Xəbər

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#109(333)
Kamikadzelərin adları açıqlandı

Federal Təhqiqat Bürosu (FTB) 19 terrorçunun adlarını açıqlayıb. İstintaqın fikrincə, onlar Nyu-York və Vaşinqtonda terror aktlarının törədilməsində iştirak edib. Bu barədə Amerika KİV-i məlumat yayıb.
Belə ki, 11-ci reyslə uçan və Ümumdünya Ticarət Mərkəzinin (ÜTM) şimal binasına çırpılan "American Airlines" təyyarəsinin bortunda olanlar aşağıdakılardır: Valid Əl-Şəhri, Vail Əlşəri, Məhəmməd Atta, Əbdül Alomari və Satam Suqami. 75-ci reyslə uçan və ÜTM-in cənub binasına çırpılan "United Airlines" təyyarəsində Maravan Əlşəhi, Fayez Əhməd, Mohald Əlşəri, Xəmzə Əl-Həmdi və Əhməd Əl-Həmdi olub. Pentaqona çırpılan "American Airlines" (reys 77) təyarəsində Xalid Almidar, Majed Moked, Havaf Əl-Həzmi və Salem Əl-Həzmi və Xani Xancur olub. 93-cü reyslə uçan və Pensilvaniyada partlayan "United Airlines" təyyarəsində isə Əhməd Əl-Qəznəvi, Əhməd Əlnami, Ziad Carra və Səid Əl-Həmdi olub. Terrorizmlə mübarizə üzrə ekspert Piter Berqen bildirib ki, həmin adamların çoxu Səudiyyə Ərəbistanın cənubunda yaşayan və Yəmənlə əlaqəsi olan tayfalara mənsubdur. "Siyahıdakıların təxminən yarısı Səudiyyə, üçdə biri Yəməndən olanlardır," - deyə Berqen vurğulayıb.

Prezidentin səfəri təxirə salınmayacaq
Azərbaycan və İran liderlərinin görüşü böyük maraqla gözlənilir

Azərbaycan prezidenti Heydər Əliyevin İrana sentyabrın 17-də planlaşdırılmış səfərinin təxirə düşməsindən söhbət belə gedə bilməz. Bu barədə "Media-Press" agentliyi Prezident Aparatındakı mənbələrə istinadən xəbər verib.
Mənbə bildirib ki, Nyu-Yorkda və Vaşinqtonda törədilmiş terror aktları ilə əlaqədar beynəlxalq vəziyyətin kəskinləşməsinə, İranın da adının ABŞ-ın "qara siyahısı"na düşməsi barədə bəzi mətbuat orqanlarının ehtimallar irəli sürməsinə baxmayaraq, Azərbaycan prezidenti öz səfərinin vaxtını dəyişmək fikrində deyil. Mənbə onu da xatırladıb ki, son günlər bir çox dövlət başçıları terror aktlarandan ehtiyatlanaraq, xarici səfərlərini təxirə salıblar. "Bununla belə, həyatına dəfələrlə sui-qəsd cəhdləri olmuş prezident Heydər Əliyev Azərbaycan-İran münasibətlərini özünün şəxsi təhlükəsizliyinin təminatından asılı vəziyyətdə qoymaq istəmir," - Prezident Aparatındakı mənbə belə deyib. Onun sözlərinə görə, Azərbaycanda da, İranda da iki ölkə liderlərinin görüşü böyük maraqla gözlənilir və ümid edilir Tehrandakı danışıqlar, hər şydən əvvəl, ikitərəfli münasibətlərin yaxşılaşmasına və istiləşməsinə səbəb olacaq. (Xatırladaq ki, Azərbaycan prezidentinin İrana səfəri son bir neçə ildə dəfələrlə təxirə salınıb). Səfər zamanı müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

"Yol ver, türkün bayrağına"
83 il əvvəl Bakıda bolşevik-daşnak qoşunlarına qarşı zəfər savaşında həlak olan türk əsgərlərinin dünən xatirə günüydü

Dünən Azərbaycanda 1918-ci il sentyabrın 15-də Bakının bolşevik-daşnak qoşunlarından azad edilməsi zamanı həlak olmuş türk əsgərlərinin xatirə günü keçirilib.
Bu münasibətlə Şəhidlər Xiyabanında matəm mərasimi olub. Azərbaycan və Türkiyə hökumətləri adından türk əsgərlərinin şərəfinə ucaldılmış abidələrin önünə əklillər qoyulub. Minlərlə bakılı, o cümlədən dövlət orqanları, siyasi partiya və ictimai təşkilatların nümayəndələri Şəhidlər Xiyabanında uyuyan əsgərlərin xatirəsini yad edib. Anım mərasimində çıxış edən Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, 1918-ci il sentyabrın 15-də Türkiyə Bakını qanlı erməni-daşnak caynağından xilas edib. O vaxtdan ötən 83 ildə çoxsaylı süni maneələrin yaradılmasına baxmayaraq Azərbaycan-Türkiyə qardaşlığı xalq yaddaşından silinməyib. Keçmiş sovet hakimiyyəti dövründə yasaq olunsa da Azərbaycan xalqı türk əsgərinin qəbrini qoruya bilib. Türkiyənin Azərbaycandakı səfiri Qədri Ecvet Tezcan xatırladıb ki, hələ 1919-cu il sentyabrın 15-də Azərbaycan Demokratik Cümhuriyyətinin parlamenti Bakının azad edilməsi zamanı həlak olan türk əsgərlərinə abidə ucaldılması barədə qərar qəbul edib. Lakin bu qərar 80 il sonra - Azərbaycan öz müstəqilliyini bərpa etdikdən reallaşıb. 1917-ci ildə oktyabr çevrilişindən sonra Bakıda hakimiyyət bolşeviklərin əlinə keçib. 1918-ci ilin aprelində bolşevik hökuməti - Xalq Komissarları Şurası (XKŞ) yaradılıb. Ermənilər üstünlük təşkil etdiyinə görə XKŞ Daşnaksütyun Partiyasının silahlı dəstələrindən bolşevikləri dəstəkləməyən müsəlman əhalisinə qarşı istifadə edib. 1918-ci ilin martında daşnaklar Bakı, Şamaxı, Quba və digər əyalətlərdə müsəlmanlara qarşı kütləvi qırğınlar törədib. Bir neçə gün ərzində 30 minə yaxın adam öldürülüb. 1918-ci il mayın 28-də müvəqqəti paytaxtı Gəncə şəhəri olmaqla Azərbaycan Demokratik Cümhuriyyəti elan edilib. 1918-ci il sentyabrın 15-də türk qoşunlarının köməyilə Bakı rusiyapərəst "Mərkəzi Kaspi" hökumət qüvvələrindən azad edilib və AXC hökumətinin paytaxtı Bakıya köçürülüb.

"Bizə mane ola bilməyəcəklər"
Tofiq Zülfüqarov: "Akif Nağı öz işləri ilə məşğul olsa yaxşıdır"

Qarabağ Azadlıq Təşkilatı ilə "Qarabağ Xartiyası"nın müəllifləri olan sabiqlər arasında çəkişmə davam edir. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Bizim ƏSR"in müxbiri ilə söhbətində QAT sədri Akif Nağının "Qarabağ Xartiyası" və "İctimai Forumu"la bağlı səsləndirdiyi tənqidi fikirlərə münasibətini bildirib.
"Kimin nə deməsindən asılı olmayaraq, biz xartiya ilə bağlı işlərimizi tamamlayırıq. Gələn həftə təqdimetmə mərasimi keçirəcəyik. Bizə artıq heç kim mane ola bilməz," - deyən Zülfüqarov Akif Nağının Azərbaycan cəmiyyətinin ümumi mövqeyini əks etdirən prinsiplərə qarşı çıxmasının səbəblərinin anlaşılmaz olduğunu qeyd edib. QAT və Sülh və Demokratiya İnstitutunun "Qarabağ Xartiyası" əleyhinə apardıqları təbliğatı "siyasi sifariş" sayan sabiq xarici işlər naziri Akif Nağı və Leyla Yunusu ciddi işlərlə məşğul olmağa çağırıb: "Bizi hədəfə götürməkdənsə, Qarabağ Azadlıq Təşkilatı, yaxşı olar ki, Qarabağın azadlığı istiqamətində işlər görsün". Müstəqil politoloqların ictimai birliyi kimi fəaliyyət göstərəcək "İctimai Forum"la bağlı səslənən tənqidi fikirlərə gəlincə, Tofiq Zülfüqarov bütün bunları da əsassız sayır. O, sözügedən qurumun üçüncü siyasi güc mərkəzi kimi formalaşaraq, hakimiyyətə iddia edəcəyi barədə versiyaları da cəfəngiyyat adlandırıb.

"Səhv siyasətin qurbanı oldular"
Araz Əlizadə: "ABŞ dünya üzərində hegemonluq edəndə bilməliydi ki, buna reaksiya olacaq"

Azərbaycançı Qüvvələr Birliyinin ABŞ-dakı dəhşətli terror hadisələrinə münasibətdə tutduğu mövqe sağ-mərkəzçi qüvvələrin kəskin etirazı ilə müşayiət olunur. AQB-yə daxil olan partiyalar beynəlxalq terrorizmi dəstəkləməkdə ittiham edilsələr də, ASDP həmsədri Araz Əlizadə müxbirimizlə söhbətində deyilənlərin əsassız olduğunu bildirib.
Hadisə baş verən ilk gündən terroru pislədiklərini deyən Əlizadə mətbuatı qərəzli mövqedən çıxış etməkdə günahlandırıb: "AQB ilk gündən terroru pisləmək mövqeyi tutub. Sonradan müəyyən siyasi qüvvələrin təsirində olan qəzetlər fikirlərimizi təhrif edərək yazdılar ki, guya biz terroru dəstəkləmişik". Bununla belə, ASDP həmsədri ABŞ-da baş verən hadisələri bu ölkənin yeritdiyi siyasətin məntiqi nəticəsi sayır: "ABŞ səhv siyasətinin qurbanı olub. Ümumiyyətlə, təkcə biz yox, dünyanın bir çox aparıcı ölkələri də terrorun baş vermə səbəblərini ABŞ-ın "ikili standart" siyasəti ilə əlaqələndirir. Məsələn, İsrail dövlət səviyyəsində terrora başlayanda Vaşinqton bu dövləti dəstəkləyib. Ümumiyyətlə, ABŞ özünə düşmən saydığı ölkələrdə baş verən terror hadisələrinə göz yumur. Və bunun müqabilində bir sıra ölkələri də terrorçu adlandırıb cəzalandırır. Bu, ədalətsizlikdir". Araz Əlizadənin fikrincə, ABŞ hazırki siyasətinə ciddi düzəlişlər etməsə, daha ciddi terror aksiyaları ilə üzləşə bilər: "Ümumiyyətlə, tarix göstərir ki, terroru dəstəkləyən dövlətlər özləri terrora məruz qalırlar. Məsələn, vaxtilə Rusiya Şamil Basayevin başçılığı ilə terror dəstəsi hazırlayıb Gürcüstana qarşı istifadə elədi. İndi bu adam özü Rusiyanın ürəyində "tikan"a çevrilib. ABŞ da bir neçə milyonluq Fələstin xalqını raket atəşinə tutanda bilməliydi ki, cavab reaksiyası olacaq. Fələstinin də fanatik, xəstə insanları var ki, hər an terror hadisəsi törətməyə hazırdırlar. Digər tərəfdən, araşdırılma aparılmamış deyirlər ki, hadisələri islam terrorçuları törədib. Məgər terrorçunun da dövləti, dini olur? ABŞ dünya üzərində "qamçı" siyasətində dəyişiklik etməsə, daha ciddi terror dalğası ilə üzləşə bilər".

BDU-da xatirə mərasimi keçirilib

Dünən Bakı Dövlət Universitetində 1918-ci il sentyabrın 15-də Anadolu və Azəri türklərindən ibarət Qafqaz-İslam ordusu tərəfindən Bakının düşmən qüvvələrdən azad olunmasına həsr olunmuş konfrans keçirildi.
Konfransı giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov qonaqları və toplantı iştirakçılarını 83 il bundan öncə Azərbaycanın azadlığında, müstəqilliyində və dövlətçiliyində böyük rol oynayan türk dünyasının köməyindən, ölkəmizin daxili və siyasi həyatında sabitliyi tez-tez pozmağa çalışan düşmən qüvvələrin təcavüzündən, türk ordusunun göstərdiyi misilsiz xidmətlərdən danışdı. Toplantıda çıxış edənlər Türkiyə ilə Azərbaycan arasında bugünkü qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu bir daha bəyan etdilər. Sonra vətən, millət, azadlıq yolunda canından keçən şanlı türk əsgərlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.

Çindən sirk ustaları gəlib

Dünən Çin Xalq Respublikasının Bakıdakı səfirliyində Çin sirk ustalarının Bakı səfərinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Sentyabrın 22-30-da Bakıda olacaq Çin Dövlət Sirkinin 30-a yaxın artisti ekvilibrist, illüziya, şir oyunları və s. teatrllaşdırılmış nömrələrlə çıxış edəcək. 12-20 yaş arasında olan bu sənətkarlar dünyanın 30-dan çox ölkəsində sirk artistlərinin festivalında iştirak edib və həmin festivalların ekvilibrist - akrobatika üzrə qızıl medallarının daimi laureatı olublar. Sentyabrın 23-dən etibarən hər axşam saat 19.00-da başlanacaq Çin sirkinin tamaşalarına biletlər 5000-10000 manat olacaq. Sentyabrın 27-də isə sirk ustaları Sumqayıt məktəblilərilə görüşəcək. Həmin axşam isə Bakı Dövlət Sirkində Sumqayıt şəhərindən avtobuslarla gətirilmiş tamaşaçılara Çin sirkinin tam proqramı nümayiş etdiriləcək. Konfransda göstərilən sənədli filmə əsasən sirk ustalarının çıxışları yüksək texnika ilə ifa edilib, olduqca rəngarənk proqramdan ibarətdir. Tənəffüssüz 1 saat yarım çəkən bu çıxışlar Bakı tamaşaçıları üçün əsl bayram olacaq. Konfransda çıxış edən ÇXR-in Bakıdakı səfiri Çjan Qotsyan sirkin Bakıya gəlişini iki ölkənin mədəniyyət nazirliklərinin qarşılıqlı əlaqələri nəticəsində mümkün olduğunu bildirib.

LDP qurultay keçirdi

Dünən Liberal Demokrat Partiyasının (LDP) 3-cü qurultayı keçirilib. Partiyanın 59 rayon təşkilatından qurultaya nümayəndə seçilən 211 nəfərdən 150-si tədbirə qatılıb. Rəhbər orqanlar seçildikdən sonra qurultay öz işinə başlayıb.
Qurultay nümayəndələrinin çıxışlarından sonra partiyanın rəhbər orqanlarının seçkisinə başlanılıb. Mərkəzi Nəzarət Təftiş Komissiyasının və partiya Ali Məclisinin üzləri seçilib. Daha sonra partiya sədrinin seçkisi olub. LDP sədrinin müavini olmuş Fuad Əliyev partiya sədri seçilib. Qurultay bu gün işini başa çatdırıb. Xatırladaq ki, LDP keçmiş dövlət katibi Lalə Şövkət Hacıyevanın sədri olduğu Liberal Partiyasından ayrılan partiya üzvlərinin bazasında 1998-ci ilin sonunda yaradılıb. ALP sədrinin müavini Zakir Məmmədov partiya sədri seçilib. 2000-ci il noyabrın 25-də Bakıda baş verən zəlzələdən bir müddət sonra partiya qərargahının yerləşdiyi binanın uçması nəticəsində Z.Məmmədov həlak olub.

"Əlifbanın davamı olacaq"

Filologiya elmləri doktoru, yazıçı, publisist, millət vəkili Rəfael hüseynov XXI əsrin ilk tədris ilində birincilərin ixtiyarına yeni əlifba kitabı verdi. Alternativ dərsliklərin yaradılmasını və tədris vəsaitlərinin yeniləşdirilməsinin vacibliyini vurğulayan Rəfael Hüseynov söhbətə də bu məqamdan başladı:
- Tədris vəsaitlərinin yeniləşdirilməsi ilə 1992-ci ildən maraqlanıram. Hətta həmin il Təhsil Nazirliyində orta məktəblərdə ədəbiyyat dərsliklərinin yeniləşdirilməsi üzrə komissiyaya başçılıq da etmişəm. O zaman bu istiqamətdə müəyyən işlər görsəm də, fikirlərimi tam gerçəkləşdirə bilmədim. Sonradan Amerika Universitetində də bu istiqamətdə apardığım iş yarımçıq qaldı. Ancaq başladığım bu işi yarımçıq qoymadım. Azərbaycan məktəbi güclü olmasa bu millət irəli getməyəcək. Məktəbin təməli isə hər şeydən əvvəl tədris vəsaitləri üzərində qərarlaşır.
İndiyə qədər bu sahədə mövcud olan hansı təcrübədən bəhrələnmisiniz?
- Amerika, Rusiya, İngiltərə, Fransa, İtaliya, Türkiyə, İran, bir sözlə, 30-a yaxın ölkədə nəşr olunan 100-ə qədər əlifbanın təcrübəsini araşdırmışam. O cümlədən XIX əsrin ortalarından etibarən işıq üzü görən öz əlifba kitablarımızla da maraqlanmışam. Qərara gəldim ki, həm dünya standartlarına cavab verən, həm də milli köklərə əsaslanan yeni bir əlifba kitabı yazım. Yoxsa, 40 ildir ki, Azərbaycan məktəblərində bir əlifba kitabı tədris olunur. Geniş miqyasda yanaşdıqda isə, görürük ki, 36-cı ildən bəri bu sahədə olan əsas təməl dəyişməyib. Veysəl Mustafazadənin o zaman yazdığı əlifba müəyyən dəyişikliklərlə bu günə qədər tədris vəsaiti kimi istifadə olunur. Deməli, 65 ildir ki, Azərbaycanda əlifba dəyişməyib. Və alternativi də olmayıb. Ancaq bu zaman ərzində çox şey dəyişib. Dəyişən zamansa yeni əlifba kitabı tələb edir. Axı 2001-ci ilin birinci sinfi ilə 60-70-ci illərdə yaşayan birincilər eyni deyil. 60-70-ci illərdə uşaqlar televizora baxırdısa, bu gün onların yaşıdları kompüterdən istifadə edir.
Kitabın əsas yenilikləri nədən ibarətdir?
- Bu Əlifba kitabının nəinki Azərbaycan, eləcə də dünyanın bir çox ölkələrində istifadə olunan Əlifba kitablarından fərqlənən xüsusiyyətləri var. Məsələn, digər Əlifba kitablarında bütün hərflər öyrənilməyincə, şer, normal mətn verilmir. Birmənalı olaraq yalnız öyrədilən hərflərdən ibarət söz, cümlə yazılır. Bu zaman da yalnız bir prinsip gözlənilir, əsas vurğu yeni hərfin üzərinə düşməlidir. Hərf məhdudiyyəti hər hansı bir mətnin, şerin dərcinə imkan verməyib. Şersə öyrətmənin ən asan üsuludur. Təəssüf ki, əlifba müəllifləri bunu nəzərə almayıblar. Heç bir şairə müraciət eləməyiblər ki, məsələn, 10 hərfdən ibarət şer, mətn yazsın. Mətn və şer olmadığına görə də, əlifbalarda adətən ideologiya yoxdur. Bu əlifbada isə 5-ci hərfdən etibarən şerlər, mətn vermişəm.
Müasir təhsil qanunlarının hansı xüsusiyyəti əsas tutulub?
- Fənlərarası əlaqənin olması. Bu xüsusiyyəti nəzərə aldığımdan sözügedən "Əlifba" hərfləri öyrətməklə yanaşı, şagirddə riyaziyyata, rəsmə dair ilkin təsəvvür oyadır, məntiqi düşünmək qabiliyyətini formalaşdırır.
Birinci sinif dərslikləri silsilə şəklində olacaq, yoxsa hələlik bir "Əlifba" ilə kifayətlənmisiniz?
- Silsilə şəklində olacaq. "Əlifba"nın davamı kimi gələn "Oxu", "Ana dili" kitablarının əvəzinə, "Söz" kitabını təqdim edəcəyəm. Hazırda rəssamlar üzərində işləyir, yaxın zamanlarda tamamlanacaq. Nəğmə dərsləri üçün "Səs", sinifdənxaric oxu üçün "Oxu" və bir də "Say" kitabları olacaq.
Yeri gəlmişkən, "Əlifba"nın tərtibatı onun nəğmə dərsinə dair ilk vəsait kimi istifadəsinə də imkan verir. Bu tamamilə yeni bir təqdimatdır.
- Elədir. Əlifbada olan şerlərin əksəriyyətinə nəğmələr yazılıb. Təxminən 60-a yaxın mahnıdır. Fikrim var gələcəkdə bu mahnıları "Əlifba nəğmələri" adlı ayrı bir kitab şəklində nəşr etdirim. Eyni zamanda, bu mahnıların kaset və diskləri də çıxacaq. Arif Məlikov, Vasif Adıgözəlov, Adil Bəbirov, Faiq Sücəddinov, Eldar Mansurov, Cavanşir Quliyev, Oqtay Rəcəbov, Ramiz Mirişli, Aygün Səmədzadə, Vaqif Gərayzadə, Ruhəngiz Qasımova, Rəşid Şəfəq və başqa görkəmli bəstəkarlara məxsus olan bu mahnıların istifadəsini iki variantda nəzərdə tutmuşam. Ya bu mahnılar şagirdlərə öyrədilsin, ya da tədrisdən öncə sadəcə, bu mahnını dinləsinlər, mətni qavramaq onlar üçün asanlaşsın.
Kitabda maraqlı rəssam işinə də rast gəlirik.
- Əlifbada Elçin Axundov, Ucal Haqverdiyev, Gülnarə Xalıqova, Nüsrət Hacıyev və başqa rəssamların əməyi var. Kitab son dərəcə əlvandır, estetik zövq baxımından əvəzsizdir. Bu rəsmlər də yalnız mətnlərin açılmasına xidmət eləmir, həm də əlavə süjetlər verir. Uşaqlar onu əsasında süjet qura biləcəklər. Ən müxtəlif oyunlar, məsələlər, bilməcələr də var. Bütün bunlar uşağın bu kitabla aktiv şəkildə işləməsinə şərait yaradacaq. Əsas odur ki, kitab uşağı sərbəst düşünməyə və yaradıcılığa sövq edir.
Ən nəhayət, əlifbanın ideologiyasında əsas nələr yer tutub? Birinci sinfə nə aşılayırsınız?
- Gənc nəslə vətənpərvər ruh, bəşəri dəyərlərə hörmət hissi aşılayıram. Tariximizə, milli mədəni sərvətlərimizə maraq hissi oyatmaq istəyirəm. Bu siyahını uzatmaq olar. Yaxşı olar ki, bütün bunlarla oxucularımız əyani şəkildə tanış olsun.
Nə vaxtdan etibarən bütün birincilər hərfləri bu əlifbadan öyrənəcək?
- Bilirsiniz ki, bu kitab Türkiyədə nəşr olunub. Özü də çox az bir tirajla - cəmi 500 nüsxədir. Bildiyiniz kimi, Əlifbanın tədris vəsaiti kimi istifadə olunması Təhsil Nazirliyi tərəfindən təsdiqlənsə də, nəşrin azlığı kitabın istifadəsini məhdudlaşdırır. Yalnız Bakının bir neçə məktəbində və Azərbaycanın ən müxtəlif zonalarının bir təhsil ocağında birincilər hərfləri bu əlifbadan öyrənəcək. Gələn ildən etibarən Təhsil Nazirliyi əlifbanı kütləvi tirajla nəşr etdirəcək.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd