Mədəniyyət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
Mədəniyyət
Sağlamlığ
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#110(334)
Musiqi alətlərimiz ermənilərin adınadır
Dövlət qədim musiqi alətləri ansamblının bədii rəhbəri Məcnun Kərimov sahib durmaq istəyimizin yoxluğundan gileylənir

Hər il sentyabrın 18-i Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir. Milli musiqi tariximizi yaradanların xatirəsi yad edilir, onların musiqi irsimizin inkişafına və təbliğinə xidmətə köklənmiş yaradıcılıqları bir daha dəyərləndirilir. Musiqiçilərin bu dəfəki bayramında xaricilərdə ekzotika, bizlərdə isə emosiyasız, adi hadisə təəssüratı oyadan bir ansambl - qədim musiqi alətləri ansamblı haqqında söhbət açmaq istəyirik. Məncə, bu ansambl və onun bədii rəhbəri Məcnun Kərimov bu günü qeyd etməyə hamıdan çox haqqı olanlardan biridir. Məcnun müəllimlə bayram günündə görüşdüksə də, təəssüf ki, söhbətimiz bayramsayağı olmadı. Çünki qayğılar, problemlər bayrama baxmır, həmişə gündəmdədir.
-Ansamblımız 12 nəfərdən ibartədir. Açığını deyim ki, iş daha əvvəlki maraqla, həvəslə getmir. Biz yüksək nəticə əldə etmişik. Ancaq bu əldə edilən nəticəyə təminat verən, yiyə duran, sahib çıxan yoxdur. Bu qədər işlə, sonra da məlum olsun ki, sən demə, heç kimə lazım deyilmiş. Ansambl üzvlərinin, musiqi əsərlərinin seçimi, alətlərin bərpası - bu kompleksli və mürəkkəb bir iş idi. Bu nəticəni əldə etmək mənim borcum idi. Bundan sonra da kimlərinsə borcudur ki, bunu qəbul eləsin. Mən bilmirəm bundan sonra nə edim. Dörd konsert çəkmişəm, dördünü də öz hesabıma. Bu konsertlər yüksək səviyyədə yazılıb, dövlət televiziyanın fondunda saxlanılır. Gəlib-gəlib artıq burada dayanmışam. Bilmirəm, nə qədər belə davam edə bilər? Hesab edirəm ki, mən vəzifəmi layiqincə yerinə yetirmişəm. Ansamblın üzvlərində də maraq ölür. Çünki maaş çox cüzidir. Bu maaş onların ən zəruri tələbatlarını belə ödəyəcək qədərdə deyil. Ona görə də həvəsdən düşürlər. Əvvəllər televiziyada, konsertdə, verilişlərdə çıxışlara görə maraqları var idi, amma indi bu da onlar üçün əhəmiyyətini itirib. Bir-iki gün bundan qabaq Amerikanın Şərq mədəniyyəti üzrə musiqişünasından maraqlı məktub almışam. Deyir ki, siz dünya mədəniyyətinə böyük xidmət göstərmisiniz. O özü də bərpaçıdır. Bərbəd, ud tipli alətlərin tədqiqatçısıdır. Mən ud haqqında, udun Azərbaycanda inkişafı, tarixi mövzusunda ona cavab yazdım. O, bizim işləri möcüzə adlandırır. İndiyədək iştirak etdiyim konfranslarda hamı deyir ki, siz bunu göstərməsəydiniz, heç kim inanmazdı ki, belə bir iş görmək olar. Bir yapon alimi tanıyıram, o da bu fikirdədir. O deyir ki, mən təsəvvür edə bilməzdim ki, Azərbaycanın bu qədər zəngin musiqi mədəniyyəti var. Görüşümüzdən bir ay keçməmiş o, mənə dünya xalqlarının musiqi alətlərinin nəfis şəkildə buraxılmış atlasını göndərmişdi. Dünyanın bütün xalqları orda var, bir bizdən başqa. Bizim alətlərimizin də hamısı ermənilərin adınadır. Udun, tarın, kamançanın şəklinin altında "Ermənistan" yazılıb. Bu alim bizim ansamblla tanış olanda təəccübləndi ki, sizin bu qədər zəngin qədim musiqi alətləriniz ola-ola, bu kitabda niyə təmsil olunmursunuz? Xahiş elədi ki, bərpa elədiyim alətlərin şəklini göndərim. Kitabın üçüncü nəşri çıxacaq, orda Azərbaycan alətlərinin də şəklini əlavə etmək istəyir. Hamısın göndərmişəm. Demək istəyirəm ki, dünya mədəniyyətində az-çox tanındığımız halda, özümüz öz uğurumuzu qəbul edib, ona yiyə dura bilmirik.
Ansamblın repertuarında nə qədər musiqi nömrəsi var?
- Təxminən, 22-23. Bir neçəsi XIV əsr musiqisi, Mərağayinin musiqilərdir. Konfransda hamı heyrət içində idi ki, XIV əsrin musiqisini, həmin dövrün alətlərini olduğu şəkildə necə bərpa etmək olar. Amma təəssüf ki, bu, bizim özümüzdə belə reaksiya doğurmadı.
Səhv etmirəmsə, bu il ansamblın yaranmasının beş ili tamam oldu.
- Ansambla dövlət statusunun verilməsinin 5 ili tamam oldu. Amma əslində, biz 88-ci ildən fəaliyyət göstəririk. İlk dəfə Şah İsmayıl Xətainin 500 illiyində iki nömrə ilə çıxış eləmişik. Sonra xeyli müddət fasilə verdik. Bir də 1996-cı ildə təzədən başladıq. Həmin vaxt da ölkəmizin prezidentinin sərəncamı ilə bizə dövlət statusu verildi. Bu, bizə dövlət səviyyəsində çox yüksək qiymət idi. Prezident özü şəxsən qeyd etdi ki, bu iş çox böyük, tarixi əhəmiyyətli bir faktdır. Azərbaycan tarixini, mədəniyyətini araşdırmaq olduqca vacibdir. Təkrar-təkrar dedi ki, mən sizin işinizi yüksək qiymətləndirirəm. Hazırda bir neçə musiqi nömrəsi üzərində də işləyirik. Urməvinin nüsrə adlanan çoxsimli musiqi aləti var, onun üzərində də iş gedir. Material toplamışıq, sağlıq olsun, gələcəkdə işləyəcəyik. İndiyədək qopuzu bərpa eləmişik. Bildiyiniz kimi, qopuz çox möcüzəli, həm də müqəddəs bir alətdir. Prezidentlə görüşəndə Dədə Qorqud dastanının yubileyi münasibətilə ona qopuz təqdim etdik.
Belə başa düşdüm ki,
durumunuz heç də ürəkaçan deyil: işinizə sahib duran yoxdur. Belə bir vəziyyətdə sizi yenə də işləməyə sövq edən nədir?

- Bilirsiz, adam bir işlə məşğul olanda, ona ömrünü həsr edəndə sonra geri qayıda bilmir. Mən indi fiziki cəhətdən də, mənəvi cəhətdən də çox yorulmuşam. Amma yenə də yarımçıq qoya bilmirəm bu işi. Dəfələrlə ürəyimdə demişəm ki, bax indi gedib uşaqlara deyəcəm ki, daha qurtardıq, dağılışırıq. Amma gəlib görürəm elə həvəslə məşq edirlər ki, dilim dönmür bir söz deməyə. Bu qədər iş görmüşük, birdən-birə buraxıb getməyə ürəyim gəlmir. Bilirəm ki, mən uzaqlaşsam, ansambl dağılasıdır. Bilsəm davam etdirən olacaq, ansamblı təhvil verib gedərəm. Heyfim gəlir, 32 ildir mən ömrümü sərf eləmişəm bu işə. Bu qədər yüksək nəticə əldə eləmişəm. Bu, Azərbaycanın üzünü ağ edən bir işdir, Azərbaycanın on əsrlik musiqi mədəniyyətini təmsil edən bir kollektivdir. Bunu dünyanın hər yerinə aparıb tanıtmalı, təbliğ etməlidirlər. Neçə yerdən dəvət almışıq, maliyyə məsələsinə görə getməmişik. Hər il Şotlandiyanın Edinburq şəhərində dünyanın ən məhşur fectivalı keçirilir. Ora 1998-ci ildən 2001-ci ilədək dəvət almışdıq. Amma vaxt gəldi keçdi, biz ora gedə bilmədik. Yaponiyaya - Tokioya dəvət aldıq, amma yenə də pula görə gedə bilmədik. İstər dövlət müəssisələri olsun, istərsə də ayrı-ayrı imkanlı şəxslər, kimin imkanı varsa, kömək etməlidir. Biz Azərbaycanı təmsil eləməliyik axı. İki-üç konfransda çıxış eləmişəm, nə qədər nəticəsi olub. İndiyə qədər də məktublar alıram.
Əslində, belə
olmamalıdır, amma reallıq reallıqdır, bəlkə özünüz axtarıb tapasanız imkanlıları.

- Bu sahədə də müəyyən cəhdər eləmişəm. Mənim iki səfərimi Amerikanın "Teksako" firması maliyyələşdirib. İndi bir kitab üzərində də işləyirəm. Azərbaycanın musiqi alətlərinin atlası. Bu kitab üzərində çoxdan işləyirdim, yapon aliminin göndərdiyi atlasla tanışlıqdan sonra qərarlaşdırdım ki, tezləşdirim. Biz öz musiqi alətlərimizə sahib durmalıyıq. Kitabın maketi təxminən hazırdır. Kitab həm atlas-albom, həm də elektron disk şəklindəÿolacaq. "Statoyl" firması ilə "Yunikol" firması bu işi öz boyunlarına götürüblər. Qəribədir, xaricilər bu qədər maraqlandıqları halda, bizimkilərdən bir adam hansısa işimizin qulpundan tutmur. Mən "İnterneşl" jurnalına minnətdarlığımı bildirmək istəyirəm. Haqqımızda məqalələr verməklə, onlar bizi dünyaya çıxartdılar.
Nə vaxtdır fəaliyyət
göstərməyinizə baxmayaraq, bir dənə də olsun kasetiniz yoxdur. Yəqin bu da maliyyə ilə bağlıdır.

- İndiyə qədər nə kasetimiz, nə də diskimiz var. Bəlkə "Yunikol"la birgə nəsə yazdıra bildik.
Xeyli əvvəl ansambl
haqqında film çəkilməsi barədə söhbət var idi. Nə yerdə qaldı bu məsələ?

- Elə bir söhbət oldu. Məni çağırdılar dövlət televiziyasına. Hər şey danışılmışdı. Amma sonra nə isə dayandı. Bilirsiz, düzdür, film də lazımdır. Amma indi filmdən çox ansamblın üzvlərinə kömək etmək lazımdır ki, dolanışıq dərdindən hərəsi bir tərəfə dağılmasınlar. Hərdən elə olur ki, məşqə gəlməyə yol pulları olmur. Çox imkansız adamlardır, amma gör nə qədər iş görürlər Azərbaycan üçün. İnanıram ki, bir neçə ildən sonra yaxşı olacaq. Amma vaxt da öz işini görür axı. Biz indi işlədiyimizdən bəlkə də on dəfə artıq işləyə bilərik.
Heç bayram ovqatlı
alınmadı söhbətmiz.

- Hə, başdan-ayağa giley oldu. Mən axı bunu tək özüm üçün eləmirəm. Heç bir təmənna güdmədən bütün ömrümü həsr eləmişəm bu işə. Başım bu işə elə qarışıb ki, indi ayılıb görürəm ki, nə ailəyə baxmışam, nə uşağa. Bu işə indi yiyə durmaq lazımdır axı. Belə çox gedə bilməz. Hardasa dayanmalıyam. Bu, tək mənim ulu əcdadımın mədəniyyəti deyil, bu, hamımızındır. Yaratmaq, bərpa etmək, formalaşdırmaq tərəfi mənim boynuma düşüb. Tək mənim yox, laboratoriyada işləyən bütün əməkdaşlarımızın. Az-çox nə bacarmışıqsa, eləmişik. Bütün dünyaya təqdim etmək, təbliğ eləmək isə mənlik deyil. Bu, mənim imkanım xaricindədir. Bunu kimlərsə eləməlidirlər. Xaricilər özümüzünkülərdən yaxşı tanıyır bu ansamblı. Fürsətdən istifadə edib, bizi layiqincə təbliğ edən "Lider" kanalına da minnətdarlığımı bildirmək istəyirəm. Kömək etmək istəyənlər ürəyi olub imkanı olmayanlardır. Ona görə də imkanı olub, ürəyi olmayan insanlara Allahdan ürək diləyirəm. Başa düşsünlər ki, var-dövlət gəldi-gedərdir, bu dünyada nəsə qoyub getmək lazımdır.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd