Xəbərlər xətti

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Mədəniyyət
Sağlamlığ
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#110(334)
Havalar sərinləşəcək

Bu gündən etibarən ölkəmizdə hava şəraiti sərinləşəcək. Sentyabrın 18-21-də ölkə ərazisində havanın temperaturu 5-7 dərəcə enəcək. Bu barədə Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi Hidrometeoroloji proqnozlar xidmətindən məlumat veriblər.
Axşam və gecə saatlarında yağış gözlənilir. Lənkəran-Astara zonasında və Böyük Qafqaz yamacında yağıntı intensiv olacaq. Sentyabrın 19-da Bakıda və Abşeronda yağış yağacaq. Gündüz paytaxtda və şəhər ətrafında şimal-qərb küləkləri güclənərək 10-15 m/s-ə çatacaq, arabir 15-20 m/s-dək şiddətlənəcək. Havanın temperaturu Bakıda və Abşeronda +22+26 dərəcə, dağ rayonlarında +11 +16, dağətəyi rayonlarda +19 +23, mərkəzi aran rayonlarında +23 +27 dərəcə olacaq.

Özbəkistan Vaşinqtonla əməkdaşlığa hazırdır

Özbəkistan hökuməti Əfqanıstana hücum etmək üçün öz hava məkanını və ərazisini ABŞ Silahlı Qüvvələrinə verməyə hazır olduğunu bildirib. Bu barədə "Washington Post" məlumat yayıb.
"Biz bütün mümkün əməkdaşlıq formalarını müzakirə etməyə hazırıq," - deyə Özbəkistan xarici işlər naziri Əbdüləziz Kamilov bəyan edib. ABŞ hökuməti isə bildirib ki, hələlik əməkdaşlıq barədə təkliflə Özbəkistana müraciət etməyib, lakin hazırda bu barədə danışıqlar aparılır. Bundan əlavə, Hindistanın Nazirlər Kabineti də öz hərbi bazalarını ABŞ-a vermək barədə qərar qəbul edib. "Biz ABŞ-ın beynəlxalq terrorizmlə mübarizəyə yönələn istənilən hərəkətini dəstəkləyirik," - deyən hökumət nümayəndəsinin sözlərinə görə, ABŞ hər hansı yardımla bağlı hələlik Hindistana müraciət etməyib. Xatırladaq ki, iki gün öncə Rusiyanın müdafiə naziri Sergey İvanov Yerevanda olarkən bildirib ki, Əfqanıstana, eləcə də ümumilikdə terrorçulara qarşı mübarizədə amerikalıların Mərkəzi Asiya ölkələrindən istifadəsini mümkün hesab etmir.

Səfər qarşılıqlı razılıq əsasında təxirə salınıb

Sentyabrın 16-da Azərbaycan və İran prezidentləri Heydər Əliyevlə Məhəmməd Xatəminin telefon söhbəti olub. Azərbaycan dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı prezidentlər H.Əliyevin İrana səfərinə dair məsələləri müzakirə edib.
Söhbət zamanı qərara alınıb ki, "səfər zamanı imzalanacaq sənədlərin hazır olmaması ilə əlaqədar" səfər təxirə salınsın. Sənədlər üzərində işlərin davam etdirilməsi barədə razılıq əldə olunub. Hazır olduqdan sonra saziş layihələri baxılmaq üçün prezidentlərə təqdim ediləcək və sonra səfərin vaxtı müəyyənləşdriləcək. Söhbət zamanı həmçinin iki dövlət arasında dost münasibətlərin bundan sonra da inkişaf edəcəyi qeyd olunub.

Bakı-Tbilisi-Ərzurumun müqaviləsi hazırdır

Gürcüstan prezidenti Eduard Şevardnadze Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası layihəsi üzrə müqaviləni imzalamaq üçün yaxın vaxtlarda Azərbaycana səfərə gələ bilər. O, dünən miolli radioya verdiyi müsahibədə deyib ki, "Londonda hökumətlərarası müqavilənin detalları üzrə Gürcüstan-Azərbaycan danışıqları başa çatmaqdadır". Şevardnadze sənədin yaxın günlərdə imzalanmağa hazır olacağını bildirib. O deyib: "Londonda danışıqlar tərəflərin mənafeyi nəzərə alınmaqlaənənəvi dostluq şəraitində keçib. Bəzi mübahisəli məsələlər də olub ki, bu da belə danışıqlar üçün adi haldır". Şevardnadzenin sözlərinə görə, danışıqlarda Azərbaycan və Gürcüstanla yanaşı, Dünya Bankının, bir sıra məşhur şirkətlərin, o cümlədən BP-nin nümayəndələri, həmçinin Amerika ekspertləri iştirak ediblər.

Xəzərin statusu ilə bağlı iclas başlanır

Bu gün Astanada sahilyanı dövlətlərin xarici işlər nazirləri müavinlərinin Xəzərin hüquqi statusu ilə bağlı iclası açılacaq. İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. X.Xələfov bildirib ki, "Bakı konstruktiv mövqedən çıxış edir və dövlətlər arasında mövqelərin yaxınlaşmasına səy göstərəcəyik". O, Azərbaycan, Rusiya və Qazaxıstanın eyni mövqe nümayiş etdirdiyini xatırladıb. "Bu, məsələnin konsensus yolu ilə həllində etibarlı istinad ola bilər," -deyə o vurğulayıb.

NATO-nun təlimlərinə hazırlıq görülür

Dünən "Avropa" otelində bu ilin noyabrında Azərbaycanda keçiriləcək "Coorerative Determination - 2001" təlimlərinə həsr olunmuş birinci yekun konfransı keçirilib. Konfransda Azərbaycan, Avstriya, Bolqarıstan, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İngiltərə, İtaliya, Moldova, Makedoniya, Portuqaliya, Rumıniya, Slovakiya, Türkiyə, həmçinin, NATO mənzil-qərargahının nümayəndələri iştirak edir. Forum iştirakçıları Müdafiə Nazirliyinin təlimlər keçiriləcək obyektlərinə baş çəkib, iş planının detallarını dəqiqləşdirib. Konfrans sentyabrın 19-da başa çatacaq. "Coorerative Determination - 2001" təlimlərinə dair əvvəlki təlim 2001-ci ilin yanvarında Bakıda keçirilib. Azərbaycanda keçiriləcək qarşıdakı NATO komanda-qərargah təlimlərində Şimali Atlantika alyansı ölkələrindən və "Cülh naminə tərəfdaşlıq" proqramı iştirakçısı olan dövlətlərdən 1000-nə yaxın hərbçi iştirak edəcək.

Yaponiya bankı tenderin nəticələrini tanımadı

Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı (Yaran Bank of International Cooreration) ötən həftənin sonunda "Azəriqaz" Səhmdar Cəmiyyətinə rəsmi məktub göndərərək "Qaradağ-Digah-Şimal DRES" qaz kəmərinin çəkilişi üzrə 9 iyul 2001-ci ildə keçirilmiş tenderin nəticələri ilə razılaşmadığını bəyan edib.
Bu barədə öz mənbələrinə istinad edərək məlumat yayan "Banki i Biznes" qəzeti bildirir ki, Yaponiya bankı tenderdə qalibini (Sumitomo şirkəti) tanımaqdan imtina edib. Qəzetin məlumatlarına görə, "Azəriqaz"a təklif olunub ki, bankın metodları əsasında tenderin nəticələrinə yenidən baxılsın. Qeyd edək ki, sözügedən tenderdə 4 konsorsium: Kawasaki/OOGPO SOCAR, Mitsui/Toyo, Nigata/Nissho Iwai və Nirron Steel/Sumitomo şirkətləri iştirak edib.

Telekommunikasiya sərgisi keçiriləcək

Oktyabrın 10-12-də Bakıda, Grand Eurore otelinin sərgi mərkəzində 7-ci beynəlxalq "Bakutel 2001- Telecommunications & Comruter Technologies" sərgisi keçiriləcək. Bu barədə məlumat verən sərginin təşkilatçısı, ITE grour şirkətinin direktoru Fərid Məmmədov bildrib ki, tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, İsrail, Norveç, Almaniya və s. ölkələrin 50-dən çox şirkətinin iştirak edəcəyi gözlənilir.

Arxitektur bina çökə bilər
Bu obyekt noyabrın 25-də baş vermiş zəlzələ nəticəsində ciddi ziyan çəkib

Xəqani küçəsi 23 ünvanında yerləşən arxitektur binanın 5-ci və 6-cı mərtəblərində aparılan yenidənqurma işləri razılaşdırılmayıb və ona görə də qeyri-qanunidir. Binanın yenidən planlaşdırılması acı nəticələrə gətirib çıxara bilər.
Bu barədə məlumat verən Dövlət Tikinti və Arxitektura Komitəsinin tikilən obyektlər direktorluğunun rəhbəri İlham Nəsirov bildirib ki, 1903-cü ildə Bakı milyonçularından biri tərəfindən inşa edilmiş sözügedən bina dövlət reyestrinə salınmış arxitektur abidədir. Həmçinin həmin obyekt ötən il noyabrın 25-də baş vermiş zəlzələ nəticəsində ciddi ziyan çəkib. Zəlzələdən sonra "Azərkəndtikinti" Açıq Tipli Səhmdar Cəmiyyətinin binada apardığı bərpa işləri 2001-ci ilin aprelində başa çatıb. Təmir-bərpa işləri dövlət büdcəsinə 1 milyard manata başa gəlib.
İndi isə 5 və 6-cı mərtəblərdə divarlar dəyişdirilir, arakəsmələr götürülür. Həmçinin binanın tavanı götürülüb yerində beton-monolit yerləşdirilməsi planlaşdırılır. Hazırda tikinti işlərini yerinə yetirən təşkilatın öz adını çəkmək istəməyən iş icraçısı bildirib ki, "Azərkəndtikinti" beton işlərində keyfiyyətsiz materiallardan istifadə edib, bu da yenidənqurma işlərinə "start" verilməsinə səbəb olub.
"Azərtikinti" ATSC-nin sədr müavini Ənvər Qasımov isə deyilənləri təkzib edib və bildirib ki, bərpa işlərindən sonra obyekt dövlət komissiyası tərəfindən qəbul edilib. Bundan başqa nə Nazirlər Kabineti, nə Dövlət Tikinti və Arxitektura Komitəsində, nə də Mənzil Kommunal Təsərrüfatı Birliyində hazırkı işlərə kimin rəhbərlik etməsi barədə məlumat yoxdur. İlham Nəsirov bildirib ki, Dövlət Tikinti və Arxitektura Komitəsinin əməkdaşlarını binaya buraxmırlar. Cakinlərin sözlərinə görə, binanın 5 və 6-cı mərtəbləri Milli Məclisin üzvlərindən birinə məxsusdur.

Xarici xəbərlər

  • Əfqanıstandakı mənbələr Üsəma bin Ladenin ölkəni tərk etdiyi haqda məlumatları təkzib ediblər. Hazırda "bir nömrəli terrorçu" Qəndahar yaxınlığında, 50 metr dərinlikdə yerləşən bunkerlərindən birində gizlənir.
  • ABŞ təyyarələrini qaçırmaqda şübhəli bilinən iki nəfərin - Xalid əl-Mihdar və Navvaf əl-Xəzminin 2000-ci ilin oktyabrında "Koul" gəmisinin partladılmasında iştirak etdiyi haqda xəbərlər təsdiqlənib. Adı çəkilən şəxslərin hazırda ABŞ-da gizləndiyi istisna edilmir.
  • Rusiya müdafiə naziri Sergey İvanov Tacikistanda yerləşən 201-ci diviziyanın "regiondakı durumun kəskinləşməsi ilə əlaqədar olaraq" yüksək hərbi döyüş hazırlığı vəziyyətinə gətirildiyini elan edib.
  • ABŞ kəşfiyyatı aydınlaşdırıb ki, təyyarələrin qaçırılmasında bilavasitə iştirak etmiş Valid və Vail Əlşəhri qardaşlarının atası Əhməd Əlşəhri diplomatdır və Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyində işləyib. Hazırda Əhməd Əlşəhri Səudiyyə Ərəbistanının Bombeydəki (Hindistan) diplomatik nümayəndəliyində çalışır.
  • İsrail kəşfiyyatının əməkdaşları bildiriblər ki, onlar qitənin ən məşhur tikililərinə qarşı hücum təşkil ediləcəyi haqda hələ ötən ay amerikalı həmkarlarına məlumat veriblər. "The Daily Telegrarh" qəzeti aydınlaşdırıb ki, "Mossad"ın iki əməkdaşı ABŞ-a gələrək 200 terrorçudan ibarət qrupun ABŞ-da təxribatlar törətməyə hazırlaşdığını təsdiqləyən sənədləri müvafiq orqanlara veriblər.
  • Nyu-York meriyası terror aktları nəticəsində şəhərə dəyən ziyanın həcmini müəyyəndləşdirməyə çalışır. Meriyanın son hesablamalarına görə, Nyu-Yorkda 1,6 milyon kvadrat metr ofis sahəsi dağıdılıb.
  • "Hizbullah" rəhbərliyi ABŞ-da dinc sakinlərin ölümü ilə nəticələnmiş məlum terror aktlarına görə təəssüfləndiyini bildirib. Təşkilat bu bəyanatı Beyrutda yayıb. Bununla bərabər, "Hizbullah" islam dövlətlərinə müraciət edərək onları cavab zərbələri endirməyə hazırlaşan ABŞ-a tam sərbəstlik verməməyə çağırıb.
  • Liviya lideri Müəmmər Qəddafi bildirib ki, ABŞ terror əməllərinə görə cavab vermək haqqına malikdir. Bu bəyanatın dalınca Qəddafi "Amma bu, məsələni həll edəcəkmi?" - sualını qoyub.
  • Almaniya öz ordusunun ABŞ-ın cavab zərbələrinə qoşulub-qoşulmayacağını dəqiqləşdirməyib. "CNN" diqqəti Almaniya prezidenti Yohannes Raunun "Məncə, söhbət hərbi əməliyyatlarda iştirakdan yox, onların həyata keçirilməsi üçün texniki yardımın edilməsindən gedə bilər" cümləsinə yönəldir.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd