Xəbərlər xətti

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#109(333)
İran İsraili günahlandırır

Rəsmi Tehran və İranın mətbuat orqanları sentyabrın 11-də ABŞ-da törədilən terror aktının iştirakçılarını ABŞ-ın daxilində axtarmağı tövsiyə edib və hər hansı islami qurumun bu cinayətdə əli olması haqda irəli sürülən iddiaları əcassız sayıb. Bu xəbər TURANa Bütöv Azərbaycan Birliyi mətbuat xidmətindən verilib.
Mənbənin məlumatına görə, İran Ali Təhlükəsizlik Şurasının katibi Həsən Ruhani "Keyhan" qəzetinə müsahibəsində bildirib ki, "ABŞ-da baş vermiş bu terror bütün dünya ölkələrinə xəbərdarlıq və dərs olmalıdır ki, zülm və ədalətsizliyin hökm sürməsi terror əməllərinin baş verməsinə səbəb olur". "Tehran fəzası" qəzeti isə terroru sionistlərin törətdiyini iddia edib. İran rəsmisi Məhəmməd Rza Tacik də terrorda İsrailin əli olduğunu vurğulayıb. Digər İran rəsmi nümayəndəsi Möhsün Armi ABŞ idarəetmə sisteminə dərindən nüfuz edən və məlumatlı adamların bu terrordan xəbəri olduğunu deyib.

Rusların cib telefonları Ermənistanda türkcə "danışıb"

Prezident Vladimir Putinlə birgə Ermənistana gəlmiş Rusiya rəsmi şəxsləri cib telefonlarında Türkiyə telefon şirkətinin salamını görəndə xeyli təəccübləniblər.
Məlum olub ki, bu ölkənin telekommunikasiya bazarında inhisarçı olan "Armentel" Ermənistan-Yunanısnan birgə müəssisəsinin Rusiyanın iri telekommunikasiya şirkətləri ilə rouminq üzrə müqaviləsi yoxdur. Bu səbəbdən də Ermənistanda xarici qonaqların cib telefonlarına rouminq xidmətləri Türkiyə şirkətləri vasitəsilə göstərilir. Rouminq - ingilis sözü olub azərbaycanca "səyahətə çıxmaq" mənası verir. Bu xidmət abonentlərə cib telefonundan ölkə xaricində də istifadə etmək imkanı yaradır.

Bu gün müharibə başlayır?

Bu gün ABŞ-da törədilən terror aktlarına cavab zərbələri endirilə bilər. Dünən Sakit və Hind okeanlarında müttəfiqlərin hərbi kreyser və gəmilərinin qruplaşması müşahidə edilib. Əvvəlcə ABŞ Hərbi Dəniz Donanmasının bir kreyseri Yaponiyadakı bazadan hərəkətə başlayıb. Daha sonra Böyük Britaniyaya məxsus olduğu güman edilən altı hərbi gəmi Süveyş kanalını keçib.

Azərbaycan AŞ öhdəliklərinə əməl edir

Dünən Bakıya səfərini başa vuran Avropa Şurası Parlament Assambleyasının sədri lord Rassel Conston Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərə əməl etməsini yüksək dəyərləndirib. Rassel Constonun sözlərinə görə, səfər gedişində həmin öhdəliklər siyahısı bir daha nəzədən keçirilib: "Azərbaycan bu istiqamətdə tədricən və stabil olaraq irəliyə doğru hərəkət edir". Öz növbəsində prezident Heydər Əliyev Azərbaycanın Avropa Şurası önündə götürdüyü bütün öhdəliklərə axıracan riayət edəcəyini vurğulayıb. "Biz Avropa Şurasının ədalətli tənqid və iradlarını qəbul edirik, lakin eyni zamanda təşkilatı da Azərbaycanın probleminə diqqətcil olmağa çağırırıq" deyə prezident bildirib.

Putin Yerevanı arxayın etdi

Dünən Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri başa çatıb. Səfərin yekunlarına dair imzalanan siyasi kommünikedə Rusiya və Ermənistanın strateji tərəfdaş olduğu bir daha vurğulanır. Putin Rusiyanın Ermənistanın regional təhlükəsizliyinə təminat verəcəyini bəyan edib. Putin həmçinin qeyd edib ki, Rusiyanın Türkiyəyə hərbi texnika satması ilə bağlı Ermənistanda yaranmış narahatçılıq əssasızdır. Onun sözlərinə görə, həmin silahlar Türkiyənin hərbi gücünə elə bir təsir etməyəcək. Qarabağ tənzimlənməsinə toxunan Rusiya prezidenti "Kompromiss həlli və statusu tərəflərin özü tapmalıdır. Bu məsələdə Rusiyadan hansısa resept gözləmək yanlışlıqdır" deyə əlavə edib.

Şeyxülislam Yerevana getmir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) başçısı, şeyxülislam Hacı Allahşükür Paşazadə Ermənistanın xristianlığı dövlət dini kimi qəbul etməsinin 1700-cü ildönümü münasibətilə Yerevanda keçiriləcək tədbirlərdə iştirak etməyəcək. QMİ-dən verilən məlumata görə, A.Paşazadə bu barədə bütün ermənilərin katalikosu II Qareginə rəsmi məktub göndərəcək. Xatırladaq ki, Şeyxülislamı sentyabrın üçüncü ongünlüyündə Yerevanda keçiriləcək bayram təntənələrinə II Qaregin dəvət edib.

Fransanın təzə səfiri gəlir

Fransanın ölkəmizdəki yeni səfiri xanım Şantal Puare sentyabrın 17-də Bakıda olacaq. O, 1996-cı ildən Fransanın Bakıdakı diplomatik nümayəndəliyinə başçısı vəzifəsində çalışan Jan-Pyer Ginyütü əvəz edəcək. Azərbaycan XİN-dən verilən məlumata görə, Bakıya təyinat alanadək xanım Puare Fransanın BMT yanında daimi nümayəndəsi olmuş, Fransa XİN-də beynəlxalq təşkilatlar şöbəsində işləmişdir.

Bakı Kompüter Kollecində nə baş verir?
Təhsil müəssisəsinin 19 əməkdaşı "Bizim ƏSR"ə müraciət edib

"Bizim ƏSR"in 13 sentyabr 2001-ci il tarixli sayında dərc olunmuş "Bakı kompüter kollecində qalmaqal" sərlövhəli yazı ilə əlaqədar redaksiyamıza məktub daxil olub. Məktub müəllifləri ləğv edilmiş Bakı Kompüter Litseyinin bir qrup şagirdinin və onların valideynlərinin Bakı Kompüter Kollecinin direktoru Bilal Hüseynova qarşı ittihamları ilə razılaşmırlar.
Obyektivlik prinsiplərini əldə əsas tutan "Bizim ƏSR" əks tərəfin - Bakı Kompüter Kollecinin 19 nəfər əməkdaşının mövqeyini də dərc etməyi qərara aldı. Məktubda aşağıdakılar bildirilir: "Kompüter litseyinin kollecə çevrilməsi Nazirlər Kabinetinin 30.06.2001-ci il tarixli 118 saylı qərarı ilə edilib.
İslahatlar çərçivəsində və bazarın tələbatını nəzərə alaraq kompüterlərdə işləmək üçün daha savadlı mütəxəssislərə ehtiyac duyulurdu.
Buna görə də Nazirlər Kabinetinin 118 və Təhsil Nazirliyinin 810 saylı müvafiq əmrinə əsasən Bakı Kompüter Kolleci yaradıldı. Litseyin yüksək texniki təminatı olması da nəzərə alındı. Litseyin bazasında kollec yaradıldığı üçün 189 nəfər şagird təhsilini davam etdirmək məqsədi ilə Bakının 7 və 13 saylı peşə litseylərinə keçib. Nəticə etibarı ilə şagirdlər heç nədə uduzmayıb və təhsillərini analoji tədris müəssisələrində davam etdirəcəklər. Və bu səbəbdən həmin litseylərin texniki təchizatı müvafiq olaraq tamamlanıb.
May ayının təqaüdləri isə keçmiş litseyin rəhbərliyindən asılı olmayan səbəblərdən gecikdirilmiş və oktyabrın əvvəllərində tələbələrə veriləcək. Kollektiv üçün ayrılmış 10 ədəd müasir kompüter və rəngli lazer printeri hal-hazırda kollecdədir və texniki nəzarət sona yetən kimi (sentyabrın 15-ə kimi) şagirdlərin istifadəsinə veriləcək.
Şagirdlərdən rüşvət aldığını iddia edən Z.Hüseynovanı isə Bilal Hüseynov məhkəməyə verəcək. B.Hüseynov Azərbaycan üçün orta ixtisas təhsilli kompüter mütəxəssisləri hazırlanması proqramını həyata keçirir və bu iş ümumilikdə təhsil islahatları ilə üst-üstə düşür. Bizim kollektivin üzvləri hesab edirlər ki, mətbuat konfransının təşkilatçıları həqiqəti şüurlu surətdə təhrif ediblər. Şagirdlər nə üçün təqaüd almayıb? Çünki Kompüter Kolleci büdcədən maliyyələşən təşkilatdır. Büdcədən vəsait ayrılan kimi, şagirdlər oktyabr ayının əvvəllərində bütün təqaüd borclarını alacaqlar. Bu işdə "Bizim ƏSR"in prinsipial mövqedən çıxış edəcəyinə ümidvar olaraq xahiş edirik ki, bizim kollektivin də rəyini öz qəzetinizdə çap edəsiniz".

Xarici xəbərlər

  • Dünən Taliban hökumətinin liderləri qonşu dövlətlərə xəbərdarlıq edərək bildiriblər ki, ərazisini ABŞ ordusunun hücumları üçün plasdarma çevirən ölkələr Kabilin zərbələrinə hədəf olacaqlar.
  • Pakistanın hərbi rejimi Üsəma bin Ladenə qarşı keçiriləcək əməliyyatlarda ABŞ-a yardım etməyə hazır olduğunu bildirib. CBS agentliyi xəbər verir ki, Müşərrəfin belə bir qərar qəbul etməsinə əsas səbəb itkin düşənlər arasında 600 pakistanlının olmasıdır. "News" və "Nation" qəzetləri xəbər verib ki, ABŞ-ın "Yaşıl Suiti" adlanan elitar piyada-dəniz birləşməsi artıq Pakistana yeridilib.
  • İnquşetiya prezidenti Ruslan Auşev deyib ki, islam dünyası ilə münaqişə ABŞ-ın Əfqanıstana əsgəri müdaxiləsi ilə nəticələnə bilər. Auşevin fikrincə, Əfqanıstana və digər dövlətlərə ciddi cavab zərbələrinin endirilməsi sonda Şimal Alyansı ilə Talibanın ABŞ-a qarşı birləşməsinə səbəb ola bilər.
  • İraq prezidenti Səddam Hüseyn şənbə günü ABŞ hökumətinə və xalqına müraciət məktubu imzalayıb. Məktubda deyilir ki, ABŞ sağlam məntiqi itirməməli, ölkədə baş verən dəhşətli hadisələrə görə yeni zorakılıqlar dalğasının əsasını qoymamalıdır.
  • ABŞ-da məlum faciə ilə bağlı matəmlər daha bir həftə davam edəcək. Prezident Buş bayraqların gələn həftənin şənbə gününədək endirilmiş vəziyyətdə saxlanması haqda göstəriş imzalayıb.
  • Nyu-Yorkda terror aktlarının təşkil edilməsində günahlandırılacaq ilk şəxs yaxalanıb. Onun şəxsiyyəti və milli mənsubiyyəti haqda heç bir məlumat verilmir. İstintaq onu "vacib şahid" hesab edir. Bu adam əvvəlcə "müvəqqəti saxlanılanlar" kateqoriyasına aid edilsə də, sonradan istintaqla əməkdaşlıq etməyə hazır olduğunu deyib.
  • Liviyanın Ali Müdafiə Şurasının rəhbəri Əbu Bəkr Yunis Cabirin başçılıq etdiyi nümayəndə heyəti Belorusa üç günlük rəsmi səfərə gəlib. Rəsmi Minsk Liviya nümayəndələrini yüksək səviyyədə qəbul edib. Müxalifət bu addımı hakimiyyətin ABŞ-a "yanmışlıq verməsi" kimi dəyərləndirib.
  • Britaniyada beş yaşlı uşaq ABŞ səfiri ilə görüşərək ona məlum terror aktlarından əziyyət çəkən ailələrə yardım üçün nəzərdə tutduğu 4 funt pul verib. Səfir azyaşlı uşağın hərəkətindən bərk mütəəssir olub və xırda pulları götürmək qərarına gəlib.
  • ABŞ prezidenti Corc Buş radio ilə xalqa müraciət edib. Dövlət başçısı bütün hərbi geyimli adamları müharibəyə hazır olmağa çağırıb. O deyib ki, Nyu-York və Vaşinqtonda törədilən qanlı cinayətlərin təşkil edilməsində şübhəli bilinənlərin siyahısında Üsəma bin Laden birinci yerdə dayanır.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd