|
|
|
|
#110(334)
|
 |
Amerika sınaq dövrünü yaşayır
|
Birləşmiş Ştatlarda baş verən terror politoloji dairələrdə də geniş müzakirələr doğurub. Beynəlxalq terrorizmin belə möhtəşəm miqyas kəsb etməsinin səbəbləri, hərəkətverici motivləri və siyasi konteksti barəsində müxtəlif mülahizələr səslənir. Bu dəhşətin yüksək komfortluğu ilə seçilən Amerika cəmiyyətində hansı doğurduğu reaksiya xüsusi diqqət çəkir.
Yaranmış şəraitdə terrorizmə qarşı beynəlxalq mübarizədə Azərbaycanın iştirakı və Dağlıq Qarabağdakı erməni separatizminin terrorçuluq mahiyyətinin aşkarlanması üçün siyasi-hüquqi fəaliyyətin genişləndirilməsi də aktual mövzulardandır. ABŞ-ın nüfuzlu araşdırma mərkəzlərində, tanınmış universitetlərdə mütəmadi olaraq Cənubi Qafqaz mövzusunda mühazirələrlə çıxış edən və Amerika cəmiyyətini daxildən tanıyan politoloq Leyla Əliyevanın fikirləri bu baxımdan maraq doğurur. Berkli Universitetində (Kaliforniya) dəvət olunmuş professor qismində çalışan L.Əliyeva bir müddətdir ki, Bakıdadır və Amerikadakı olayları da buradan izləməkdədir.
Bununla belə, okeanın o tayındakı həmkarları ilə əlaqəsi kəsilməyən politoloq terrordan sonra Amerika cəmiyyətində yaşanan proseslərdən də kifayət qədər məlumatlıdır. Politoloqun sözlərinə görə, hadisə öncə ABŞ əhalisində müəyyən şok effekti doğursa da, ümumən cəmiyyəti yasa batmış kimi qəbul etmək olmaz. Əksinə, terrorun miqyasını dərk edən amerikalılar dünyanın üzərini alan bu bəla ilə daha fəal və inadla mübarizə aparmaq əzmindədirlər. Politoloqun qənaətinə görə, Amerika cəmiyyətinə xas olan yüksək dinamizm bu cür ekstremal vəziyyətlərdə də özünü göstərir, hadisələrə münasibət ah-vayla deyil, iti rasionalizmlə müşayiət olunur, insanlar optimizmini itirmir və daima irəli baxırlar. L.Əliyeva terrordan sonra ABŞ-ın ayrı-ayrı şəhərlərində müsəlmanlara, xüsusilə də ərəblərə qarşı çıxışların olmasını da keçici sayır: "Bu, müvəqqəti emosionallıqdan irəli gəlir. Bir neçə il öncə Oklaxomada Ticarət Mərkəzində dəhşətli partlayışdan (160-a yaxın insan ölmüşdü - İ.) sonra da belə müvəqqəti tendensiya olmuşdu. Lakin sonra məlum oldu ki, partlayışı Amerikanın so təmayüllü ekstremist təşkilatının nümayəndəsi Timoti Makkvey törədib". Politoloqun fikrincə, cari vəziyyət Amerika üçün mühüm sınaq dövrüdür. Demokratik dayaqları zəif olan ölkələrdə belə olaylardan sonra avtoritarizm güclənər, terrorda günahkar bilinən konkret şəxslərə görə onların təmsil etdiyi bütöv millət, dini icma və s. böyük repressiyalara məruz qalardı. Amma ABŞ demokratiya və insan haqlarına riayət sahəsində möhkəm dayağa malikdir və hadisələr onu laxlada bilməz.
Bəs budəfəki terrorun arxasında konkret kimlər dayanıb? Politoloqun sözlərinə əsasən, təhqiqatlar yekunlaşmayınca bu barədə konkret fikir söyləmək çətindir, hərçənd ehtimalların tendensiyası ümumən bəllidir. L.Əliyevanın fikrincə, Amerikanın bu hadisələrdə terrora dəstək verən ölkələrin rejimlərini ittiham etməyə kifayət qədər əsası var. Həmin rejimlər dünyada tədricən bərqərar olan demokratik və hüquqi inkişaf prosesləri ilə rəqabətə davamlı olmadıqlarını yaxşı anlayırlar, lakin eyni zamanlda bu inkişafla ayaqlaşmaq istəmirlər. Odur ki, normal rəqabətdə (iqtisadi, siyasi, hərbi-texniki inkişafda) uduzan rejimlər bu cür metodlara əl atırlar: "Bu, qlobal, sistemlərarası mübarizənin nəticəsi, zəif rəqibin güclü rəqibə qarşı qurşaqdan aşağı zərbəsidir. Dinc əhaliyə qarşı terrora əl atanlar rəqabət etdikləri dövlətlə birbaşa üzləşmək iqtidarında deyillər". Politoloq təəssüflə qeyd edir ki, 21-ci əsr dünyası məhz belə qeyri-normal mübarizə və sistemlərarası qarşıdurma ilə müşayiət olunacaq.
Hərçənd L.Əliyeva beynəlxalq terrorizmin indiki qorxunc miqyasadək təşəkkül tapmasını birmənalı motiv üzrə izah etməyi yanlış sayır. "Terrorun beynəlmiləlləşməsi müxtəlif motivlərin və fərqli siyasi kontekstlərin ümumi nəticəsi kimi dəyərləndirilə bilər. Məsələn, bir qədər əvvəl Rusiyada baş vermiş terror aktlarının müəyyən etnik zəminli motivasiyası var, bu, Moskvanın çeçenlərə qarşı müharibəsinə bir reaksiyadır. Amerikaya qarşı terrorlar isə daha çox bu ölkənin dünyadakı hökmran mövqelərinə qarşı reaksiya səciyyəsi daşıyır. Yəni bu mürəkkəb faktoru birmənalı izah etmək mümkün deyil". Bəs Amerikaya qarşı terroru onun fövqəldövlət kimi dünyaya ağalıq etməsinə cavabdır" kimi tezisləri nə dərəcədə məqbul saymaq olar? L.Əliyeva ABŞ-ın və bütövlükdə Qərbin beynəlxalq müstəvidəki siyasətinin heç də həmişə ədalətli və balanslaşdırılmış olmadığını etiraf edir. "Digər yandan, Amerika həyat tərzi və demokratik inkişaf modeli hər zaman avtoritar rejimlər üçün bir növ təhlükə mənbəyidir, onlar hiss edirlər ki, dünyada baş verən qloballaşma (xüsusən informasiya sahəsində) onların qapalı və qaranlıq rejimlərini də tədricən "işığa çıxaracaq" və buna qarşı ən iyrənc metodlarla mübarizəyə əl atırlar". O ki qaldı, Amerikanın, Qərbin dünyadakı iqtisadi hegemonluğuna, nəzərə almaq lazımdır ki, bu daha çox təbii rəqabət nəticəsində ortaya çıxıb. Sadəcə olaraq Qərb sistemi bu rəqabətdə özünün daha davamlı və perspektivli olduğunu təsdiqləyib. Bu, gerçəklikdir və onu bütün dünya etiraf edir. "Lakin motivasiya necə olursa-olsun, dinc insanlara qarşı bu cür vəhşiliyə heç cür əsas sayıla bilməz".
Politoloq müasir şəraitdə müxtəlif təmayüllü, dini, etnik və siyasi zəminli terror təşkilatlarının əlbir işləməsini və terrorun beynəlmiləlləşməsini də qeyd edir. "Terror ekstremal mübarizə metodu kimi müxtəlif məqsədli qruplaşmaların həm ayrılıqda, həm də "ümumi düşmənə" qarşı mübarizəsində də əsas "silah" kimi istifadə olunur. Yəni metod və məqsədlər üst-üstə düşəndə ilk baxışdan tamamilə fərqli sayıla biləcək qruplaşmaların (məsələn, sol təmayüllü qruplaşmalarla, dini, fundamentalist cərəyanların) "eyni cəbhədə" çıxış etməsi tamamilə mümkündür".
Nəhayət, son məqam. Beynəlxalq müstəvidə terrora qarşı başlanan genişmiqyaslı kampaniya kontekstində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə antiterror əməliyyatı düzənlənməsi nə dərəcədə əlverişli sayıla bilər? Politoloqun qənaətinə görə, Azərbaycan ilk növbədə terrora qarşı həyata keçirilən beynəlxalq səylərdə fəal iştirak etməli və paralel olaraq özünün də terrordan əziyyət çəkdiyini beynəlxalq instansiyalarda təsdiqləməlidir. "Bütövlükdə Ermənistanın (dövlət olaraq) siyasətinin, yaxud da Dağlıq Qarabağdakı erməni separatçıların fəaliyyətinin tamamilə terrorçuluq üzərində kökləndiyini sübutlamaq real görünmür. Çünki indiyədək beynəlxalq praktikada separatizmə baş vuran hansısa etnik azlığın sırf terrorçuluqla məşğul olduğu rəsmən təsbitlənməyib. Lakin bu və ya digər separatçılıq hərəkatında ayrı-ayrı terrorçu qruplaşmaların mövcudluğu geniş yayılmış faktdır. Odur ki, Bakı da əsas işini məhz Qarabağda terrorçu qruplaşmaların formalaşdığını sübutlamaq istiqamətində qurmalıdır. Beynəlxalq ictimaiyyəti inandırmaq lazımdır ki, Azərbaycanın işğal olunmuş ərazilərində terrorizmin təşəkkül tapması nəticə etibarilə təkcə bizim regiona deyil, beynəlxalq sülh və təhlükəsizliyə potensial təhlükədir. Amerikadakı son olaylar bir daha göstərdi ki, dünyanın bir tərəfində təşkilatlanan terrorizm rahat şəkildə dünyanın o biri başında dəhşətli cinayət törədə bilər". L.Əliyevanın fikrincə, Bakı bu prizmadan çıxış edərək Ermənistanın işğal etdiyi və neçə illərdir ki, Azərbaycanın nəzarətində olmayan bölgənin beynəlxalq sülh üçün hansı təhlükə mənbəyinə çevrildiyini və həmin ərazilərdə potensial terrorizm yuvası olan silahlı qruplaşmaların zərərsizləşdirilməsi üçün antiterror əməliyyatının həyata keçirilməsini əsaslandıra bilər.
Sözdə dəstək azdır
Vaşinqton bölgə dövlətlərindən real kömək gözləyir
|
ABŞ hesab edir ki, bu ölkədə baş verən dəhşətli terror aktlarına cavab vermək haqqının şifahi şəkildə dəstəklənməsi azdır. Vaşinqton Asiya dövlətlərindən mötədillik yolunu tutanları barrikadanın o biri üzünə keçmək qədər ağır cinayət sayır. ABŞ dövlət katibin Pauellin çıxışları göstərir ki, ABŞ cavab zərbələri məsələsində bütün paytaxtlardan dəstək umur. Hətta Tehran və Dəməşqdən də: "Suriya və İran ABŞ siyahılarına "terroru dəstəkləyən dövlət" kimi düşsə də, onların son hadisələri pisləməsi Vaşinqtonun Tehran və Dəməşqə münasibəti bir daha nəzərdən keçirməsinə səbəb ola bilər". Yeri gəlmişkən, artıq İran Əfqanıstanla sərhədi qapayıb.
Hindistanın mövqeyi bəllidir. Dehli öz tarixində görünməmiş cəsarət göstərib. Müstəqil dövlət kimi kimi mövcud olduğu yarım əsrdən artıq zaman kəsiyində öz ərazisini yad ölkə əsgərinin tapdağına verməmiş Hindistan bu dəfə geostrateji baxımdan müttəfiq olmadığı NATO və ABŞ-a plasdarm təqdim edənlərin pioneri kimi ad çıxara bildi.
İslamabadın son addımları göstərir ki, Müşərrəf ilk dəfə olaraq Taliban rejimi ilə onun qonağı Üsəma bir Laden arasında fərqin sərhədlərini dəqiqləşdirməyə başlayır. Pakistanın gücü uzaqbaşı Talibanı himayə etməyə çata bilər, ona görə də ölkənin diplomatik dairələri rejimin ali mənsəbli nümayəndələri ilə Qəndaharda bir araya gələrək səudiyyəli milyardçının təhvil verilməsi haqqında danışıqlar aparırlar. Bu danışıqlar bəhrəsini versə, artıq kolliziya səfiyyəsinə çatmış münaqişə ən azı səngiyə və daha təhlükəsiz səviyyəyə enə bilər.
Özbəkistan hökuməti də öz ərazisini və hava məkanını Əfqanıstanda əməliyyatlar keçirmək istəyən ABŞ üçün açıq elan etdiyini bildirib. Bu haqda məlumatı Özbəkistan xarici işlər naziri Əbdüləziz Kamilova istinad edən "Vaşinqton post" qəzeti yayıb. Özbəkistanın Azərbaycandakı səfirliyi hələlik bu xəbəri təsdiqləyəcək və ya təkzib edəcək qədər məlumatlı olmadığını bildirib. Çox maraqlıdır ki, bu xəbərlə təqribən eyni vaxtda ABŞ-ın vitse-prezidenti Riçard Çeyni əməliyyatların "Misirdən Özbəkistanadək" böyük bir məkanda aparıla biləcəyini deyib. Çeyni "NBC"-yə verdiyi müsahibəsində bildirib ki, Üsəma bin Laden Özbəkistan İslam Hərəkatı və "İslami Cihad" təşkilatı ilə güclü əlaqələrə malikdir. Sözsüz demək olar ki, bu bəyanat rəsmi Daşkəndi mövqeyini daha açıq şəkildə ortaya qoymağa vadar edəcək.
Əfqanıstanın yaxın qonşularından olan Tacikistan isə hələlik gözləmə mövqeyi tutur. Tacikistan XİN-nin rəsmi nümayəndəsi bildirib ki, Tacikistan Əfqanıstana zərbə endirmək üçün kiməsə plasdarm təklif etməyib. Əslində Tacikistan rəsmisinin bu sayaq çıxışını gözləmək olardı, ən azı ona görə ki, məhz Tacikistan Orta Asiyada kənar amillərin təsirinə ən həssas dövlətlərdən biridir, bu mənada onu bölgədə liderliyə can atan, NATO-ya meyllənən Özbəkistanla müqayisə etməyə dəyməz. Artıq bir neçə ildir ki, Tacikistan cənub sərhədlərini rusların hesabına qapayır. İndiki halda Moskvanın "şimal plasdarmı"na münasibəti bəllidir - Kreml bu səmada ABŞ təyyarəsi görmək istəmir. Təbii ki, Tacikistan əski müttəfiqində "yeyib-itirən" təsəvvürü yaratmaq istəmir.
Çeçenlər hücuma keçdilər
Federalların çoxlu sayda itki verdiyi güman edilir
|
Rusiya informasiya mənbələrinin verdiyi məlumata görə, çeçen səhra komandirlərinin yüksək peşəkarlıqla hazırladıqları hərbi əməliyyat federal qüvvələr arasında böyük itkilərə səbəb olub. 800-ə yaxın çeçen döyüşçüsü paytaxt Qroznıdan sonra ikinci şəhər olan Qudermes və Nojay-Yurt şəhərlərini ələ keçirib.
Arqun şəhəri uğrunda şiddətli döyüşlər gedir. Şəhər əldən-ələ keçir. Müxtəlif informasiya mənbələrinin döyüş meydanından yarım saatdan bir operativ məlumat verməsinə rəğmən, Kreml hücum faktını nə təsdiq, nə də təkzib etməyə səy göstərir.
Hazırda Çeçenistanın cənub bölgələrində hərbi əməliyyatların miqyası barədə heç bir mənbə dəqiq məlumata malik deyil. Hərbçilərlə və Çeçenistan administrasiyasının verdiyi məlumatlar bir-birini təkzib edir. Rusiya prezidentinin mətbuat katibi Sergey Yastrjembskinin sözlərinə görə, hücum əməliyyatında 30-40 çeçen silahlısı iştirak edib. Rusiya hərbi kontingentinin operativ reaksiyası nəticəsində çeçen qruplaşmasının 20-ə yaxın döyüşçüsü öldürülüb, yerdə qalanları isə pərən-pərən düşüb. Ətraf ərazilərə səpələnən yaraqlılar ara-bir müqavimət göstərməyə çalışırlar.
Əhməd Qədirovun administrasiyasında çaşqınlıq və təslimçilik əhval-ruhiyyəsi hökm sürür. Qədirov dünən yerli vaxtla saat 4-də "Röyter" agentliyinə verdiyi müsahibədə bildirib ki, Qudermesdə şiddətli döyüşlər gedir, yerli əhali zirzəmidə gizlənib və federal qüvvələrin vəziyyəti olduqca ağırdır7 Lakin heç bir saat keçməmiş Qədirov "gazeta.ru"ya bildrib ki, şəhərə soxulan 15-ə yaxın yaraqlı müqaviməti qıra bilməyərək, ətraf binalara ünvansız atəşlər açır.
Federal qüvvələr tam əminliklə bəyan edirlər ki, Qudermes aksiyası hərbi yox, təbliğati məna daşıyır. Onların təbirincə desək, bir dəstə silahlı döyüşçünün şəhərin mərkəzi küçələri ilə avtomobillərdə hərəkət etməsi ilə, prinsipcə, müəyyən nəticə əldə etmək mümkündür. Guya mücahidlər bununla informasiya məkanında "aciz və səriştəsiz rus hərbçisi" obrazı yaratmağa çalışırlar.
|