Köşə yazarları

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#109(333)
XXI
m.nur@azeurotel.com

Yorğun Lord

... Mən lordu görəndə yadıma Məmməd dayı düşdü.
Məmməd dayı barədə sonra... Cənab Rassel-Conston əsl İngiltərə ağsaqqalıdır. Onun şotland əsilli olduğunu biləndə adamın yadına İngiltərə tarixi düşür (Hələ şotland tarixi bir yana). Keşməkeşli, ziddiyətli, cəsur... möhkəm və buz kimi soyuq, küt alət səsi verən İngiltərə tarixi. "Brave heart" (Cəsur ürək) filmində İngiltərə tarixi az qala üzqarası kimidir. Hərçənd, mən tarixi filmlərin reallığa yaxınlıq faizinə hər zaman şübhə və ehtiyatla yanaşmışam: bu cəhdlərin hamısını sadəcə dekorativ canlandırmaya həsr edilən ehtiraslı bir cəhd kimi anlamışam. Filmlər heç zaman tarixi göstərə bilməz: heç ona ekskurs da edə bilməz. Lap olsun, dokumental seriallar: yenə filmdir və tarixi kəsikdir.
Constona Qarabağdan çəkilmiş dokumental filmləri göstərdilərmi, bilmədim. Amma belə şeylərlə lordların ürəyini tərpədmək müsəlman göstərisindən başqa bir cəhd deyil... Tarix özü Constona o qədər yaxındır ki, Conston özü az qala nəhəng və gəzən bir tarix adamıdır. Biz ona və Avropadan gələn bütün nəhəng adlara az qala yeriyən tariximizin özü kimi baxmaq zorundayıq...
Məmməd dayı başıçəkmiş adamıydı. Qan yatırdar, iş düzüb-qoşardı. Və hər dəfə də Məmməd dayıya bir ildən sonra həll ediləcək bir məsələ barədə danışanda bu kişi gedişatın sonucunu elə soyuqca deyərdi və elə amansızcasına ağılasığmaz proqnozlar verərdi ki, onun görəcəyi işin böhranında bilavasitə iştirak edən adamlar az qalırdı başını tutub qışqırsın və bütün deyilənlərin heç zaman həqiqətə çevrilməyəcəyini israr etməkdən bir addım geri çəkilməsin. Qalanlar yerində qalsın, sayanlar da həmçinin: hər dəfə də Məmməd dayı deyən olurdu. Mən onu ölənəcən belə gördum. Allah Məmməd dayıya rəhmət eləsin.
Lord Conston başıçəkmiş kişilərdəndi.
Yorğun və arxayın. Sanki Conson hər şeyi proqnozlaşdırıb gəlmişdi. O, bizim qaçqınla elə qaçqının özünün dalağı sancdığı realığın o başında oturub danışmaq istəyirdi. Bizim qaçqınsa sadə olduğu qədər də bilinməzdir. Bəlkə də Conston öz təcrübəsindən əmindir ki, bütün müşahidə etdiyi bilinməzliklər ona bəllidir? Deyəsən, axırda Conston yanıldığının yorğunluğunu çəkirdi: o şikayət etdi ki, Bakını gəzə bilmədi, çox yorğundur və Amerikada baş verənlər onun səfərini kölgədə qoydu və sair...
İş ondadır ki, Constonun tərpənməz mövqeyi proqnozlaşdırılmış tarix kimidi. Amma bu yeryiən tarix özü həm də Constonun öz bildiyi qədər yorğunuydu...

Məqsəd Nur

Suallı künc

Lord Rasselin etirafları

Lord Rassel Conston Azərbaycanda kifayət qədər tanınmış adamdı. Ölkəmiz hələ Avropada rəsmi "qeydiyyat" qazanmamışdan əvvəl bu ahıl cənabı üzdən tanımağa başlamışıq. Son vaxtlar isə mediamızda onun adı daha çox hallanır. Deyəsən, Rassel öz vətənində heç belə populyar deyil. Yeri gəlmişkən, cənab Rassel Conston mənşəcə şotlanddır, Britaniyanın qocaman parlamentarlarındandır. Dövlət qarşısında xidmətlərinə görə, Britaniya kraliçası ona ömürlük titul - lordluq verib. Bizim təbirimizcə, bu bəyzadəlik, yaxud xanzadəlikdir: onların anlayışınca isə lord Rassel Conston Britaniyanın ən aristokrat məclisinin (Lordlar Palatası) üzvüdür. Yüksək titul onun adını (Devid) da sıxışdırıb. Amma özü bundan narahat deyil. Elə biz də onu gah cənab Rassel, gah da hörmətli Conston deyə təqdim edirik. Bir sözlə, Cənubi Qafqaz regionu ilə növbəti tanışlığını yenə Azərbaycanda yekunlaşdıran Rassel (Conston) cənabları bu gün səhər erkəndən Bakını tərk etdi. Gəlişi geniş anons edilsə də, üçgünlük səfəri boz və sakit tonda keçdi. Özü bunu Amerikadakı olaylarla izah etdi. Dedi ki, hamının (xüsusilə medianın) başı terrora qarışdığından onun səfərinə diqqət az olub.
Hərçənd biz lord Rasselin buraya gələnədək və burada nələr dediyini kifayət qədər axıracan izləməyə çalışdıq. Amma nə qədər diqqətcil olsaq da, britaniyalı cənabın mülahizələrində məntiqi ardıcıllıq sezə bilmədik. Məsələn, Yerevanda olarkən Ermənistanın işğaçılığı və işğal olunmuş rayonların (Dağlıq Qarabağ ətrafında) azad edilməsi barədə söylədiyi fikirləri Bakıda təkrarlamadı. Bircə onu deməklə kifayətləndi ki, Ermənistan qanunsuz (?) olaraq Dağlıq Qarabağı işğal edib. Siz bir şey anladınız? Belə çıxır ki, işğalın qanuni variantı da olur.
Lord Rassel Dağlıq Qarabağdakı "seçkilərlə" bağlı Ermənistanda "dediklərini" də burada təkzib etdi. Bildirdi ki, ermənilər onun fikirlərini təhrif ediblər. Amma bu təkzibi də elə alayarımçıq və qarışıq cümlələrlə ifadə etdi ki, onun gerçəkdə nə dediyi və konkret nəyin təhrifə uğradığı bəlli olmadı.
Avropalı qonağın burada söylədikləri də bizə dəqiq bir şey anlatmadı. Lord Rassel Dağlıq Qarabağın ermənilər tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün tranzit bölgə kimi istifadə olunduğunu etiraf etdi. Amma sonra elə bir əlavə etdi ki, çaş-baş qaldıq. Demə, narkotiklər Dağlıq Qarabağdan xaricə deyil, xaricdən Dağlıq Qarabağa daşınır. Özü də haradan?.. Türkiyənin şərq vilayətlərindən (?). Britaniyalı cənab onu dəqiqləşdirmədi ki, narkotiklər Türkiyədən Qarabağa necə gəlib çıxır və Qarabağdan da hara ötürülür. Bəlkə Qarabağdakı separatçılar total şəkildə narkomaniyaya aludə olublar?
Bircə o bəlli oldu ki, cənab Rassel Conston narkoqaçaqmalçılıq barəsində çox səthi biliyə malikdir. İnsafən bunu etiraf etdi və söylədiklərini qəzetlərdən oxuduğunu bildirdi.
Ümumiyyətlə, qocaman lordun Bakıya səfərindən yaddaqalan əsas cizgi onun etirafları oldu. Köçkünlərə baş çəkən Rassel Conston onların vəziyyətinin həqiqətən ağır olduğunu təsdiqlədi. Münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün Azərbaycanın böyük səylər göstərdiyini də etiraf etdi. Hətta onu da etiraf etdi ki, beynəlxalq birlik bu konfliktin həll olunması üçün indiyədək real fəaliyyət göstərməyib. Azərbaycan rəhbərinin "Münaqişə ona görə çözülmür ki, Ermənistan heç bir güzəştə getmək istəmir" sözlərinin qarşısında isə Conston lap lakonik oldu: "Həqiqətən də belədir".
İndi bir sual meydana çıxır. Əgər Avropanın ən yekə təşkilatının qocaman başçısı bu qədər yolu basa-basa gəlib məhz bu "həqiqətləri" etiraf edəcəkdisə, onun bu "əziyyətə" qatlaşmasına ehtiyac vardımı? Növbəti dəfə gərək onu əziyyətə salmayaq.

V.Orxan

Sərbəst

Dəyərlər

Sivil bəşəriyyət tarixin qurtardığı, tarixi dəyərlərin işləmədiyi yerə gəlib-dirəndi; biz hələ tarixi dəyərlərimizə sevinməyə məhkumuq. Bu gün bəşəriyyət yaşadığı tarixin acılarını çəkmədə; biz - yaşamadığımızın...
Sivilizasiyanın yolu bir; irəli sürdüyü dəyərlərdən keçir; intəhası bu və ya digər təzahüründə çeşidlər göstərir, bu və ya digər məqamında çeşidli təcrübələr verir. Ötən həftə bu mövzunu başlarkən ən nəhayət hər dəfə yenidən başlamalı olduğumuz, yarımçıq kəsilən, başa çatmamış tarixi borclarımıza yetib, çağdaş dünya sivilizasiyasının ritminə çıxdığımızın sevinci içərisində idik; bu gün biz yenə bəridə, tarix içrəyik, dünya - tarixin dışında. Bunu mən son aylar ölkə Prezidentinin heç də əbəs olmayaraq üzərində təkid və israr etdiyi milli Dil informasionunun dünyanı sarsıdan 11 sentyabr hadisələrinin isti-isti izinə yalnız bir neçə saat sonra (ANS-in CNN-i tərcüməsində) düşə bildiyini, bu barədə müstəqim milli şərhlərin yalnız ertəsi səhər peyda olduğunu, orda "dünya dağılırkən" burda... hələ dünən uğurlarından məftunluqla danışdığımız özəl kanallarımızın öz "tarixi" işində, qurduğu özəl proqramlarının (!) arxasında daldalandığını seyr edirkən necə də yaxından duydum. Və altı saat ansızın informasiya ritmi, ahənginin içində (bir anlıq təsəvvür edək, türk CNN-i, rus ORT, RTR və NTV-si olmayaydı!) bulunduqdan sonra səhərisi milli mətbuatın əksərən bunun təkrar istehsalından başqa bir şey vermədiyinə tarixən (ortada 14-15 saat, yəni artıq "tarix" vardı) əmin olduqda necə də ağrıdım, acıdım, acıdım...
Bu nostalji deyil, gerçəklərdir; hərçənd ap-aydın dünənlər və gözgörəti sabahın konturları aralığında (marginallığında) nisgilsiz ötüşmək də çətin... Bu qınaq da deyil, yox; qınamalı nə var ki - kimi, nəyi, nədən? Yeni və ən yeni tarix savaşında vaxtilə xalqları, millətləri, mədəniyyətləri bir-birindən yüzillər ayırırdısa (kim kimdən yüz, yüzəlli, ikiyüz il geridir?); sonra fərqi qərinələr, onillər (tarixin sürətləndiyi son yüzil ərzində milli azadlıq ruhunun havası, gərginliyi) diktə etdi; və budur, qloballaşma çənbərində saatlar, dəqiqələr, anlar həlledicidir; çaşqınlığa hacət varmı...
Çaşqınlığa hacət yox; bəlkə bir ona görə ki... Gözlər ekrana dikilmişdi; bəs biz... bizim varlığımız... Elə həmin an dünyanı sarsıdan şok-durumu içrə bizim də səsimiz gəldi; Azərbaycan Prezidentinin Corc Buşa başsağlığı teleqramı səsləndi. O, həmişəki tək məqamında, bunun fərqində, fövqündəydi...
Dünya başları tez bir zamanda həmin günü sırf üçüncü minilliyin başlanğıc nişanəsi kimi tanıdılar; tanımağa nə vardı ki; o, nazik pərdənin arasından boylanıb, özünü ən sadə gözlənilməzlik, anilik nümunəsi olaraq göstərmişdi... Artıq bir gün sonra bəşəriyyət yenidən tarixə qayıtmış, ən ulu vərdişlərdən ən isti şərhlərə qədər görünməmiş hadisəni tarix meyarları ilə ölçməyə, tarixə yerləşdirməyə səy edirdi... Əlbəttə, başlarda - nəyinsə qırıldığının, sona çatdığının təşviş havası da öz yerində; axı o indi, lap təbii fəlakət tək, özünü hər an, gözlənilmədən göstərə də bilərdi...
Təsəllimiz nə; tarixin dolanbaclarında itməyib bura yetmiş və nəfəsimizi bura qatmağa çatmışıqsa...

T.Əlişanoğlu

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd