|
|
|
|
#110(334)
|
 |
|
XI. Populyar qidalara ayıq nəzər salsaq...
|
Bir çox xalqlardan fərqli olaraq, bizim millət çörəyə xüsusi hörmət bəsləyir. Bizi lap körpəlikdən öyrədiblər: "Harda çörək gördün, götür, öp, qoy gözünün üstünə, sonra bir əlçatmaz yerə qoy. Çörəyi tapdalayanın gözü kor olar". Çoxumuz başqalarını inandırmaq üçün çörəyə and içirik - Allaha, Qurana and içən kimi. Nənələrdən çox eşitmişik: "çörək Qurandan da əzəldir".
Çörəyi belə ilahiləşdirmək meylini nə ilə izah etmək olar, çörək həqiqətən də müqəddəsdirmi? Əgər çörək müqəddəsdirsə, nə üçün ulağın axuruna, toyuğun qabağına tökdüyünüz dənlərə münasibət ögeydir? Nə üçün zəmi yerlərində qalıb çürüyən sünbülün qədrini bilmirik? Axı çörək məhz dənlərdən yaranır. Belə bir məntiqsizliyin elmi izahı varmı? Gəlin bu suala birlikdə cavab axtaraq.
Çörək müqəddəsdir?
Öncə, çörəyə İslam dininin münasibətini araşdıraq. "Əl-Bəqrə" (inək) surəsinin 35-ci ayəsinə yenidən nəzər salaq. Orada deyilir: "Ey adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa özünüzə zülm edənlərdən olarsınız".
Sonrakı ayədə oxuyuruq: "(Lakin) Şeytan onları azdırıb (buğdanı yedizdirməklə), nemətlər içində olduqları yerdən uzaqlaşdırdı".
Buradan aydın olur ki, əcdadımız Adəm buğda yeməklə haqq yolunu azıb, özünə və zövcəsinə "zülm edənlərdən" olub, Cənnət kimi gözəl bir məkandan Yerə sürgün edilib. Çünki buğda yeyib. Onların törəməsi olan biz insanlar isə ulu babamızın səhvini "düzəltmişik": çiy buğda əvəzinə, buğdadan hazırlanmış unu bişirib, çörək halına salmışıq, elmi dildə desək, canlı qidanı "öldürüb" sonra yeməyə başlamışıq və özümüzə ikiqat zülm etmişik. Üstəlik buğdadan alınan "ölü" qidanı ilahiləşdirmişik.
Çörəyə elmi yanaşmalar da göstərir ki, bu neməti müqəddəsləşdirməyin heç bir əsası yoxdur. Naturopat alimlər çörəyi "kasıbların qidası" adlandıraraq, onun insan orqanizminə vurduğu zərərdən böyük həyəcanla yazırlar. Alimlər uzun araşdırmalardan sonra belə bir yekdil qənaətə gəliblər ki, çörəyi öz rasionundan çıxaran şəxsə bir çox xəstəliklər heç yaxın düşə bilməz. Rus alimi A.P.Çuprin yazır: "Elmin hələ mövcud olmadığı bir zamanda, bütün qidaların arasında çörəyə üstünlük vermək - bəşəriyyəti çox mürəkkəb və çıxılmaz vəziyyətdə qoyub. Gör, nə qədər torpaq əkilir, çörək istehsalına nə qədər vaxt, enerji və vəsait sərf olunur! Çörək üstə qırğınlar törəyir, müharibələr belə gedir".
Bizim şairlərə elə gəlir ki, "çörək bol olarsa-vətən basılmaz".
Heç kəs düşünmək istəmir: çörəkdən ötrü bu qədər əziyyət və xərc çəkməyə dəyərmi? Yaxşı ki, bir sıra sivil ölkələrdə çörəyin insan orqanizminə vurduğu zərərini miqyasını anlamağa başlayıblar və "kasıb qidasını" süfrədə seyrəldiblər. Geri qalmış ölkələrdə isə çörək süfrənin şahı sayılır.
Yalnız 10 faizi zülal, qalan 90 faizi nişasta olan çörəyin tərkibindəki amin turşularının balansı qeyri-normaldır. Taxılda çevrilə bilən amin turşuları həddən ziyada çoxdur, çevrilməyən amin turşuları isə həddən ziyada azdır. Çevrilənlər həyatımızda heç bir rol oynamır - sağlam qan yarada bilmir. Üstəlik, orqanizm çörəyin həzminə külli miqdarda vitamin və həyat enerjisi sərf edir. Bu itki gətirib ona çıxarır ki, çörək yeyən adamın orqanizmi daha çox qida tələb edir. Beləliklə də, acgözlük və qarınqululuq, bunların labüd nəticəsi olan - piylənmə xəstəliyi törəyir, qocalıq və ölüm çörəkbaz adamın başının üstünü tez alır. Naturopat alimlərin fikrincə, (mən də bu fikri ikiəlli dəstəkləyirəm!) çörəyi çox yemək - müasir insanın ən böyük bəlalarından biri sayılmalıdır.
Bilməliyik: dənli bitkilərin xassəsi də, təsiri də müxtəlifdir. Məsələn, buğda ən çox turşu yaradan dəndir, çovdar dişlərə pis təsir götərir, düyü yaxşı qida sayılır, lakin onu tərəvəzsiz, göy-göyərtisiz yedikdə, Beri-Beri xəstəliyinə tutulmaq təhlükəsi yaranır. Heyfsilənirəm ki, vitaminlərlə və mikroelementlərlə zəngin olan düyü qabığı vecsiz bir şey kimi atılır.
Oxucuda belə bir sual baş qaldıra bilər: əgər çörək orqanizmə zərərdirsə, bəs nə üçün bütün dünyada belə populyardır və insanlar arasında böyük hörmət qazanıb?
Mən də qarşılıqlı sualla müraciət etmək istəyirəm: nə üçün narkotik maddə olan papiros bütün Yer üzündə belə böyük "hörmət" qazanıb, məgər bəşəriyyət onun insan orqanizminə vurduğu zərərin miqyasını bilmir? Fikrimə şərik çıxırsınız ki, papiros bəzi adamlar üçün çörəkdən də qiymətlidir. Balasının boğazından kəsdiyi çörək pulunu zəhərli tüstüyə verən və ciyərlərini zəhərləyən "ağıllı" ataları azmı görmüşük? Deməyim budur ki, insanın xisləti belədir: zərərli şeyə daha çox meyl göstərir, yaxşını pis qəbul edir.
Çörəyin populyar olmasının başqa səbəbləri də var. Taxıl tez yetişir, az zəhmət və xərc tələb edir, taxılı uzun müddət saxlamaq mümkündür, bir yerdən başqa yerə rahat daşınır və s.
Çörəksiz yaşamağı heç cürə təsəvvürünə gətirə bilməyən insanlara bəzi tövsiyələr vermək istərdim:
- çörəyi mümkün qədər az yeyin;
- boyat şəkildə qara çörək yeyin;
- çörəyi çoxlu tərəvəzlə və göyərti ilə yeyin;
- çörəyi heç vaxt başqa xörəklə eyni vaxtda və dərhal sonra yeməyin.
Başqa qidalarla bir vaxtda və ya dərhal sonra yeyilən çörəyin insan orqanizminə vurduğu zərər daha güclü olur. Əfsuslar olsun ki, insanların böyük əksəriyyəti çörəyi başqa qidalarla eyni vaxtda yeyir. Elə adamlar tanıyıram ki, hətta, sıyığı da, plovu da çörəklə bərabər yeyir.
Çörəyi əvəz edə biləcək ən qiymətli qida cücərmiş buğdadır.
İsveçrədə yaşayan Şmidt familiyalı bir qadın həkim öz üzərində maraqlı təcrübə aparmış və gözəl nəticələr əldə etmişdir. Həkim yazır: "Cücərmiş buğda ilə müntəzəm qidalananda (gündə 50-100 q), orqanizmdə cavanlaşma prosesi başlayır, soyuqdəyməyə qarşı güclü immunitet yaranır, adam sağlamlaşır. 54 yaşım tamam olanda hər səhər cücərmiş buğda yeməyə başladım. Bir neçə aydan sonra özümü çox yaxşı hiss etdim. Saçımın ağarmış tükləri əvvəlki rəngini aldı, sıxlaşdı, yumşaq oldu. Görmək qabiliyyətim xeyli yaxşılaşdı. İndi 75 yaşım var, özümü əla hiss edirəm".
Xanım Şmidtin ağıllı tövsiyəsinə əməl edərək, mən də çörəyi bir çox nadir vitaminlərlə və mikroelementlərlə zəngin olan cücərmiş buğda ilə əvəz etdim. Seyrəlmiş saçlarım sıxlaşdı, ağ tüklərin bir qismi qaraldı. Gəncləşmə prosesi davam edir.
Bu zəngin qidadan istifadə etmək istəyənlərə buğda cücərtməyin təhrini öyrətmək istəyirəm. Öz iştahanıza və sərf etdiyiniz enerjiyə müvafiq həcmdə buğda götürün, onu yaxşı-yaxşı yuyun, üstünə təzə su töküb, bir sutka mətbəxdə saxlayın. Sonra buğdanı yenidən yuyun və süzün, onu dibinə yaş əski sərilmiş nimçəyə tökün, üstünə qara rəngli yaş parça sərin və gün tutan bir yerdə (mətbəxdə) daha bir sutka (qış aylarında 2-3 sutka) saxlayın. Buğda 2 mm cücərən kimi yemək olar. Cücərmiş buğdanı müxtəlif formada yeyə bilərsiniz. Dişi olmayanlar onu ət maşınından keçirib, yumşalda bilər, dişi yaxşı kəsənlər isə buğdanı tərəvəz salatı ilə bərabər yesələr yaxşıdır. Cücərmiş buğdanı tərəvəz salatına qatmaq da olar.
|