|
|
|
|
#110(334)
|
 |
Rəşid adlı
futbol ulduzu
Srağagün gündüz, təxminən, saat 13.30-da
Azərbaycan futbol dünyasının bu ulduzu söndü
|
Sentyabrın 16-da qəfil xəbər hamımızı sarsıtdı: bütün şüurlu həyatını futbola həsr etmiş bir insan, milli seçmə komandanın məşqçisi Rəşid Özbəyov vəfat etdi.
Futbolçu kimi çoxdan tanıdığım Rəşidlə şəxsi münasibətlərimizin təməli 1988-ci ilin sonlarında qoyulub. Həmin ilin yekunlarına görə Azərbaycan birinciliyinin qalibi olaraq SSRİ çempionatının ikinci dəstəsində yarışmaq hüququ qazanmış Ağdamın "Qarabağ" komandasına Rəşid Özbəyovu baş məşqçi təyin etmişdilər. Yerli qəzet onunla musahibə planlaşdırmış və bu işi görmək mənə həvalə edilmişdi. "Qarabağ"ın məşq keçdiyi Ağdamdakı 50 nömrəli texniki-peşə məktəbinə yollandıq - mən və fotoqraf. Gəlişimizin məqsədini bildikdə "məşq qurtarsın, sonra" - dedi. "Ən yaxşısı gəlin mehmanxanaya, orda söhbət edək, məşqi pozmaq olmaz" - deyə əlavə etdi. Bu, fotoqrafın xoşuna gəlməsə də, mən məşqçinin əsl peşəkar kimi davrandığını ona anlatmağa çalışırdım. Sözlərimin səmimiliyinə inanın, həmin andan Rəşid Özbəyovu öz işinə hörmət və məsuliyyətlə yanaşan bir mütəxəssis kimi qəbul etdim.
Üç epizodu heç cür unuda bilmirəm;
"Neftçi" Rostov OİK-ini qəbul edirdi. Respublika stadionunun əsas tribunasından sağ tərəfdəki qapıya, hücumun sol cinahından künc zərbəsi vururduq. Topa Özbəyov yaxınlaşdı, zərbə və ... top birbaşa qapıya daxil oldu. Qol zamanı Rəşidin necə sevindiyini...
SSRİ çempionatının ikinci dəstəsində debüt matçı keçirmək üçün Samtrediaya yollanma ərəfəsində son məşq zamanı "Qarabağ"ın iki futbolçusu baş-başa dəydi. O anda əlindəki açarları hirslə yerə çırpıb zərərçəkmiş futbolçulara tərəf qaçarkən keçirdiyi təəssüf qarışıq həyəcanı...
"Neftçi"nin növbəti təqvim matçının 6-cı dəqiqəsində ayağı sınıb meydandan çıxarılarkən üzündəki təşvişi...
Ayağının sınması futbolda sözünü axıradək deməsinə imkan vermədi, böyük futbolda edə biləcəyinin çox az hissəsini etdi Rəşid. Dünyasını vaxtsız dəyişməsi həyatda da çox arzularını ürəyində qoydu Rəşidin. Amma çoxlu dostlar qazandı, azarkeş alqışlarına, rəğbətinə ünvan oldu Rəşid. Və Rəşid Özbəyov nakamlığının fonunda bu qazanılanlar daha qabarıq görsənir.
Rəşid Özbəyov vəfat edib! Bu müdhiş xəbəri eşidəndə ötən ilin noyabr günləri xatırlandı. Hamının zəlzələ şokunu yaşadığı o günlərdə Rəşid çoxlarımızdan fərqli olaraq daha dalğın, qayğılı, lap dəqiqi düşgün və pessimist görünürdü. Təbii fəlakət nəticəsində evi dağılan və iki qızı, həyat yoldaşı ilə böyük çətinliklə üzləşən Rəşid ələ ala bilmirdi özünü. Kim bilir, bəlkə onu aramızdan vaxtsız aparan ürək xəstəliyi elə zəlzələ günü tapmışdı Rəşidi?!
Düz 50 il əvvəl - 1951-ci ilin 16 sentyabrında respublika stadionu ilk dəfə olaraq qapılarını azarkeşlərin üzünə açmışdı. O stadion ki, Rəşid Özbəyov özünü bir futbolçu kimi məhz həmin arenada təsdiqləmişdi. O, həyatı qədər sevdiyi baş idman arenamızın yubileyi günündə dünyasını dəyişdi. Həmin gün "Neftçi" də oynayacaqdı. Nə bilim, bütün bunlar da sanki Rəşidin alın yazısı, tale yaşamı idi.
İki gündür Azərbaycan futbol dünyasının Rəşid adlı ulduzu sönüb. O, əbədi olaraq bizlərə əlvida deyib 48 yaşında! Allah rəhmət eləsin!
|
"Neftçi"nin ilk məğlubiyyəti
|
Futbol üzrə milli çempionatın güclülər dəstəsində dünən keçirilən görüşlərlə 4-cü tura yekun vurulub. Həmin matçlar təqvim-cədvələ əsasən sentyabrın 16-da oynanılmalı idi, lakin Azərbaycan seçmə komandasının məşqçisi Rəşid Özbəyovun vəfatı ilə əlaqədar 1 gün sonraya adladılmışdı.
Turun mərkəzi oyununda "Neftçi" ölkə çempionu "Şəmkir"i qəbul edib. Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına stadionuna toplaşmış azarkeşlər maraqlı, gərgin və güzəştsiz idman mübarizəsinin şahidi olublar. 11-ci dəqiqədə Alay Bəhramovun vurduğu son dərəcə effektiv qol görüşdə yeganə olub və "Şəmkir" 1:0 hesabı ilə qalib gələrək məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib.
Digər oyunlar belə nəticələnib:
"Turan"-"Şahdağ" - 3:0
"Ümid"- "Xəzər Universiteti" - 3:1.
Xatırladırıq ki, şənbə günü "Qarabağ/Azərsun" "Şəfa"nı (2:1), MOİK "Dinamo/Bakılı"nı (2:1), "Kəpəz" isə "Araz"ı (4:1) məğlub etmişdi.
|