|
|
|
|
#110(334)
|
 |
Prezidentlər telefonla danışıblar
Terrorizmlə
mübarizə haqqında
|
Dünən Azərbaycan və Rusiya prezidentləri Heydər Əliyevlə Vladimir Putinin telefon söhbəti zamanı ikitərəfli, eyni zamanda MDB çərçivəsində beynəlxalq terrorizmlə mübarizədə səylərin koordinasiyası məsələsi müzakirə edilib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Mənbənin məlumatına görə, söhbət zamanı Putin və Əliyev regional təhlükəsizliyin möhkəmləndirilməsində Qafqaz dövlətlərinin qarşılıqlı fəaliyyətinin dərinləşməsi məsələsinə də toxunublar.
Dünən Putin Türkmənistan prezidenti Saparmurat Niyazovla da telefonla da danışıb. Söhbət zamanı Əfqanıstan ətrafında yaranmış durum baxımından Mərkəzi Asiya regionunda situasiya müzakirə edilib.
İki dövlət başçısı "beynəlxalq terrorizmlə mübarizədə MDB çərçivəsində mümkün addımlar, o cümlədən fəal məsləhətləşmələr və MDB orqanları çərçivəsində birgə qərarların qəbulu" məsələsini də müzakirə ediblər. Məlumatı Kremlin mətbuat xidməti yayıb.
Ekspertlərin fikrincə, Putinin Azərbaycan və Türkmənistan dövlət başçıları ilə məsləhətləşmələri Bakı və Aşqabadın Əfqanıstanda terrorçulara qarşı mübarizədə Vaşinqtona kömək etməyə razı olması ilə bağlıdır.
Məlum olduğu kimi, öncə Moskva MDB ölkələrinin Əfqanıstana qarşı ABŞ və NATO əməliyyatlarında iştirakının mümkünlüyünü istisna etmişdi. Lakin buna baxmayaraq, Azərbaycan, Özbəkistan və Türkmənistan amerikalılara yardım göstərməyə razı olub.
Görünür, Moskva Rusiyanın da terrorçu mərkəzlərinə qarşı aksiyalarda iştirakının mümkünlüyünü istisna etmir. Belə ki, dünən "strana.ru" internet saytı Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsindən sitat gətirib. O işarə vurub ki, "Rusiya hərbi kəşfiyyatı ben Ladenin terrorçu dəstələrinin harada yerləşdiyini dəqiq bilir".
Rusiyalı hərbi ekspertlərin fikrincə, MDB-nin Mərkəzi Asiya ölkələri ərazisi və antitalib koalisiyası qoşunlarının tutduğu ərazi Qərb qüvvələrinin yerləşdirilməsi üçün münasibdir. Belə ki, regionda ən nəhəng aerodromlardan biri Düşənbədə yerləşib. Aerodrom bütün növ hərbi-nəqliyyat aviasiyasını qəbul edə bilər. Tacikistanın Parxar aerodromundan isə güc strukturları Şimali alyans qoşunları üçün hərbi yüklərin çatdırılması məqsədilə istifadə edir.
Termez (Özbəkistan) yaxınlığında Kaqaytı aerodromu yerləşir. Bu aerodrom da hər növ hərbi və mülki təyyarəni qəbul edə bilər. Nəhayət, Türkmənistanda Murqab çayı vadisində Cənubi Asiyada ən iri aviabaza olan Marı (Əfqanıstan sərhəddindən 60 km. şimalda) yerləşir. Onun ərazisindən antiterror əməliyyatları iştirakçıları üçün maddi resursların yerləşdirilməsi, həmçinin Əfqanıstanda taliblərin nəzarət etdiyi əyalətlərə aviazərbələr endirmək üçün platsdarm kimi istifadə etmək olar.
Rusiyanın terrorçuların məhv edilməsində maraqlı olmasına baxmayaraq, Moskvadakı hərbi ekspertlər bildirir ki, Rusiya ABŞ və NATO qoşunlarını Mərkəzi Asiyaya buraxmayacaq. Moskva Mərkəzi Asiyaya daxil olan ABŞ və NATO qoşunlarının orada uzun müddətə qalacağından ehtiyat edir.
MDB məsələləri
haqqında
Rusiya prezidenti Vladimir Putin sentyabrın 26-da Aşqabadda keçirilməsi planlaşdırılan MDB ölkələri hökumət başçılarının görüşünün Moskvada keçirilməsini təklif edib. Görüş ABŞ-da törədilən terror aktlarından sonra dünyada yaranmış situasiyanın müzakirəsilə bağlı planlaşdırılıb. Bu barədə V.Putin Heydər Əliyevlə telefon söhbətində bildirib.
Azərbaycan prezidenti mətbuat xidmətinin məlumatına görə, H.Əliyev bu təklifi qəbul edib və bildirib ki, belə görüşün Moskada keçirilməsi daha məqsədyönlü olardı.
Qarabağ
problemi haqqında
Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə Heydər Əliyevin dünənki telefon danışığı zamanı V.Putin H.Əliyevə Ermənistan prezidenti Robert Köçəryanla Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqlarının yekunları barədə məlumat verib.
Azərbaycan dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı Putin Ermənistan və Azərbaycan prezidentləri arasında dialoqun davam etdirilməsinə tərəfdar olduğunu bildirib.
Rusiyalı prezident vurğulayıb ki, onun ölkəsi Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında maraqlıdır və sabitlik Qafqaz dördlüyünün səmərəli fəaliyyətində mühüm amildir.
H.Əliyev cavab sözündə məlumat üçün Putinə təşəkkür edib, Ermənistan prezidenti ilə dialoqu davam etdirməyə hazır olduğunu bildirib.
Çeçenistan yenə alovlandı
Qroznı səmasında vurulan Mi-8
vertolyotunda iki rus generalı həlak olub
|
Dünya dəhşətli terrora məruz qalmış ABŞ-ın bu gün-sabah öz hər maşınını işə salacağını, 20 min insanın həyatına son qoymuş cinayətkarları cəzalandırmaq üçün böyük bir savaşa başlayacağını gözlədiyi bir zamanda Çeçenistanda müharibə yenidən qızışıb.
Aslan Məshədovun qərargahına istinadən dünən yayılan xəbərlərdə paytaxt Qroznıda, həmçinin Qudermes və Arqunda ağır döyüşlər getdiyi bildirilir. Mənbənin məlumatına görə, dünən səhər saat 6-da çeçen döyüşçüləri eyni vaxtda Qroznı, Qudermes və Arquna hücum ediblər. Federal qüvvəllərin Qroznıdakı komendant məntəqəsi və Xankaladakı əsas bazası atəşə tutulub. Atəş 120 kalibrlik ağır minomyotlardan açılıb. Şəhərin Zavod rayonunda zirehli dəstənin darmadağın edildiyi bir neçə zirehli texnika yandırıldığı barədə məlumatlar var. Qudermesdə də ağır döyüşlər gedir. Məshədova sadiq qüvvələr, demək olar ki, şəhəri şəhəri ələ keçiriblər. Arqunda çeçen döyüşçülərdən biri partlayıcı maddə dolu maşınla Rusiya qoşunlarına məxsus blokposta daxil olub və özü ilə bərabər xeyli rus hərbçisini məhv edib. Rusiya mənbələri də çeçenlərin Qudermesə hücumlarını təsdiq edib və Qroznıda vertolyotun vurulduğunu bildiriblər. "İnterfaks"ın məlumatına görə, Mİ-8 vertolyotunun məhv olması nəticəsində 1 rus generalı da daxil olmaqla, 9 hərbçi həlak olub. Rusiyanın "gazeta.ru" internet saytında isə bildirilir ki, Mi-8 vertolyotunda həlak olan hərbçilərdən ikisi general, qalanları isə polkovnikdir. Vertolyota atəşin Qroznının Minutka meydanında yerləşdirilmiş zenit-raket qurğusundan açıldığı ehtimal edilir. Eyni zamanda Rusiya KİV-i bildirir ki, federal qoşunlar Qroznı və Qudermesi mühasirəyə alıb.
Savaş saatı işə düşdü...
ABŞ taliblərdən "bir nömrəli terrorçu"nu tələb edir
> |
Vaşinqton Üsəma ben Ladenin təhvil verilməsi üçün taliblərə 72 saat vaxt verib. Ultimatum dünən taliblərlə danışıqlar aparmaq üçün Əfqanıstana gələn Pakistanın yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti vasitəsilə verilib. Nümayəndə heyətinə Pakistan kəşfiyyatının rəhbəri genral Mahmud başçılıq edir.
Diplomatik mənbələrdən CNN-ə məlum olub ki, pakistanlılar talib rəhbərliyini ABŞ-da törədilən terror aktlarında şübhəli bilinən Üsəma ben Ladeni təhvil verməyə razı salmaq niyyətindədir. Teleşirkətin məlumatına görə, taliblər nümayəndə heyətilə razılaşmasa, onlara terrorçuların verilməsi tələbilə üçgünlük ultimatum veriləcək. Əgər bu tələb də yerinə yetirilməsə, Əfqanıstan ABŞ-ın kütləvi hərbi zərbələrinə məruz qalacaq.
Əfqanıstana missiya göndərilməsi barədə qərarı prezident Pərviz Müşərrəf ABŞ rəhbərliyi, o cümlədən prezident Corc Buşla 11 saatlıq danışıqlardan sonra qəbul edib.
Bununla yanaşı, Qərb mənbələri bildirir ki, talib hökuməti bombardmandan ehtiyatlanaraq Kabili tərk edir və ölkənin dağ rayonlarına çəkilir. Eyni zamanda minlərlə dinc sakin Əfqanıstandan çıxaraq İran və Pakistanda sığınacaq tapmağa çalışır.
Son saatda əldə edilmiş məlumatlara görə, Əfqanıstana yola düşmüş Pakistan nümayəndələri taliblərdən müsbət cavab ala bilməyiblər. Əfqanıstan hökuməti Üsəma ben Ladeni təslim etməkdan boyun qaçırıb və bütün dünya müsəlmanlarını ABŞ-a qarşı cihada çağırıb.
Nə cihad gərəkdir,
nə də təzə bin ladenlər...
Şeyxülislam Allahşükür Paşazadə
cinayətkarların cəzasız qalmasının əleyhinədir
|
"Taliban hərəkatının lideri Molla Ömərin müsəlmanları hansı cihada çağırması aydın deyil". Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə "Turan"ın müxbirilə söhbətində bildirib.
"Belə situasiyada cihada çağırış əsassızdır, terrorizmlə mübarizə isə zəruridir," - deyə Paşazadə qeyd edib. Onun sözlərinə görə, islamda cihad ədalətsizliyi, təcavüzü aradan qaldırmaq, haqlını haqqına çatdırmaq əməlidir. Dinc insanları qətlə yetirən terrorçu və terror qrupları qəti şəkildə məhv olunmalıdır, onları heç kəs müdafiə etməyə haqlı deyil. A.Paşazadə eyni zamanda əmin olduğunu bildirib ki, amerikalıların zərbələri bütün əfqan xalqına qarşı yönəlməyib.
"Bir müsəlman, din xadimi kimi cinayətkarın cəzasız qalmasının əleyhinəyəm. Eyni zamanda günahsız insanların nahaq əzab-əziyyətə düşməsinə də razı deyiləm," - deyə şeyx vurğulayıb. A.Paşazadə Qərbi islam xalqlarının timsalında düşmən obrazı formalaşdırmaqdan çəkinməyə çağırıb: "Belə siyasət gələcəkdə "yeni-yeni bin ladenlərin" yetişməsinə səbəb ola bilər".
|
Gürcüstanda məscidlər qanunsuz tikilir
|
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərdəki bir neçə məscidin tikintisi Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə razılaşdırılmayıb. Bunu QMİ rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.
A.Paşazadə bu tikintilərin dayandırılması barədə ilkin informasiyaya malik olduğunu desə də, bununla bağlı Gürcüstan hökumətinə fikrini bildirməyəcəyini deyib. Onun sözlərinə görə, Gürcüstan hökuməti ilə QMİ arasında imzalanan protokola görə bu dövlətin ərazisində məscid tikintisi QMİ ilə razılaşdırılmalı, ora din xadimi təyin edilməli, ondan sonra dini fəaliyyət rəsmiləşməlidir.
Məscidlərin tikintisində bir sıra ərəb ölkələri cəmiyyətlərinin iştirakına dair sualın cavabında A.Paşazadə bu məscidlərin tikintisində hansısa ölkələrin maraqlı olduğunu istisna etmədiyini vurğulayıb.
Xaçmazda isə səkkiz məscidin vəhabi mərkəzi olaraq fəaliyyət göstərdiyi üçün bağlanması haqda yayılan xəbəri dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev əsassız sayıb. O bu fikri Xaçmazda 8 məscidin bağlanması ilə bağlı bu günlərdə açıqlama verən İslam Partiyasının sədr müavini Hacı Hacıağa Nuriyevin bəyanatına cavab olaraq bildirib. Onun sözlərinə görə, Xaçmaz kəndlərinin birində bir məscid əhalinin öz istəyilə təmirə dayanıb.
|
Qiymət 40 dollara
qalxa bilər
|
ABŞ-ın antiterror əməliyyatları Yaxın Şərqi əhatə etsə, dünya bazarında xam neftin bir barelinin qiyməti 40 dollara qədər çatacaq. Londonun "Guardian" qəzeti neft bazarındakı brokerlərə və təhlilçilərə istinadən bu rəyə gəlib.
Qəzet qeyd edir ki, bu proqnoz ötən həftənin axırlarında London Beynəlxalq Neft Birjasında neftin bir barelinin qiymətinin 29,43 dollara qalxmasından sonra meydana çıxıb.
Halbuki terroçuların Nyu-Yorka və Vaşinqtona hücumuna qədər bu məbləğ 27,37 dollar idi.
Amerikanın "Prudential-Bache" investisiya firmasının direktoru Kristofer Belyunun sözlərinə görə, "hadisələr ən pis ssenari üzrə cərəyan etsə, neftin bir barelinin qiyməti 40 dollara və hətta ondan da yüksəyə qalxacaq. Bu o zaman baş verər ki, ya İrandan neft ixracı tamamilə dayansın, ya istehsalçı ölkələr hasilata məhdudiyyət qoysunlar, ya da tankerlərin hərəkəti üçün təhlükə yaransın".
Qəzetin yazdığına görə, OPEK hələlik qiymətləri 22-28 dollar həddidə saxlamağa çalışır.
|
Terrorçulara qarşı xüsusi taktika
|
ABŞ ordusunun 35-40 min nəfərlik döyüşçüdən ibarət xüsusi bölmələri 11 sentyabr faciəsində günahkar olan terrorçulara qarşı əməliyyatlarda iştiraka hazırdır. Bu barədə ABŞ müdafiə naziri Donald Ramsfeld bazar günü "Fox News Sunday" teleproqramında bildirib.
Ramsfeld deyib ki, ordu reyncerləri, "Yaşıl beretlər" və digər xüsusi bölmələrin döyüşçüləri terrorçuların yerləşdiyi ölkələrdə fəaliyyət göstərəcək. İlk növbədə söhbət İraq və Əfqanıstandan gedir.
Kəşfiyyatçıların qarşısında duran başlıca məsələ dövlət sərhədlərini gizli keçmək və əsas potensial raket atəşləri obyektlərini - hərbi qurğular, kəşfiyyat mərkəzləri, dövlət inzibati binalarını qeyd etməkdir.
Bundan əlavə, Amerika xüsusi təyinatlı əsgərləri psixoloji hücum vərdişlərinə də malikdir. Onlar yerli əhaliyə təsir göstərərək hökumətin siyasətinə qarşı çıxmağa sövq edəcək. Nəhayət, Amerika xüsusi bölmələri hökumət əleyhinə olan yerli qruplaşmaları dəstəkləyəcək. Bura partizanların silahla təmin olunması, onların fəaliyyət koordinasiyası, hərbi taktikanın öyrədilməsi daxildir. "Bu, xüsusi qoşunlardır və hazırkı qeyri-standart şəraitdə onlar bizə çox lazım olacaq," - deyə Ramsfeld bildirib.
"AZAL" Dövlət Konserninin rəhbərliyi 7 vertolyotun alınması məqsədilə Kanadanın "Bell" şirkəti ilə danışıqlar aparır. Bu barədə konserndən verilən məlumata görə, "Bell" şirkətinin təklif etdiyi layihənin dəyəri 54 milyon dollardır.
Lakin
"AZAL" həmin rəqəmi 45 milyon dollaradək azaltmağa çalışır.
"AZAL"ın vertolyot parkının təzələnməsi vacibdir. Çünki onun böyük hissəsi istismara yararlı deyil, həmçinin uçuşların təhlükəsizlik normalarına cavab vermir.
Yeni vertolyotlar ARDNŞ tərəfindən istifadə olunacaq.
Onu da deyək ki, vertolyotların təzəsinin alınması köhnələrinin təmirə göndərilməsindən daha sərfəlidir. Çünki təmir olunacaq hər bir vertolyota 2 milyon dollar vəsait tələb olunur. Hazırda konsernin vertolyot parkı 25 vertolyotdan ibarətdir. Həmin vertolyotların yalnız 5-i uçuşlara buraxılır.
Sentyabrın 15-də Türkiyə Genel Kurmay başqanlığının Naxçıvandakı hərbi hissələrə hədiyyə etdiyi hərbi nəqliyyatın təqdimetmə mərasimi keçirilib. Tədbir Naxçıvan şəhərinin "Azadlıq" meydanında olub.
Mərasimdə çıxış edən Türkiyə Genel Kurmay başqanlığının əməkdaşı, ordu generalı Necmettin Baykal bildirib ki, siyasi-coğrafi durumuna görə Naxçıvanın hər zaman ciddi hərbi yardıma ehtiyacı var.
Türkiyənin Naxçıvandakı Baş konsulluğundan bildiriblər ki, Türkiyə Naxçıvana 80 hərbi yük maşını, 3 buldozer bağışlayıb.
|
Atəşkəsi
yenə yoxlayacaqlar
|
ATƏT-in hazırkı sədrinin şəxsi mandatına uyğun olaraq sentyabrın 19-da Azərbaycan və Ermənistan Silahlı qüvvələrinin təmas xəttində növbəti monitorinq keçiriləcək. Monitorinq Ağdam rayonunun Yusifcanlı yaşayış məntəqəsində olacaq.
Azərbaycan tərəfdən monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun səhra köməkçiləri polkovnik-leytenant M.Vimetal və F.Rossu keçirəcək.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri polkovnik-leytenant A.Xerdiç və Z.Feç keçirəcək.
Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
İranı "terroru dəstəkləyən ölkə" adlandırmamalıyıq
Mübariz Əhmədoğlu: "ABŞ-da baş verən hadisədə İranın rolu nə qədər azdırsa, bu, bir o qədər bizim xeyrimizədir"
|
Azərbaycan prezidentinin sentyabrın 17-də İrana planlaşdırılan səfəri təxirə salındı. Rəsmi mənbələr bu qərarın iki ölkə rəhbərliyi arasında qarşılıqlı razılaşma əsasında qəbul edildiyini bildirib.
Lakin bəzi müşahidəçilər səfərin növbəti dəfə baş tutmamasının Azərbaycan-İran münasibətlərinə təsirsiz qalmayacağını, aradakı soyuqluğu bir az da artıracağını güman edirlər. Müstəqil politoloq Mübariz Əhmədoğlu isə bizimlə söhbətində daha kəskin və bir qədər bədbin proqnoz verdi. Onun fikrincə, ABŞ-da baş verən terror aktlarında İranın da əlinin olması barədə ehtimallar doğru çıxarsa və iki ölkə arasında müharibə başlanarsa, bunun zərbəsi, birinci növbədə, Azərbaycana dəyəcək...
- İranın Azərbaycana qarşı ənənəvi iradı odur ki, rəsmi Bakı başqa dövlətlərin göstərişi ilə addım atır. Prezidentin Tehrana səfərinin növbəti dəfə təxirə salınması da bu cür qiymətləndirilə bilər. Rəsmi Bakı bunun belə olmadığını sübut etməlidir.
Yəni İran rəsmi Bakını İsrailin,
ABŞ-ın sözü ilə oturub-durmaqda ittiham edə bilər?
- İranın İsraillə deyil, ABŞ-la bağlı ittihamları ola bilər. Çünki hazırda bütün məsələlər ABŞ-la bağlıdır. Bu dövlət dünyada terrorçulara qarşı mübarizə aparmaq istəyir. ABŞ-da, hətta bizim özümüzdə də siyasi savadı az olan elə adamlar var ki, İranı terrorçuları dəstəkləyən dövlət kimi qələmə verirlər. Amma başa düşmürlər ki, ABŞ İranı bombalayandan sonra rəsmi Tehran hansı addımları ata bilər. Onlar bunu heç ağıllarına belə gətirmirlər.
Sizcə, belə bir hadisə baş verərsə,
İran hansı addımları ata bilər?
- Təbii ki, İran da ABŞ-a cavab verməli olacaq. Bu o demək deyil ki, bomba zərbələri yalnız hərbi bazalara endiriləcək. ABŞ-ın bu regionda, o cümlədən Azərbaycanda böyük iqtisadi bazaları var.
Demək istəyirsiniz ki, İran
Azərbaycanı bombalaya bilər?
- Bəli, İran ABŞ-ın iqtisadi bazalarına hücum edəcək və unutmamalıyıq ki, bu bazaların ən böyüyü Azərbaycan ərazisində yerləşir. İran oraları bombalaya bilər. Həmçinin ABŞ-ın regionda ən böyük səfirliyi Azərbaycandadır. Bütün bunlar nəzərə alınmalıdır. Ona görə də çalışmalıyıq ki, bu məsələdə İranın adı mümkün dərəcədə az hallansın. Çünki ABŞ-da baş verən hadisədə İranın rolu nə qədər azdırsa, bu, bir o qədər bizim xeyrimizədir.
ABŞ-da baş vermiş terror aktlarından
sonra bir çox politoloqlar, Sizdən fərqli olaraq, Azərbaycan prezidentinin İrana səfərə getməsinin düzgün addım olmayacağını deyirdilər...
- Fikirlərdə ziddiyyətin olması təbiidir. Amma mən hesab edirəm ki, yalnız İran "yaranmış vəziyyətlə əlaqədar mən bu ərəfədə qonaq qəbul etmirəm" deyəndən sonra səfər təxirə salınmalıydı. Məni düzgün başa düşün, mən İranın mövqeyini müdafiə etmirəm. İranda bu dəqiqə din xadimləri liberallarla yola getmir. Əgər islahatçılar İran-Azərbaycan münasibətlərinin normallaşmasının istəyirlərsə, orada bunun əleyhinə çıxan qüvvələr də az deyil. Onlar Qərbə münasibətlərini bildirmək üçün Azərbaycanla bağlı adekvat siyasət aparmağı tələb edirlər.
Səfərin təxirə salınması ilə bağlı bir
neçə versiya var. Novruz Məmmədov da deyir ki, sənədlər hazır deyildi. Sizcə, səfərin təxirə salınmasına İrandakı mühafizəkar qüvvələr necə reaksiya verəcəklər?
- Onsuz da hazırda İranla Azərbaycan arasında münasibətlər normal deyil. Açığını deyim ki, münasibətlərin bu vəziyyətə düşməsində bilavasitə günahkar elə rəsmi Teharnın özüdür. Çünki Azərbaycanın pis niyyəti olsaydı, hava sərhədlərimizi pozan İran təyyarələrinə, heç olmasa, bir güllə atardı. Əlbəttə, bu addımın hansı nəticə verəcəyi sonrakı işi idi... Hər halda güman edirəm ki, İranda Azərbaycanla münasibətlərin normallaşmasını istəməyən qüvvələr səfərin növbəti dəfə təxirə salınmasından antitəbliğat üçün istifadə etməyə çalışacaqlar.
|