|
|
|
|
#109(333)
|
 |
Üzeyir Hacıbəyov - 116
Süd qardaşının oğlu
|
... XIX əsrin sonlarıdı. Şuşa çal-çağırlı günlərini yaşayır. Bir yanda Cabbar əmi oxuyur, bir yandan Seyidin xoş avazı gəlir, bir yanda da Xan qızı Natəvanın ədəbi-musiqili məclislərinin ab-havası var. Bu çal-çağıra Əbdülhüseyn kişi də bərk maraqlıdı. Hər dəfə Xan qızı onu belə məclislərə dəvət eləyən kimi oğlanları Zülfüqar, Üzeyir, Ceyhun bilirdilər ki, bu gün qonşu imarətdə Qarabağ bülbülləri cəh-cəh vuracaq. Odur ki, Xan qızının imarətindən tar-kaman səsi gələn kimi doqqaza yığışırdılar... Onda bu balaca seyrçilər nətəhər xəyallar qurmazdılar, nətəhər arzuların qanadında uçmazdılar...
Bu uşaqlar Xan qızına yad sayılmaz. Babaları Kərbəlayi Ələkbər Natəvanın süd qardaşıydı, ataları şəxsi mirzəsi, anaları Şirin xanım da yaxın rəfiqəsi. Mirzəliklə bərabər xanlığın təsərrüfatına da rəhbərlik eləyən Əbdülhüseyndən Natəvan o qədər razıydı ki, ona bir qrup Qarabağ xanının iştirakıyla bəylik titulu da vermişdi (Fərmana general- mayor Mehdiqulu xan da imza atıb).
Əbdülhüseynin oğlanlarının qeyri-adi istedad sahibi olduqlarını Natəvan xanım da bilirdi. Hətta bir dəfə Üzeyir anasıyla onlara gələndə yazdığı şerləri də oxumuşdu, çəkdiyi şəkillərə də baxmışdı. Hələ şirin-şirin oxumasını demirəm. Amma... onda kimin ağlına gələrdi ki, bu qarayanız, girdəsifət oğlan dahidi? Şərqdə ilk operanın, operettanın, musiqili komediyanın... daha nələrin, nələrin yaradıcısı olacaq. Gözəl publisist, tərcüməçi, dramaturq, ictimai xadim... Bunu hələ AZƏRBAYCAN MUSİQİ SƏNƏTİNİN YARADICISI ÜZEYİR BƏY HACIBƏYOVUN özü də bilmir.
Musiqidən "Z"
alan bəstəkar...
Bildiyi odur ki, Ağcabədidə doğulub (1885-ci il 18 sentyabr), Qalada yaşayır, musiqi məclislərinə meyllidir, Cıdır düzünü, bir də sonralar Əsgər kimi dünyanı gəzdirəcəyi Məcidin "Ay arşın, mal alan" deyib oxuya-oxuya dalanlarda dolaşmasını sevir. Bu qoçaq oğlan(lar)ın bəxti onda gətirmişdi ki, valideynləri uzaqgörəniydi. Övladlarını savadlı görmək istəyirdilər. Üzeyir də mədrəsəni bitirən kimi, atası onu görkəmli maarifçi Haşım bəy Vəzirovun məktəbinə qoydu. "Rus-tatar" məktəbini qurtarandan sonra da Qori Müəllimlər Seminariyasına getdi. Bu məktəbin direktoru erməni Miropyanın inadını qırıb orda təhsil aldı.
Haşiyə: Miropyanın Azərbaycan uşaqlarına münasibətini hələ o vaxt Cəlil Məmmədquluzadə belə təsvir eləyib: "... Allah Miropyanın canını bibəla eləsin... Bir müsəlman uşağı gəlib ərizə verərdi ki, mən istəyirəm seminariyaya girim, cənab Miropyan əyilib diqqətlə baxardı cavanın üzünə, ərizəni qaytarıb verərdi və deyərdi: "Bala, səni götürə bilmirəm, ondan ötrü ki, qaşın qaradır..."
Üzeyir də qaşıqara çıxmışdı. Amma çətinliklərə baxmayaraq, oxudu. 1899-1900-cü illərdə Üzeyirin xasiyyətnaməsində yoldaşlarından daha ürəyiaçıq olması, rəssamlığa meyli, sərbəst tərcümələr eləməsi vurğulanır. "Xasiyyətcə şəndir","əxlaq qiyməti 5-dir. "Amma hərdən töhmət də alır, nədən ki, "çara dua oxumur", "nəğmə dərsindən qaçır". Maraqlısı da odur ki, seminariyada Üzeyir iki il dalbadal musiqidən 3 alıb. Musiqi müəllimi Pekker isə onun böyük musiqiçi olacağına şübhə etmirdi. Üzeyir bir ilin içərisində dörd çalğı alətində ifa eləməyi öyrənmişdi.
1904-cü il... Qori seminariyasını bitirib. Yelizavetpol quberniyasının məktəblər inspektoru onu ucqar bir yerə - Hadrut kəndinə müəllim göndərib. Qəzetlərə məqalə yazmağa da o vaxtdan başlayır. 1905-ci ildə erməni-müsəlman davası başlayanda isə Hadrut sakinləri onu gecəylə, at belində kənddən çıxarıb, Yevlaxa göndəriblər.
...Bakıya gəlir. Əvvəlcə Bibiheybətdəki Fəhlə Gənclər Məktəbində, sonra da "Səadət" məktəbində dərs deyir. Tez-tez də həyatında əhəmiyyətli rol oynayan görkəmli musiqişünas və ilk müəllimi (həm də dayısı) Ağalar bəyin yanına gəlir. "Həyat" qəzetində bir az mütərcim işləyir. Jurnalist kimi isə "İrşad" qəzetində tanınır. O burada Nəriman Nərimanov, Soltan Məcid Qənizadə, Mirzə Ələkbər Sabir, İbrahim Əbilovla (Sovet Azərbaycanının Türkiyədə ilk səlahiyyətli səfiri-M.N.) birgə çalışır. Sonra da "Molla Nəsrəddin" dərgisində, müxtəlif qəzetlərdə çıxış eləyir.
Üzeyir bəy mahir publisist, incə yumora malik dramaturq, gözəl tərcüməçiydi. N.V.Qoqolun "Şinel" əsərini ilk dəfə dilimizə tərcümə eləyib. Bundan başqa, "Türk-rus, rus-türk" lüğətini (1907), "İlk hesab məsələləri" dərsliyini (1908) tərtib eləyib, Bakıda Orucov qardaşlarının mətbəəsində nəşr elətdirib. Qeyd edim ki, lüğətin redaktoru Azərbaycan Demokratik Cümhuriyyətinin banisi, Üzeyir bəyin yaxın dostu Məmməd Əmin Rəsulzadədir.
İsmailliyənin
31-ci otağı
1907-ci ildə isə Üzeyir bəy "İsmailliyə" mehmanxanasındakı 31 saylı otağa köçür. O otağa ki, Yusif Vəzir Çəmənzəminlinin gündəliyində belə qeyd olunacaq: "... 31 nömrəli otağa girəndə özümü itirdim. Gənclərimizi görəndə ürəyim sevinc hissi ilə doldu, bəstəkardan və məşhur dramaturq, "Dağılan tifaq" faciəsinin müəllifi Əbdürrəhim bəy Haqverdiyevdən başqa, Hüseyn Ərəblinski truppasının artistləri, o cümlədən birinci opera artistimiz Hüseynqulu Sarabski, "Gavə" dramını bizim azərbaycancaya çevirən Süleyman Sani Axundov da burada idi... Biri fortepianoda çalırdı, biri tarda. Notlar yerə səpələnmişdi..."
Onda opera deyilən nəsnə hazırlanırdı. "Bu opera üzərində 1907-ci ildən işləməyə başladım. Amma opera yaratmaq fikri 1897-98-ci illərdə başımda idi. O zaman 13 yaşımda ikən, doğma Şuşa şəhərində göstərilən "Məcnun Leylinin qəbri üstündə" mövzulu tamaşanı görmüşdüm. Onda özüm də xorda oxumuşdum. Elə o vaxtdan bu fikir başımda idi. Bir neçə ildən sonra Bakıya gəldikdə operaya bənzər bir şey yazmağı qət elədim ("Leyli və Məcnun"dan "Koroğlu"ya qədər" adlı məqalədən. 1938-ci il)".
Diqqət! Milli opera
yarandı!
Nəhayət... Şərqdə operanın ilk qaranquşu "Leyli və Məcnun"un Tağıyev teatrında son məşqləri gedir. Şəhərə afişalar vurulub. Amma hələ də Leyli yoxdu. Bu işi Məcnuna (Ərəblinskiyə) tapşırıblar. Tapır da.
Əbdürrəhim Fərəcova arvad paltarı geyindirib, üzünə kirşan çəkmək asan məsələ deyildi, bir təhər razı salırlar. Orkestr da hazır görünür. Tarıma çəkilən əsəblər, gərgin iş, xırda narazılıqlar... bunlar hamısı var.
Bu da 1908-ci il, 12 yanvar. Milli operanın yarandığı gün.
...Tamaşaya lap az qalıb, salona iynə atsan yerə düşməz. Yaxın kəndlərdən, hətta Tiflisin özündən belə bu yeniliyi görməyə gələnlər var. Amma... Əmması odur ki, bu tarixi gündə tarçılar gəlmir (Şirin Axundov da). Aləm bir-birinə dəyib. İndi necə olacaq, camaat qapı-pəncərəni sındırır, tamaşa təxirə salına bilməz.
"Başlayaq!" Rejissor Hüseyn Ərəblinski göstəriş verir. Qurban Pirimovla Əhməd Ağdamski tarda, Üzeyir bəylə Əli Terequlov skripkada,... Əbdürrəhim bəy Haqverdiyev də dirijor pultunun arxasındadır.
Nəticə gözlənildiyindən də uğurlu olur. Operanın səsi bütün Zaqafqaziyaya yayılır. Hələ Üzeyir bəyin nə yaşı var? 22-yə təzə adlayıb. Hələ yazacaq, yaradacaq. Nə qədər çətin olsa da...
Çətinliksə uzaqda deyil. İlk tamaşanın səsi qulaqlardan getməmiş səhnəmizin ilk kişi Leylisi - 16 yaşlı Ə.Fərəcov bəyanat verir ki, özünüzə Leyli tapın. "Mən bir də qadın paltarı geyməyəcəm". Neyləsin? Çıxış yolu axtaran bəstəkar buna da çarə bulur: "Bizim Əhməd! Əsl Leylidi". Üzeyir bəy onu da bilirdi ki, xalası oğlu heç cür onun sözündən çıxmayacaq. O gündən Realnı məktəbin tələbəsi Əhməd səhnəmizdə qadın rollarının ifaçısı oldu (12 il).
İlk və ən gözəl
operetta
İlk operanın nailiyyətindən ruhlanan Üzeyr bəy dalbadal "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1901), "Şah Abbas və Xurşidbanu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) kimi operalar yazdı. 1909-cu ildə "Ər və arvad", "O olmasın, bu olsun"la (1910) Azərbaycan musiqili komediyasının, Peterburq konservatoriyasında oxuyarkən dünyada məşhur olan "Arşın mal alan"la (1913) operettanın əsasını qoydu. Elə o vaxt Peterburq konservatoriyasının rektoru, məşhur bəstəkar Qlazunov "Arşın mal alan"ı bütün Rusiyada "ilk və ən gözəl operetta" adlandırdı. 120 teatrın səhnəsini bəzəyib, 49 ölkədə tamaşaya qoyulan bu operetta Bakıda (1917, 1945, 1966), ABŞ-da (1930), hətta Çin Mədəniyyət Evinin verdiyi məlumata görə, 1960-cı ildə Çində də ekranlaşdırılıb.
Səadət Qarabağlı (Üzeyir Hacıbəyovun Ev-Muzeyinin direktoru):
- Üzeyir Hacıbəyov yaradıcılığı elə bir dəryadır ki, yazmaqla qurtarmaz. İlk kitabı - "Məzhəkə" işıq üzü görəndə onun 13 yaşı olub. Kitaba nağıllar yazıb, illüstasiyalar çəkib, cildləyib, üstündə qiyməti də var - 15 qəpik. Üzeyir bəyin dostları o kitabları satar, hər gün ona 45 qəpik qazanc gətirərdilər. Sonra da Qori seminariyası, Tiflis həyatı... Dostu Əli Terequlov onunla Müslüm Maqomayevi hər istirahət günü qonaq aparardı. Bu da gələcəyin iki böyük şəxsiyyətini - Üzeyir bəylə Müslüm Maqomayevi bu ailəylə qohum eləyir.
Üzeyir bəylə Məleykə xanım 1910-cu ildə evləniblər. Evliliklərinin ilk illəri çətinliklərlə doludu.
Peterburqda oxuduğu vaxtlarda Hüseynqulu Sarabskiyə yazdığı məktubdan:"... Bəradərim Hüseynqulu... Mən indi bir tərəfdən dərs oxumaqla, bir tərəfdən də "Arşın mal alan"ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır. İnşallah, sentyabrda göndərərəm ki, əvvəlcə onu qoyasınız... O ki qaldı pul işinə, o barədə işim yaşdır. Göndərdiyin pulun yarısı müəllim və dərs işlərinə gedib. Qərəz, bu halda pula böyük ehtiyacım vardır. Artıq təvəqqe edirəm ki, iki yüz manatı mümkün olsa, bu kağızı alan kimi göndərərsən ki, pulun gec gəlməsi dərsimə xələl gətirməsin..."
Üzeyir bəy yazdığı kimi də eləyir. "Arşın mal alan"ı tamamlayan kimi, Bakıya - Sarabskiylə Müslüm Moqamayevə göndərir. 1913-cü il oktyabrın 25-də musiqili komediyanın ilk tamaşası olur.
Dərk elə, nalayiq
ədəbi bunlardan...
... Üzeyir bəy yalnız maddi çətinlik çəkmirdi. O vaxtlar tez-tez haqsızlıqlarla üzləşirdi. Mətbuat da bir tərəfdən. "Tuti" dərgisi nələr yazmırdı? "... Yavaş-yavaş qədəm tutmağa başlayan səhnə işlərimizi bu falsız, gündə biri çıxan opera və operetta dediyiniz, nə bilim nələr, bərbad elədi... Teatrlarımızı toyxana, çayxana... halına saldı... (1916, N2).
Tək bununla qurtarsa, nə vardı. Ərəblinskini Ehramski, Sarabskini Corabski, Ağdamskini Ağdivarski, Üzeyir bəyi "Cibişdanqulu bəstəkar" adlandıran dərgi, hələ 15-ci ildə belə bir satirik şer də çap eləmişdi:
Açmışam bir dənə başdan-başa dükkan opera,
Satıram, etgilən artistlərə elan, opera.
"Məşdibad", "Xosrovü Şirin" ilə "Arşın sal alan"
"Leyli Məcnun", "Şah Abbas...", nə bilim, bir də filan.
"Əsli ilə Kərəmi" heç çıxarma yaddan,
Dərk elə, nalayiq ədəbi bunlardan...
Bununla da bitmir. "Məzəli" dərgisinin verdiyi karikaturanın yanında bu nə idi ki? Karikaturada "Bir əlində dəf oturub şənlənən, yarımçılpaq qadın (opera), öz ağırlığıyla "dram" binasının sütununu dağıtmışdı... Onun dizi üstə H.Sarabski rahat oturub papiros çəkir. H.Ərəblinski isə uçulan binanın altında qalıb, üzü üstə yerə sərilmişdir, ağzından qan gəlir".
Maqalyanın "biznesi"
Bir tərəfdən də Üzeyir bəyin əsərləri rus, gürcü, erməni dillərinə tərcümə edilir, səhnələşdirilirdi. Tiflisdə bir gündə 4 dildə "Arşın mal alan" oynanılırdı. Amma Sovetlərdən sonra bu operettanı erməni Maqalyan özəlləşdirmişdi... Necə?
- 1915-ci ildə Üzeyir bəylə müqavilə bağlayıb, "Arşın mal alan"ı erməni dilinə çevirən Maqalyan sonralar həmin operettanı öz adına çıxarmışdı. Sovetlər hakimiyyətə gələndən sonra Türkiyəyə, ordan Yunanıstana, sonra da Amerikaya köçən Maqalyan bu əsərin librettosunu da özüylə aparır. Nyu-Yorkda, Çikaqoda əsəri səhnələşdirir. Və o qədər mənfəət əldə edir ki, böyük bir bina tikdirir. Üstünə də bu sözləri yazdırır: "ARŞIN MAL ALAN". Onu da qeyd edim ki, burda göstərilən tamaşaların afişaları muzeydə saxlanılır. Bütün afişaların kənarına bu sözlər yazılıb: "Erməni operettalarının kraliçası". 30-cu illərdə isə film çəkir. Titrdə öz adı (S.Qarabağlının söhbətindən).
Beləcə, Maqalyanın özəlləşdirdiyi operetta film halında dünya ekranlarına buraxılır və bir qrup Azərbaycan ziyalısı İranda olarkən bu filmi görür. Üzeyir bəyə xəbər verirlər. Üzeyir bəy də öz xatirələrində yazır: "Mənə bu xəbəri Məmməd Əkbər, Osman Sarıvəlli, bir də Şəmsi Bədəlbəyli dedilər". Üzeyir bəy də Mircəfər Bağırova məktub yazır: "MÜƏLLİF HUQUQLARIMI BƏRPA ELƏYİN!". Mircəfər Bağırov da məsləhət görür ki, bəstəkar bu müraciəti Stalinə eləsin. Üzeyir bəy ikinci məktubu Molotova yazır. Molotov da, öz növbəsində, Stalinə bu barədə məruzə eləyir. Rəhbər də bildirir ki, SSRİ Beynəlxalq Müəlliflərin Müdafiə Konvensiyasına üzv olmadığı üçün Üzeyir bəyin hüquqlarını bərpa eləyə bilməz. Bircə yol var:
"Təcili "Arşın mal alan" filmi çəkilsin!"
Stalin özü də operettanın vurğunu olub. Hələ inqilab illərində Bakıda, Tiflisdə dəfələrlə operettaya baxan rəhbər, operettanı əzbər bilirmiş. Buna sübut: 1938-ci il incəsənət dekadasında Azərbaycanın şərəfinə verilən ziyafət zamanı rəhbər operettadan parçalar oxuyub.
Film çəkilir (1942), ancaq 1946-cı ildə Moskvada Eyzenşteynin iştirakı ilə keçirilən ümumittifaq səviyyəli baxışda bildirilir ki,"ekranlara yaramır". Amma göstəriş rəhbərin olduğuna görə, filmin keyfiyyətsiz olmasını da ona bildirirlər. Bu vaxt Stalin "gətirin, özüm də baxım" deyir. Və düz üç gün dalbadal "Arşın mal alan"a baxır. Film rəhbərin xoşuna gələndən sonra ekrana da yarayır, üstəlik Dövlət Mükafatına da layiq görülür. 67 dilə tərcümə edilib dünya ekranlarına buraxılır. Üzeyir Hacıbəyovun uzun müddət köməkçisi olan və ev-muzeyinin yaradıcısı mərhum Abbas Zamanov sağlığında deyərmiş ki, filmin gətirdiyi gəlirlə maraqlanıb. Moskvaya müraciət eləyən Xəlilova cavab: 1 milyard 200 milyon rubl. Müraciətsə, 60-cı illərə aiddir (Ramazan Xəlilov bəstəkarın baldızı oğlu idi, eyni zamanda, Üzeyir bəy Konservatoriyanın rektoru işləyəndə müavini olub. Ömrünün sonunadək həyatını Üzeyir irsinin toplanmasına sərf eləyib).
..."Arşın mal alan" filmi Üzeyir bəyin müəllif hüquqlarını bərpa eləyir. O ki qaldı Maqalyana, ömrünün sonlarında Amerikadan qayıdıb Tiflisdə yaşayırmış.
Ramazan müəllim də o vaxtlar onunla görüşüb, elə Üzeyir bəylə bağladığı müqaviləni də ondan alıb, gətirib.
Ümumiyyətlə, ermənilər Üzeyir bəyi bir neçə dəfə öldürmək istəyiblər. İlk dəfə 1918-ci il mart hadisələrində evi gülləbaran edilib (hazırda ev-muzeyi olan bu binada Üzeyir bəy 1915-ci ildən yaşyırmış). O vaxt Nəriman Nərimanov onu öz teatr truppası ilə birgə İrana göndərib. İkinci dəfə Sovetlərin vaxtında Üzeyir bəyin adını qohumu Hənəfi Terequlov güllələnməyinə hökm verilmiş 59 ziyalının arasında görüb. Yenə işə qarışan Nərimanov növbəti dəfə onu xilas edib.
Üzeyir bəylə milyonçu Zeynalabdin Tağıyevin münasibətləri də çox yaxşı olub. İlk opera da Tağıyev teatrında göstərilib. Bu da məlumdur ki, bəstəkar həmin teatrın (Musiqili Komediya Teatrı) 10 illiyində Tağıyevə bir marş həsr eləyib. Xeyriyyəçi teatra daxil olanda həmin marş səslənib. Təəssüf ki, o marş indi əlimizdə yoxdur.
Şəkər xəstəliyi...
...Stalin öz xahişi ilə "Koroğlu"ya iki dəfə tamaşa eləyir. Və operanı "ən gözəl Sovet operası" adlandırır. Dekadadan sonra əsər Stalin mükafatına layiq görülür. Ongünlüyün sonunda "Dahi rəhbər" Azərbaycan incəsənət xadimlərinin şərəfinə ziyafət də verir. 1939-cu ildə artıq müsabiqə keçirilir. Münsiflər heyətinin sədri də Üzeyir bəy idi. Müsabiqədə iştirak eləyən ermənilər birinci turdan keçə bilməyiblər. Molotova Üzeyir bəydən şikayət məktubu yazan ermənilər bəstəkarın millətçi olduğunu, erməniləri qəsdən kəsdiyini yazırlar. Molotovsa məktubu Üzeyir bəyə göndərir. Hadisə ona o qədər pis təsir eləyir ki, şəkər xəstəliyi tapır. Bu xəstəlik də ömrünün axırına qədər onu müşayiət eləyib. Ölümünə bais də erməni idi. "Leçkomissiya"da Osipyan familyalı erməni həkim onu bilərəkdən səhv müalicə eləmişdi.
Hökumə xanım Nəcəfova (bəstəkar):
- O vaxtlar Üzeyir bəyi sıxışdırırdılar, amma Moskvada "dahi rəhbərin" maestroya hörmətini görüb, qınlarına çəkildilər. Qayıdan kimi ona "Emadin" maşın, Konservatoriyanın rektoru, Bəstəkarlar İttifaqının sədri... Konservatoriyanın rektoru olanda kasıb tələbələri siyahıya almışdı, hər ay əlavə təqaüd verirdi. Bir dəfə dərsə ətəyi cırıq paltarla getmişdim, Üzeyir bəy gördü. Məni çağırıb bir bükülü verdi. Evdə saydım 800 manat. Halbuki, mən o vaxt 90 manat maaş alırdım.
Səadət xanımsa deyir ki, Üzeyir bəy yalnız millətçi olduğu üçün sıxışdırılıb. Bəs xaricdə Sovet hökumətinə qarşı fəaliyyət göstərən Ceyhun bəyə görə ona bir söz deyən olmamışdımı?
- Hətta dekadada Üzeyir bəyə Stalin deyib ki, əgər Parisdə yaşayan qardaşının Vətənə dönməsini istəyirsə, onu evlə, işlə təmin eləyə bilər. Ancaq bu imtiyazlardan Ceyhun bəy imtina eləyib. O, Sovet hökumətini istəmirdi. Azərbaycanın müstəqilliyi uğrunda çalışırdı. Qardaşlar axırıncı dəfə bir-birini 1919-cu ildə görmüşdülər. Versal sülh müqaviləsində iştirak etməyə gedən Ceyhun Hacıbəyov bir daha geri dönməyib.
Ceyhun bəyin musiqişünaslığı, "Leyli və Məcnun"un yaranmasında müstəsna xidmətlərinin olması məsələlərinə açıqlıq gətirən Səadət xanım deyir ki, son zamanlar hətta bu operanın Ceyhun bəyə aid olduğunu deyirlər. Onun müəllif hüququnun qaytarılmasını tələb edənlər də var, ancaq bu fikir kökündən səhvdir. Ceyhun bəy özü açıq yazır ki, əsəri qardaşı yazıb: "Mən sadəcə, muğamların seçilməsində ona kömək eləmişəm".
Bir nəslin
musiqi şəcərəsi
Bu nəsil Azərbaycan mədəniyyətində, incəsənətində, elmində böyük rol oynayıb. Kərbəlayi Ələkbərin uşaqlarına nəzər salaq. Oğlu Ağalar - musiqişünas, dövrün qabaqcıl ziyalısı, "Nicat" cəmiyyətinin fəallarından olub. Ağalar bəyin oğlanları Kazım (dirijor) və Nazim (bəstəkar) Əliverdibəyovlar. Hər ikisi Türkiyədə işləyir.
Kərbəlayi Ələkbərin qızları Şirin xanım və Əzizə xanım.
Şirin xanımın uşaqları - Zülfüqar, Üzeyir, Ceyhun, qızları Abuhəyat və Sayat. Zülfüqar Hacıbəyovun oğlu Çingiz Hacıbəyov da dirijordu. Üzeyir bəyin övladı olmayıb. Ceyhun Hacıbəylininsə iki oğlu olub - Ceyhun (ona öz adını veribmiş) təyyarə qəzasında həlak olub (1942). O biri oğlu Timurçinsə son illərə qədər sağıymış. Hər ikisi Fransa vətəndaşı olub.
Əzizə xanımın övladlarından - Bədəl, Mahmud, Əhməd (Ağdamski) Bədəlbəylilər (Bədəl bəyin əsasını qoyduğu məktəbdə hazırda "Qafqaz" Universiteti yerləşir). Nəvələri- Əfrasiyab və Şəmsi Bəbəlbəylilər. Nəticəsi- Fərhad Bədəlbəyli. Qeyd eləyim ki, Soltan Hacıbəyov Üzeyir bəyin əmisi oğludur. Və adlarını yaza bilmədiyim neçə görkəmli şəxsiyyətlər. Məncə, mənzərə aydın oldu.
Son söz
Bayaqdan onu vəsf eləməyə, yaratdıqlarına bir ad qoymağa çalışıram. Amma ifadə edəcək söz tapmıram...
Üzeyir bəy Peyğəmbər həyatı yaşayıb, peyğəmbər yaşda da haqqa qovuşub (63 il). Bu yazı da onun növbəti ad gününə yazılıb.
116-cı doğum günün mübarək...
|