimindən bəhs etməzdən əvvəl, ona qədərki işlər barədə bəzi məqamlara toxunmaq istərdim. Stadionun tikinti rəisi Y.Ruvinski, memarlıq elmləri namizədi L.Qonsirovski isə layihə müəllifi, həm də baş mühəndisi olub. Çoxillik bitki institutunun direktoru Axundov ot ötrüyü işlərinə rəhbərlik edib. Bir sıra işlər SSRİ əməkdar idman ustası, mühəndis V.Polikarpovun başçılığı ilə görülüb. O, "Azərbaycan bədən tərbiyəçisi" qəzetinin 11 iyul 1951-ci il tarixli sayındakı məqaləsində yazır: "Meydança 104x69 metr ölçüdədir. Torpağın üst qatı Lənkəran yaxınlığındakı İliç limanından gətirilib və stadion hər mənada əla vəziyyətdədir. Hətta o, ölkənin (SSRİ-nin - R.B.) ən yaxşı arenası hesab edilən Moskvadakı "Dinamo" stadionu ilə müqayisə oluna bilər. Qaçış yoluna 600 dərəcə istidə yandırılmış kükürd kolçedanı döşənəcək. Belə qaçış yolu SSRİ-dəki stadionların heç birində yoxdur".
O dövrün mətbuatında ayrı-ayrı müəlliflər stadionun tikintisi ilə əlaqədar məqalələrində inşaat işlərində müstəsna xidməti olan xeyli fəhlənin adını çəkir. Söz yox ki, həmin insanların böyük əksəriyyəti indi həyatda yoxdur, amma anılmağa daha çox layiqdirlər: yardımçı fəhlələr Manaf Səmədov, Məmməd Məmmədov, Aslan Həsənov, bənna Rəhim Rəhimov, inşaatçılar Süleyman Quliyev, İbrahim İbrahimov, Cabbar Rəhimov və s. "Kommunist" qəzetində (16.09.51) isə Y.Ruvinski daşyonanlar Aram Sevumovla Aleksandr Tombaşovun, habelə dülgərlər Mixail Manuçaryan, Qrant Bakmanyan, Samvel Danelyan və yardımçı fəhlə Suren Zaxaryanın adını xüsusi minnətdarlıq hissi ilə çəkir.
50 il əvvəl bu gün
16 sentyabr 1951-ci il, saat 13.30-dur. Stadionun fəxri qonaqlar tribunasında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırov, generallar, admirallar görünürlər. Üzərində "Bəxtiyar Azərbaycan deyir, Stalin yoldaş, min yaşa!" yazılmış al plakat stadionun hər nöqtəsindən göünür. 8 min idmançının iştirak etdiyi təntənəli mərasimi giriş sözü ilə Azərb. K(b)P MK-nın katibi Teymur Yaqubov açır, hadisələri qabaqlayıb bildirim ki, rəmzi lenti də elə o kəsir. Sonra SSRİ Nazirlər Soveti yanında Ümumittifaq bədən tərbiyəsi və idman işləri komitəsi sədrinin müavini S.İvanov, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı MK-nın katibi Nazim Hacıyev çıxış edirlər.
Fərman oxundu,
bayraq qaldırıldı
"Azərbaycan bədən tərbiyəçisi" qəzeti yazır: "Professor M.Topçubaşov partiya, sovet, həmkarlar ittifaqı, komsomol və bədən tərbiyəsi təşkilatlarının xahişi ilə yeni stadiona sovet xalqının dahi rəhbəri, müdrik müəllimi və dostu Stalinin adının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanını oxudu".
Növbə bayrağın qaldırılmasına çatır: adları Azərbaycan idman tarixinə əbədi həkk olunmuş güləşçilər Rəşid Məmmədbəyov, Musa Babayev, İbrahimpaşa Dadaşov, yüngül atlet Xandadaş Mədətov, SSRİ idman ustası Züleyxa Hacıyeva həmişəyaşar anın iştirakçısı olurlar. Həmin tarixi anda başqa adlara da rast gəlirik - A.Fomina, V.Busalayev, A.Troyan.
Bu da ilk oyun
Tanınmış futbol statistiki Abbas Əzimovun sözlərinə görə, stadionun açılışı sentyabrın 6-na nəzərdə tutulubmuş. Lakin həmin gün "Neftçi" Moskva "Lokomotiv"ini qəbul etdiyindən, mərasimi 16-na adladıblar. Nə üçün? A.Əzimov deyir: "Komandamızın açılış matçında uduzmasını heç kim istəmirdi, respublikada hamı arzulayırdı ki, tarixi görüş "Neftçi"nin qələbəsi ilə sonuclansın. Bunu "Lokomotiv"ə qarşı oyunda etmək çətin olacaqdı (amma moskvalılarla görüşdə komandamız 2:0 qalib gəlib - R.B.). Sonrakı rəqib bu mənada daha əlverişli idi".
O vaxt "Neftçi" SSRİ çempionatının "B" qrupunda, indiki dillə desək, 1-ci dəstədə yarışıb və yüksək liqaya adlamağa əsas namizədlərdən olub. Stadionun açılış gününə təsadüf edən matç bu mənada prinsipial səciyyə daşıyıb. Çünki həmin vaxt üçün "Neftçi" 35 xalla üçüncü, rəqibi Vilnüsün "Spartak" komandası isə həmyerlilərimizdən iki xal geri qalmaqla beşinci pillədə qərarlaşıb. Lakin komandamız tarixi gündə tarix yazmağı bacarıb - oyun 4:0 hesabı ilə "Neftçi"nin xeyrinə bitib. Topların 2-ni, o cümlədən respublika stadionunda ilk rəsmi qolu (36-cı dəqiqədə) Ələkbər Məmmədov vurub.
Stadionumuz Fransa
müxbirinin qələmində
1999-2000-ci illər mövsümünda İntertoto yarışlarında İsrail "Makkabi"sini mübarizədən kənarlaşdıran Ağdamın "Qarabağ" komandası növbəti mərhələdə Fransanın "Mompelye" klubu ilə qarşılaşmalı idi. O vaxt həmin klubun "MNSC FOOT" xüsusi nəşrində (jurnal) bütövlükdə Azərbaycan futbolu, həmçinin matçın keçiriləcəyi stadion barədə yazılar verilmişdi. Arenamız Fransa müxbirinin qələmində əksini belə tapıb: "Əsl sovet üslubunda tikilmiş tribunaları ilə Bakıdakı milli stadion məğrur görünüşə malikdir və daim iki qüllənin başındakı "oraq-çəkic" nişanının altındadır. Zaman-zaman ot örtüyü keyfiyyətini itirir və onu düzəltmək çətin işdir. Azərbaycanın milli stadionu bu mənada arzuolunan vəziyyətdə deyil".
Xatırlamalı çox şey var
Əvvəlcə Stalinin, sonra uzun illər Leninin, müstəqillik illərində isə T.Bəhramovun adını daşıyan respublika stadionunda çox maraqlı idman hadisələri baş verib. Azarkeşlər "Neftçi"nin 1966-cı ildə bürünc medal qazanması, 1976-cı ilə güclülər dəstəsinə adlamasının sevincini bu stadionda yaşayıblar. Moskvanın "Dinamo", "Spartak", "Torpedo", Kiyevin, Minskin, Tbilisinin, "Dinamo" və s. komandalarla unudulmaz matçlar burada oynanılıb. "Neftçi"nin UEFA kuboku turnirində "Lokomotiv" (Bolqarıstan), "Şəmkir"in Çempionlar Liqasında "Skonto" (Latviya) klubları üzərində qələbələrinə bu arena şahidlik edib. Azərbaycan milli seçmə kollektivi dünya və Avropa çempionatlarının qrup yarışlarında İsveçrə, Portuqaliya, Slovakiya futbolçuları ilə görüşlərdə fəxarətli nəticələri də respublika stadionunda qazanılıb. Lakin ölkənin baş idman arenası Azərbaycan təmsilçilərinin hələ çox nailiyyətinə məkan, ünvan olacaq. İdmançılarımızın qələbəsini sevincli göz yaşları ilə qeyd edəcəyimiz çoxsaylı günlər qabaqdadır.
50 yaşın mübarək, respublika stadionu!
|