|
|
|
|
#110(334)
|
 |
XXI
m.nur@azeurotel.com
|
Pivəli
müharibə
Müharibə ayrıca bir işdir.
Bu da savaş parası: yeni əsrin ən iri hərbi əməliyyatını başlamaq üçün ABŞ senatı qırx dörd milyard dollar ayrılmasına izn verdi. Savaş paraları "təyinatı üzrə" xərclənəcək. Və çox güman ki, bütün terror ocaqları susdurulmayacaq.
Məncə, ikinci dünya müharibəsindən qabaq da belə olub. O vaxtkı insanların yaşantılarını hətta ən yaxşı hekayətçi də danışıb-qurtara bilməz. Bir çox şeyləri görmək həm də keçmişlərə gedib anoloji yaşantıların təkrarını yaşamaq kimi bir şeydir. Üçüncü dünya müharibəsinin başlanacağını deyənlər hətta Nostradamusa istinad edirlər: Nostradamus deyirmiş... ya da sadəcə dünyanın karkasını görürmüş. Bütün bunlar başqa-başqa şeylərdir. Və həm də Nostradamusa "inanıb" sabahkı tarixi ölçülərə salmaq o qədər sadəlöhv və gülməlidir ki... Bir halda ki mühəribənin ictimai-insani təlabatdan doğduğunu bilirsən, ta burda nostradamusluq etməyə nə var ki?
İnsanlar informasiylı mühribə üçün darıxıblar.
Müharibəni istəyənlər, istməyənlərdən çoxdur. Müharibənin səsini eşitmək istəməyənlər, eşitmək istəyənlərdən azdır. Sanki müharibə havası üzümüzə dəyən kimi sərinləşirik: müharibə edən ölkənin vətəndaşı, cəmiyyəti qalır bir yana, başqa cəmiyyətlər eşitdikləri savaş barədə bir-birinin daxilində həm özləri, həm də başqaları ilə söhət edirlər.
Müharibədən öncə onun anonsu gəlir.
İndi xəbərləşmə ABŞ-ın aparacağı antiterror əməliyyatına taydır: eləbil nəyin necə olacağı əvvəlcədən bəllidir. Dünya təzədənmi bölüşdürülməli, regional iddalara uyğun coğrafi nəzarətmi konkret müəyyənləşdirilməlidir? Bütün hallarda müharibələrdən yorğun düşmüş keçən əsrin hesabat dövrü gəlir: dövlətlər mədəniyyətlərin qloballaşması və ideolojilərin qovuşması üçün əhatə dairələrini genişləndirməlidirlər. Söhbət əlbəttə nəhənglərdən gedir...
Əfqanıstan planetdə anarxiyanın necə nəzarətə götürülməsini nümayiş etdirmək üçün ən cəlbedici açıq havada duran səhnədir.
Əslində bu oyunda Əfqanıstan da, bin Laden də çox kiçikləşib. Maraqlısı da elə budur. Ona görə də dünya rahatca, informasiyalı müharibəni izləyərkən, həm də pivə içib feyziyab ola biləcək...
Məqsəd Nur
|
|
Suallı künc
|
Ermənilər Putindən inciyiblər. Səfəri yüksək səviyyədə anons edilən və böyük "bəh-bəh"lə qarşılanan Putin Yerevandan gedəndən sonra ermənilər narazılıqlarını eşditdirməyə başlayıblar. Sual edilə bilər, nə əcəb, onlardan çıxmayan iş. Gerçəkdən maraqlı məsələdir. Rusiyanın qoltuğundan düşməyən Ermənistanın cəmiyyətini özündən çıxaran nə olub? Demə, ermənilər prezident Putinin və onu müşayiət komandanın Yerevandakı davranışından bərk təsirləniblər.
Rusiya heyəti səfər boyu özünü o qədər iddialı aparıb ki, hətta Köçəryanın mühafizəçiləri də pərişan olublar. Putinin mühafizə xidməti onları bir kənara itələyərək hər şeyə cavabdehliyi üzərlərinə götürüb. Səfərin protokol xidməti də rusların əlində olub və onlar təbii olaraq özünükülərə üzgörənlik ediblər. Səfərin yekunlarına dair sənədlərin imzalanma mərasimi və mətbuat konfransında Rusiya heyəti lap "ağını çıxarıb" və erməni jurnalistləri xeyli müddət "eşikdə" gözləməli olublar. Axırda onlardan biri dözməyərək "Ruslar bizi heç adam yerinə qoymurlar" deyə qeyzlənib. Düz sözə və haqlı etirafa nə deyəsən.
İndi erməni qəzetləri gileylənərək yazırlar ki, Rusiya heyəti Yerevanda özünü lap ağa kimi aparıb. Elə bil onlar ev sahibi, ermənilər isə qonaq imişlər. Əslində bu məsələnin "eləsi-beləsi" yoxdur və bunu hirslərindən özlərinə yer tapmayan ermənilər də daxilən yaxşı başa düşürlər. Ermənilər çoxdan, lap çoxdan Ermənistanda ağalığı və gerçək ev sahibliyini Rusiyaya təhvil veriblər. Öz növbəsində Moskva da ermənilərin problemlərini həll etməyi və Ermənistanın məqbul (Rusiya üçün) sayılan istiqamətdə idarəçiliyini üzərinə götürüb. O cümlədən ölkədəki formal rəhbərlik hansısa mərhələdə "cızığ"ından çıxırsa, Moskvanın barmağı ilə ya "dairə" içinə qaytarılır, ya da kənara (istefaya) atılır. Ermənistanın indiki prezidenti də üç il yarım öncə məhz bu yolla kürsüyə çıxarılıb.
Ermənilərin xeyir-şəri də mütləq Rusiyanın duası ilə müşayiət olunur. İki il əvvəl Yerevanda parlament gülləbaran olanda bu sifarişin arxasında Moskvanın durduğu bildirilirdi. Düzdür, həmin ehtimal təsdiqini indiyədək tapmayıb (çox güman ki, tapmayacaq da), amma nəticə Rusiyanın istədiyi kimi oldu. Qarabağ üzrə sülh razılaşması iflasa uğradı. Moskva isə parlament qırğınından sonra iflic olmuş Ermənistanı siyasi böhranda batmağa qoymadı. Onu da xatırlamaq yetər ki, həmin vaxt şəxsən Yerevana gələn və Ermənistanın qətlə yetirilmiş spikerini və baş nazirini torpağa tapşırıb, bu postlara yenilərinin seçilməsinə bilavasitə nəzarət edən məhz Putin idi. O zaman Rusiyanın baş naziri olan Putinin tədricən hara yüksəldiyini ermənilər görürdülər və onun ağayana göstərişlərini də labüd imperativ sayırdılar.
Ermənilər istər dövləti səviyyədə, istərsə də Qarabağda əldə etdiklərinin hamısının Rusiya sayəsində mümkün olduğunun fərqindədirlər. Ermənistan Şimaldan aldığı iri kreditləri, ölkənin enerji təminatını həyata keçirən AES-in nüvə yanacağının pulunu qaytarmaq imkanında deyil. Odur ki, borclarının bir qismini (100 milyon dollar) ödəmək üçün ölkənin strateji müəssisələrini Rusiyaya bağışlamaqdan savayı yolu qalmayıb. Bu barədə imzalanan sazişin sonuncu olmayacağını ruslar da, ermənilər də anlayırlar.
Ermənilər isə bu prosesin fəsadlarını göz önünə alıblar. Rusiya indiyədək de-fakto sahibi olduğu Ermənistanı artıq de-yure, rəsmən özəlləşdirir. Ermənilər bilirlər ki, bu "özəlləşdirmə"nin axırı harada qurtaracaq. Artıq Rusiya Ermənistandakı hərbi bazasının torpaq sahəsini də özəlləşdirib. Yerevanın müqayisə etmək imkanları da getdikcə çoxalır. Rusiya bazalarından qurulan Gürcüstanın inkişaf perspektivini, Azərbaycan müstəqil siyasətinin gerçək nailiyyətlərini görməyə bilməzlər. Odur ki, ağalarından gileylənməyə başlayıblar.
Amma nahaq yerə. Çünki boğazlarındakı ipi könüllü olaraq Rusiyaya özləri veriblər. Ağa da hara lazımdır, ora da sürür. Buna görə inciməzlər.
V.Orxan
|
Bu da bizik
|
Qırıla-qırıla
qalmağın
tərəfləri barədə
|
El dilində yaxşı bir ifadəmiz var - qırıla-qırıla qalmaq. Bu deyim bir işi görüb-görməmək seçimi qarşısında qalanda, hansısa qərara gəlmək istəyəndə, insanın mövcud durumunu əks etdirir. Amma seçimin də öz növləri var. Bu seçim trafaretləşmiş ənənəvi seçimlərdən deyil. Baxır nəyi (və ya kimi) seçmək qarşısında qırıla-qırıla qalmısan. Söhbət hansı ayaqqabını alıb-almamaq, axşam hansı xörəyi bişirib-bişirməməkdə deyil. Bu seçmək bir başqadır. Söhbət milli azərbaycanlı mənəviyyatımızın bir tərkib hissəsi olan müsəlman etiketinin ayrı-ayrı və çox incə məqamlarından gedir. Misal gətirim, aydın olsun. Məsələn, metroya düşə-düşə ürəyində fikirləşirsən ki, kaş ki qatarda boş yer olaydı, mən də oturaydım. Allah axşam-axşam üzünə baxır, səsini eşidir və qatarın yarımqaranlıq bir küncündə sənə yer qismət eləyir. Özündən yaşlısını görməyib özündən kiçiklərə də aman vermirsən. Yerini rahatlayıb dərindən nəfəs alırsan, gözlərini də görüntü üçün yumursan. Bir də görürsən, növbəti stansiyada qatar dayandı, qapılar açıldı və... yaşlı bir qadın (kişi də olar) içəri girdi, özü də hazır strategiya ilə - ayağını qapının kandarına basmamış gözü ilə hansı istiqamətdə oturmaq şansının olduğunu, yəni cavanların çox olduğu yeri müəyyənləşdirir və üz tutur ora tərəf (bütün bunlar sənin yorğun ovqata köklənən acıqlı fantaziyanın məhsuludur). Hə, gəlir durur başının üstündə. Sən də bir gözün açıq, bir gözün bağlı başının üstündəkini başdan-ayağa süzürsən və gözlənilən jesti reallaşdırmaqda nə dərəcədə zərurət olub-olmadığını tarazlaşdırmağa çalışırsan. Görürsən, yox, tərəzinin sənə sərf etməyən gözü, deyəsən, aşağı əyilir. Bax, burada sən dediyimiz məşhur "qırıla-qırıla" ifadəsini öz təcrübəndə yaşayırsan, dostum. İndi seçməlisən: ya bəri başdan, gözləyən tərəfin görünüşünlə tanışlığından onda yaranmış imicinə xələl gətirmədən, yorğunluğunu vicdanına və tərbiyənə uduzub tez də olmasa, ağır-ağır ayağa durub, reallaşmış istəyini könüllü şəkildə təhvil verməli, sonra bütün yolu alnıaçıq, üzüağ getməlisən, ya da gözləyən tərəfin bütün ümidlərini puça çıxarıb "yatmaqda" davam etməli, stansiyalararası bir-iki dəqiqəlik yol sənə əbədiyyət qədər görünsə də, qızara-qızara dözməlisən. Bax, izah etməyə çalışdığım bu məqam qırıla-qırıla qalmağın iki tərəfini göstərdi - birinci halda qırılmırsan, ikinci halda qırılırsan. Amma ikinci halı - qırılmağı ona görə seçirsən ki, səhər işə gələndə tez durub yer verdiyin gözləyən onun gəlişinə qədər səninki olan yerində özününkü kimi oturduqdan sonra halına məhəl qoymadan, lap şouya baxırmış kimi ağır zəmbilləri bir əlindən o biri əlinə necə keçirməyinə tamaşa edir. Sən də onun qisasını günahsız o biri gözləyəndən alırsan...
Amma hər halda qırılmaq çox pis şeydir. Məsələn, xalqımızda gözəl bir adət var - xeyir iş görəndə, qohumda-qonşuda hüzrü düşən varsa, bir ovuc konfet götürüb qapısına üzürxahlığa gedir. Bu, qırılıb-qırılmamaq seçiminin birinci tərəfinin xeyrinə həll edilmiş variantıdır. İzin alandan sonra gəlib könülrahatlığı ilə toyunu da edirsən, şənlənirsən də. Daha oxuyub-oynayanlarının ağzından, qolundan vurmursan. Bizimki olanda nə olar, çox yaxşı adətdir. Hərdən fikirləşirəm ki, bunu böyüdüb bütün dünya ictimaiyyətinə çatdırmaq, köhnə bazara təzə bir nırx qoymaq da pis olmazdı. Məsələn, o boyda Amerikada yas düşdü, amma üç gün keçməmiş Liviya böyük şadyanalıqla öz inqilabının ildönümünü qeyd etdi. Bir ovuc konfet o tərəfə qalsın, heç Amerikanın qapısına gedib üzürxahlıq da eləmədi. İndi də Çin. Bildiyimə görə Çin də bu gün-sabah ad gününə hazırlaşır. Amma nə Amerika tərəfə səfərindən xəbər var, nə də bir ovuc "Mu-Mu"dan. Görünür, bunlar məşhur "qırılıb-qırılmamaq" ifadəsinin ikinci tərəfini seçiblər. Amma heç qırılana da oxşamırlar ha. Bax ən pisi də elə budur... Bu oxşamamağa haqq qazandıran səbəblərin mövcudluğu...
N.Hüseynli
|
 |
|
| |
|