|
|
|
|
#109(333)
|
 |
Ermənistan - beynəlxalq
terrorizmin yuvası
80-ci illərin ortalarından bu avxda qədər erməni terrorizmi öz inkişafında iki təşkilati mərhələ keçib
|
Əvvəli qəzetimizin ötən sayında
Azərbaycan ərazisində qanlı terror izinin baş qaldırması Ermənistanın dövlət strukturlarının bilavasitə məqsədyönlü fəaliyyəti ilə əlaqəlidir. Bu etnik terrorizm dinc əhaliyə, sivil dünya normalarına qarşı xüsusi qəddarlığı ilə seçilir. Erməni terrorizminin əsas obyektləri ilk növbədə metro, avtobus, körpü, təyyarə, diplomatik təsisatlar həmçinin dinc əhalinin cəmləşdiyi ərazilərdir.
16 centyabr 1989-cu ildə erməni terrorçuları tərəfindən Bakı-Tbilisi marşrutu ilə hərəkət edən avtobus partladılıb. Nəticədə 5 nəfər hələk olmuş, 25 nəfər isə yaralanmışdır.
7 oktyabr 1989-cu ildə terrorçu Abramyan tərəfindən Xankəndi yaxınlığında yerləşən körpü partladılıb.
16 fevral 1990-cı ildə terrorçu Avanesyanın başçılıq etdiyi qrup "Şuşa-Bakı" marşrut avtobusunu partladıb. Nəticədə 2 dinc vətəndaş həlak olmuş, 13 nəfər isə yaralanmışdır.
10 iyun 1990-cı ildə Arkadi Asriyanın bandası Kəlbəcər rayonunda avtokalona hücum edir.
10 avqust 1990-cı ildə başqa bir terrorçu qrup Tbilisi-Ağdam marşrutu ilə hərəkət edən avtobusu partladır. Nəticədə 20 nəfər ölür, 30 nəfər isə yaralanır.
Sözügedən qrup 1991-ci ildə Gürcüstanda növbəti dəfə elə həmin marşrutla hərəkət edən avtobusda uğursuz terror aktı keçirən zaman həbs edilir və mühakimə olunur.
9 yanvar 1991-ci ildə Laçın-Şuşa yolunda terrorçular tərəfindən "Molodyoj Azerbaydjana" qəzetinin müxbiri Salatın Əsgərova və Sovet Ordusunun 3 zabiti güllələnir.
Terrorun təşkilatçıları və icraçıları A.M.Mkrtçyan, T.A. Petrosyan, A.A.Manqasaryan və T.M.Arutunyan həbs edilərək ölüm cəzasına məhkum olunmalarına baxmayaraq, hazırda bu terrorçular Ermənistanda sığınacaq tapıb.
Rəsmi Yerevan müxtəlif qrupları silahlandırmaqla (o cümlədən raketlə) 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında törədilmiş terror aktına görə bilavasitə məsuliyyət daşıyır. İstilik raketi ilə vurulmuş Mİ-8 vertolyotunda sülhməramlı missiya ilə regiona gedən Azərbaycanın dövlət katibi, xalq deputatı T.İ.İsmayılov, baş nazirin müavini, deputat Z.S.Hacıyev, prezidentin müşaviri, deputat M.N.Əsədov, baş prokuror İ.İ.Qayıbov, deputatlar V.D.Cəfərov və V.T.Məmmədov, Prezident aparatının şöbə müdiri O.M.Mirzəyev, meliorasiya və su təsərrüfatı nazirinin I müavini Q.Q.Namazəliyev, DQMV-nin prokuroru İ.A.Plavski, Milli Təhlükəsizlik Nazirliyinin DQMV üzrə şöbə rəisi S.S.İvanov, DQMV-nin Daxili İşlər İdarəsinin rəisi general-mayor V.V.Kovalyov, DQMV-nin fövqəladə hallar rayonunun komendantı N.V.Jilkin, dövlət katibinin köməkçisi R.M.Məmmədov, Dövlət Teleradio Verilişləri Şirkətinin əməkdaşları A.M.Mustafayev, A.İ.Hüseynzadə, F.İ.Şahbazov, rusiyalı müşahidəçilər - general-mayor İ.D.Lukaşov, podpolkovnik V.M.Koçarov, Qazaxıstan daxili işlər nazirinin I müavini, general-mayor S.D.Serikov və vertolyotun bütün ekipajı həlak olublar.
1992-ci ilin fevralında erməni terrorçuları bütün Xocalı üzərində qanlı terror aktını həyata keçirdilər. 7000 nəfər əhalisi olan Xocalıda xarici "mütəxəssis"lərin, Rusiya hərbi birləşmələrinin iştirakı ilə keçirdikləri iri miqyaslı aksiyada 1000 nəfərdən çox dinc sakin vəhşicəsinə qətlə yetirildi. Bu kütləvi terror aksiyası qorxutmaq, azərbaycanlıların öz doğma torpaqlarında yaşamaq ümidini qırmaq məqsədi daşıyırdı.
Həmin praktika Qarabağ azərbaycanlılarının əsas mərkəzi sayılan Şuşanın işğalı zamanı da davam etdirildi. Bu vaxta qədər Şuşada Azərbaycana məxsus olmasını sübut edən bütün mədəniyyət abidələri dağıdılmışdır.
Erməni terrorçularının cinayəti xüsusi qəddarlıqla həyata keçirmələrini xüsusilə qeyd etmək lazımdır.
Belə ki, 28 yanvar 1992-ci ildə Qarabağ səmasında Ağdam-Şuşa reysi ilə hərəkət edən mülki nəqliyyat vertolyotu "tormaq-hava" raketi ilə vurulub. 41 sərnişin, həmçinin ekipaj üzvləri həlak olublar. Qeyd edək ki, həlak olanların əksər hissəsi hərbi əməliyyatlar zonasından evakuasiya olunmuş qadın və uşaqlar idi.
18 mart 1994-cü ildə Xankəndi yaxınlığında erməni terrorçuları tərəfindən beynəlxalq hava dəhlizində İran hərbi-hava qüvvələrinə məxsus, Moskvadan Tehrana hərəkət edən "Qerkules" təyyarəsi vurulur. Nəticədə təyyarədə olan İran diplomatları və onların ailələri (34 nəfər) həlak olur.
İran tərəfi terror hadisəsində əli olan şəxsləri müəyyən etməyə cəhd göstərsə də, heç bir nəticə əldə olunmadı. Qarabağ ərazisində özünə sığınacaq tapmış terrorçular yenə də cəzasız qaldılar.
Erməni terrorçuları Azərbaycan ərazisi ilə məhdudlaşmayaraq, öz fəaliyyətlərini yaxın regionlara - xüsusilə Rusiyaya keçirdilər.
Belə ki, 1991-ci ildə onlar tərəfindən Rostovda Şimali Qafqaz Daxili Qoşunlar İdarəsinin rəis müavini polkovnik Vladimir Blaxotin qətlə yetirilir.
V.Blaxotinin ölümündə ASALA-nın iştirakını sübut edən faktlar var idi. Qətldə iştirak edən A.Baqmanyan, A.Antonyan və K.Akopyanın üzərində Qarabağda xarici erməni icmalarında şöbələri olan dini xeyriyyəçi təşkilatın -"Amaras"ın vəsiqələri tapılır.
Rostov əyalət məhkəməsinin qərarına əsasən terrorçular 15 il müddətinə azadlıqdan məhrum edilirlər.
Aşağıda nümunə gətirəcəyimiz terror aktlarının coğrafiyasından görünür ki, ermənilərin niyyətlərinə görə, qanlı olaylar üzük kimi, bütün Azərbaycan sərhədlərini əhatə etməli idi.
Bu məqsədlə Ermənistandan qonşu ölkələrə bir neçə qrup terrorçu göndərilir. Onların səyi nəticəsində Azərbaycanı qonşu ölkələrlə birləşdirən dəmir yolu xətlərində bir neçə partlayış həyata keçirilir:
- 30 may 1991-ci ildə Xasavyurd (Dağıstan) stansiyasının yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılır. Nəticədə 11 nəfər həlak olur, 22 nəfər isə yaralanır;
- 31 iyul 1991-ci ildə Temirtau (Dağıstan) stansiyasının yaxınlığında Bakıya doğru hərəkət edən qatar partladılır. 16 nəfər ölür, 20 nəfər isə yaralanır;
- 8 yanvar 1992-ci ildə Krasnovodsk-Bakı bərəsi partladılır. 25 nəfər həlak olur, 88 nəfər yaralanır;
- 28 fevral 1993-cü ildə Qudermes (Çeçenistan) stansiyasının yaxınlığında Kislovodsk-Bakı sərnişin qatarı partladılır. 11 nəfər ölür, 18 nəfər yaralanır;
- 1 fevral 1994-cü ildə Bakı Dəmir yolu Vağzalında Kislovodsk-Bakı sərnişin qatarı partladılır. 3 nəfər həlak olur, 20 nəfərdən çoxu yaralanır;
- 13 aprel 1994-cü ildə Rusiyada "Daqestanskie oqni" stansiyasında Moskva-Bakı sərnişin qatarı partladılır. 5 nəfər ölür, 3 nəfər yaralanır.
Qeyd edək ki, həlak olan və şikəst qalan insanların əksəriyyətini Azərbaycanın mülki vətəndaşları təşkil edir.
Beynəlxalq erməni terrorçularının qarşısında duran məsələlərin reallaşdırılmasının ikinci mərhələsi Ermənistanın dövlət müstəqilliyi əldə etməsi ilə bağlıdır.
Ermənistan xüsusi xidmət orqanlarının reotəşkilatlanmasından sonra erməni terror təşkilatlarının fəaliyyətində "fəlakət" dövrü başa çatdı. Ermənistan Dövlət Təhlükəsizlik Komitəsi islahatlar nəticəsində Milli Təhlükəsizlik Baş İdarəsinə çevrildikdən sonra həmin qurumda terror və təxribatların həyata keçirilməsi üçün xüsusi şöbə yaradılır.
Şöbənin fəaliyyətinin əsas istiqamətlərindən biri ənənəvi erməni terror təşkilatlarının Ermənistan hökumətinin maraqları çərçivəsində istifadə edilməsi, digər tərəfdən müxtəlif strukturlar adı altında yeni terror qruplarının yaradılmasından ibarət idi.
Ardı var
Kamikadzelər necə hazırlanır?
Nadir İsmayılov: Adətən bu işlərə 2 növ adamlar - şəxsiyyət
pozuntusu olan psixopatlar, narkotik maddələrdən istifadə edənlər cəlb olunurlar
|
ABŞ-da baş vermiş terror aktının dəhşətli psixi sarsıntıları hələ də unudulmayıb. Sanki fantastik kinolardan gördüyümüz səhnələrin real həyatda da şahidi olduq. Bu terroru törədən elə fanatik canilər kinolardakı kimi, müəmmalı şəkildə qeyb oldular. Onlar təyyarələrin içərisindəki yüzlərlə günahsız insanlarla birlikdə özlərinin də ölümlərinə fərman verdilər. Həmin faciəvi hadisələrdə iştirak edən 30 nəfər terrorçunun həlak olan adi insanlardan bir fərqi var: onlar ya külli miqdarda pula, ya da ki fantastik bir ideyaya çatdılar.
Bəşəriyyət tarixində bilə-bilə özlərini ölümün ağuşuna atanlara ilk dəfə Yaponiyada rast gəlinib. Onlara -kamikadzelər deyirlər. 2-ci Dünya müharibəsi zamanı hərəkat halını almış kamikadzeliyin mahiyyəti fanatizm və qulu olduğu ideya uğrunda həyatını qurban verməkdir. Yaponiya imperatoru uğrunda ölümə gedən bu adamlar gündoğar ölkəyə və imperatora sadiq olacaqları barədə sənədə qol çəkirdilər. Onların Yaponiya daxilində müəyyən güzəştləri olub. Kamikadze hərəkatı Yaponiyanın müharibə etdiyi ölkələrdən texniki cəhətdən geridə qalması ilə bağlı idi. Məsələn, qırıcı təyyarənin pilotu minimum qədər benzin və bunun əvəzinə xeyli bomba götürərək, təyyarəyə minir və geri dönməyəcəyini bilə-bilə hədəfə tərəf uçurdu. Belə kamikadze təyyarələrində paraşüt yox idi və buna görə də havaya qalxan təyyarə insan iradəsi ilə idarə olunan mərmiyə çevrilirdi. Geniş surətdə 2-ci Dünya müharibəsi dövründə müharibənin əvvəlində texniki cəhətdən geri qalan Sovetlər İttifaqında kamikadze sözü olmasa da, fanatizm ideyaları, vətən uğrunda könüllü surətdə canını qurban vermək gənclər arasında çox geniş təbliğ edilib. Lakin Yaponiyada yaranan kamikadze hərəkatı imperiyanın aqressiv siyasətinə qulluq etdiyi üçün heç bir cəmiyyət tərəfindən qəbul edilmədi. Fanatizmlə müharibəni udmaq mümkün olmadığından, uduzmuş Yaponiyanın kamikadzeləri xarakirini - özünəqəsd yolunu seçdilər.
Öz ölümlərindən və qurbanlarının qətlindən ləzzət alan bu adamlar cənnətə düşəcəklərini güman edirlər.
Bəs necə olur ki, bu cür insanlar heç nədən qorxmayaraq özlərini fəda edir, heç bir şeyə acımadan yüzlərlə, minlərlə insanın ölümünə səbəb olurlar. Doğrudanmı belələrinin psixikası normal vəziyyətdə deyil? Yaxud kamikadzeləri özünü qurban verməyə vadar edən nədir? Bu və ya digər suallara cavab tapmaq üçün Beynəlxalq Psixoterapiya Akademiyasının həqiqi üzvü, Azərbaycan Psixiatorlar Assosiasiyasının prezidenti, Kembric Universitetinin fəxri diplomçusu, professor Nadir İsmayılovla görüşdük.
- İnsanın ölümə getməsi çox ciddi bir prosesdir. İnsan psixoloji cəhətdən ölümə hazırlaşmalıdır. Bu ancaq yüksək emosional təsir altında baş verə bilər. Belə insanlar vətənpərvərlik, namus, millətinin, dövlətinin, dininin və ən nəhayət xidmət etdiyi təşkilatın uğrunda ölümə gedir.
Adətən bu işlərə 2 növ adamlar - şəxsiyyət pozuntusu olan psixopatlar, narkotik maddələrdən istifadə edənlər cəlb olunurlar. Öz ölümünü gözünün qarşısına gətirən terrorçunun yüksək psixoloji hazırlığı, psixopat, narkoman olması ona gördüyü işi sakitliklə qəbul etməyə imkan yaradır. Bunu affekt vəziyyətiylə müqayisə etmək mümkün deyil, çünki həmin adamlar təhqir edildikdə, müvəqqəti olaraq düşüncə qabiliyyəti daralır və hər cür hərəkətə əl atırlar. O cümlədən, ciddi psixi xəstələr də bunu edə bilmirlər. Tam normal, sağlam şüurlu insan kamikadzeliyi qəbul etmir.
Kamikadzelikdə dinin
rolunu necə qiymətləndirmək olar?
Dinin rolu çox yüksəkdir. Dünyada ən yüksək ideologiya dini ideologiyadır. Çünki Allahın qanunlarına, müqəddəs kitablara söykənir. Bu yolda canlarından keçməyə hazır olanlar isə adi dindar adamlar deyillər. Onlar dini fanatizmin əsiri olanlardır. Çünki mütərəqqi din olan islam və digər dinlər də günahsız adamların qətlə yetirilməsini günah sayır.
Terrora və
kamikadzeliyə gedənlərin öz qurbanlarına münasibəti necə olur?
Onlarda fanatizm o dərəcədə güclü olur ki, qurbanları barədə heç düşünmürlər. Hər şeydən, insana bir dəfə verilən həyatdan keçməyə hazır olan bu insanların hazırlanması üçün güclü və uzun müddət psixoloji hazırlıq lazımdır. Onları xüsusi təşkilatlarda xüsusi psixoloqlar, diplomatlar hazırlayırlar. Onlar həmin an günahsız adamları qətlə yetirdiklərini yox, ona təlqin edilmiş ideyanın, təşkilatın verdiyi öhdəliyin icrasını düşünürlər.
Həyatlarını qurban verən
insanların sonda qazancı nə olur?
Bütün terror hadisələrinin güclü maliyyə mənbəyi mövcuddur. Bu insanlar üçün həyatın heç bir mənası olmadığından həyatlarını hərraca qoyurlar. Özlərini qurban verməklə ailələrini, qohumlarını maddi cəhətdən təmin edirlər.
ABŞ-dakı faciəvi hadisəni
törədən terrorçular
necə...
Bu terror aktı 3-5 ayın işi deyil, onların hazırlanmasına illər sərf olunub. Burada çox böyük bir terror təşkilatının uzun müddət ərzində gördüyü işdən söhbət gedir. Bunu 5-6 ərəbin üzərinə yazmaq olmaz. Belə terror hadisəsinin arxasında yüksək maddi mənbə durur.
|