|
|
|
|
#109(333)
|
 |
"Küveytlilər Azərbaycana
məhəbbət hissi ilə yanaşırlar"
Ərəblər Azərbaycan haqqında film çəkirlər
|
Təqribən üç həftəyə yaxındır ki, Küveyt dövlət televiziyasından olan çəkiliş qrupu ölkəmizlə bağlı sənədli film hazırlamaq üçün Azərbaycanın rayonlarında və Bakıda iş aparır. Çəkilişlərlə bağlı müfəssəl məlumat almaq məqsədilə nümayəndə heyətinə başçılıq edən Küveyt Vəqflər və İslam İşləri Nazirliyinin müavini doktor Adil Abdullah əl-Fəlahla görüşüb söhbət etdik. Qeyd edək ki, cənab Adil əl-Fəlah həm də Azərbaycanda və Orta Asiyanın bir çox ölkələrində fəaliyyət göstərən Beynəlxalq İslam Xeyriyyə Təşkilatının nəzdindəki Asiya Müsəlmanları Komitəsinin idarə heyətinin direktorudur.
Azərbaycan haqqında film
çəkmək kimin təşəbbüsüdür? Ümumiyyətlə, bu ideya necə yarandı?
- Azərbaycan haqda bir saatlıq sənədli film çəkirik. Film Küveytin dövlət televiziyası tərəfindən hazırlanır. Təşəbbüskar on ildən bəridir Azərbaycanda və Orta Asiyanın müsəlman ölkələrində fəaliyyət göstərən Asiya Müsəlmanları Komitəsidir. Bu təşəbbüs Küveytin informasiya naziri Şeyx Əhməd Fəhd Cabir əl-Sabah tərəfindən də alqışlanıb və filmin maliyyələşdirilməsi və lazım olan şəraitin təşkil edilməsi haqda sərəncam verməklə yanaşı televiziya işində xüsusi səriştəsi olan nazir müavini Riza əl-Filəni bu məqsədlə çəkiliş qrupu ilə birlikdə Bakıya ezam edib.
Çəkdiyiniz film konkret bir
sahəni əhatə edir, yoxsa..?
- Ümumiyyətlə, filmin əsas məqsədi Azərbaycan həqiqətlərini ərəb və İslam dünyasına çatdırmaq, Azərbaycanla ərəb-İslam ölkələri arasında əlaqələrin inkişaf etdirilməsinə zəmin yaratmaqdır. Film konkret mövzular əsasında işlənir. Azərbaycanın tarixini, coğrafiyasını, folklorunu, mədəniyyətini, iqtisadiyyatını, turizm imkanlarını, xalq sənəti növlərini, üzləşdiyi problemləri əhatə edir. Habelə, "Azərbaycan ərəb dünyasına nə demək istəyir və yaxud ərəb dünyasından nə gözləyir?" kimi suallar da filmdə öz əksini tapmalıdır. Bundan əlavə, neft sənayesinə, kürü istehsalına, xalçaçılıq sənətinə, əlyazmalara və qaçqınların vəziyyətinə, Qarabağ probleminin törətdiyi faciələrə xüsusi yer ayrılacaq. Onu da deyim ki, qaçqınlarla bağlı 10-15 dəqiqəlik veriliş və reportaj da olacaq. Biz bilirik ki, bu problem ölkənin ən ağır və ağrılı problemlərindən biridir. Azərbaycanın gözəl guşələri, görməli yerləri ilə bağlı epizodlar da hazırlamışıq. Bu yerlər, ümidvaram ki, ərəb turistləri üçün çox cazibədar və maraqlı olacaq. Azərbaycanın investisiya imkanlarını göstərmək məqsədilə də xüsusi çəkilişlər hazırlamışıq. Belə ki, ərəb regionunda, xüsusən də, ərəb körfəzi ölkələrində güclü investisiyalar var. Onlar Azərbaycan iqtisadiyyatına geniş sərmayələr qoya bilərlər. Lakin belə bir fikir formalaşıb ki, keçmiş sovet ittifaqından qopan ölkələrdə sərmayəyə heç bir zəmanət yoxdur, bürokratiya tüğyan edir və ya iqtisadiyyat mafioz qrupların əlindədir. Bu cür fikirlər, əlbəttə, iş adamlarını və investorları qorxudur. Biz film çərçivəsində bu fikirlərin uydurma və yalan olduğunu göstərəcəyik. Onu da deyim ki, gözəl Azərbaycan xalçaları və xalçılıq sənətinin inkişafı ilə bağlı xüsusi buraxılış edəcəyik. Habelə Azərbaycan rəsmilərindən götürülmüş intervülər də filmdə yer alacaq. Film montaj edildikdən sonra Küveyt televiziyasında göstərilməklə yanaşı, 22 ərəb ölkəsinə peyk kanalı vasitəsilə ötürüləcək. Habelə film ingilis və fransız dillərinə tərcümə edilərək, dünyanın bir sıra kanallarına hədiyyə olunacaq.
Küveyt-Azərbaycan əlaqələri
hansı sahələri əhatə edir? Bu əlaqələrin inkişaf perspektivini necə görürsünüz?
- Qardaş Azərbaycan və Küveyt xalqları arasında əlaqələr gündən-günə inkişaf edib dərinləşməkdədir. Azərbaycanın Küveytin haqq-ədalət işi uğrunda mübarizəsinə dəstəyi küveytlilərin qəlbində dərin iz buraxıb. Küveyt xalqı və hökuməti də Azərbaycan xalqının mövqeyini, xüsusən, qaçqın və köçkünlər, Qarabağ probleminin həlli istiqamətindəki səylərini dəstəkləyir. Təsadüfi deyil ki, Küveytdən dəfələrlə Azərbaycanın qaçqın və köçkünlərinə humanitar yardım göndərilib. Hazırda Küveytin bir sıra xeyriyyəçi və humanitar təşkilatları Azərbaycanda fəaliyyət göstərir ki, bu da küveytlilərin Azərbaycan xalqına rəğbətinin, sevgisinin təzahürüdür. Biz hamımız yaxşı başa düşürük ki, Azərbaycan, habelə, Orta Asiyanın müsəlman cümhuriyyətləri keçid mərhələsində yaşayır, onlara yardım əli uzatmaq lazımdır. Qeyd edim ki, Azərbaycan və Küveyt parlamentləri arasında da əlaqələr var. Küveytin iş adamları Azərbaycanda çalışırlar. Küveyt və Azərbaycan ziyalıları arasında əməkdaşlıq gündən-günə inkişaf edir. Bu əməkdaşlığın pioneri küveytli şair Əbdüləziz Babtindir. Onun Azərbaycan üçün təsis etdiyi mükafatlar, təşkil etdiyi görüşlər, habelə nəşr etdiyi tərcümələr təqdirəlayiqdir. O, Azərbaycan ədiblərinin bir sıra kitablarının nəşrini və televiziya verilişlərinin hazırlanmasını maliyyələşdirib. Bütün bu çoxtərəfli əlaqələrin - xeyriyyə, mədəni, iqtisadi, rəsmi əlaqələrin hazırki tempindən çıxış edib deyə bilərəm ki, münasibətlərimiz yaxşı inkişaf edir. Bu münasibətlərin daha da inkişaf etməsi üçün geniş zəmin var.
Azərbaycan Küveytdə nə
dərəcədə tanınır? Daha sıx əməkdaşlıq etməyin vaxtı çatmayıbmı?
- Asiya Müsəlmanları Komitəsinin Bakı ofisinin fəaliyyəti sayəsində Küveyt ictimaiyyəti Azərbaycan haqqında kifayət qədər məlumata malikdir. Belə ki, komitə vaxtaşırı Azərbaycanla bağlı məqalələr dərc etdirir ki, bunun vasitəsilə küveytlilər müntəzəm şəkildə ölkənizdən xəbər tuturlar. Bundan əlavə, Küveytə Azərbaycanla bağlı kitablar, bülletenlər paylanıb. Bir müddət bundan əvvəl Azərbaycan haqda bir film hazırlanıb və Küveyt televiziyasında yayımlanıb. Komitənin Küveytdəki əməkdaşlarının ölkəmizə səfəri də Azərbaycanın Küveytdə tanınması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, hələlik iki qardaş ölkə arasında diplomatik əlaqələr - nə səfirlik, nə konsulluq, nə də ticarət nümayəndəliyi yoxdur. Ancaq buna baxmayaraq, yenə də təkrar edirəm ki, Küveyt xalqı, Küveytin iş adamları və Küveyt dövləti bütün sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. Küveytlilər Azərbaycana daimi dostluq və məhəbbət hissi ilə yanaşırlar.
2PAC Azərbaycanda da anıldı
Sentyabr ayının 7-də Amerikanın ən məşhur reperi Tupak (2PAC) Şakur Amaurun ölümünün 5 ili tamam oldu
|
Qısa dosye: Əsl adı Liseyn Periş Kruksdur. 2PAC təxəllüsünü isə ona, "Qara bəbir" inqlab qrupunun üzvü, anasının dostu Afeni vermişdi. Qədim hind dilindən tərcümədə "Tupak amaur" "parlayan qul" deməkdir. "Şakur" isə ərəb sözü olub, "Allaha minnətdar olan" mənasını verir. 1990-cı ilin əvvəllərində 2PAC zorlamada təqsirli bilinərək, dörd il yarım müddətinə azadlıqdan məhrum edilir.
Amma dörd divar arasında yazdığı "Me against the world" albomu onun həbsxanadan vaxtından əvvəl çıxmasına səbəb olur. Belə ki, "Death way" səsyazma studiyası onun azadlığa çıxması üçün 1,4 milyon dollar zaminə pul verərək, 2PAC-a işbirliyi təklif etdi. Yeni-yeni layihələr həyata keçirməklə yanaşı o, ABŞ-ın şərq və qərb sahillərində yaşayanların qanqsterlərə qarşı apardıqları mübarizədə fəal iştirak edirdi. Məhz buna görə də reper gecə səsyazma studiyasından çıxarkən, ona naməlum şəxslər hücum edirlər. Sözügedən hadisədən sonra 2RAS-ı 5 güllə yarası ilə xəstəxanaya gətirirlər. Bu dəfə həkimlər onun həyatını xilas edə bilirlər. Ancaq 7 sentyabr 1996-cı ildə baş verən ikinci belə insident zamanı onun həyatını xilas etmək olmur. Fanatları onun mahnılarını indi də dinləyirlər. Hətta ölümündən sonra 2PAC-ın ifasında olan "Chages" və "Do 4 love" mahnılarına klip də çəkilir. "Chages"in klipində reperin sağlığında çəkilmiş kassetlərdən istifadə olunub, "Do 4 love" mahnısının klipi isə kompyüter qrafikasının köməyi ilə cizgi filmi şəklində çəkilib.
Ölümündən 5 il keçməsinə baxmayaraq, dünyanın bütün ölkələrində bu müğənni əfsanə olaraq qalıb. Bu il Azərbaycanda da onun xatirəsini yad ediblər. Bütün 2RASsevərlər sentyabrın 13-də "Dənizkənarı" parkda yerləşən "Fusion" klubda yığışıblar. Müğənnilərdən isə sözügedən kluba Eyyub Yaqubov gəlib. Çünki iki il bundan qabaq müğənni 2PAC ilə birgə Azərbaycan xalq mahnısı olan "Tut ağacı"na remiks yazdırıb. Müğənninin dediyinə görə, onu bu tədbirə reperin pərəstişkarları çağırıblar. O da tədbirdə "Tut ağacı" (remiks), "Ana" və "Qarabala" mahnılarını ifa edib. Tədbirin rəsmi hissəsi iki saata yaxın davam edib. Bir çox şirkətlərin nümayəndələri də tədbirdə iştirak ediblər.
Xatırladaq ki, "Fusion" kluba Rusiyadan müğənni Elf da gəlmişdi.
|